İnsanlar yalan danışmağı unutsa

İnsanlar yalan danışmağı unutsa
21 dekabr 2012
# 09:00

Dünyanın bir çox ölkələrində o cümlədən Azərbaycanda bəzi insanlar 21.12.2012 tarixini intizarla gözləyir və səmimi qəlbdən hər hansı bir dəyişikliyin baş verəcəyinə inanırlar. Sunami, zəlzələ, daşqın - nə baş verəcək? Ehtimal və gözləntilər müxtəlifdi, amma subyektiv inanclara ümid qalmaq olmaz. Xaos, fəlakət, qırğın deyəndə niyə məhz təbiətə arxayın olub bütün dəhşətləri ondan gözləyirik? Olub keçənlərə - tarixə nəzər salaq. Ən böyük dəhşətlər elə insanoğlunun öz adıyla bağlıdı. Meteoriti, sunamini, zəlzələni ataq bir kənara obyektimiz insandı. Gəlin insanlardan danışaq.

Təsəvvür edin ki, 20 dekabr tarixində hamı yatır və səhər oyananda hər kəs ilk kiçik dialoqdan başa düşür ki, yalan danışmaq qabiliyyətini itirib. Dünya əhalisinin – lap elə özünüzün-yalan danışmaq qabiliyyətini(zi) itirməyini(zi) təsəvvür edə bilirsiz? Bundan böyük fəlakət tanrının yer üzünə enib özünü ərəb şeyxi adlandırması ola bilər yəqin. İnanmırsız?

Məsələn, yalan danışmağı bacarmayan kişidən xanımı gecə harda olduğunu soruşanda artıq iclas, iş yeməyi və s. kimi bəhanələr onu xilas edə bilməyəcək. Və hər hansı bir N. dayı xanımına gecə onun ən yaxın rəfiqəsinin evində eşqbazlıqla məşğul olduğunu, arvadına qarşı çoxdan heç nə hiss etmədiyini demək məcburiyyətində qalacaq. Bu halda evdə baş qaldıran sunami Taylanddakından daha effektiv və destruktiv olacaq.

Evdən bu cür əhval – ruhiyyə ilə çıxan N. dayı artıq müdirinin önündə ikiqat əyilə, yalançı tərif və yaltaqlıqlarıyla onun alçaq eqosunu oxşaya bilməyəcək. Apardığı hesabatlardakı saxta rəqəmlər, aldığı rüşvət, satdığı mənəviyyatı bütün çılpaqlığı ilə üzə çıxacaq.

Dərs adıyla sevgilisigilə gedən, uzun sevişmədən sonra sevgilisinə hamilə olduğunu deyən N. dayının qızına portnyoru yalansız nə cavab verə bilər? “Sən mənim üçün orqazm aləti, seksual oyuncaq, əyləncə vasitəsisən. Uşağının da, sən də cəhənnəm olun” və s. kimi cavablar. Bundan sonra həmin xanımın əhvalını, düşündüklərini, hiss etdiklərini təsəvvür edə bilirsiz? Bunu hansı zəlzələ ilə müqayisə eləmək olar?

Baş verənləri N. dayıya yalansız(!) danışan xanımın atası evi hansı vəziyyətdə tərk edəcəyini təsəvvür etmək uçqun altında qalan uşaq cəsədlərini təsəvvür etməkdən asandı? N. dayı dəniz sahilinə gedəcək, uzun düşüncələrə dalacaq və yalnız indi o başa düşəcək ki, ən böyük fəlakət baş verib – o artıq özunə də yalan danışa bilmir. Mükəmməl işi, nümunəvi ailəsi, qayğıkeş ata obrazının öz təxəyyülünün məhsulu olduğunu başa düşəcək. Belə olduğu halda o bu illər ərzində nə qazandığı, nələr itirdiyi, nələri satdığı haqda səmimi düşüncələrə dalacaq və çıxış yolunu dalğalanan mavi dənizin dibində tapacaq.

Küçədə qırışan illərin dostları, rəfiqələr, ər-arvadlar, tələbə və müəllimlər, sahibkar və işçilər, sevgililər, törədilən cinayətlər, sui-qəsdlər, intiharlar azmış kimi böyük dövlətlərin müharibəsi başlayır. Bir-birini sevməyən, amma diplomatik yalanlarla vəziyyəti idarə edən nazirlər, səlahiyyətli şəxslər vəziyyəti düzəltməyə çalışdıqca pisləşdirirlər. Bəşəriyyətin çoxdan susadığı Üçüncü Dünya müharibəsi-atılan atom bombası 21 dekabr tarixini dünyanın məhvinin ildönümü kimi qeyd edir. Xaos həqiqətlərin xaosu olur, insanların öz əlləriylə yaratdıqları xaos. Apokalipsis budu. Məhz bu.

# 2744 dəfə oxunub

Müəllifin son yazıları

# # #