Unutmağın çarəsi yeni sevgili və şərabdır

Unutmağın çarəsi yeni sevgili və şərabdır
25 dekabr 2012
# 11:12

“Sən mənim hisslərimə tüpürdün”.

“Sən mənə layiq deyildin”.

“Səndə şeytan tükü var”.....və kimi başqa cümlələr. Aylarını, illərini keçirdiyin insanlardan eşidə biləcəyin ən kobud son sözlər... Günahı təbii ki, həmişə ya qarşı tərəfdə, ya da ətrafda axtarmaq lazımdı. Niyə? Çünki mən belə deyirəm.

Adamlar görürlər, vurulurlar, yaşayırlar və bir gün oyanıb görürlər ki, sevmirlər. Bu təbii və qarşısıalınmaz prosesdi, lap elə qloballaşmanın özü kimi.

Peşmanam?. Yoox. Heç nə, heç kim üçün peşman deyiləm. Ümumiyyətlə, bu hissi özümdən uzaq tutmağa çalışıram. Dəyişə bilməyəcəyim şeylər üçün dərd çəkmədən dərs ala bilmərəm? Bilərəm. Dərs də alaram, dərs də verərəm.

Sevgidə iki tərəf olur – qalanlar və gedənlər. Gedən olmaq təbii ki, cəsarət tələb edir, yanında da bir az tekila. Qalan olmaq isə miflərə əsaslansaq asan deyil. Amma ən azından vicdan əzabı adlanan mücərrəd yükdən azad edir səni.

Sonda gedən tərəfə niyə nifrət edirlər, bilirsiz? Mən hələ də dəqiq bilmirəm. Bu eqonun təzyiqləridi? Bu “özünü sındırmama” instinktidi?

Gedənin arxasıyca ağlamaq niyədi bəs? Utancdı bu göz yaşlarının səbəbi? Tərk edilməyin utancı? Təhqirlər, kobud sözlərdən özünümüdafiədi?

Ay qalanlar, ürəyinizdəki kini, gözünüzdəki yaşları, dilinizdəki təhqirləri, lənətləri silin, atın, tüpürün bir kənara. Dərindən bir nəfəs alın, gülümsəyin güzgüdəki əksinizə.

Kimin üçünsə ağlamaq, söymək, yalvarmaq, gözləmək qaytarmır onu, dəyişmir olacaqları. Siz tərk edilənsiz – vicdan əzabının sancılarından uzaq kəslər.

Həyata və sizi tərk edənə çox sağ ol deyin. Tərk olunmağınızı yeni sevgilinizin müşayiəti ilə və qırmızı şərabla qeyd edin.

Nə deyib Bukovski?

"Üzülmə dostum, itirdiklərini sandıqların, qurtulduqlarındır bəlkə"

# 3601 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #