Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli

Bu gün onun ölüm xəbərini oxuyanda... - Babək Məmmədli
26 dekabr 2024
# 15:30

Kulis.az Babək Məmmədlinin tanınmış nevroloq Temraz Nəbiyev haqqında xatirə yazısını təqdim edir.

Dünən baş vermiş məşum təyyarə qəzasına aid xəbərlərin arasında gəzişərkən belə bir xəbər başlığı rastıma çıxdı: “Tanınmış həkim dünyasını dəyişdi”. Ötüb keçmək istəyirdim xəbərin üstündən, zatən belə xəbərlərə, ölümlərə alışığıq. Ancaq, mərhumun şəkilini görüb karıxdımmı deyim, sarsıldımmı deyim?.. - belə qəribə, qarışıq hisslərə tutuldum.

İşə bir bax... Sən demə, dünyasını dəyişən bizim Temraz həkimmiş - Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti, Ümumdünya Nevroloqlar Cəmiyyətinin və Epilepsiya əleyhinə Beynəlxalq Liqanın üzvü, tanınmış nevroloq Temraz Nəbiyev. On bir il əvvəl - atamın işemik insult keçirdiyi gündən doğmalaşdığım Temraz əmi. O gündən böyük inam və sevgiylə, təmənnasız, davamlı şəkildə atamın müalicəsini apardı, xəstəliyin ağırlaşmaması üçün əlindən, ağlından gələni etdi...

Atamın bu gün yanımızda olmağını göydə Allaha, yerdə Temraz həkimə borclu olduğumuzu hər zaman demişəm; bu müddətdə atalarını itirən dostlarımdan, qohumlarımdan, əzizlərimdən xəlvət atamın salamat olmağının sevincini yaşayıb, bu sevinci ikinci bir adamla paylaşmağa utananda belə ona olan minnətdarlığımı ürəyimdə özümə deyib, özümə xatırlatmışam.

Bu gün onun ölüm xəbərini oxuyanda həm də atama görə məyus oldum; atamla ölüm arasına hördüyü o divar da uçulub dağılacaq deyə... Bundan belə heç kim atamı Temraz həkim kimi müalicə edə bilməyəcək, bu, dəqiqdir. O, istisna həkimlərdən idi ki, atamın kefini açıb üzünü güldürə bilirdi. Hər gələndə əvvəlcə hansısa şeirindən bir misranı xatırladır, “Məmməd, sonrası necəydi, yadımdan çıxdı?” deyib, əslində, yaddaşını qıcıqlandırırdı; dərmanlarla paralel həm də fiziki olaraq beyin ocaqlarındakı hüceyrələri, neyronları hərəkətə gətirirdi.

Xəstəliyin ilk vaxtlarında: "Bir dərman var, Babək, Bakıda çox bahadır, Rusiyada tanış-bilişlərdən kimsə varsa, maraqlan, orda bura nisbətən ucuzdur, sən nə düzəldə bilsən, düzəlt, çatmayan hissəsinə əmi kimi mən də kömək edərəm", - dedi. Və bunu elə böyük ürəklə, qətiyyətlə demişdi ki, doğrudan kömək edəcəyinə zərrə qədər də şübhə etməmişdim.

Yaxınlarda atamın vəziyyəti növbəti dəfə pisləşdi. Zəng vurdum: "Gələ bilmirəm, sən vəziyyəti mənə izah elə, mən hansı dərmanlar lazım olduğunu telefonda sənə deyəcəm, narahat olma, düzələcək atan", - dedi. Baxdım səsi çox dəyişib, ağır-ağır nəfəs alır. Soruşanda,dişlərimi düzəltdirirəm, hər şey qaydasındadır, dedi. Qaydasında deyilmiş, yaydan bəri evdən çölə çıxmırmış. "Dişini-filanı düzəltdirmirdi, sadəcə, xəstəliyini bildirmək istəmirdi", - dünən qızı Leyla həkimə başsağlığı verəndə ondan öyrəndim bunları. Demək, özü can ağrılarıyla baş-başa qalıb əcəl zəngini gözlədiyi bir vaxtda səbr və təmkinlə alacağım dərmanların adını az qala hərif-hərif söyləmişdi mənə, nəfəsi kəsilə-kəsilə, boğula-boğula... Və bu, bizim son danışığımız, ünsiyyətimiz oldu...

Sağlıqla qal, Şıxlı torpağının işıqlı adamı. Ruhun şad olsun, həkim Nəbiyev, əziz Temraz əmi. İşıqlı xatirənı heç zaman unutmayacam, insult keçirsəm belə.

# 4673 dəfə oxunub

Oxşar xəbərlər

"Qatarda" başlanıb "Sabah"a uzanan "Ömrün yolları"... - Tanınmış rejissor 80 yaşında

"Qatarda" başlanıb "Sabah"a uzanan "Ömrün yolları"... - Tanınmış rejissor 80 yaşında

14:41 13 aprel 2026
Moskvada Azərbaycan musiqisi axşamı

Moskvada Azərbaycan musiqisi axşamı

13:50 13 aprel 2026
Antik yunan fəlsəfəsində yenilik: Empedokla aid şeir tapıldı

Antik yunan fəlsəfəsində yenilik: Empedokla aid şeir tapıldı

13:30 13 aprel 2026
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi

Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi

12:56 13 aprel 2026
Jak Lakan: "Sevgi - olmayan bir şeyi olmayan birinə verməkdir..."

Jak Lakan: "Sevgi - olmayan bir şeyi olmayan birinə verməkdir..."

12:00 13 aprel 2026
Bollivudun əfsanəvi müğənnisi dünyasını dəyişdi

Bollivudun əfsanəvi müğənnisi dünyasını dəyişdi

11:23 13 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər