Cem Yılmaz yazıçı olsaydı...

Cem Yılmaz yazıçı olsaydı...
14 avqust 2013
# 12:13

Türkiyədəki “Gezi parkı” hadisələrində mühafizəkar “Yeni Şafak” qəzetindən bir imza parladı: Murat Menteş. Murat Menteşi çoxdandı izləyirəm, Youtube-da çıxışlarına baxmışam, sənət dünyasının ən müxtəlif simalarını qonaq etdiyi televiziya proqramını da ləzzətlə izləmişəm. Sonuncu romanı “Ruhi Mücerret”i alıb evə atmışdım ki, vaxt olanda oxuyaram. Bugünlərdə romanı ləzzətlə oxudum. Romanı oxuduğum günlərdə Ertoğrul Özkökün Menteş haqqında yazısı çıxdı. Yüzəyüz dəqiq bir yazı.

Murat Menteşin dili, üslubu fantastik dərəcədə moderndir. Özkökün yazdığı kimi hətta adamı qısqandıracaq qədər modern. Çağdaş romançılığın əsas keyfiyyətini çox əla ifadə edən sintetik romandı “Ruhi Mücerret”. Dili osmanlı türkcəsi, çağdaş türkcə və kapitalist dünyasının həyatımıza qatdığı reklam üslubunun kokteylidir, baxış bucağı reklam çarxı kimi dəyişir, epiqraflarından dialoqlarına qədər dibinə qədər ironiya ilə qaynayan bir üslubla yazılıb. Lirizmini itirmədən bu qədər ironik ola bilən çox az mətn oxumuşam. Bütün bənzətmələri, bütün məcazları tamam yenidir. Təkcə, romanın adına baxmaq bəsdir. Ruhi Mücerret romanın qəhrəmanıdır. 100 yaşlı bu qəhrəman “İstiklal savaşı”ndan sağ qalan yeganə adamdır. Menteş qəhrəmanının adını Türkiyənin milli şairi Mehmet Akif Ersoyun “İstiklal Marşı”ndakı bir bənddən götürüb: “Fışkırır ruhi mücerret gibi yerden naaşım”.

Romanın bütün məzmununu ümumiləşdirib, sehrini itirmək istəmirəm, amma deyim ki, əsərdə fantastik şeylər baş verir: Pepsi gəmisi ilə Koka-Kola gəmisi toqquşur, xalqın sevimlisi adamların beyninə bir mikro-çip yerləşdirirlər ki, onlar daim öz nitqlərində nəyisə reklam etsinlər və s.

Murat Menteş “Gezi” olaylarında bir yazı yazmışdı və o yazının mahiyyəti belə idi ki, çoxumuzu düşündürən qalatasaraylının fənərli ilə, dindarın ateistlə bərabər ola biləcəyi, bir-birinə ittiham etmədən hərənin öz fikrində qalacağı sağlam mühiti necə formalaşdırmaq olar? Sonra Menteş yazır ki, “Gezi parkı”nda bu baş verdi, çox düşündüm, bu necə baş verdi, birdən xatırladım ki, bir dəfə Cem Yılmazdan kulisdə soruşmuşdum, tərəflərin bir-birinə normal yanaşacağı mühiti necə yaratmaq olar ? Cem Yılmaz gülüb demişdi ki, sən mənim auditoriyamdan danışırsan deyəsən. Bu gün anlayıram ki, o düz deyirdi, qarşısındakının hansı məzhəbə qulluq etdiyini qurdalamadan dost ola bilən, tolerant, yumor hissi həmişə diri, ən tragik şeylərə də gülə bilən bu nəsil bir xeyli dərəcədə Cem Yılmazın yaratdığı nəsildir.

Menteşin fikirləri ilə tamam razıyam. Eyni fikir mənim də ağlımdan keçib, illər boyu Türkiyədəki yumorun aktiv qalmasında karikaturaları ilə, stand-up-ları ilə, filmləri ilə fəal olan Cem Yılmazın rolu danılmazdı. Yumor cəmiyyətin özünə baxıb gülə bilməsi, relax olması və əlbəttə ayıq-sayıqlığını da itirməməsi üçün çox önəmlidir.

Başqa bir qənaətimi də bölüşməsəm olmaz. Elə Murat Menteşin özünü də Cem Yılmaz nəsli saymaq olar, məncə, Cem roman yazsaydı, elə Menteş kimi yazardı. Bu öz yerində. Bu günlərdə Oğuz Atay haqqında geniş bir təqdimat yazısı hazırlayıram deyə Atayı yenidən vərəqləyirəm. Sizə deyim ki, əslində, intellektual hazırlığı çox yüksək olan və gördüklərini lirizm-ironiya sintezi ilə fundamental şəkildə ifadə etməyin türk ədəbiyyatındakı banisi Oğuz Ataydır. O Oğuz Atay ki, sağlığında kənd realizminin istilası altındakı mühitdə oxucusuzluqdan əzab çəkirdi və buna da özünəməxsus yanaşa bilirdi : ben burdayım, ey okur sen nerdesin ?

Kəsəsi, lap dərinə gedəndə anlaşılır ki, əslində, heç nə birdən yaranmır, birbaşa olmasa da, mütləq üzvi bir əlaqə mövcuddur.

***

Bugün ədəbiyyatımızda çağdaş şeirə, romana, postmodernizmə iddialı dostlar var ki, nəzəri fikirlərini XIX əsrin əvvəllərindəki metodlarla - “burjua kədəri”, “xarakter yaratmaq”, “həyat”, “səmimiyyət” – ifadə edir, fikrini qüvvətləndirmək üçün indi yalnız ədəbiyyat tarixi kimi maraqlı olan Belinskidən sitatlar çəkirlər və mən gülməkdən uğunub gedirəm. Güldürmək var, güldürmək var da...

# 3229 dəfə oxunub

Müəllifin son yazıları

# # #