Evlilik hekayəsi - Kim kimin payıdır?

Evlilik hekayəsi - Kim kimin payıdır?
17 dekabr 2024
# 16:05

Kulis.az Rəvan Cavidin "Kim kimin payıdır?!" yazısını təqdim edir.

"Evlilik hekayəsi" ("Marriage Story") filmi boşanma mərhələsində olan iki yetkin insanın əhvalatıdır. 2019-cu ilin ən yaxşı ekran işlərindən biri olan filmin adı, anonsu romantik ab-hava yaratsa da, alt qatında kifayət qədər ciddi sosial problemlərin fəlsəfəsi var. Mən də bu filmi Con Lakın (1632-1704) mülkiyyət fəlsəfəsi anlayışına əsaslanaraq təhlil etmək qərarına gəldim, çünki film boyunca uşaqlarına görə mülk mübarizəsinə girişən iki valideynin bir-birinə təzyiqi, uşaqlarına bir mülk kimi baxmaları insan və nəsnə arasındakı sərhədin artıq yox olduğuna nişan verir.

Lakın mülkiyyət anlayışı belədir: "Yerüzü və bütün ilahi varlıqlar insana verilmişdir, amma hər bir insan da öz şəxsiyyətinə sahibdir. Başqa heç kimin bu şəxsiyyət üzərində hüququ yoxdur. Vücudunun əməyini, əl işini, ağlını, duyğularını, xülasə, insanın özünü ona aid hesab edə bilərik. Buna görə də təbiətin verdiyi şəkildə insanın əldə etdiyi hər şey, əməyini qatdığı, qarışdırdığı şeylər ona məxsusdur və buna görə də öz mülküdür". Burada Lak mülkiyyəti iki əsas kateqoriyada: özümüzə aid olan və əməyimizi qataraq əldə etdiyimiz şeylər olaraq ayırır. İnsanın yalnız bədənini deyil, həm də zehin və düşüncələrini də mülkiyyətinə daxil edir. Bu səbəbdən də, fikrini ifadə edən və ya bəyənmədiyi bir görüşü tənqid edən şəxs də bir növ mülkiyyət sahibi olur. Digər tərəfdən, Lak bir işə əməyini qatmaqla mülkiyyət əldə etmə prosesini də dəstəklədiyini bildirir. Bu, "ortaq mülkiyyət" və "xüsusi mülkiyyət" anlayışlarını gündəmə gətirir. Bir şey hamıya verilmişdirsə, ortaqdırsa, onun mülkiyyəti necə olacaq sualı ortaya çıxır. Lak bu suala belə cavab verir: "Biz sözlə təsbit edilmiş bir mülkü bölüşərək bir hissəsini əldə etməyi və beləliklə, ümumi vəziyyətdən xüsusi mülkiyyətə keçməni mülkiyyətin başlanğıcı olaraq görürük. Bu olmadan ümumi mülk heç bir işə yaramaz".

Filmdən seçdiyim bir səhnə ilə izah edim. Çarli (ata) və Nikol (ana) arasındakı məhkəmə səhnəsində iki insan uşaqları üzərində mülkiyyət iddia etmək məqsədilə mübarizə aparır, yəni Con Lakın istəmədiyi bir şeyi edirlər və mülkiyyət uğrunda mübarizəyə girirlər. Uşağın tam hüquqlarını əldə etmək, yəni uşağın mülkiyyətini qazanmaq istəyən valideynlər bir-birinə zərbə vurmaqdan çəkinmirlər. Bu o qədər irəliləyib ki, hər ikisi bir-birinin mülkiyyətində olan şeylərə sahiblənmək istəyirlər və bir-birinin mülkündə olan işə öz əməyini qatdıqlarını deyirlər. Yəni "xüsusi mülkiyyət" və "ortaq mülkiyyət" anlayışları arasında da "dava düşür". Bu vəziyyətin ən yaxşı nümunəsini Çarlinin vəkilinin Nikola Los Ancelesdəki serial təklifinin, əslində, Çarlinin sayəsində edildiyini bildirdiyi zaman görürük. Onlara görə, Nikolun gəncliyindəki "uyğunsuz" rolları diqqətə alınanda, ona belə yüksək səviyyəli bir serial təklifi gəlməsi mümkünsüzdür. Nikolun bu təklifi Çarlinin rəhbərliyi altında qəbul etməsi isə birbaşa onun əməyinin nəticəsidir. Buna görə də Çarli serial təklifindən gələn gəlirdən bir hissəsini özü üçün tələb edir. Halbuki Laka görə bu hal qəbuledilməzdir, çünki o, hər kəsin mülkiyyət əldə etmə hüququ olduğunu qeyd etsə də, hər kəs yalnız öz əməyini qatdığı şeylər üzərində mülkiyyət iddia edə bilər. Bu vəziyyət yalnız o zaman dəyişər ki, mülk sahibi lazım olan qayğını və əməyini mülkünə qatmasın. Lakin burada Nikolun işində Çarlinin iddia etdiyi kimi bir payı yoxdur. Çarlinin heç bir əməyini sərf etmədiyi bir vəziyyətdə Nikolun mülkü üzərində pay iddiası Lakın prinsipinə ziddir və belə bir mübarizə Lak tərəfindən əxlaqsız sayılacaqdır. Lakın dediyi kimi: "...Tanrı dünyanı çalışqan və rasional olanlar üçün yaratdı, mübahisə edənlər və acgözlülər üçün deyil. Hər bir insan öz həyatını inkişaf etdirmək üçün kifayət qədər ağıla və gücə sahib olmalıdır və başqasının əməyi ilə inkişaf etdirdiyi şeylərə müdaxilə etməməlidir, əgər müdaxilə edərsə, bu, açıq şəkildə başqasının əməyindən faydalanmağa çalışmaqdır..."

Başqa bir səhnədən Henri (uşaq) xarakterini seçmək istəyirəm, çünki uşağın bu mülkiyyət mübarizəsində "istənilən bir obyekt" halına gəlməsi filmin əsas mövzusunu təşkil edir. Evin və ya əşyaların yerinə, valideynlərinin onun üzərində mülkiyyət hüququ iddia etmələri və onu bu müddət ərzində bir tərəfdən digər tərəfə sürüklənən bir əmlak kimi görmələri mənim nəzərimdə Lakın mülkiyyət və əxlaq nəzəriyyəsi ilə əlaqəlidir. Lak: "Valideynlər uşaqları dünyaya gətirdikdən bir müddət sonra onlar üzərində müəyyən bir idarəetmə və hakimiyyət hüququna sahibdirlər, amma bu, müvəqqətidir. Bu bağlılıq, körpələrə sarılan və onların zəif bədənlərini dəstəkləmək üçün onlara geyindirilən paltarlar kimidir. Böyüdükcə yaş və ağıl bu bağları zəiflədir və öz ayaqları üzərində dayanan bir insan ortaya çıxar".

Lak uşaqla bağlı iki tərəfli bir mülkiyyət münasibətinin mövcud olduğunu, uşağın dünyaya gəldiyi vaxt boş bir lövhə olduğunu başa salmağa çalışır. Valideynlər bu boş lövhə halında olan uşağı öz dəyərləri ilə formalaşdıraraq onu öz əməyinin nəticəsi olaraq öz mülkiyyətlərinə çevirirlər. Bu düşüncə Lakın özümüzə aid olan mülkiyyətlə əlaqəli dedikləri ilə əksinə görünsə də, əslində, məqsəd fərqlidir. Henri hələ ayırdetmə qabiliyyəti qazanmadığı üçün boşanma prosesindən təsirlənir, hərdən-hərdən daha çox "ana"ya yaxın olur və atası ilə tərəddüdlü münasibətlər sərgiləyir. Lak bu cür qarışıqlıqların qarşısını almaq məqsədilə uşağın müəyyən bir yaşa çatması və ağıl sahibi olana qədər başqaları tərəfindən rəhbərlik edilməsini düzgün hesab edir və bu sözlərlə də bunu izah edir. Amma o, həmişə insanın bədəni və fikirlərinin öz mülkiyyətinə aid olduğunu müdafiə edir.

"Evlilik hekayəsi" filmi və Con Lakın fəlsəfəsi arasında oxşarlıqlar əsasən şəxsi azadlıq, seçim hüququ, ədalət və sosial müqavilə məsələlərində ortaya çıxır. Hər iki sahə insanın hüquqları və azadlıqları üzərində dayanır, lakin film daha çox emosional və şəxsi münasibətləri əks etdirərkən, Lakın fəlsəfəsi daha çox hüquqi və sosial çərçivədə insanın davranışlarını nəzərdən keçirir. Yəni hər ikisi fərdi azadlığın və hüquqların qorunmasının vacibliyini önə çıxarır, amma fərqli kontekstlərdə. Və təəssüf ki, hər iki tərəfdəki bütün kontekstlər günümüzün reallıqlarını hələ də əks etdirməkdədir.

# 504 dəfə oxunub

Müəllifin son yazıları

# # #