1816-cı ilin yayında Corc Bayron şəxsi həkimi Uilyam Polidori ilə birlikdə Avropa səyahətinə çıxır. Onlar İsveçrədə Persi Bişi Şelli və Meri Qodvin (Şelli) ilə rastlaşırlar. Bir-birindən piyada doqquz dəqiqəlik məsafədə yerləşən iki villanı kirayə götürən şairlər axşamları bir yerdə keçirir. Bir gecə fransız dilində çap olunmuş qorxulu alman hekayələrini oxuyanda Bayron təklif edir ki, hərəsi bir qorxulu hekayə yazsın. Bayron özü vampirlər haqqında hekayə yazmağa başlayır, amma tezliklə yarımçıq qoyur. Persi Şelli öz gəncliyindən bir hekayə danışır, amma onu yazmır. Meri Şelli isə "Frankenşteyn və ya Müasir Prometey" romanının qaralamasını qələmə alır.
İki ildən sonra artıq Bayronun yanında işləməyən Uilyam Polidori Bayronun yazmağa başladığı, amma yarımçıq qoyduğu "Vampir" hekayəsini qələmə alır, 1819-cu ildə imzasız çap etdirir. Əsər tezliklə məşhurlaşır və dünya ədəbiyyatı tarixinə vampirlər haqda ilk hekayə kimi düşür. Bayronun natamam əlyazması isə ölümündən sonra tapılıb çap olunur.
Kulis.az həmin parçanı sizə təqdim edir.
Vampir
Uzun müddət idi bu qərara gəlmişdim ki, indiyə qədər səyyahların diqqətini çox da cəlb etməyən ölkələrə səyahət edim və 17-ci ildə Oqastus Darvell adlı dostumla yola düşdüm. O, məndən bir neçə yaş böyük və xeyli imkanlı idi, qədim nəsildən gəlirdi; özü də kifayət qədər ağıllı idi ki, sahib olduğu var-dövlətə nə həddindən çox güvənsin, nə də onu həddindən aşağı qiymətləndirsin. Onun bioqrafiyasındakı müəyyən qeyri-adi nöqtələr məndə ona qarşı maraq və ona olan hörmətimin böyük hissəsini yaratmışdı, bu maraq və hörmət o dərəcədə idi ki, bunu nə onun davranışındakı qəribəliklər, nə də hərdən lap dəlilik həddinə çatan tutmaları, ürəkkeçmələri əngəlləyə bilərdi. Mən erkən yaşdan atıldığım həyatda hələ təzə-təzə addım atırdım; dostluğumuzun tarixçəsi də bir o qədər qədim deyildi; biz eyni məktəbdə, daha sonra eyni universitetdə təhsil almışdıq; amma Darvell təhsilini məndən tez tamamlayıb o divarların arasından çıxmışdı; mən hələ təhsil alanda o, artıq yüksək cəmiyyətə qaynayıb-qarışmışdı. Onun yüksək cəmiyyətdəki həyatı haqqında xeyli şey eşitmişdim, bəziləri ümumiyyətlə bir-birinə zidd fikirlər idi, amma açıq-aydın görürdüm: o, qeyri-adi adam idi, belələri nə qədər kölgədə qalmaq istəsə də, daim diqqəti özünə cəlb edir.
Beləliklə, mən Darvellə tanış oldum və mənim üçün uzaq səadət kimi görünən dostluğunu qazanmağa cəhd etdim; onun qəlbində əvvəllər doğulan hisslər indi elə bil ki, ölmüşdü, yerdə qalanları isə bir şeyə cəmlənmişdi; onun hisslərinin kəskinləşdiyini məndən yaxşı bilən olmazdı; amma Darvell hisslərini hər nə qədər cilovlamağa çalışsa da, tamamilə gizlədə bilmirdi. Amma hər halda, o bir hissini digər hissinin yerinə qələmə vermək bacarığına malik idi, buna görə də hisslərinin mahiyyətini asanlıqla başa düşmək olmurdu. Siması isə elə tərzdə dəyişirdi ki, onun heç nəyə görə bu mimikanı aldığını fikirləşməyə də dəyməzdi.
Hansısa bir narahatlığın ona daxildən əzab verdiyi açıq-aşkar idi; amma bu narahatlıq nədən qaynaqlanırdı, şöhrətpərəstlikdən, sevgidən, dərddən, peşmanlıqdan, yoxsa, hamısının cəmindən və ya onun xarakterindən irəli gələn melanxoliyadan - bunu müəyyənləşdirə bilmədim. Hər biri və ya hamısı ola bilərdi. Amma bayaq da dediyim kimi, şayiələr o qədər müxtəlif, bir-birinə zidd və şübhəli idi ki, heç bir faktı həqiqi hesab etmək olmazdı. Səbəbini bilməsəm də, sirr haləsini açmaq üçün, adətən qəddar başlanğıcları nəzərə alırlar; Darvell əlbəttə ki, sirr haləsinin içində idi, amma qəddar başlanğıcın hansı dərəcədə rolu olduğunu bilmirdim, ümumiyyətlə mənə qalsa, mən heç qəddar başlanğıc ehtimalına inanmaq da istəmirdim.
Mənim dost olmaq cəhdlərim xeyli soyuq qarşılanmışdı; amma mən cavan idim, geri çəkilməyə öyrəşməmişdim və getdikcə müəyyən qədər onun diqqətini cəlb edərək tez-tez görüşüb bilinən və bilinməyən məsələlərdən, gündəlik həyatdan danışmağa başladıq. Bu cür münasibətə tərəflərin onları necə adlandırmasından asılı olaraq, "yaxınlıq" və ya "dostluq" deyilir.
Darvell xeyli səyahət etmişdi. Mən də nəzərdə tutduğum səyahətin marşrutunu təyin etmək üçün ona müraciət etdim. Ürəyimdə onu özümlə getməyə razı salacağıma dair ümidim vardı, dostumda daxili narahatlıq hiss etdiyim üçün bu ümid bir az da möhkəmlənmişdi. Onun ətrafdakı hər şeyə qarşı etinasız olduğu halda açdığım mövzunun onu maraqlandırmağı ümidimi tamamilə əsaslandırdı. Niyyətimə əvvəlcə işarə etdim, sonra açıq-açığına dilə gətirdim. Darvellin cavabı, hər nə qədər bu cavabı gözləsəm də, məndə xoş sürpriz təəssüratı yaratdı: o, razılaşdı.
Hazırlıq görüb yola düşdük.
Cənubi Avropa ölkələrini gəzəndən sonra yolumuzu əvvəlcədən planlaşdırdığımız kimi Şərqə saldıq. Danışmaq istədiyim hadisə məhz həmin yerlərdə baş verdi.
Darvellin çox gözəl xarici görünüşü vardı, o, sağlamlığı ilə seçilirdi; amma müəyyən vaxt idi ki, səhhətində geriləmə hiss olunurdu, amma bilinən bir xəstəlik səbəbindən yox; nə öskürürdü, nə də vərəmə tutulmuşdu, amma günü-gündən zəifləyirdi; getdikcə daha çox mötədil olurdu, halsızlıqdan şikayətlənməsə də, halsız olduğu görünürdü. Getdikcə daha çox güc itirdiyi göz qabağında idi, daha çox susqunlaşırdı və nəhayət, dostum o qədər dəyişdi ki, ona təhdid edən təhlükə məni də qorxutmağa başladı.
İzmirdə olanda Efeslə Sardis xarabalıqlarına getməyə hazırlaşırdıq. Dostumun vəziyyətini nəzərə alıb, onu bu səfərdən çəkindirməyə çalışdım, amma əbəs yerə. Darvell çox pis halda idi, hərəkətlərində də nəsə qaranlıq bir təmtəraq hiss olunurdu. Onun bu halı gəzintiyə çıxmaq istəyi ilə çox da üst-üstə düşmürdü; bu gəzintini isə mən xəstəhal adam üçün uyğun hesab etmirdim. Amma mən daha ona qarşı çıxmadım və bir neçə gündən sonra bir yeniçərinin müşayiəti ilə yola çıxdıq.
İzmirin bərəkətli torpaqlarını geridə qoyub Efesə aparan yolu yarıladıq və sürgün xristianların sığınacağı olan, təkcə damsız divarları qalan Diana məbədinin ətrafındakı yazıq görkəmli, atılmış tikililərə, o qədər də köhnə olmayan, amma çoxdan tərk edilmiş məscidlərə çatdıq. Dostumun kəskinləşən xəstəliyi bizi türk qəbiristanlığında dayanmağa məcbur etdi. Təkcə başdaşıları haçansa burda həyat olduğuna, insan həyatının buralarda sığınacaq tapdığına işarə edirdi.
Yolboyu qarşımıza çıxan yeganə karvansarayı bir neçə saatlıq məsafədə geridə qoymuşduq. Gözümüz görən ərazidə şəhər görünmürdü, heç adi koma da gözə dəymirdi və daha yaxşısına ümid edə bilməzdik; təkcə "ölülər şəhəri" mənim bədbəxt yol yoldaşıma ev sahibliyi etməyə hazır idi, dostumun görkəmindən isə tezliklə bu şəhərin axırıncı sakini olacağını güman etmək olardı.
"Dostumu harda daha rahat yerləşdirə bilərəm?" deyə, ətrafa boylandım. Başqa müsəlman qəbiristanlıqlarından fərqli olaraq, burda sərv ağacı az idi, olanlar da adda-budda səpələnmişdi; qəbir daşlarının da əksəriyyəti baxımsızlıqdan və köhnəlikdən sınıb dağılmışdı. Darvelli ən böyük, qollu-budaqlı ağaclardan birinin altında oturtdum, o, belini ağacın gövdəsinə söykəyib ayaqlarını uzatdı, amma bu vəziyyət də onun üçün narahat idi. Su istədi.
Buralarda su olduğuna şübhə edirdim, axtarmaq üçün getməyə hazırlaşırdım ki, xəstə məni saxladı və üzünü yanımızda dayanıb heyrətamiz sakitliklə çubuq çəkən Süleymana - bizi müşayiət edən yeniçəriyə dedi:
- Süleyman, get su gətir. - Suyun yerini dəqiq və ətraflı təsvir etdi: sağ tərəfə bir neçə yard gedəndən sonra balaca quyu var.
Yeniçəri onun dediyi istiqamətə getdi.
- Suyun yerini hardan bildiniz? - Darvilldən soruşdum.
- Olduğumuz yerdən, - dedi. - Fikir verdinizsə, haçansa buralarda insan yaşadığı bilinir, demək, burda su da var. Bundan başqa, mən burda daha əvvəl də olmuşam.
- Siz burda olmusunuz? Bəs bunu nə üçün mənə demirdiniz? Həm də ki, sizin burda nə işiniz ola bilər? Başqası bir dəqiqə də dayanmaz.
Bu suala cavab ala bilmədim.
Süleyman su gətirdi, atları isə quyunun yanında bağlamışdı.
Darvell susuzluğunu yatırandan sonra bir az özünə gəldi; içimdə ümid yarandı ki, dostum yola davam edə bilər, ən azı, geriyə qayıda bilərik, buna görə onu dilə tutmağa başladım.
Darvell susdu, elə bil ki, danışmağa güc yığırdı. Sonra dedi:
- Mənim yolum və həyatım burda sona çatır. Mən bura ölməyə gəlmişdim. Amma mənim bir xahişim var, tələb deyil, xahişdir, son sözlərim bu olacaq. Siz onu yerinə yetirərsiniz?
- Əlimdən gələn hər şeyi etməyə hazıram!
- Daha mənim nə arzum qalıb, nə də ümidim. Sizdən təkcə bir şey istəyirəm: mənim ölümümü gizli saxlayın!
- Ümid edirəm, buna ehtiyac qalmayacaq, siz sağalacaqsınız və...
- Susun! Bu mənim taleyimdir. Söz verin!
- Söz verirəm.
- And için ki... - O, dəhşətli bir and verdi.
- Buna ehtiyac yoxdur, mən sizin xahişinizi yerinə yetirəcəyəm, əgər mənə şübhə edirsinizsə...
- Başqa yolunuz yoxdur, and için.
Mən and içdim, bu, xəstəni sakitləşdirdi. Sonra o, üstündə ərəb heroqlifləri ilə nəsə yazılmış möhür üzüyünu barmağından çıxarıb mənə uzatdı.
Və dedi:
- Ayın doqquzuncu günü (ayın fərqi yoxdur, əsas odur, doqquzuncu gün olsun), düz günorta bu üzüyü Elevsin körfəzinin duzlu sularına atın; səhəri gün eyni saatda Tserera məbədinin xarabalıqlarına gedib bir saat gözləyin.
- Nə üçün?
- Görəcəksiniz.
- Ayın doqquzuncu günü dediniz?
- Hə, doqquzuncu.
Dedim ki, bu gün elə ayın doqquzuncu günüdür; xəstənin siması dəyişdi və o susdu.
O, dəqiqəbədəqiqə gücünü itirirdi. Bu vaxt dimdiyində ilan tutmuş leylək gəlib yaxınlıqdakı qəbir daşının üstünə qondu; elə bil quş yemini udmağa tələsmədən bizə baxırdı.
Heç bilmirəm, nə üçün lələkli qonağımızı qovmağa çalışdım, amma əbəs yerə. Leylək havada bir neçə dövrə vurub yenə eyni yerə qondu.
Darvell gülümsəyib barmağını leyləyə uzatdı və danışdı: - bilmirəm, bunu mənə dedi, yoxsa özünə, amma cəmisi bir şey dedi:
- Hər şey qaydasındadır!
- Qaydasındadır? Nə?
- Fikir verməyin. Bu gecə mənim ürəyimi torpağa tapşırmalısınız - leyləyin qonduğu yerdə. Qalanını özünüz bilirsiniz.
Sonra onun ölümünü daha yaxşı necə gizlədə biləcəyimə dair göstərişlərini verdi. Sözünü qurtarandan sonra dedi:
- Quşu görürsünüz?
- Əlbəttə.
- Dimdiyində qıvrılan ilanı da görürsünüz?
- Şübhəsiz ki. Axı bunda qeyri-adi heç nə yoxdur, leyləklər ilanla qidalanır. Amma quşun yemini udmamağı qəribədir.
Darvell gülümsəyib zəif səslə dedi:
- Hələ vaxtı çatmayıb.
Bu sözləri deyən kimi leylək uçub getdi.
Bir neçə anlıq üzümü dostumdan çevirib nəzərlərimlə quşu təqib etdim - bu müddət ərzində heç ona qədər saya bilməzdim. Birdən Darvellin ağırlaşmış bədəni çiynimə çökdü. Dönüb onun üzünə baxdım - yol yoldaşım ölmüşdü!
Heyrətlə baş verənləri izləyirdim. Səhv ola bilməzdi - bir neçə dəqiqə sonra onun sifəti qaraldı. Bu ani dəyişkənlik ancaq zəhərin təsiri ilə ola bilərdi, amma Darvell məndən gizli zəhər içə bilməzdi, buna əmin idim.
Gün qürub edirdi və dostumun meyiti gözümün qabağında çürüyürdü, mərhumun istəyini yerinə yetirməkdən başqa çarəm qalmamışdı. Süleymanla mən qılınclarımızla Darvellin göstərdiyi yerdə qəbir qazdıq: bundan qabaq hansısa bir müsəlmanın basdırıldığı torpaq rahat qazınırdı.
Qəbri vaxtımızın imkan verdiyi dərinlikdə qazıb, sirli varlığın qalıqlarını basdırdıq, üstünü quru torpaqla örtdük, sonra günəşin çox da yandırmadığı çimlərdən bir qədər kəsib qəbrin üstünə döşədik.
Heyrət və dərd mənə o qədər hakim olmuşdu ki, ağlaya bilmirdim...
Tərcümə etdi: Həmid PİRİYEV