Kulis.az İlkin Özün yeni yazısını təqdim edir.
Xəyalımda canlandı dostlarımın taleyi.
Xalqın deyingənliyi, hökumətin gileyi
Aqşin Yenisey
O gün tanınmış bir müəlliflə telefon söhbətimiz baş tutdu, ədəbiyyatdan, poeziyadan bir az danışdıq. Təsadüfən öz dövründəki ədəbi dərnək və məclislərdən söz saldı.
Və qəfildən qayıdıb birağıza məndən soruşdu ki, gənc yazarlar niyə yaxşı yaza bilmirlər? Sözün düzü, gözlənilməz suala cavab verməkdə çətinlik çəkdim.
Hərçənd ki, həmin sual məni bu barədə yazmağa sövq etdi.
Bu mövzuya toxunmazdan qabaq gəlin, bir az keçmişə qayıdaq:
2000-ci illərin əvvəllərində Rasim Qaracanın rəhbərliyi ilə “Azad Yazarlar Ocağı” təsis edildi və ədəbi mühitdə rezonans yaratdı.
Hətta bir çox sənətkar bu ocağın kənarında isindi, sənətdə öz rolunu və yerini müəyyənləşdirdi.
Biz o günləri görməsək də, haqqında çox oxumuş, çox eşitmişik. Əfsus ki, bizim nəsil nə belə bir ocaq yarada, nə də kənarında isinə bildi.
Hər şey bir yana, bizim ədəbi nəsil olduqca keşməkeşli, ağır günlərə şahidlik etdi.
Pandemiya gördükmü? – Gördük.
Saysız-hesabsız müharibələr gördükmü? – Gördük.
Bəs gözümüzün qabağında baş verən hadisələrdən ədəbiyyat yarada bildikmi? – Bu, bir az çətin sualdır. Hə də desək, yanılarıq, yox da...
Hazırda qələm adamlarına göstərilən diqqət və qayğı göz qabağındadır. Düzü, yeddisində nə idi ki, yetmişində nə olsun?!
Fəqət bildiyim tək həqiqət var, hər şey daha da pisləşməyə doğru gedir. Həyatını ədəbiyyata, yazı-pozuya həsr edənlər, nəticədə, işsiz, evsiz, sərgərdan qalırlar.
Sənətin inhisarlaşması isə, xüsusilə, gəncləri bu sahədən çəkindirir. Gedən proseslərdən, şübhəsiz, hamı halidi. Görə-görə gəlirik...
Adamı ən çox narahat edən milli ədəbiyyatın məhv olma təhlükəsidir. İstər Sovetdən əvvəl, istərsə də sonra bir çox güclü yazıçı-şairimiz yetişib.
Müasir dövrdə isə bu imzaların sayı azalan sıra ilə düzülür. Tutaq ki, qırx il əvvəl otuz yaxşı yazıçı var idisə, iyirmi il əvvəl bu say on beşə düşüb, indi isə ortalıqda üç-beş yaxşı imza ya var, ya yoxdu...
Açığı, qələmdaşlarım içərisində imzası ən çox tanınanlardan Vüqar Van, Orxan Saffari, Orxan Həsəni, Rəvan Cavid, El Roman, Ülvi Bahadır, Nadir Yalçın, Nihat Pirin adını çəkmək olar.
Sözügedən imzalar kifayət qədər istedadlı adamlardı. Fəqət etiraf etmək lazımdır ki, gənc ədəbi nəslin arasında ortaq məfkurə, ideya birliyi zəifdir, yaxud, ümumiyyətlə, yoxdur.
Mənə maraqlı olan predmet başqası üçün absurd görünür...
Bunun bir səbəbi də gəncləri mərkəzləşdirən hər hansı qüvvənin olmamasıdır. Mərhum yazıçı Rafiq Tağı kimi sənətkarların vaxtilə gənc yazıçı-şairlərə göstərdiyi qayğının yeri görünür...
Təəssüf ki, gənc yazarlara nə oxucu, nə də yazıçı dəstəyi var. Çoxlarına görə gənc yazıçılar yaza bilmirlər.
Doğrudanmı, bu, belədir? Gəlin birlikdə müzakirə edək, bəzi gənc müəlliflərin yaradıcılığına nəzər salaq:
Başlayaq elə Vüqar Vandan. Vüqarın özünəməxsus qələmi, yumoru, müasir dünyagörüşü var. Üç kitab müəllifidir, bir çox məşhur kitabların redaktoru, korrektoru olmuşdur. Vüqarın ən böyük üstünlüyü istənilən məsələyə yumorustik, sarkazmla yanaşma qabilliyyətinin olmasıdır.
Orxan Saffarinin iki kitabı işıq üzü görüb: “Hüzünsov depressiya” və “İyirminci sahə”. “Hüzünsov depressiya”da məişət mövzusunda yazılmış maraqlı hekayələrə yer verilmişdir. “İyirinminci sahə” isə avtobioqrafik səciyyəlidir. İstənilən halda Orxanın yaradıcılığı təqdirəlayiqdir...
Şair-esseist kimi tanınan Rəvan Cavidin yaradıcılığında modernizm və postmodernizmin təsirləri açıq-aşkar hiss edilir. Olduqca maraqlı üslubu olan Rəvanın poeziyası spesifik çalarları, müasir, üsyankar ovqatı ilə digər müəlliflərdən seçilir. Türkiyə ədəbi mühiti ilə şəxsi tanışlığı poeziyasına müsbət təsir göstərib. Hazırda dövri mətbuatda aktiv şəkildə bədii-publisisitik yazılarla çıxış edir.
Nadir Yalçının bu yaxınlarda ilk kitabı – “Lal ev” hekayələr toplusu işıq üzü gördü və güclü marağa səbəb oldu.
Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” romanı çağdaş romançılıq ənənəsini davam etdirən əsərlərdəndir. O da həmçinin özünəməxsus dəsti-xəttiylə ədəbi mühitdə yeri və rolu olan yazarlardandır.
Nihat Pir jurnalistika ilə məşğul olsa da, onun bədii təfəkkürü, ədəbi duyumu, yaxşı qələmi var. Dediklərinə əsasən, yaxın vaxtlarda kitab çap etməyi düşünür...
Adıçəkilən və çəkilməyən çoxlu talantlı gənclər var. Hər biri haqqında ayrı-ayrı danışmaq çətin olsa da, dünya ədəbiyyatına inteqrasiya, sosial-ictimai, məişət problemləri onalar üçün ortaq cəhət sayıla bilər.
Sözüm ondadır ki, içi mən qarışıq çoxumuzun stabil gəliri yoxdur... Düzdür, ədəbiyyata “xaltura” məqsədilə yanaşmaq yolverilməzdir, ancaq yazmaq üçün də gərək acından ölməyəsən...
XX əsrdə Mirzə Cəlil realistləri birləşdirən “Molla Nəsrəddin” jurnalını nəşr etdi və haman “jurnal” güclü sənətkarlar yetirdi. Çünki, bu imzaları birləşdirən prioritet, ana xətt vardı.
Səd-əfsus, indiki vəziyyət göz qabağındadır.
Tutalım, Vüqar bir yazı yazır mənsə tezbazar öz səhifəmdə yazını gözdən salmağa, pisləməyə çalışıram, “belə yazı olmur, qardaş, filan abzasda durğu işarəsindən yalnış istifadə etmisən” – deyibən, müxtəlif iradlar tuturam.
Və ya əksinə mənim yazdıqlarım başqa bir dostumuzun boğazından keçmir... Bu cəhətdən əqidə, ideya birliyi labüddür.
Gənc ədəbi nəsilin söz azadlığı və dünyaya ədəbiyatına inteqrasiyası diqqət mərkəzinə gətirilməyi hava-su kimi lazımdır.
Heyif ki, hələ də Azərbaycanda sovetdənqalma bütləşdirilmiş, tabulaşdırılmış mövzular var və ONLARA “TOXUNMAQ” OLMAZ!
Bir az Orxan Saffari belə mövzularda fəal yazılar yazır, onu da gözümçıxdıya salıb susdurmağa çalışırlar... Bir də görürsən ki, yekə-yekə, bığıburma kişilər hansısa müəllifi söyür, təhqir edir, sonra da deyinir ki, Azərbaycanda ədəbiyyat yoxdur...
İndiki dövrdə robotlar adamı çaya susuz aparıb, susuz gətirir. Biz mövzu qəhətliyi yaşayırıq.
Yaxşı bilirik ki, yazmaq istədiyimiz bəzi mövzulara görə başımız ağrıya bilər.
Rusiyalı filosof Plexanov yazırdı ki, Şərq ölkələrində ona görə ədəbiyyat ləng inkişaf edib ki, orada tənqid yoxdur.
Doğrudan, tənqidi təfəkkürü olmayan qövm “tənqid” və “təhqir” anlayışlarını tamamilə yalnış anlayırlar. Tənqid deyəndə bəziləri kiminsə qabırğasına döşəməyi nəzərdə tutur...
Çoxları gənclərin fərasətsiz, müti olduğundan gileylənir, qınayırlar.
Ancaq gənclərə ümid bəsləyənlər də var. Hərçənd ki, bizim isə ümidimiz Allaha qalıb.
Əlqərəz, toxunduğum məsələlər, fikrimcə, vacib nüanslar idi. Kimsə razılaşmaya da bilər, şəxsi fikridir.
“Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?” ritorik sualını isə ədalətli oxucuların öhdəliyinə buraxıram.
Söz sizindir...