Mətn kameradan güclü olanda... - Rəvan Cavid

Mətn kameradan güclü olanda... - Rəvan Cavid
24 dekabr 2024
# 16:50

Kulis.az Rəvan Cavidin "Mətn kameradan güclü olanda..." adlı yazısını təqdim edir.

76-cı Kann Film Festivalında "Qızıl Palma"ya layiq görülən və Fransada və nümayiş olunduğu bütün festivallarda böyük təriflər alan "Bir qəzanın anatomiyası" ("Anatomie d'une chute") elə bu mükafatlar qədər (bəlkə daha çox) də rejissor Castin Trietin festivaldakı nitqində "dövlətdən heç bir dəstək almadığını" və "dövlətin yaşlılara tamamilə laqeyd qaldığını" söyləməsi ilə gündəmə gəlmişdi. Rejissor Trietin mükafat mərasimindəki mövqeyi, haqlılıq dərəcəsi və filmin Fransanın ABŞ-a göndərəcəyi "Oskar" namizədlərindən biri olub-olmaması müzakirə oluna bilər. Lakin bir tənqid yazısının incələmə obyektinin kino olduğunu nəzərə alanda bu yazını yalnız film üzərində cəmləməyin daha faydalı olacağını düşünürəm.

"Bir qəzanın anatomiyası" filminin vizual olaraq inkişaf edən bir ekran əsəri, yoxsa mətnlə irəliləyən bir teatral film olduğu mövzusuna girmədən əvvəl, aktyorluqlara, xüsusən də Sandra Hüllerin performansına toxunaq.

Sandra Hüllerin istedadı ilə həm mən, həm də əksər kinosevərlər ilk dəfə 2016-cı ildə "Toni Erdmann" (Maren Ade) filmi ilə tanış olmuşduq. "Toni Erdmann" kifayət qədər əyləncəli bir film olsa da, Sandra Hüllerin təbii və ustalıqla etdiyi ifa filmi tamam başqa bir səviyyəyə qaldırmışdı. O ildən sonra bir neçə dəfə daha Hüller qarşımıza çıxdı, amma 2023-cü ildə Sandra Hüller, şübhəsiz ki, ən yaxşı illərindən birini yaşadı. Həmin il üç filmə çəkildi və bu filmlərin hər biri böyük festivallardan mükafatlarla qayıtdı.

"Bir qəzanın anatomiyası" filmində də Sandra Hülleri izləmək böyük bir zövq idi. Filmin bütün yükünü çiyninə alıb desək, heç bir şişirtmə olmaz. Digər aktyorların da işi uğurludur (Svann Arlaud və Milo Maçado Graner), amma qalan performanslar adi olduğu üçün Hüllerin filmə verdiyi töhfə çox böyükdür. Üstəlik, başdan sona qədər ana dilinin (almanca) xaricində iki dildə (ingilis və fransızca) danışan bir rolu uğurla oynaması da heyranlıq oyandırır.

Filmin mövzusu, aktyor seçimi və performansı, eyni zamanda izləyicini addım-addım (bəlkə də qeyri-müəyyən olsa da) finala doğru aparması uğurlu bir iş olduğunu deməyə imkan verir. Təkcə Sandra Hüllerin performansı üçün izlənilməyə layiqdir. Lakin film bu qədər "ilinin ən yaxşı filmi" tərifləri aldıqda, istər-istəməz kino sənəti haqqında da düşünməyə vadar edir, çünki "Bir qəzanın anatomiyası" daha çox mətn əsaslı inkişaf edən bir ekran işidir. Vizual təsvirlər, kamera rakursları və ya atmosfer qurma məsələlərində, demək olar ki, heç bir yeni yanaşma yoxdur. Əlbəttə, bu nöqtədə "filmin tərifi belədir, budur" kimi iddialı çıxışlar etmək əvəzinə, mövzunu tendensiyalar üzərindən müzakirə etmək daha məqsədəuyğun olar.

Castin Triet əvvəlki işlərindən də göründüyü kimi, daha çox vizuallığa yox, mətnə bağlı qalan bir rejissordur. Rejissorun ilk çəkdiyi qısametrajlı film "Yerində" ("Sur place", 2007) adlanır və 2006-cı ildəki tələbə üsyanını ekran həllidir. Ardınca "Solferino" (2009) filmi çəkildi, bu da Fransada baş verən prezident seçkilərinə diqqət yetirirdi. Daha sonra "Evdəki kölgələr" ("Des ombres dans la maison", 2010) sənədli filmi ilə yaradıcılığa davam etdi, arxasınca da "Solferino döyüşü" ("La bataille de Solf?rino", 2013) adlı bir komediya təqdim etdi. Bir rejissoru sənədli film çəkərək karyerasına başlamaqda günahlandırmaq, əlbəttə ki, doğru olmaz, amma "Bir qəzanın anatomiyası" filminin əsas xəttinin (Hüllerdən başqa) mətnə bu qədər ifrat bağlı olmasının kökləri bir az da rejissorun keçmişinə bağlıdır.

Burada təbii olaraq "Filmin böyük hissəsində dialoqların olması niyə problemdir?" deyə bilərsiniz. Cavab olaraq, sadə dildə desək, kino teatr deyil. Kinoda hər obrazın teatrda olduğu kimi uzun tiradlar verməsi, hadisə skeletinin əsasən dialoq və monoloqlarla irəliləməsi qeyri-adi bir haldır. Lakin bunu yaxşı edən filmlər də mövcuddur. Məsələn, "12 əsəbi adam" (S. Lumet, 1957) və əlbəttə ki, üç saatlıq şah əsər olan "Nürnberqdə hökm" (S. Kramer, 1960). Bu yazının mövzusu olan filmin də aktyorluq baxımından bu tip əsərlərə yaxınlaşması məqsədli olsaydı, prokuror və vəkil rollarındakı Svann Arlaud və Antoni Reinartz yerinə daha böyük adlar gətirilə bilərdi. "Nürnberqdə hökm"də Maksimilian Şellin səsinin məhkəmə zalında necə dəhşətli çıxması heç vaxt unudulmaz.

Kinoya dair nəzəriyyəçilərdən öyrəndiyimizə görə, kinematoqrafiyanı təyin edərkən heç bir sənət növünü kənara atmaq mümkün deyil. Kino, çoxlarına görə, ədəbiyyat, rəsm, heykəl, teatr, musiqi və rəqs kimi sənət növlərinin birləşməsidir. Hətta memarlığı da əlavə etmək mümkündür. Buna görə də mətn və ədəbiyyat, şeir, tiradlar, qısaca yazıya aid hər şey kinoda hər zaman mövcud olub və olmaqdadır. Lakin mətnin istifadəsi bir kino əsərinə baxışımızı köklü şəkildə dəyişdirə bilər. Yerində və normasında istifadə edildikdə və ya doğru kontekstdə, ustad aktyorluqlarla təqdim olunduqda bunun fərqinə varmamaq mümkündür. Lakin "filmə baxdım" düşüncəsi ilə evindən çıxan bir izləyici vizual təsvirlərdən daha çox mətnlə qarşılaşdıqda məyus ola bilər. Bu, simfoniyaya gedib musiqi əvəzinə not oxumağa bənzəyir.

Hər şeydə olduğu kimi, bu da son dərəcə subyektiv bir məsələyə çevrilir. Rejissor Triet, ərinin şübhəli ölümündə bütün günahın ona qalma ehtimalı olan bir həyat yoldaşının həm şəxsi həyatında, həm də məhkəmə salonlarında yaşadığı hadisələrə fokuslanmış bir mətnin gücünə inanaraq yola çıxıb. İzləyicinin hansı tərəfi tutacağı məsələsi ilə oynayaraq, sənədli film havası da qatıb.

Castin Triet Artur Harari ilə birlikdə yazdıqları ssenarinin gücünə inanmaqda haqlıdır. Hekayə çox güclüdür. Lakin mətnin kinoya uyğunlaşdırılması mərhələsində vizuallıq zəif qalıb. Filmi xilas edən ən böyük amil Sandra Hüllerin ustalıqla ifa etdiyi aktyorluq və sonlara doğru uşaqların rollarında yazılmış qısa, amma təsirli bir neçə cümlədir. "Bir qəzanın anatomiyası"na baxarkən kino sevgisi ilə yoğrulmuş bir sənət əsəri deyil, insanların əsassız mühakimələrinin nə qədər zərərverici ola biləcəyi və bir qadının cinayətlə günahlandırılmasının nə qədər asan olduğunu göstərən bir sosial alətə çevrilmiş film görürük.

# 456 dəfə oxunub

Müəllifin son yazıları

# # #