"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi
12 noyabr 2026
# 12:05

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Vüqar Vanın "Riyazi mənzərələr" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Həmid Herisçi:

KƏLƏFİN YOXSA KƏLƏYİN UCU?

Azərbaycan nəsrinin bir oturuşmuş, bezdirici coğrafi Marşrutu var:

Kənddən şəhərə Əkrəm Əylisli, İsi Məlikzadənin bələdçiliyi başlayan bu marşrutda, bu düz yolda nəsrimiz çoxdan yolunu azıb.

Vüqar Van bu ənənəvi marşrutda ədəbi manevr etməyi bacaran bəlkə də ən mahir qələmdsaşlarımızdandı. Vüqar Van nəsrdə tvist oynamağı sevir. Yəni qəfil gedişlər etməyi bacarır nəsrdə. Bütün hekayələrində bu var.

Ən vacibi, kənddən şəhərə gələn Əkrəm, İsi Məlikzadə süjetini də tam tərsinə çevir o. Vüqar Vanda hərəkət trayektoriyası, ənənəvi Azərbaycan nəsrində olduğu kimi kənddən şəhərə yox, tam tərsinə, əks istiqamətdədir.

Şəhərdən kəndədir.

“Şən ev” hekayəsində də marşrut eynidir.

Nəsrdə tvist oynamaq nasirə geniş imkanlar açır. Xüsusən, əgər o ənənəvi marşrutları, süjetləri geriyə çevirməyi, tərs oxumağı, nəql etməyi bacarırsa.

“Fələk” sözünü tərsinə oxusan, “kələf” sözünü eşidəcəksən.

Yunan miflərindəki “Ariadnanın ipi”, kələf bax bu zaman mahir ovçu, yaxud yazıçı əlinə keçir.

Yəni, mövzuları, sözləri, marşrutları tərsinə çevirməsən, Aridnanın ipi, kələfin ucu əlinə keçməyəcək. Yunan miflərində Tesey bunu bacarır. Nəticədə, "labirint"dən çıxma yolunu tapır. Mağara sahibi Minotavrı öldürür.

Bu sxem, həm də labirinti təkrarlayan nəsrdə hərəkət etmə, qaranlıqdan işığa çıxmağın yoludur.

Vüqar Van nəsrdə Tesey olmağın sirrini tapıb deyirsiz?

Kələfin ucu, süjetin ucu, Ariadnanın ipi deyirsiz tam ixtiyarındadır, hə?

Məncə, hə.

Hekayələrində fləşbek effektini də işlədir. Yəni qəfil yaddaşı oyatmağı, geriyə baxmağı bacarır həm də.
“Riyazi mənzərələr”də fləşbek effekti məktəb fotosu səhnəsindədir. İlham pərisinin tam tərs surəti də fləşbek effektindədir.

Qısası, hekayə boyu yaddaş fləşbeki dəfələrlə parıldayır.

Parıldadıqca şairi düşdüyü zülmətdən işıqlığa bir an çıxara bilir.

Ancaq Vüqar bütün digər Azərbaycan nasir, şairləri kimi qəhrəman surəti yarada bilmədiyindən, daim qurban surəti yaratdığı səbəbdən, öz nəsrində daim dekadansa məhkumdu.

Bu nöqtədən o bütün digərləri kimi çıxa bilmir.

İnsanları adsızdı.

Hadisələr zahirdən çox, daxildə cərəyan edir.

TVİST-in, FLƏŞBEK-lərin genişləndiyi, işıqlandırdığı səhnələr bu QURBANİZM-də, DEKADANS-da, xeyli kiçilir. Hekayənin ərazisi daralır.

Hekayələrdəki insanlar ad tələb etməyə başlayır Vüqar Vandan.

Daxili dialoqlar zahirə çıxmaq, orda adam dilində danışmaq istəyir öz müəllifindən.

Beləliklə, “Riyazi mənzərələr” əvvəlki “Şən ev” hekayəsinə uduzur.

Çünki orda dialoq həm zahirdədi, həm daxildə.

Flaşbek effekti də o cümlədən həm zahirdədi, həm daxildə.

“Riyazi mənzərələr”də isə, nə var daxildədi.

Zahirdə artıq heç nə yoxdu.

Nə...bilim...bəlkə, şair tənhalığını göstərmək üçün Vüqar Van zahiri təsvirləri azaldıb, güc verib daxili dramatizmə?

Ancaq nəticədə “Riyazi mənzərələr” “Şən ev”ə uduzub.

Şərif Ağayar:

"Şübhəsiz, incə detallarla işlənmiş zərif ruhlu bir hekayədir. Yaradıcı insanın çeşidli duyğularını dilə gətirir. Belə sadə, həssas, bədii detallarla işlənmiş hekayələr insana zövq verir. Vüqar munis duyğulara asanlıqla xitab eləyib. Bu asanlıq həm gözəldir, həm də məni qorxudur. Gənc müəllif üçün işlər həm də bu qədər asan olmamalıdır. Bəs necə olmalıdır? Bax bunu dəqiq deyə bilmirəm. Çünki yaradıcılıq bütün nəzəri bilgilərə və təcrübələrə rəğmən həm də bir qeyri-müəyyənlikdir. Gənclər axtarmalıdırlar. Tapmalıdırlar. Vüqar da daxil olmaqla bir neçə imza var ki, mən onları bəyənəndə narahat oluram. Bu çox azdır. Bəli, belə hekayələr yazmaq asan deyil, amma Vüqar Van üçün çətin də deyil. Bəs atı daşlığa kim vuracaq? Bizdə indi qəribə bir sadəlik aludəliyi var. Birqatlı, həyati, hətta avtobiorqafik mətnləri trendə çeviririk. Lakin son Nobel və Buker klassika ilə intertekstuallığa və elmi-fantastikaya verildi. Niyə? Bu barədə düşünəsi iki-üç gəncdən biri də Vüqardır. Oxucunu razı salmaq bəs eləmir, onu tərpətmək, hətta darmadağın etmək lazımdır".

Samirə Əşrəf:

"Xoşuma gəldi. Yollardakı intəhasız tıxaclardan, şəhərin hay-küyündən sonra üstümə çökmüş yorğunluğun ardından oxudum Vüqarın hekayəsini. Xeyli dincəldim, niyəsə həm də öz uşaqlığımı, rayonumuzu, böyüdüyüm yerləri, məktəbimizi xatırladım. Görünür, yaxşı mətnlərin gücü həm də bundadır. Oxucunun da xatirələrinə işıq salır, onların tozunu silib təmizləyir.
Hekayədə ən çox bəyəndiyim təhkiyə və poetik ifadə vasitəsi idi. Heç nədən, məişətin düz ortasından yazılan hekayələri bəyənirəm. “Riyazi mənzərələr”də üst-üstə yığılmış müəllif müşahidələrinin statik yox, nəsrvari nəticəsidir. Yeganə narazı qaldığım məqam hekayədəki bədbin çaların üstünlüyüdür. Vüqarın yaxşı yumor hissiyyatı və bunu mətnlərinə sirayət etdirmə bacarığı da var. Ümumiyyətlə, bugünkü gənclər içərisində Vüqar ən çox ümid etdiyim nasirlərdəndir. Onun öz üzərində işləməsi, mütaliəsini artırması, beləcə mətnlərinə də öz təsirini göstərir. Ümid edirəm ki, o, yazmaq istədiyi sözlərə, mətnlərə doğru bundan sonra da inamla irəlliləyəcək".

Sara İbrahim:

"İndiyə qədər oxuduqlarım arasında bu, Vüqar Vanın ən yaxşı hekayəsidir. Müəllifin əvvəlki hekayələri maraqlı, dili axıcı olsa da, mətn bədii həllini tapmırdı. Amma “Riyazi mənzərələr” bu mənzərəni dəyişdi deyə bilərik. Mətndə hər şey yerli-yerindədir, irad bildirməyə səbəb görmədim. Hekayə qəmli, həzin bir nəğməni xatırlatdı. Və hekayənin qəhrəmanı mənə tanış gəldi; elə bildim çox yaxşı tanıdığım bir insan haqda yazılmış elegiya oxudum. Yaradıcı adamların əksəriyyətinin yaşadığı “Daha yaza bilməmək” qorxusu bu hekayənin qəhrəmanından da yan keçməyib. Bəlkə, dörd il şeir yaza bilmədiyinə görə sərxoşluqla daxili iztirablarından qurtulmaq istəyir, ya da əksinə, içdiyi üçün daha şeir yaza bilmir. Əzablardan, özündən qaçmaq istəyən şairə dünya dardır, hara getsə içini gəmirən duyğular onu təqib edir. Müəllif qəhrəmanın iç dünyasında yaşadığı ağrıları, özüylə apardığı mübarizəni oxucuya ötürə bilib.
Hekayə bitəndə fikirləşirsən, görəsən taleyinə şairlik yazılanların hamısı niyə bədbəxt doğulur? Yəqin ona görə ki, onlar həyatı başqa rəngdə görürlər. Hamı kimi düşünə, hamı kimi yaşaya bilmirlər. Bu dünya onların yeri deyil, ona görə ruhları bu aləmdə rahatlıq tapa bilmir. Yellənən ağ mələfələrə baxarkən fikirləri qarışır, baxışları kölgələnir, bir də görürsən, boşluğa yuvarlanıb kiminsə xəyalına çevrildilər".

Sevinc Elsevər:

"Bu yazını xatırladım hekayəni oxuyub. Hekayənin qəhrəmanının şair olmağı xoş idi. Son dövrlər bu cür stildə, əslində, hekayəsi olmayan hekayələr dəbdədir. Stilinə uyğun yaxşı alınıb deyərdim. Lirik ovqat yaratdı. Empati duydum qəhrəmana.
Hər yaradıcı adam yəqin o ilk anı xatırlamağa, anlamağa və unutmamağa çalışır".

Ulucay Akif:

"Riyazi mənzərələr"i bəyəndim. Vüqar bu hekayəsində lirik-psixoloji nəsrin bütün imkanlarından uğurla istifadə edib. Keçmiş və indi arasında gedib-gəlmələr, keçidlər incə, şəffaf tüllə aralanıb biri-birindən. Bu cür süjetsiz, hadisəsiz hekayələr xırda, əhəmiyyətsiz (daha doğrusu, belə görünən) detallarla işlənir. Bu mətndəki bütün əhəmiyyətsiz görünə biləcək detallar özünə yer edə bilib.

Qəribədir, bir müddət sonra başa düşürsən ki, pis olan hər şeyin sənə verdiyi duyğunun tək adı "incimək" imiş. Yəni biz sevgilimizdən küsəndə də, dostumuza əsəbiləşəndə də, doğmalarımızla dalaşanda da incidiyimizi dilə gətirmiş oluruq. Yəni hər pis hadisə, pis nəsnə ən yekunda bizi sadəcə incidə bilirmiş. Bunun da indi fərqinə vardım. Deməli, pis mətnlər də bizi incidirmiş oxuyanda. Bu hekayədə isə heç nə məni incitmədi. Təhkiyənin bəzi yerlərində kiçik oynamaları sezdim. Bu oynamalar məqsədli görünmədi mənə, ona görə cüzi qüsur sayıram bunu.

Keçək lirik-psixoloji hekayələrin nə qədər lazımlı olmağı məsələsinə. Vüqar Vanın son hekayələrinin hamısı lirik-psixoloji janrdadır. Ekzistensial mətn, absurd mətn, fəlsəfi mətn, postmodern mətn, sosial-psixoloji mətn... Hazırda dünya ədəbiyyatında xeyli aktual üslub və ədəbi istiqamətlər var. Satirik və detektivi çıxmaq şərtilə, digər üslub və ədəbi istiqamətlər arasında müqayisə aparmağın, onları yarışdırmağın tərəfdarı deyiləm. Hərəsinin öz yeri, öz əhəmiyyəti var. Hər biri bir başqa zövqə xitab eləyir, hər biri fərqli bir şüura, ya da insanın fərqli andakı damaq dadına uyğun olur.

Mən Vüqar Van qələmini bütün bu fərqli üslublarda görmək istəyirəm. Vüqar özünü hansısa üsluba belə tez təhkim etməsin. Azərbaycan ədəbiyyatına dinamik və bədii ağırlığı olan mətnlər lazımdır. Bu sarıdan çox axsayırıq. Lirik-psixoloji, poetik nəsrimiz xeylidir. Monoloqvari və monoton süjetli hekayə və romanlarımızı deyirəm. Bu xeylilik nə qədər keyfiyyətlidir, bu başqa məsələ. Amma ədəbi mənzərimizi izlədikcə görürəm ki, digər üslublarda xeyli kasadıq. Ola bilər ki, Vüqar üçün bu fikirlərim əhəmiyyətsiz görünsün, amma heç şübhə etmirəm, çox keçmədən Vüqar özü də bunun fərqinə varacaq.

# 44 dəfə oxunub

Oxşar xəbərlər

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

"Bestseller siyahıları ölü kitabların qəmli qəbiristanlığıdır..." - Karlos Fuentes

14:00 11 noyabr 2026
44 - Anar Şamilin yeni hekayəsi

44 - Anar Şamilin yeni hekayəsi

12:08 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər