Umberto Eko: “Papa seçkilərində meydandan işlənmiş prezervativ tapılmışdı”

Umberto Eko: “Papa seçkilərində meydandan işlənmiş prezervativ tapılmışdı”
9 aprel 2013
# 07:15

Kulis.az müasir dövrün ən məşhur filosoflarından olan Umberto Ekonun “Hürriyət” qəzetinə verdiyi müsahibəni təqdim edir.

- Boloniya Universitetində hələ də dərs deyirsiniz?

- Xeyr, artıq təqaüdçüyəm. Amma akademik araşdırmalar mərkəzinin direktoruyam. Arada gedirəm dərslərə, amma əvvəlki kimi sıx-sıx yox.

- Gənclərin sosial media ilə olan münasibətlərini müşahidə edir, yazılar yazırsınız. Maraqlıdır, fərdiyyətçiliyin hansı mərhələsindəyik?

- Bəli, gənc nəsil üçün əsl risk budur. Təklik riski. Küçədə gəzəndə artıq insanlar bir-birinin üzünə baxmır. Qulaqlarındakı musiqiyə, əllərindəki alətə fikirlərini cəmləyirlər. Gələcəkdə nə olacaq bilmirəm. Yəni dünya ilə ünsiyyət qurmağa cəhd edən insanlar olacaqmı? Məncə, bu, insanların necə tərbiyə edilməsi ilə bağlıdır. Buna oxşar halları nəvələrimdə də görürəm. Əllərindən düşmür o qurğular. Amma idman da edirlər, muzeyə də gedirlər. Əgər ailə başqa mövzularda uşaqlarını məlumatlandırsa, uşaqlar da qarşılarındakı alətin bu cür əsiri olmazlar. Heyf ki, tələbələrimlə bağlı müşahidələrimi bölüşə bilməyəcəm. Çünki artıq akademik fəaliyyətlə məşğul olan tələbələrlə görüşürəm. Yəni ancaq ağıllı insanlarla danışıram (gülür).

- “Facebook” və “Twitter”lə analiz etmək olar gəncləri?

- Məncə, insanlar “Facebook”a kiminləsə ünsiyyət qurmaq üçün girirlər. Özümüzü tanımaq və tanıtdıra bilmək üçün “başqası”na ehtiyacımız var. İşin psixoanalizi budur. Əgər təcrid olunmuş mühitdə yaşayıramsa, o “başqası”nı tapmaq üçün “Facebook”a girirəm və əslində, saxta bir “başqası”nı axtarıram. Çünki orada qoca və çirkin polis – gənc və gözəl bir qız kimi görünə bilir.

Başqa sözlə, əslində virtual olaraq mövcud olanlar, olmayan bir “başqası”nın özünə qarşı münasibətini öyrənməyə çalışır. Bu hal – məncə, dostluq böhranıdır. Dostluq anlayışı indi böhran yaşamaqdadır. Bəlkə sizin normal ünsiyyət qurduğunuz dostlarınız var. Amma bunu bir amerikandan soruşun. Əksəriyyətinin dostu yoxdur. Ona görə, 6 ay sonra ölkənin başqa bir səmtinə köçsə, problem olmayacaq. Marketlər eyni, kinoteatr eyni, onun üçün ancaq iş yoldaşları var. Bax bu adamlar icad ediblər sosial şəbəkələri. Nyu-Yorkdakı bəzi yəhudi intellektualların, yaxud homoseksualların dostları ola bilər, başqalarının dostluq anlayışı yoxdur.

- Sizin rəsmi “Facebook”, yaxud “Twitter” hesabınız varmı?

- Yox. Çünki mənim həqiqi dostlarım var.

- Məşhurlar sosial şəbəkələrdən çox vaxt dostluq qurmaq üçün deyil, xalqla ünsiyyət üçün istifadə edirlər…

- Yaxşı, onda mən də məşhur olmaram. Bütün dünyadan məni axtaran minlərlə axmaq tərəfindən narahat edilmək istəmirəm. Onsuz da həddindən çox elektron məktub alıram. Köməkçim maraqlanır onlarla. Mən çox vacib olanları oxuyuram, sonra da çap etdirib çəkməcəmə qoyuram. Yəni vacib insanlar çəkməcəmdədir.

- Sizcə, dinin cəmiyyətdəki yeri və mövqeyi 100 il əvvəlkinə nəzərən dəyişibmi?

- İnsanlar nəyəsə inanmaq istəyirlər. İnsanlar artıq allaha inanmır demək, insanlar artıq heç nəyə inanmır demək deyil. Əksinə, Allaha inanmayan insan əslində hər şeyə inanır. Səmavi dinlərə inananların sayı azalsa da, “yeni nəsil” tərzi təriqətlərə, yaxud uçan cisimlərə inananların sayı artır. Bu ilki papa seçkilərinə göstərilən marağın da dini inancla əlaqəsi yoxdur. Çoxları ora yeni bir xarizmatik şəxsiyyəti tanımaq üçün toplaşmışdı.

- Yəni karnaval, ya da mərasim kimi baxırlar artıq Papa seçkilərinə?

- Papa II İohann Pavel o meydana dünyanın hər qitəsindən yüz minlərlə insanı yığmağı bacarmışdı (2005-ci il seçkilərində -red). Amma o günə aid başqa faktlar da var. Məsələn, həmin gecə meydanda çoxlu sayda işlənmiş prezervativ tapılmışdı. Bu faktdır. Papanı təbrik etməyə gələn gənclər o meydanda sevişib sekslə məşğul olubmuşlar. İndi deyin görüm, bunun dinlə nə əlaqəsi var? Əlbəttə, buna da bir növ din deyə bilərik, amma katolik inancı ilə əlaqəsi olmadığı yüz faizlikdir. Katoliklik axı prezervativ istifadəsini qadağan edib.

- Siyasətçilər arasında dindən ən çox istifadə edən kimlərdir?

- Berluskoniyə baxın, hələ də dindən istifadə edir. Obama dindən istifadə etmək məcburiyyətindədir, çünki Amerika konstitusiyasında “Tanrı” sözü bilavasitə işlənir və bütün dollarların üstündə “Tanrıya inanırıq” yazılıb. Yəni istənilən Amerika prezidenti Allaha inanmaq məcburiyyətindədir, yoxsa seçilə bilməz. Onlar nitqlərini də “Tanrı sizi qorusun” sözləri ilə bitirirlər. Eyni şeyi nə italyan, nə fransız prezidenti heç vaxt edə bilməz.

- Etsə, nə olar?

- Böyük ehtimalla, skandal olar. Çünki belə bir ifadə kilsə ilə dövləti qeyri-qanuni formada bir-birinə birləşdirmək mənasını verər. Biz 50 ildir Avropada, İtaliyada nə cür xristian-demokrat hökumətlər görmüşük. Amma heç bir xristian lider nitqini “Tanrı sizi qorusun” sözü ilə bitirə bilməz.

# 3061 dəfə oxunub

Müəllifin son yazıları

# # #