Kulis.az Ömər Xəyyamın "Virtual manqurtlar, yaxud tanış infuzor tərlik" adlı yeni yazısını təqdim edir.
I hissə
Haqqında elmi araşdırmaya ehtiyac yoxdur, tiktok mənə görə, növbəti Çin əsilli virusudur.
Bu virtual manqurtlaşma silahının öldürücü təsirini kütləvi qırğın silahlarının, təbii fəlakətlərin vurduğu ziyanla müqayisə etmək də olar, fəqət çox ciddi fərq var: Əgər atom bombasından Yaponiya “çıxdı”sa, Yaponiyanın qədim qonşusu olan Çinin virtual virusu bizim müqəddəs məmləkətə metastaz verdi, əvəzində “Baboş”, “Ləman”, “Vaqa” kimi qorxulu, bədxassəli şiş yarandı, haman “şiş”lər əldən-ələ, dildən-dilə keçdi, mənəvi infeksiyaya çevrildi.
Olur, bəzən kimsə deyir ki, bəs tiktokun faydalı yanı da var. Əmin olun, tiktoka faydalı iş əmsalı yükləyən yoldaşların əksəriyyəti təmənnalıdır: olsun ki, onlar qınanmaqdan qorxurlar, ya da özlərinin, tanışlarının qazancını pərdələyirlər.
Ov məqsədi ilə tiktokda hesab açan, sonra ordakı məlum sintetik döllərə ilişən gənc qurban, (ümumiyyətlə, yaşın fərqi yoxdur – İlahamə xanım Quliyeva), zamanla, özü də hiss etmədən ova çevrilir...
Elə öyrənə-öyrənə, sata-sata, bir də görürsən, canlı yayım açır...
Olar, gəncdir, bu vaxtacan xəbərsiz olduğu məlumatları, eşitmədiyi faktları operativ informasiya tribunası olan tiktokdan öyrənir.
Olub, gəncdir də, öyrənib, xub. Fəqət mən haman platformaya ol səbəb virus deyirəm ki, o parıltılı, fışfışalı informasiyaların əhəmiyyətliyi elə tiktokda - növbəti videoinformasiyanın altındaca məhv olur. Yaxşı, yaxşı, narahat olmayın, həmişə növbəti informasiyanın altında yox, bəzən də ağız aparatından ibarət yeni növ infuzor tərliyin sinəsindəcə əriyir...
Özümü yazıçılığa qoyub deyərəm ki, Çin tiktokdakı üçüncü əl informasiyaları şirni kimi uzadır, biz də haman bilgiləri gözümüzlə, qulağımızla qapıb ağzımıza aparırıq; yeyirik, yeyirik, - beləcə içimizdə mürgülüyən kompleksli, əzik, ac diqqət fahişəsini bəsləyirik.
Başımız zayılladıqca hiposentrik laxlama başlayır, genetik-siyasi, ictimai-iqtisadi səbəblərin altında gizlətdiyimiz diqqət fahişəsi böyüyür, böyüyür...böyüyüb bizim özümüzü ötür, üzümüzü örtür.
Bəs nə? Əlbəttə, tiktok bizim aynamızdır. O mənada ki, biz kütləvi şəkildə sındırılmış, fərdiyyəti zorlanmış, hüquq müstəvisində qısnanan, haqqın-ədalətin həsrətini çəkən ümidsiz canlıların diqqətə, qayğıya ehtiyacı var.
Evdə atamız sözümüzü kəsib, anamız gözümüzü qorxudub, - özümüzü itirib onların diktəsilə böyümüşük. Məktəbdə müəllimlər, universitetdə məlum səbəblər, əsgərlikdə - həmçinin...
İşləmişik, işdə də bir ayrı cür sındırılmışıq, - belə-belə cındırımızı çıxarıblar. Sonra ailə-uşaq... – Səbəbləri xatırladıram, yoxsa, əlbəttə, biz mahiyyətimizi yaxşı bilirik. Qadınların vəziyyəti lap ağırdır...
Hə, bax beləcə mağaradan çıxmış, fəqət hələ də meşədə fırlanan diktəli-şüurlu heyvanlar...
Pəəəh, indi gətir bu şüurlu heyvanın əlinə ağıllı kürək, (müəllif "kürək" deyəndə telefonu nəzərdə tutur - Bilal Əliyev) ağzına mikrofon ver, üzünə də işıq tut: qazsın özünü...
Sonra da belə olur: ya qurban özüylə rastlaşıb sıfırlanır, təzədən qaranlığa çəkilir, durulmağa çalışır, ya da sındırılmış əksinin kölgəsinə çevrilir, bir növ, bəslədiyi diqqət fahişəsi onun özünü yeməyə başlayır.
Məsələn, “Baboş” kimi...
Xatırladım ki, bu köşə yazısında “Baboş” yeni növ infuzor tərkilərin ümumiləşmiş obrazıdır.
Hə, “Baboş” diqqət fahişəsidir, qayğı manyakıdır.
Cəmiyyətin hiposentrik pozuntu halıdır...
Heç bir faydalı iş əmsalı yoxdur. Nə bu gün üçün, nə də gələcək üçün. Necə ki tiktokacan yox idi, yaşamağa, daha doğrusu, yaşlanmağa davam edirdik, əgər onu tanımasa idik də, bu cəngəllikdə, apağ boşluqda bizdən ötrü heç nə dəyişməyəcəkdi.
“Baboş”un varlığının, onun evini təmir edən, qayğısına qalan, gündəlik tələbatlarını ödəyən qurbanların mahiyyətini, əslini bir az da açaq.
Yuxarıda qeyd etdim ki, “Baboş” diqqət fahişəsidir: münbit şərait yarandı, üzə çıxdı, yetişdi, böyük “kişi” oldu.
Olsun ki, onları birinci ataları “sındırıb”, anaları aşağılayıb, sonra məhəllə, məktəb, universitet, əsgərlik... Hə, əlbəttə, ola bilər ki, çəhrayı qəhrəmanlarımız, tutalım, əsgərlikdə olmayıb, fəqət inanın ki, o, travmanı məktəbdə alıb, yox, deyirsiniz, məktəb görməyib? Məhəllə ki görüb... Ya vəlvələdən ya zəlzələdən – bu çəhrayı qəhrəmanların çəhrayı travmaları var.
Bizim hamımız potensial diqqət fahişəsiyik. Fahişə sözü sizi qorxutmasın ha! Demirəm ki, biz seks işçisiyik! Əsla!
Mən deyirəm ki, biz hamımız potensial diqqət fahişəsiyik, yəni hamımızın içində bir mürgülü fahişə var, amandır, azca şərait yaransa, münbit mühitə düşsə, oyanacaq, oyanıb bizi “yeyəcək”.
Valideyn uşağıyla necə rəftar edirsə, uşaq da kuklasıyla o cür davranır, yaxud heç kim atasından artıq kişi olmur...
Balaca Baboşun sözünü kəsirlər, imkan vermirlər ki, uşaq özünü, dərdini dilləndirsin, xəyal qursun, əsl kimliyini yaşasın... Sevgiyə, diqqətə ac böyüyür...
Gözüqıpıq Babcik məhəllədən universitetəcən - sınır, sındırılır...
Valideyn də qəsdən belənçi davranmır, yenə mövcud siyasi-iqtisadi, sosial-ictimai məsələlər... Bir növ, məcburiyyətdən...
Hamı satılır, hamı alınır, əlbəttə. Fəqət hamı eyni cür iradəyə ha malik deyil...
Kompleks, sevgisizlik balaca Baboşa ayrı cür təsir edir. Münbit şərait yaranan kimi mürgülü kimliyi ayılır: ya xəstələnir ya manyaka çevrilir, ya da petuxa...
“Gey”ə yox a! Məhz “petux”a. Ayrı-ayrı xarakterlər, ayrı-ayrı kimliklərdir.
Deməli, “Baboş”ları ta ailədən siyasi – iqtisadi, sosial-ictimai məsələlərəcən – mövcud problemlər, - adını ümumilikdə “sevgisizlik” qoyaq. Ki, az maaş özü də sevgisizlikdir. Deməli, səni sevmirlər də, dəyər vermirlər... – yetişdirmiş, bizim içimizə “yerləşdirmiş...”
Qalır tribuna, münbit şərait... Ki, o yuxudan oyansın, dirilib qisas alsın.
O kim idi? Heç kim. İstəsəniz, onların keçmişiylə maraqlanın... O fenomenlər, yəni alçaldılmışlar və təhqir olunmuşlar tiktokdan sonra, yəni münbit şərait yaranandan sonra "özlərinə gəldilər".
Onların qayğısına qalan, onların gündəlik tələbatlarını ödəyənlər, yəni pərdənin arxasındakı alçaldılmışlar və təhqir olunmuşlar, yəni qonum-qonşumuz, qohum-əqrəbamız, dost-tanışımız da sındırılmış eqolarını minlərlə insanın içərisində adlarının çəkilməyi ilə, "əjdahasan!", "çox sağ ol, xilaskarım", "təşəkkür, dəstəkçim" etiketləriylə yemləyir.
O kim idi? Heç kim! İndi "Ayka" onun adını sinəsinə yazıb təşəkkür edir...
Beləcə qurbana çevrilir; onu "kəşf edən", adını çəkən, ona hörmət edən adam onun idealına çevrilir, getdikcə ona oxşayır, onu təqlid edir, üstəlik bir gün özü də canlı yayım açır...
Beləcə kütləvi dölləşmə başlayır: mənəvi infeksiya sürətlə yayılır və qurbanlar yüz-yüz, min-min manqurtlaşır...
Virtual manqurtlar ölkədəki hadisələri, siyasi-iqtisadi, sosial-ictimai prosesləri analiz etmək qabilliyyətini itirirlər.
Soruşsan deyəcəklər, dincəlirəm, istirahət edirəm, fəqət özü də hiss etmir ki, o, artıq qurbandır: Telefon üçün yaşayır, telefon üçün işləyir, telefon üçün xırdalanır...
Tiktokun ən böyük ziyanı nədir?
O, bilginləri, aydınları deaktiv edir. (Bilgin, aydın deyəndə ciddi adamları nəzərdə tutur - Rəqqasə Renka)
Bilgin görür ki, "Baboş" at oynadır, qaz vurub qazan doldurur, sönür, həvəsdən düşür.
Fikirləşir ki, hər gün yüz minlərlə alçaldılmış və təhqir olunmuşların bəslədiyi sevimli per-petuxlar (Bu saqqalı deyir ki, fenomenin cinsi qadındır, yoxsa kişi fərqi yoxdur. Belə lap qadın olsa da petuxdur. Məsələn, deyir ki, dolayı yolla Baboşla Ləman bacı-qardaşdırlar. - Tima) ondan daha urvatlı yaşayırsa, ondan daha çox tanınırsa, bu manqurtlar üçün əziyyət çəkməyə dəyməz.
Beləcə meydandan çəklirlər, küsürlər, küsüb qınlarına çəkilirlər...
Təəssüf ki, vaxt ötür, belənçi manqurtlar cütləşir, balalayır və çoxalırlar.
Ümidsizəm, gümansızam, nigaranam...
Nə etməli?
(ardı var...)