Kino tarixinin unudulmaz performansları - Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar

Kino tarixinin unudulmaz performansları -  Bədən dili və mimikayla rol oynayan ən yaxşı sənətkarlar
12 noyabr 2026
# 15:00

Kulis.az mimikaları, baxışları və bədən dilləri ilə kino tarixində unudulmaz performanslara imza atan sənətkarları haqqında materialı təqdim edir.

Bəzi film personajları özlərini uzun-uzadı dialoqlarla izah edə bilmirlər. Müxtəlif filmlərdəki rollarına uyğun olaraq bəzisi xəstəlik səbəbindən yatağa bağlandığını, kimi travma üzündən səsini itirdiyini, bəzisi də əsir düşdüyü üçün ətrafı ilə ünsiyyət qura bilmədiyini yaşayır. Belə hekayələrdə aktyorun işi daha da çətinləşir: Duyğuları yalnız baxışlar, üz ifadələri və ən kiçik hərəkətlərlə ötürmək lazımdır. Kinoteatr tarixində bu çətinliyin öhdəsindən gələn, bir kəlmə belə danışmadan izləyicini təsirləndirə bilən çox sayda aktyor var.

Matö Amalrik (Mathieu Amalric) – "Kəpənək və dalğıc" ("The diving bell and the butterfly", 2007)


İflic olduqdan sonra bədəninin təqribən bütün hərəkət qabiliyyətini itirən Jan-Dominik Bobi yalnız sol gözünü qırpmaqla ünsiyyət qura bilir.

Matö Amalrik personajın çarəsizliyini, qəzəbini, yumor hissini və yaşamaq əzmini böyük ölçüdə məhz göz hərəkətləri ilə çatdırır.

Film boyunca izləyicini qəhrəmanın düşüncə dünyasına yaxınlaşdıran bu performans danışmadan aktyorluğun ən sarsıdıcı nümunələrindən biridir.

Salli Hokins (Sally Hawkins) – "Suyun səsi" ("The shape of water", 2017)


Salli Hokinsin canlandırığı Elisa danışmaq qabiliyyəti olmayan bir qadındır.

Dövlət laboratoriyasında xadimə işləyən bu personaj ətrafındakı insanlarla işarə dili və jestlər vasitəsilə ünsiyyət qurur.

Hokins Elisanın tənhalığını, marağını və sevgisini qabarıq hərəkətlərə əl atmadan təqdim edir.

Qəhrəmanın duyğu dünyasını dərk etmək üçün sözlərə ehtiyac qalmır.

Holli Hanter (Holly Hunter) – "Piano" ("The Piano", 1993)


Holli Hanterin canlandırığı Ada uşaqlıqdan bəri danışmayan və duyğularını piano vasitəsilə ifadə edən bir qadındır.

Yeni Zelandiyaya kiçik qızı ilə birlikdə gələn Ada ətrafdakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəksə də, daxili aləmi son dərəcə zəngindir.

Hanter qəhrəmanın arzularını, qorxularını və qəzəbini baxışlarına, barmaq hərəkətlərinə və bədən dilinə köçürür.

Danışmamağı bir əskiklik kimi göstərmək əvəzinə, bunu personajın daxili dünyasının təbii bir parçasına çevirir.

Mads Mikkelsen (Mads Mikkelsen) – "Valhalla qaçqını" ("Valhalla rising", 2009)


Mads Mikkelsen bu qaranlıq tarixi dramda Təkgöz adı ilə tanınan, əsir düşmüş təkgözlü döyüşçünü canlandırır.

Qəhrəman demək olar ki, heç danışmır, film boyu özünü ifadə etmək üçün baxışlarından və fiziki varlığından istifadə edir.

Mikkelsenin təmkinli, lakin təhdidkar duruşu qəhrəmanın keçmişi və niyyətləri barədə uzun-uzadı dialoqlardan daha çox şey danışır.

Ranbir Kapur (Ranbir Kapoor) – "Barfi!" ("Barfi!", 2012)


Ranbir Kapurun canlandırığı Barfi eşitmə qabiliyyəti olmayan və danışmayan gənc bir oğlandır.

İnsanlarla ünsiyyət qurarkən üz ifadələrindən, əl hərəkətlərindən istifadə edir.

Kapur personajı sadəcə sevimli bir komediya obrazı səviyyəsində saxlamır, onun sevgisini, qısqanclığını, kövrəkliyini və nəşəsini də görünən edir.

Performansın ən güclü tərəfi səssizliyi dramatik bir nömrəyə çevirmədən qəhrəmanın gündəlik həyatının təbii hissəsinə çevirməsidir.

Edrien Broudi (Adrien Brody) – "Pianoçu" ("The Pianist", 2002)


Edrien Broudinin canlandırığı Vladislav Şpilman nasist işğalı altındakı Varşavada sağ qalmağa çalışan yəhudi pianoçudur.

Gizlənməyə məcbur qaldığı dövrlərdə danışmaq, hətta səs çıxarmaq belə onun üçün ölüm-dirim məsələsidir.

Broudi qəhrəmanın aclığını, qorxusunu və getdikcə ağırlaşan tənhalığını çox vaxt səssiz fiziki performansı ilə izah edir.

Bu rol tamamilə səssiz deyil, lakin insanın sağ qalmaq üçün öz varlığını belə gizlətməli olduğu anlar onun aktyorluq sənətinin gücünü üzə çıxarır.

Pol Dano (Paul Dano) – "Kiçik gün işığım" ("Little miss sunshine", 2006)


Pol Danonun canlandırığı Dueyn pilot olmaq arzusunu reallaşdırmayana qədər danışmamağa əhd etmiş bir gəncdir.

Ailəsi ilə birlikdə çıxdığı yol boyu səssizliyini qoruyur, qəzəbini və ətrafdakı insanlarla arasındakı məsafəni çox vaxt üz ifadəsi ilə büruzə verir.

Danonun performansı xüsusən ailə üzvləri ilə eyni mühitdə olduğu səhnələrdə diqqət çəkir.

Qəhrəmanın danışmamaq seçimi onun yeniyetməlik böhranını və anlaşılmamaq hissini bütün çılpaqlığı ilə üzə çıxarır.

Çarlz Loton (Charles Laughton) – "Notr-Dam qozbeli" ("The hunchback of Notre Dame", 1939)


Çarlz Lotonun canlandırığı Kvazimodo Parisdəki Notr-Dam Katedralında xarici aləmdən təcrid olunmuş şəkildə yaşayan, fiziki görünüşünə görə cəmiyyət tərəfindən kənarlaşdırılmış bir personajdır.

O, danışa bilsə də, filmdəki ən təsirli anların əksəriyyəti sözlərdən çox üz ifadələrinə və bədən hərəkətlərinə əsaslanır.

Loton qəhrəmanın qorxusunu, mərhəmətini və qəbul olunmaq arzusunu sadəcə fiziki görkəminə sığınmadan tamaşaçıya məharətlə ötürür.

Rani Mukerci (Rani Mukerji) – "Qara" ("Black", 2005)


Rani Mukerci görmə və eşitmə qabiliyyəti olmayan Mişel adlı qızı canlandırır.

Ətrafındakı dünyanı dərk etməkdə çətinlik çəkən Mişelin ünsiyyət qurmağı öyrənmə prosesi filmin mərkəzində dayanıb.

Mukerci qəhrəmanın qorxusunu, ümidsizliyini və öyrənmək əzmini fiziki performansı ilə canlandırır.

Film ərzində ünsiyyət toxunma, işarələr və bədən dili üzərindən qurulur, buna görə də aktrisanın hərəkətləri qəhrəmanın inkişafını göstərən əsas vasitəyə çevrilir.

Emili Blant (Emily Blunt) – "Səssiz bir yer" ("A quiet place", 2018)


Emili Blant səs çıxarmağın ölümcül nəticələr doğura biləcəyi bir dünyada ailəsini qorumağa çalışan Evelin Abbott rolunu canlandırır.

Film boyu qəhrəmanın qorxusunu, ağrısını və çarəsizliyini çox vaxt danışmadan, üz mimikaları və bədən dili ilə çatdırır.

Xüsusən doğum səhnəsi qəhrəmanın səs çıxarmamaq üçün verdiyi mübarizəni və Blantın fiziki aktrisalıq məharətini ən yüksək səviyyədə təqdim edir.

# 59 dəfə oxunub

Oxşar xəbərlər

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

"Supermen"i yenidən yaradan rejissor "DC Studios"un rəhbərliyindən gedir

14:34 12 noyabr 2026
Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

Qəzzadakı hadisələrdən bəhs edən sənədli film 1,5 milyon tamaşaçı topladı

13:32 12 noyabr 2026
Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

18:40 11 noyabr 2026
“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

15:56 11 noyabr 2026
“Ramayana” Britaniyanı fəth etdi:  Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

14:27 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər