Türkiyənin ən intellektual şairi

Türkiyənin ən intellektual şairi
11 iyun 2019
# 21:00

Şeirin arxasında bəlli bir fəlsəfə, konsepsiya olmalıdırmı, yoxsa şeir yazıldığı anda sözlərin sehrli libasına bürünən, bilgiylə, ağılla qəti əlaqəsi olmayan, metafizik, transendental hadisədir?

Şeirin yolu mütləq bu iki tərəfdən birini seçməkdir, ya şeirin içində ürəklə ağıl əl-ələ tutub rəqs edə bilər?


Şair Apollonla dostluq etməlidir, yoxsa Dionislə?


Ədəbiyyat ancaq təsir etməli, həyəcanlandırmalıdırmı və bu təsiretmə yalnız hisslərin ifadəsinəmi bağlıdır, yoxsa düşüncə də insanı riqqətə gətirə bilər?


Şairləri öz ideal dövlətindən sapqın, infantil, boşboğaz, avara adıyla “deportasiya” edən Platon haqlı idi, yoxsa tam əksini düşünən Aristotel?
Kim bilir.

Poeziya tarixində Platona da, Aristotelə də haqq qazandıran yüzlərlə şair olub. Görünür, ədəbiyyat elə buna görə də sona qədər ölçüyə, nəzəriyyəyə sığmır, əks təqdirdə, Höteyə qucaq açan ədəbiyyat öz qapılarını Remboya əbədi bağlamalı, Nizami olan yerdə Ömər Xəyyam uzağı Yetim Eyvazın əcdadı sayılmalıydı.

“Divanəlik-intizam” dilemması çox vaxt “istedad, yoxsa intellekt?” kimi formulə edilsə də, fikrimcə, məsələnin kökündə dünyagörüş, dünyaya, həyata necə yanaşmaq, necə yaşamaq məsələsi durur.


Bu mənada, geridəqalmış, köhnə ənənələrdən tamam qurtulmamış cəmiyyətlərdə çox vaxt müəlliflərin təkcə yazdıqları yox, həyatları haqqındakı əfsanələr də populyarlaşır. Gəlişigözəl deyilmiş ifadələr, hazırcavablıq nümunələri adətən müəllifin obrazının əsas hissəsinə çevilir. Onun nəyi yazması, yazdığının nə qədər lazımlı, yeni olması isə həmişə ikinci plana keçir.


Qərb ədəbiyyatında orta əsrlərdə özünü əzabkeş İsa obrazı ilə eyniləşdirən minlərlə sənətçi olub. Bunun nəticəsində əsrlər boyu xeyli müəllif, təkcə bədii mətnləri ilə yox, həm də özlərindən uydurduqları əzabkeş rolunu oynamaqla “gündəmdə” olublar: əzabkeş, nə yazdığını özü də bilməyən müqəddəs, iti qələmiylə həqiqəti varlılardan alıb kasıblara verən ədəbi Robin Qud və s.
Özünü zəncirlənmiş, məhkum, yarımçıq, ümidsiz hiss edən əksər cəmiyyətlərdə oxucular sənətçini əsasən sənətçi kimi görmək əvəzinə, ilk növbədə qəhrəman kimi görmək istəyir. Buna görə də, tutalım, bizim kimi cəmiyyətlərdə könüllü bəxtsizlər ordusu yaranır, dünyadan vaxtsız köçən istedadlı adamlar haqqında qəribə miflər meydana çıxır; yox, o binəvalar, o bəxtikəmlər, qətiyyən əyyaş deyildilər, sadəcə onları başa düşmədilər, onlar da bir növ intihar etdilər. Bu düşüncənin o biri başında latent bir təhdid də sezilir: onları, o talesizləri dərindən başa düşən bizlərə sayğı göstərin, dünyamızı dəyişərik ha!


Məşhur misalda olduğu kimi “öz şairini həmişə yuxarıda – ya kürsüdə, ya da dar ağacında” görmək istəyən kütlənin arzularına uyğun gəlməyən bir adam – Özdəmir Asaf, türk poeziyasında həyata baxışıyla da, yazdıqlarıyla da qəribə hadisə olub.


Cumhuriyyətin elan edilməsinin hazırlıqları gedəndə, Mustafa Kamal Atatürk xüsusi tapşırıq verir: “Məhməd Asafa xəbər verin, Ankaraya gəlsin, Şura-yı dövləti quracağıq.”


1923-cü ilin iyun ayında Məhməd Asaf bəyin həyat yoldaşı Həmdiyə xanım ekiz uşaq dünyaya gətirir. Bir qız, bir oğlan: Xalid Özdəmir və Nəhirə Özkönül.


Məhməd Asaf 1927-ci ildə dövlət qulluğuna dəvət olunur, cəmi üç il sonra 1930-cu ildə xəstələnir. Beynində damar çatlayır və həmin il dünyasını dəyişir. Çox sonralar türk ədəbiyyatının böyük şairlərinin sırasında özünəməxsus yeri olacaq Özdemir Asaf ən müxtəlif yazılarında, şeirlərində atasının yaddaşındakı natamam obrazını bərpa etməyə çalışır:



Babam öldüğünde Hazirandı
O elli dördündeydi ben yedi
Bir ışık söndüğünde yol yandı
O kedi bunları nasıl da bildi.
(Diyalog)


Məhməd Asaf bəyin ölümündən sonra ailənin Ankarada yaşaması üçün heç bir səbəb qalmır, ata evinə - İstanbula qayıdırlar. Bu qayıdışı, atasızlığı və böyük ailəsini Özdəmir Asaf belə ifadə edir:

Yedi yaşımda Ankaradan geldim
Babasızlığımı getirdim
İstanbulda deniz vardı
Denize ilk girişim düşmek yoluyla oldu



Akşam üzerlerini sevmezdim,
Annem ud çalardı güneşi batırırken
Amcamın ölüm haberi daha gelmedi
1922-de Murat dağlarında yüzbaşı Ali Saip
Üç anneannemden ikisini gördüm
On iki teyzemden altısını
Altı dayımdan ikisini
Öbürlerinin hep resimlerini gördüm



En büyük anneannem yüz on yaşında öldü
En büyük dayım doksan dokuz yaşında
Dedem altmış beş yaşında ölmüş
Kadınlar soyadlarını aldılar kocalarından
Bizler de ayrı-ayrı adlar aldık otuz beşde”
(Kişiye özel)



Bu avtobioqrafik şeirlər çox qəribədir. Az qala tamamən obrazlılıqdan arınıb, birbaşa ifadə olunub. Burda keçmişə baxış, sadalamanın tonu elə nöqtədən qurulub ki, bəlkə də burdan prozaya cəmi yarım addım var, amma o addım atılmayıb və hər şey şeir olub.


Özdəmir Asaf İstanbulda əvvəlcə “Fransız Ərkək liseyi”ndə, sonra Qalatasaray liseyində, sonda isə “Kabataş liseyi”ndə təhsil alır. Sonrakı bütün həyatı elə təhsil aldığı illərdəki kimi konkret bir yerdə qərar tutmayan, həmişə dəyişkən keçir.


Liseyi bitirən kimi şair İstanbul Universitetinin Hüquq fakultəsinə yazılır. Hüquq bölümündə cəmi iki il oxuyur, qızı Səda Arun yazır ki, ordan atama bircə anam Səhahət Tezakı tanımaq kar qalmışdı. Hüquq fakultəsindən uzaqlaşan Asaf İqtisadiyyat fakultəsinə keçir, burda da qərar tuta bilmir, iki illik jurnalistika fakultəsinə keçir, lakin bir ildən sonra oranı da tərk edir.


Səbahət Tezakın atası dönəmin ünlü tacirlərindən olan Mustafa Tezak əvvəl-əvvəl qızının Özdəmirlə evliliyinə razı deyilmiş. Lakin hər iki ailə də övladlarının sevgisi qarşısında fikrini dəyişir. 1946-cı ildə Mustafa Tezak qızına söz-söhbəti uzun müddət dillərdə gəzən cehizlik verir və Liman Lokantasında dəbdəli toy çaldırır.


Özdəmir Asafın atası vaxtilə dövlət qulluğunda çalışdığı illərdə övladları üçün köşklər (imarətlər) tikdirdiyi üçün bir müddət gənclərin maddi-mənəvi problemləri olmur, lakin Özdəmir evlənən kimi çılğınlıqla iş həyatına atılır, eyni zamanda, yarımçıq qalan təhsili üçün də dərdlənməyə başlayır.


Sığorta şirkətində səlahiyyətli nümayəndə kimi ölkəni dolaşan Özdəmir Asaf, bir tərəfdən xeyli tanınmağından məmnun olsa da, o biri yandan gördüyü işin sənətçi xarakterinə uyğun olmamasından giley-güzar edir. “Dün yağmur yağacak” kitabındakı “Garıdan Gadı” adlı bioqrafik hekayəsində bu haqda oxuyuruq:

“Sığorta şirkətində işlədiyim illər həyatımın hərəkətli çağları idi. Pul qazanırdım. Gənc idim. Fəqət gözüm pulda deyildi. Başqa istəklərim vardı. İnsan tanımaq, fərqli günlər keçirmək, başqa-başqa yerlər görmək istəyirdim. Buna görə çoxlu gəzir, qazandığım pulu ancaq yeni çevrələr yaratmaq üçün xərcləyirdim. Yaxşı sığortaçı ola bilmədim, amma işimlə bağlı gördüyüm yerlər, tanıdığım adamlar məni doyururdu...”


Özdəmir Asaf əsgərlikdə olanda qayınatası rəhmətə gedir və bu ölüm çox şeyə neqativ təsir edir. Əsgərlikdən qayıdan kimi kürəkəninə mətbəə açmaq sözü verən Mustafa Tezak dünyadan köçür, bir neçə il sonra atasının bu sözünü qızı, Özdəmir Asafın həyat yoldaşı Səbahət yerinə yetirir.
1950-cı ildə Özdəmir Asaf “Sanat Basımevi” adı ilə mətbəəsini açır. Cəmal Sürəyanın dili ilə desək, “Cağaoğlunda balaca, amma lüks” mətbəəni adından göründüyü kimi, Özdemir Asaf həm də sənət evi konseptində düşünmüşdü.


50-ci illərdə Özdəmir Asaf bir qrup sənətsevərlə Amerikaya, Kubaya, Kanar adalarına səyahət edir. Qayıdandan sonra o dövrdə Türkiyədə populyar olan ədəbiyyat gecələrində özünəməxsus şeirləri, zarafatları ilə məşhurlaşır, xüsusilə qadınlar arasında ona özəl münasibət olur. Bu ədəbiyyat gecələrindən birində Türkiyənin ilk qadın fotoqrafı Yıldız Moran ilə tanış olur. Öz dili ilə desək, “rəngli, yepyeni, pırıl-pırıl, bambaşqa bir dünya, olağanüstü bir insan” olan Yıldız Moranla münasibətləri olsa da, evliliyi həyat yoldaşı Sabahat xanımın şübhə və sitəmləri içində 1962-ci ilə qədər davam edir.


Özəl həyatında bu cür ikili ömür yaşayan Asaf 50-ci illərin ortasında “Yuvarlak masa yayınları” adı ilə nəşrlər evi açır və dalbadal öz şeir kitablarını çap edir. Amma bu illərdə çox qəribə şəkildə Asafın həyatına üçüncü bir qadın da girir və üçüncü qadına yazdığı məşhur sevgi şeirləri dillər əzbəri olur. Məşhur “Lavinia” şeirinin ithaf olunduğu bu qadın Məvhibə Bayatdır.


Məvhibə “İncəsənət akademiyası”nda oxuyarkən, teatr üçün geyimlərə dizayn verən, dönəmin ən gözəl və istedadlı qadınlarından biri imiş və deyilənə görə, ədəbi mühitdə ona vurulmayan az adam varmış. Özdəmir Asafın ona yazdığı türk ədəbiyyat tarixinin ən məşhur sevgi şeirlərindən olan “Lavinia” şeiri həm də sonradan davam etməyən ədəbiyyat gecələrinin (edebiyat matineleri) sonuncu ən məşhur şeiri hesab olunur.



Sana gitme demeyeceğim.
Üşüyorsun ceketimi al.

Günün en güzel saatleri bunlar.
Yanımda kal.



Sana gitme demeyeceğim
Gene de sen bilirsin.
Yalanlar istiyorsan yalanlar söyleyeyim,
İncinirsin.



Sana gitme demeyeceğim,
Ama gitme, Lavinia.
Adını gizleyecegim
Sen de bilme, Lavinia.



İlhan Səlcuq bir yazısında Özdəmir Asafın Məvhibəyə olan sevgisindən belə danışır:“Laviniaya aşiq idi Özdemir… Kral Latinusun qızıydı Lavinia; Vergilinin yazdığına görə, Roma yaxınlığındakı on üç qurbangahlı məbədi ilə məşhur olan Lotuinium şəhəri Lavinianın şərəfinə salınmışdı. Özdemir sevdiyi qız üçün uzun illər dillərdə gəzən ― Lavinia şeirini yazdı.”


Sonrakı araşdırmalarda məlum olur ki, Özdemir Asaf kimi elə İlhan Selçuk da, başqa bir çox şair də aşiq imiş Laviniaya. Çox qəribədir, elə Mevhibenin ilk əri də İlhan Selçuk olur.
1961-ci ildə çox dava-dalaşdan, çabadan sonra Özdemir Asaf həyat yoldaşı Sabahat xanımla boşanır, şair bir il sonra Yıldız Moranla evlənir.



Özdəmir Asaf 1959-cu ildə “Türk Ədəbiyyatçılar Birliyinin” təmsilçisi kimi, Belçika Millətlərarası Şeir Bienalında, 1966-ci ildə isə Makedoniya Yazarlar Birliyinin dəvətlisi kimi, Yuqoslaviyadakı şeir konqresində iştirak edir. Həmin illərdən başlayaraq, mütəmadi şəkildə dünya şairlərinin şeir kitablarını tərcümə edir. Onun tərcüməsində Oskar Uayld, Ezra Paund, Pol Eluar, Alfred de Musset, Şarl Bodler, Federiko Qarsiya Lorka, Pol Valeri türk oxucusuna təqdim olunub.


1970-ci ildə şair mətbəəsini və nəşrlər evini bağlayır, bir il sonra uzun illər məşhur olan “Şimdi-Biblio bar”ını açır. Bu bar o dönəmdə bütün sənət söhbətlərinin mərkəzinə çevrilir. Barın girişində Özdəmir Asaf iki misra yazdırıbmış:



Bana ıslak bir bez verin
Dünyanın tozunu alayım.



Həmin illərdə Özdəmir Asaf ilk dönəm yaradıcılığından tamam fərqli yolların axtarışına çıxır. İlk şeirlərində Yahya Kamal təsirindən tamam uzaqlaşan Asaf dönəm-dönəm məşhurlaşan şeir anlayışlarında özünü yoxlamaqla yanaşı, mütəxəssislərin fikrinə görə, konkret heç bir “izm”ə, məktəbə aid edilməyən, tamam özünəməxsus bir şeir xətti yaradır.


Özünün məktublarında dostların yazdığı kimi, “içi dolu şeirlər” yazmağa yönələn Özdəmir Asaf bu illərdə inanılmaz dərəcədə çox oxuyur və oxuma sevgisi onun intellektual obrazını da möhkəmləndirir. İndi də Özdəmir Asaf Türkiyənin ən intellektual şairlərindən biri kimi anılır.
Bəs kimləri oxuyurdu Asaf, necə oxuyurdu? Özü belə deyir:


“Müxtəlif mövzulu kitablar okuyuram, hələ də. Bir şairin mümkün maraq dairəsindən fərqli sahələrə də baş vurmağı sevirəm. Tarixdən Antropologiyaya, Texnologiyadan Nəzəri Fizikaya qədər… Çox gəzməyim də bunun nəticəsidir yəqin.”



Və həm də deyir ki:



“Heç bir kitabı maraqlandığım üçün oxumamışam. Həmişə bilmək, öyrənmək üçün idi seçdiyim kitablar. Kəsəsi, ilk kitabım əlifba nə idisə, sonra oxudum kitablar da elə olsun istədim.”



Özdəmir Asaf müxtəlif dərgilərə yazdığı yazılarda təkcə şeir haqqında yox, ümumən ədəbiyyata münasibətində də dəqiq təsbitləri olan biri kimi qəbul edilir. Tutalım, Asafa görə, olduğu kimi qalan, özü özünə sərhəd olan, üstünə heç nə qoymayan ədəbiyyatçının aqibəti unudulmaqdır, olduğu kimi qalmaq həmişə sadiqlik demək deyil.


Özdəmir Asaf öz çağını “düşünmədən yazan və danışan adamlar çağı” adlandırır və bu fikirlərini “Poliqon” adlı yazısında belə ifadə edir:


“Yazıma “Poliqon” adını qoymaqda məqsədim çağımızın bir özəlliyinə işıq tutmaqdı. Tələsik düşünmək və tezcə qələmə sarılmaq. Bir mövzunu eninə-uzununa düşünmədən, o mövzunun içindəki əsas anlayışların mənasını tam öyrənib-araşdırmadan yazmaq. Üstəlik, uzun-qısa fərqi olmadan danışmaq, yazmaq. Mən bizi anlayış və məna qarışıqlığına sürükləyən, uzun-qısa fərqi bilməyən, utanmadan bizə və özünə hörmətsizlik edən boşboğazlara atəş açacağam. Buna görə də, yazımın adını “Poliqon” qoymuşam.”


Özdəmir Asaf şeirə münasibətdə “məna və fikir deyəndə nə deyildiyini anlamıram” deyən Əhməd Haşimdən fərqli olaraq, “elmsiz şeir, təməlsiz divardı” deyən Füzulinin və “ilm olmasa şair olmaz insan/ dilsiz sözü kadir olmaz insan” deyən Ziya Paşanın tərəfindədir.

Klassiklərdən söz açmışkən, Özdəmir Asaf şeirlərində ənənədən, klassik şeirdən gələn bilgilərini maraqlı formada əridib. Qəzəl formasında yazılan bir şeirə baxaq:

Yaşadım da yoruldum, bir ağır-işçi gibi,
Uyudum da uyandım, binlerce kişi gibi.



Bana düşünmek vardı, payıma onu aldım,
İşledim de işledim bir hüner-işi gibi.



Horlandı, beğenildi; inandım, alınmadım,
Yolun geleceğini çizdim, geçmişi gibi



Zor dönemler olmadı-değil, olsundu, oldu,
Ne koştum ne de durdum kaçak gidişi gibi.



Bu konuyu burada bırakıyorsam birden,
Olmasın diyedir bir şeyin bitişi gibi.



“Islık” (Fit) adlı şeirində də eyni şeyi görürük və qəribədir ki, ənənəvi formada yazılan hər iki şeirdə də şair sənətdən danışır, poetikasını ortaya qoyur:



Sanatçı
Islık yaratandır.



Dillerde ezgisi kalır
Adını aratandır.



Ülkesi, geçtiği sokak,
Giderek vatandır.



Kendi adına giden
Senin adına kalandır.



Özdəmir Asaf şeirində “Garip” şeirinin də izləri olub. Misal üçün “Altro” şeirinə baxaq:



Şarkı söyleyormuşum
Sokaklarda
Görmüşler


Yere yere bakıyormuşum
Yürürken
Duymuşlar
Sonrasını kendileri uydurmuşlar.


Bu şeirdə dilə düşməkdən, dedi-qodudan bəhs olunur ki, bu da mövzu baxımından Orhan Vəlinin məşhur “Dedikodu” şeirini xatırladır:



Kim söylemiş beni
Süheylâ'ya vurulmuşum diye?
Kim görmüş, ama kim,
Eleni'yi öptüğümü,
Yüksekkaldırımda, güpegündüz?
Melâhat'i almışım da sonra
Alemdara gitmişim, öyle mi?
Onu sonra anlatırım fakat
Kimin bacağını sıkmışım tramvayda?
Güya bir de Galataya dadanmışız;
Kafaları çekip çekip
Orada alıyormuşuz soluğu;
Geç bunları, anam babam, geç;
Geç bunları bir kalem;
Bilirim ben yaptığımı.
Ya o, Muallâ'yı sandala atıp,
Ruhumda hicranın'ı söyletme hikâyesi?



Amma fərq ondadır ki, Orhan Vəlinin sevə-sevə, ləzzət ala-ala ifadə etdiyi birbaşa, ironik ton Özdəmir Asafda yoxdur. Asafda daha çox hər misranın arxasına mövzunun özüylə, mahiyyəti ilə bağlı müdriklik yerləşdirilib. Son misradakı “sonrasını kendileri uydurmuşlar” qənaəti, təkcə fikir kimi irəli sürülmür, özündən əvvəlki misralarda da ustalıqla sezdirilir. Baxın, şeirdəki qəhrəmanın “şarkı söyləməyini” görüblər, amma “yerə baxmağını” eşidiblər, demək hər şeyi tərsinə danışıblar. Bu dedi-qodunun, dildən-dildən gəzməyin xarakterində var və bu mənada son misra təkcə ritm, qafiyə xatirinə deyil, həm də təsvirin məntiqi sonluğudur.

1979-cu ildə Özdəmir Asafın uşaqlığından qalma ağciyər xəstəliyi yenidən üzə çıxır və şair 1980-ci ildə məşhur barını bağlayır, xəstəxanaya yerləşir. Analizlərdən sonra məlum olur ki, şairin həm də beynində şiş var. Bu xəbəri eşidib xəstəxanada yanına gələn dostları ilə son nəfəsində də zarafatından qalmazmış. “Benim kafam herkesten farklı, içinde kanser var”.

1981-ci ildə 58 yaşında dünyadan köçən şairi dostları bir çox cəhəti ilə xatırlayır. Biri onun uzun saçlarını, qalın bığlarını, bir başqası boynundan çıxarmadığı şarfı, başındakı beretkası ilə, bir digəri “R” hərfini deyə bilməməsi ilə.


Özdəmir Asaf öncədən özünün uzaqgörənliklə yazdığı misralarındakı kimi dünyadan köçür – “Ölüm yavaş yavaş içerden başlar / Biter başkalarında” və dostlarının, başqalarının çiynində torpağa tapşırılır.

Dəfnindən qayıdarkən Can Yücel özünəməxsus müdrikliklə, həm də yana-yana bədahətən bu şeiri deyir:


Anlaşıldı bu
R-lerin intikamı
Onlar yuttu Özdemir Asafı.

Mən Özdəmir Asafın şeirlərini ovqatımın müxtəlif vaxtlarında təkrar-təkrar oxuyuram, amma belədir ki, hər kəsin hər şairdən xüsusi sevdiyi bir şeiri olur. Mənim Özdəmir Asaf şeirim budur:



Öyle çabuk geçiyor ki günler
Hele sen de bir bak hayatına.
Daha dün doğmuşuz sanki
Yeni okula başlamışız
Yeni sevmişiz



Öyle çabuk geçiyor ki günler
Hele sen de bir bak hayatına
Yarın bitecek sanki her şey
Yarın ölecek gibiyiz.



Daha doymamışız yaşamasına
Günlerimiz dün bir, bugün iki
Sakın bir şey bırakma yarına
Yarın yok ki.

(Bugün ve Bugün)

# 4897 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #