Taksidə

Taksidə
15 yanvar 2013
# 11:10

Rəfiqə MƏMMƏDOVA

Son günlər gündəmdə olan əsas məsələ çoxlarına məlum olan əsgər ölümləri, onların vəziyyəti, incidilmələri və s. Səthi mövzulardan çox yazsam da bu kimi ciddi məsələlər bir vətəndaş kimi əlbəttə, məni də narahat edir. Və qərara gəldim ki, bu mövzuda bir müsahib tapıb onunla danışım.

Düzü müsahibimi göydə axtarırdım yerdə tapdım. Ötən gün sahil metrosundan “Tri korona”ya getməliydim. Taksiylə getməyə qərar verdim və yaşlı sürücüsü olan bir maşın seçdim. Tıxac olduğuna görə yolumuz uzandı və sürücü “dayı” mənə havadan-sudan danışmağa başladı. Mənsə söhbətə başlamaq üçün proloq axtarırdım.

- Necə gedir işləriniz? Müştəri tapmaq çətin olmur ki?

- Nə bilim ay qızım, bizimkiləri bilmirsən? Bir manata görə razılığa gəlmirlər. Mənsə evə çörək pulu aparmağın dərdindən çox vaxt aşağı qiymətə məcburən razılaşıram.

- Yol polisiylə probleminiz olur?

- İndi çox da yox. Əvvəl çox olurdu, indi o “qoca qurdları” vəzifədən götürüb cavan uşaqlarla əvəzləyiblər. Onlarsa çox da dəyib-dolaşmırlar, sağ olsunlar. Mənə lazım olan evə çörək pulu aparmaqdı. Oğlum da əsgərlikdədi, bütün yük mənim boynumdadı.

Bu an başa düşdüm ki, söhbətin əsl məqamıdı. Oğlundan danışmağa başladım.

- Neçə vaxtdı oğlunuz ordadı? İncidib eləmirlər ki?

- Yox, dediyinə görə incitmirlər. Aydın məsələdi ki, müəyyən problemləri var. 8 aydı ordadı.

Düşmən sərhədindən 50 metr aralıda xidmət göstərir. Amma inanırsan, qızım, narahat deyiləm.

Düzdü, bizdə hal-hazırda vətənpərvərlik “na zadnim plane”, amma biz bakılılarda bu hiss güclüdür. Mən onu elə böyütmüşəm ki, o heç nədən qorxmur.

- Elə bilirsən mən həmişə taksi şoferi olmuşam? Mən Rəsul Quliyevlə işləyirdim, idarə müdiri idim. Sonra o xaricə getdi, mən də oldum sürücü.

- Sizi nə narahat edir?

- Məni narahat edən indiki gənclərdi.

- Hansı gənclər narahat edir sizi?

- Bilirsən qızım, deqradasiyaya uğrayır millət. Dəyərlər itirilməkdədi. Texnika elmi üstələyir. Artıq kitab oxuyan görmək olmur küçədə, parklarda. Hərə əlində bir telefon, notbuk özünü göstərməklə məşğuldu. Qınamıram onları, gördükləri budu.

- Kimdən gördükləri? Problem valideynlərdədi?

- Valideynlərdə də günah var, amma mən televizordakılardan nümunə götürən nəsildən danışıram. Aygündən, Röyadan ibrət götürən, mənliyini, bədənini satmaqla pul qazanan cavanlardan danışıram. Nə vaxt televizora baxırsan şou biznes nümayəndələri gənclərə tövsiyə verir. Deyən lazımdı “ a bala, siz kimsiz ki, gənclərə tövsiyə verirsiz?” Hanı bizim professorlarımız?

- Əsgər ölümüylə bağlı xəbərdən məlumatınız var? Bu xəbərləri eşitmək hamıdan çox sizi-əsgərlikdə oğlu olanları narahat etməlidi.

- Var qızım, var. Narahat edir etməyinə, amma nə deyəsən onlara? Mən belələrini yaxşı tanıyıram. Allah belələrinin cəzasını verəcək. Heç nə yox, bilirsən adama nə “obidno” gəlir? Mənim oğlum sərhəddə onların qoyub qaçdığı evlərinin keşiyini çəkir, onlarsa Bakıda fərari Qarabağ restoranı işlədirlər. Qeyrət və Vətən anlayışı kasıblar üçündü, qızım. Bunu yadında saxla.

# 3538 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #