Dünya min-min qandaldır... - Nobel mükafatçısının şeirləri

Dünya min-min qandaldır... - Nobel mükafatçısının şeirləri
27 iyun 2024
# 13:30

Kulis.az "Nobel" seriyasından Ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı, fransız şair Rene Sülli-Prüdomun şeirlərini təqdim edir.

Sınıq güldan

Solmaq üçün gəlirlər bənövşələr güldana,
Neçə bənövşə ömrü büllur güldanda bitdi.
Qəfildən bir yelpiyin havası dəydi ona,
Nə gözlər gördü bunu, nə qulaqlar eşitdi.

Güldanın sinəsində vədəsiz qonaq – sınıq,
Hər gün yedi güldanı, müftə nahar elədi.
Böyüdü, güclü oldu dünənki uşaq – sınıq,
Güldanın torpağını tamam işğal elədi.

Güldanın təmiz suyu axıb yox oldu belə,
Tər kimi bənövşələr qurudu yarpaq-yarpaq…
Maraqlanmadı heç kim güldanın dərdi ilə,
İndi ona dəyməyin, dəysəniz qırılacaq.

Elə bu cür olurmuş məhəbbət səhvlərimiz –
Fərqinə də varmırıq qırmışıq bir ürəyi…
Ürək belə qırılır, sakit, səssiz-səmirsiz,
Göz açıb-yumanacan solur sevgi çiçəyi.

Ötüb keçər gündüzlər, ötüb keçər axşamlar;
Yara gizli böyüyər, çarəmiz qalar “ah”a,
Sonradan başa düşər, peşman olar adamlar,
Büllur könül qırılar… düzəltmək olmaz daha.

Tellər

Mən dünyanı sevsəm də, sıxılıram dünyada,
Sıxır məni bu dünya, elə bil ki, qəbirdir.
Sevirəm bu dünyanı, lap köləsi olsam da,
Dünya min-min qandaldır, dünya min-min zəncirdir.

Vuruldum bu dünyaya, valeh oldum həmişə,
Gah işıqda dolaşdım, gah zülmətə çəkildim.
Qızıldan şüalarla zəncirləndim günəşə,
İşıqdan iynələrlə ulduzlara tikildim.

Doğulandan nəğməyə, şeriyyata qul oldum,
Təravətli çiçəktək nəğmə yığdım ovcuma.
Əzəldən şeir kimi gülənlərə vuruldum,
Zəncirlədim öpüşlə dodağımın ucuna.

Bu tellərdən asılıb bunca yaşanan illər,
Mən sevirəm onları, bu ki qəbahət deyil.
Azca titrəyən kimi bu zərif, kövrək tellər,
Özümdən bir parçanı itirirəm elə bil.

Tərcümə: Qismət Rüstəmov

# 1134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #