Tetçerin yataqdakı uğursuzluğu

Tetçerin yataqdakı uğursuzluğu
12 aprel 2013
# 11:40

Rəfiqə Məmmədova

"İlk dəfə 19 yaşımdaykən o mənə Marqo deyə müraciət etdi. Biz ayrıldıq. O getdi. Getdiyi gündən o adla heç kəsin məni çağırmasına izn vermədim. Niyə? Çünki mən xatirələrə qayıtmıram, çünki mən sadəcə unuduram məni unudanları. 30 il sonra Mayamiyə səfərim zamanı kütlənin içindən Marqo deyə bir səs eşitdim. Qocalmış, əynində dilənçi kürkü olan o idi. Marqo deyirdi. Heç nə demədim. Mənə ayrılan otağa keçib ağladım. Və o gün anladım ki, mən dəmir filan deyiləm, sadəcə qadınam"

Marqaret Tetçer

Qadın və kişi hüquqlarının bərabərliyinin müdafiə olunduğu, feminist təşkilatlarının inkişafının pik nöqtəsinə çatdığı, gender balansının radikal şəkildə qorunduğu bir əsrdə Böyük Britaniyanın keçmiş baş naziri, “güclü qadınların” kumiri, ötən əsrin Dəmir ledisinin belə bir cızmaqarası Tetçeri özünə ideal seçən bir çox qadını məyus etdi, şəksiz. Təkcə məyus etməklə qalmadı, dərin düşüncələrə qərq etdi.

Düzünü desəm Tetçerin şəxsi həyatıyla maraqlanmaq heç vaxt ağlıma gəlməyib, çünki onun şəxsi həyatının olmadığına qeyri-şüuri inanmışam. Rastıma çıxan bu yazı məni çox təəccübləndirdi. Əslində təəccüb demək azdı, kədərləndirdi, təəssüfləndirdi.

Sentimental yazı olduğunu düşünməyin, əksinə, realist bir yazı yazmağa çalışıram. Güclü, nümunəvi iş qadını Tetçer bizə sübut etdi ki, hər bir qadının, altından xətt çəkərək vurğulayıram ki, hər bir qadının sevgiyə, nəvazişə, məhəbbətə ehtiyacı var.

Freyd deyirdi ki, şəxsi və seksual həyatda uğur əldə edə bilməyən insanlar yaradıcılıqda, siyasətdə daha fəal olurlar və nailiyyət əldə edə bilirlər. 40 yaşınacan həyatının eşqi Yevanı tapa bilməyən Hitler həyasız xanımından əziyyət çəkən Tolstoy yadıma düşdü.

Hazırkı dövrdə neoliberalizmin təbliğ etdiyi gender bərabərliyi, qadın hüquqlarını əlində bayraq edən feminist təşkilatlar, ukraynalı çılpaq gözəllərin etirazları dünya gündəmində xüsusi yer tutur. Gəlin açıq danışaq, təhsil, karyera, böyük amallar bəlkə də şərtdi, amma bunlar qadın xislətini dəyişdirməyə qadir deyil.

Qadın qadındı, nə qədər kobud görünsə və ya görünməyə çalışsa da incədi, hər bir qadının daxilində küncə gizlədib görməkdən çəkindiyi zərif duyğular var. Qadın hüquq bərabərliyinə nail ola bilər, vəzifə sahibi ola bilər, güclü mənəviyyata malik ola bilər, amma heç bir qadın işdən qayıdanda gülərüzlə onu qarşılayacaq sevgilidən imtina etmək istəməz, etməz də.

Hər bir kişidə olduğu kimi hər bir qadında da əks cinsin xarakterik xüsusiyyətləri var. Bu hissəciklər kimdəsə az, kimdəsə nisbətən çoxdu. Yox, cinsi azlıqları nəzərdə tutmuram, natural fərdlərdən danışıram. Tetçer verdiyi radikal qərarların, “süd oğurluğu”nun, güclü siyasətçi qadının arxasında öz daxilindəki nəvazişə möhtac qadını mahirliklə gizlədə bilib, amma bizdən, kütlədən, ətrafından. O cümlələri oxuyandan sonra anlamaq çətin deyil ki, xanım Tetçer bunu illərlə özündən də gizlətməyə çalışsa da bir neçə saniyəlik rastlaşma bu cəhdləri fiaskoya uğradıb.

Bəşər övladı belə yaranıb, bundan qaçmağa çalışmaq absurddu, sonu tragediyadi, sonu yoxdu.

Hələ uşaqlıqdan cəmiyyət istəyərək, ya da istəməyərək hər bir xanımda qarşı cinsdən zəif, gücsüz olması fikrini formalaşdırır və bu fikir bir çoxlarında əks təsir olaraq aqressiyaya gətirib çıxarır. Yaradılmış şüuraltınatamamlıq, asılılıq kompleksi qadınları aqressivləşdirir, hər fürsətdə qarşı cinsə özünü sübut etməyə, qarşı cinsi əzməyə təhrik, meyl yaradır. Amma bu təbiət qanunlarına qarşı cıxmaq üçün yetərli arqument deyil.

Bəşəriyyətin tənzimləyici qanunlarından qaçmağa çalışan Maonu yadımıza salaq. Taxıl zəmilərini qorumaq üçün “adama bir sərçə öldürək” kampaniyasından sonra bütün zəmiləri çəyirtkələr məhv etdi və “mədəni inqilab” təbiət qanunlarıyla bacarmadı. Ya da 80-ci illərin SSRİ-nin çayların istiqamətini dəyişmə cəhdinin Aralın qurumasıyla nəticələnməsi.

Banal səslənsə də 1 dəqiqənizi ayırıb dünya tarixində iz qoyan, unudulmayan xanım adları çəkməyə çalışın. Mənim ağlıma gələn ilk sima Merlin Manrodu.

Əslində güclü qadın aqressiv, kobud və ya siyasətçi qadın demək deyil. Yaddaşlardan hələ də silinməyən, hər kəsin tanıdığı məşhur Manro siyasətçi olaraq yox, gücünü dərk edən və bu gücdən istifadə etməyi bacaran qadın olaraq hələ də unudulmur, böyük dövlətlərin baş əydiyi cənab Kennediyə xəyanət etməyə cəsarət edən qadın olaraq qalır. Qadının gücü onun zərifliyi, gözəlliyi və ağlıdı.

Əsas məsələ onu dərk etmək və istifadə qaydalarını müəyyənləşdirməkdi. Həssaslıq, zəriflik zəiflik deyil, xanımlar, bu bizim gücümüzdü.

P.S. “Qadınlar kişilərin zəif yeridir, zəiflik isə həmişə güc deməkdir”.

# 5695 dəfə oxunub

Müəllifin son yazıları

# # #