Xanımlar niyə Paulo Koelyonu sevir?

Xanımlar niyə Paulo Koelyonu sevir?
28 iyun 2013
# 15:20

Müasir dövrün ən sevilən, məşhur və oxunaqlı yazarlarından biri Paulo Koelyodu. Cavanlığında hippi olan Koelyo hazırkı dövrdə Qabriel Qarsia Markezdən sonra ən çox oxunan Latın Amerikası yazıçısıdır. Yazıçılığa başlamamışdan öncə o, ölkəsində məşhur musiqi sözləri yazarı idi.

Xəbəriniz varmı, Paulo Koelyonun əsərlərinin nəşri və satışı İran İslam Respublikasında qadağa olunub? Həm də heç bir əsas göstərilmədən. Çoxlarının rəyinə görə bu onun məşhur “On bir dəqiqə” romanıyla əlaqəlidi, amma mövzum bu deyil.

Fikir vermisizmi Koelyonun əsərləri, qəhrəmanları, aforizm halına gətirilmiş cümlələri daha çox zərif cinsin nümayəndələrinin – qadınların zövqünü oxşayır? Faiz göstəriciləri də 69-un 31-ə olmaqla xanımların tərəfindədi. Bəs bunun əsas səbəbi nədir?

Təkcə Mariya obrazı və onun “acınacaqlı” sevgisi? Paulo niyə xanımların sevimlisinə çevrilib? Cavab çox sadədi və bu cavabı tapmaq üçün yazıçının ən az iki əsərini oxumaq kifayətdi. Uydurma xəyallarının qulu olan , nağıllara inanmaqda inadkarlıq nümayiş etdirən xanımlar Paulonun “Bir şeyi həqiqətən istədiyin zaman arzunun yerinə yetməsi üçün bütün kainat sənə yardım edər” cümləsiylə təsəlli tapıb, niyə də həyata daha inamlı gözlərlə baxmasın?

Gözlənilən və arzulanan ağ atlı şahzadənin gəlməyəcəyini sizə hər kəs deyə bilər, amma Paulo Koelyo deməz. O sizə “Yer üzündə hər bir insanın onu gözləyən xəzinəsi var” – deyər, sizi arzulamağa, inanmağa, gözləməyə məcbur edər. Həssas və problemli sevgi münasibətlərində mümkünsüz edəni reallaşdırandı Paulo Koelyo.

Fransada fahişəylə yaraşıqlı rəssamın sevgisini əbədiləşdirən yazıçıdı o. Yazıçının özü demişkən, “bəzi kitablar bizi arzulamaq məcburiyyətində qoyurlar”. Məhz bu kitablar sırasında Paulonun öz əsərləri birincilik üçün rəqabət aparır.

Təkcə əbədi, romantik məhəbbətlə kifayətlənməyib, xanımlara güclü olmağı öyrədir, onlara özlərinin belə hiss etmədikləri güclərinin kəşfində köməklik göstərir. İnanmırsız? Onda sizi “On bir dəqiqə” romanından seçdiyim bir hissəciyi xatırladım:

“Hər yaşadığım gündə kişilərin nə qədər zəif, dəyişkən, etibarsız olması, onların müvazinətini sındırmağın nə qədər asan olması mənə daha aydın olur.” (Mariyanın nitqindən)

“Kişilər yalnız əzab-əziyyət , ümidsizlik, günlərin ləng keçməsi duyğusunu gətirirlər. O bu nəticəyə gələnəcən xeyli vaxt ötdü.” ( Yenə də Mariya haqqında, müəllifin dilindən)

Və bu cümlələri oxuyan xanım oxucu gözlərini iri-iri açıb onu təkrar nəzərdən keçirir, kosmetika ləvazimatları arasından sadə qələm tapıb çıxardır və cümlənin altından yağlı bir xətt çəkir. Hətta iki xətt.

“Həyatdan tək getmək üçün dünyaya gələn adamlar” var cümləsinin aid edildiyi xanım obrazın əsərin sonunda sevgilisinə qovuşması xanımlarda ölməkdə olan son ümidləri dirildir, onları yenidən xəyallar qurmağa məcbur edir.

Biz xanımlara da lazım olan bu deyil? Mənə bir təbəssüm hədiyyə et, uşağımızın adını nə qoyacağımız haqda xəyallara dalım və sənə Koelyonun aforizmləriylə dolu mesajlar yazım.

# 2119 dəfə oxunub

Müəllifin son yazıları

# # #