Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.
Eşitdim ki, bəs Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri şərurlu İsfəndiyarla görüşüb. Əvvəl dedim, yəqin yenə yalan xəbərdir. Yox, çıxdı ki, doğrudan olub.
"Adam tapılmırdı?"
Ağlıma gələn ilk sual bu oldu.
Bir düşünək. Bu ölkədə neçə-neçə təcrübəli memar, mühəndis, professor var. Körpü layihəsi hazırlayan, zəlzələyə davamlı bina nədir bilən adamlar. Hamısı yerindədir, amma şərurlu İsfəndiyar seçiləsi olub. Yəni rəfdə yüz cür kitab var, biz götürürük ən “məşhur” olanı.
İndi universitetin izahatına gələk, əsl komediya oradadır. Deyirlər, görüş tələbələrin təşəbbüsü ilə, dərsdənkənar vaxtda olub. Bu cümlə bizdə hər şeyin üstünü örtən sehrli düsturdur. Sanki zəng çalan kimi universitet “sistemdən çıxır”, bina yuxuya gedir, tələbə də öz başının çarəsinə qalır.
Sonra da deyirlər ki, bəs görüş ərazidə, auditoriyada, akt zalında keçirilməyib. Çox gözəl. Bəs harada keçirilib? Pilləkəndə? Bufetdə? Zoomda? “Harada olmayıb” bəlli, “harada olub” isə sirdir. Elə bil, söhbət gizli kəşfiyyat əməliyyatıdır.
Daha gözəli, mediada səs-küy qopandan sonra “daxili araşdırma” aparılıb. Hər şey qaydasındadırsa, araşdırma niyə? Qaydasında deyilsə, tələbələrin istəyi niyə “başadüşülən” sayılır? Araşdırmanın hansı mərhələdə olduğunu da heç kim bilmir. Yəqin hələ kiminsə stolunda qovluqdadır, üstündə də çay stəkanı.
Ən yaxşısını sona saxlamışam. Mətbuat xidməti görüşdə nədən danışıldığını bilmədiyini bildirir. Əzizim, AzMİU ölkənin adlı-sanlı universitetlərindən biridir. Tələbələriniz universitetdə şərurlu İsfəndiyarla oturub söhbət edir, siz də deyirsiniz “məzmunundan xəbərimiz yoxdur”.
Razıyam, tikinti universitetinin tələbəsi tikinti şirkətinin rəhbəri ilə görüşə bilər. Amma ölkədə tikinti şirkəti rəhbəri bir nəfər deyil ki. Sahənin yükünü çəkib karyera quran adamla, əsasən gündəm yaratmaqla tanınan adam arasında fərq yoxdur? Birincidən peşə öyrənirsən, ikincidən... yaxşı, yəqin nəsə öyrənirsən, amma dəqiq nə olduğunu demək çətindir. Axı biz o adamın hansı məsələlərlə gündəmə gəldiyini öz gözümüzlə görürük. Siz görmürsünüz?
Bir evi beş adama satdığı deyilir, kiminsə borcuna görə evini əlindən aldığı deyilir, məhkəmə prosesləri baş tutur, onlarla, yüzlərlə şikayətçilər ortaya çıxır. Hamımız görürük, bilirik. Bircə sizin universitetin tələbələri, bu görüşü arzulayanlar və təşkil edənlər bilmir?
Nəsə mənə inandırıcı gəlmədi.
Şərurlu İsfəndiyarda günah axtarmaq da düzgün deyil. Çağırıblar, gəlib, söhbət edib. Məsələ başqadır.
Gülüşü bir kənara qoyaq. Tikinti ən həssas sahələrdəndir. Bu gün auditoriyada oturan tələbə sabah bir binanın layihəsinə imza atacaq, orada insanlar yaşayacaq. Belə universitetdə nümunə seçimi də təhsilin bir hissəsidir, dərsdənkənar vaxtda belə.
Tələbələri qınamıram. Gəncdirlər, maraqlanırlar, “gedək, bu adamı canlı görək” istəyi təbiidir. Məsələ tələbədə yox, universitetin hər şeyə “bizdən kənardadır” deyib çəkilməsindədir. Təhsil ocağı məsuliyyətini auditoriyanın divarları qədər dar götürürsə, bu, artıq, həqiqətən, memarlıq problemidir.
Nəticədə, yenə eyni suala qayıdırıq:
Adam tapılmırdı?