Bir nəfər az
Çanaq antenaları
göylərin sonsuzluğuna
qulaq kimi şəklənmiş
binaların sakinləri
çay içir, qab yuyur, nərd oynayır.
Mənsə yenə Darıxmağa məğlub oluram,
çünki yenə Darıxmağın hücumunda Dərd oynayır,
çünki yenə bir nəfər azlıqdayam...
Dünyaya – bu qədim adamyeyənə
ağaran saçlarla təslim bayrağı qaldırmış,
ömürləri reklam kimi təkrar
adamların gecəsi
topdansatış qarasıdı.
Mənimki gecə deyil,
gecə üstəgəl gecə vur gecədi.
Mənimki qara deyil,
zülmətin kvadratıdı.
Amma neyləməli, bir azdan
ikinci əl bir səhər açılacaq
və mən son istifadə tarixi keçmiş
bir ümid geyinib, gedəcəyəm.
Gedəcəyəm, sizin küçənizdə
baş rolda darıxmağa...
Klassika məşqlərindən – XXII
Səhər sənsiz açılır,
Gecə olur, bilirsən?
Sənsizliyə dözməmək,
Necə olur, bilirsən?
Bilirsən necə olur,
Özünü inandırmaq?
Bir siqaret sönməmiş,
Başqasını yandırmaq...
Bilirsənmi təqvimdə,
Sabahkı gün saralır?
Sənsiz havalar belə,
Başqa cürə qaralır.
Başqa cür əsir külək,
Başqa cür yağır yağış.
Amma eyni zibildi,
Bu araq - başıbatmış...
Görən neynirsən indi,
Papaqmı toxuyursan?
Yeməkmi bişirirsən,
Kitabmı oxuyursan?
Gözlərini qapayıb,
Arzularmı tutursan?
Bilmirəm, düşünürsən,
Yoxsa ki, unudursan?...
Sual
Tikan çiçəkdən çıxır,
yoxsa batıb çiçəyə ???
Aqibət
Belə də olur :
əl uzadıb “bunu verin” deyirsən,
görürsən ki, o xoşbəxtlik satılıb...
Sənsizliyə dözməmək
16 oktyabr 2012
14:09
5404 dəfə oxunub