Nəriman Həsənzadə və Fikrət Qoca Salam Sarvandan güclü şairdir?

Nəriman Həsənzadə və Fikrət Qoca Salam Sarvandan güclü şairdir?
6 may 2022
# 15:30

Kulis.az Rəvan Cavidin akademik Nizami Cəfərova cavab yazısını təqdim edir.

Nəsillər arasında bitib-tükənməyən zövq “müharibəsində” kütlələr nüfuz fərqinə görə yaşlıları seçsə də, tarix öz avanqard dəsti-xəttinə görə mütləq gəncləri seçməkdə israrlı olur. İdeologiya fərqlərinin sənətə təsirinin ən yaxşı proyeksiyası elə yenilikçi və ənənəvi zövqlərin davasında özünü göstərir.

Kim öz düşüncəsini hansı siyasi və ictimai qanunlarla sərhədləyirsə, həmin cəbhədə də “vuruşur”.

Bir həftə qabaq “SilkWay” Beynəlxalq Ədəbiyyat Festivalında həm münsif kimi, həm də mühazirəçi kimi çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov gənc yazarlarla söhbətdə çağdaş ədəbiyyatımız haqqında bu fikirləri səsləndirdi:

“Gənclər dili və üslubu bilirlər, ondan yaxşı istifadə edirlər. Ancaq Nəriman Həsənzadənin 90 yaşında yazdığı şeirlər gənclərin yazdığı şeirlərdən daha moderndir”.

Zaldan müstəqillik dövründə yazıb-yaratmış bir neçə şairin adı çəkilsə də, akademikimiz israrla Nəriman müəllimin suyu ətəyindən süzülmüş, şirəsi sıxılıb çəyirdəyi qalmış şeirlərinin müdafiəsində dayandı. Əlbəttə, başa düşüləndir. İllərin dostluğu, cavanlıqlarının sovet dövrünə təsadüf etməsi, beyinlərinə avanqard üslubların təhlükəli olduğunu qazıyan ideologiya sevgisi Nizami müəllimi yanlış mövqeyində saxlamağı bacarırdı.

Çağdaş ədəbiyyatımızdan bircə şairin də adını çəkə bilməyən, çəkməyən, bu adları çəkmək istəməyən, 60-cılar nəslinin son vaxtlar çıxan hekayələrini də ağızdolusu tərifləyən alimimizin bu həmləsi də hər birimizi təəssüfləndirdi. Anarın, Elçinin, Əkrəmin yazdığı son hekayələrini tərifləmək və yeni müasir yazarların yaratdığı əsərlərdən qat-qat üstün tutmaq, hətta yeni yazılan nümunələri yerə çırpmaq ədəbi insafsızlıqdan başqa bir şey deyil!

Zalda oturanların son dövr ədəbiyyatımızın ən yaxşıları olmasına zərrə qədər də şübhə etmirəm. Elə bizim qarşımızda dayanıb bizə sovet ədəbiyyatını doymadan tərifləyən alimin də necə dəyərli biri olduğunu bilirəm. Amma ədəbi müstəvidə nə yaş, nə vəzifə, nə də müəyyən işlərə görə qazanılan dəyər, hörmət nəyəsə meyar olur.

Nizami müəllimin daha bir fikrini, daha doğrusu, məsləhətini sizlərə çatdırıb keçirəm öz mövqeyimə.

Deməli, beynəlxalq festivalda (beynəlxalq!) ədəbiyyatşünas Nizami Cəfərov gənclərə poema yazmağı (poema!) məsləhət gördü.

Təsəvvür edirsiniz, 2022-ci ildə elə mən lampa yandırıb qalın siqaret sümürə-sümürə poema yazmağa başlayıram. Sərhədlərimizdən bir neçə kilometr uzaqda, qaradonlu kafirlər və qardaşlarımız isə minimalist, konseptual və vizual şeirlərdən gənclərə mühazirələr deyir. Dünyada üç cümləlik şeirlər yazılanda, poeziyanın teatrallaşdığı bir vaxtda dünya ədəbiyyatından özünü xəbərdar hesab edən bir alim şeirin minimallığını, absurdluğunu, vizuallığını qəbul edə bilmir. Təvəkgül Boysunarın Salam Sarvanın adını çəkməsi, Eminqueyin müstəqillik dövrü ədəbiyyatından misallar gətirməsi Nizami müəllimi bir qədər düşündürdü. Ulucay Akifin 60-cılar nəslinin son hekayələri haqqında təkzibləri də akademiki yorurdu. Bilirdi, düz deyirdik, amma öz nüfuzu da bizimlə razılaşmağa imkan vermirdi, buna əminəm. Alimimiz bir qədər fikrə getdi və dedi:

“Əziz gənclər! Poema deyəndə mən bütöv ideoloji xətti olan şeirləri nəzərdə tuturam. Çağdaş dövrün şairlərinin kitablarında bütövlük yoxdu”.

Bütün estetik zövqləri meyar götürüb Həmid Herisçinin “SSRİ” kitabı ilə Nəriman Həsənzadənin və rəhmətlik Fikrət Qocanın ömrünün son illərində yazdığı gülməli, biabırçı şeirləri ilə müqayisə edəndə çağdaş ədəbiyyatın nə qədər avanqard və bütöv fikrə sahib olduğunu göstərmək olur.

Həmid Herisçinin “SSRİ”, Rasim Qaracanın “Birlər”, Aqşin Yeniseyin “Yüz qırx yeddi dənə sən”, Fərid Hüseynin “Təkrarın tənhalığı”, Şəhriyar Del Geraninin “Darıxmağın adı”, Qismətin “Meqapolis hüznləri” şeir kitablarının bütöv bir məzmuna malik olduğu barədə istənilən müstəvidə müzakirə apara bilərəm. Salam Sarvanı anladım, onun şeirlərinin xüsusi təyinatlı sosial-ictimai mövzulardan arınması alimimizin xoşuna gəlməyə bilər. Bəs yuxarıdakı kitablar necə? Xüsusən, “SSRİ” birinci səhifədən axırıncı səhifəyə qədər bir düşüncənin dekonstruksiyasını qurur.

Bizim adımızı yadından çıxarıb, tanımır, qəzetlərdə, saytlarda oxumur, Yunus Oğuzun yaradıcılığına baş qoşması ona yeni nəsli tanımağa imkan vermir, başa düşdüm.

Yunus Oğuz demişkən... Ədəbi meyarlardan, dəyərlərdən ağır-ağır danışan Nizami Cəfərov heç bir ədəbi dəyəri olmayan Yunus Oğuz romanlarından dayanmadan, tükənmədən yazılar yazır, kitablar cildləyir, pafoslu, gurultulu çıxışlar edir. Dünən ərinməyib yenə Yunus Oğuz haqqında yazdığı bir yazını oxudum. Və belə başa düşdüm ki, Yunus Oğuz bədii ədəbiyyat adına heç nə yazmayıb, geniş bir publisistik yazıyla Nizami Cəfərovun könlünü xoş edə bilib, vəssalam!

Ümumiyyətlə, Yunus Oğuzu yazıçı kimi hesaba alıb, çağdaş poeziyadan bir nəfərin də adını çəkməməsi hansı ədəbi səviyyənin göstəricisidir?!

Nizami Cəfərov haqqında vikipedik məlumatlara baxanda yazdığı əsas əsərlər arasında ədəbiyyata aidiyyatı olanları təhlil edəndə rast gəldiyim adları sizinlə bölüşürəm: Bəxtiyar Vahabzadə, Anar, Afaq Məsud, Molla Pənah Vaqif, Molla Pənah Vaqif, Molla Pənah Vaqif, Elçin, Yunus Oğuz, Yunus Oğuz, Yunus Oğuz.

Nizami Cəfərovun “Ədəbiyyat” qəzetində çıxan yazılarında da bir nəfər belə çağdaş müəlliflərdən kiminsə adını görə bilməzsiniz.

Poeziya haqqında çağdaş konturlar Nizami Cəfərovun mühazirəsindən, Nəriman Həsənzadənin 90 yaşında yazdığı şeirlərdən, Fikrət Qocanın idman tədbirlərinə yazdığı şeirlərdən çox uzaq yerdədir. Zalda bizim sualları səbirlə dinləyib ağlına gələni və ağlında qalanları bizə diktə edən alim Azərbaycan ədəbiyyatının ümumi mənzərəsi idi. Gənclik öz dəyərini tələb edir, alim isə öz sovet təfəkkürü ilə yuxuluya-yuxuluya bizə heç bir aidiyyatı olmayan fikirlər səsləndirirdi.

Öz sosial şəbəkə hesabımda məlum məsələ ilə bağlı status yazıb gələn rəylərə baxanda eyni mənzərənin şahidi oldum. Hətta Nizami Cəfərovun Elza Seyidcahanın şeirləri haqqında da xoş fikirlər səsləndirdiyini yazmışdılar. Bu barədə heç bir müsahibə, açıqlama tapmadığım üçün yazmıram. Amma Nəriman müəllimin köhnəliyi ilə Elza xanımın meqamodernliyi yəqin ki eyni səviyyədədir.

Mən əminəm ki, Nizami müəllimin ədəbiyyat bilgisi bizim bilgimizdən qat-qat çoxdur. Amma yeni əsərlərə, yeni müəlliflərə qarşı çox skeptik düşüncədə olduğu da açıq-aşkar göz önündədir.

# 4964 dəfə oxunub

Müəllifin son yazıları

# # #