Zəfər nərələri içində tənqid nidaları

Zəfər nərələri içində tənqid nidaları
7 yanvar 2013
# 13:46

Qan TURALI

Azərbaycanın 90-cı illəri təkcə ədəbiyyatda yox, ictimai-siyasi həyatda da ciddi kataklizmlərlə müşahidə olunmuşdu. Köhnə sistemin süqutu və ağrılarla müşahidə olunan yeni dövrün ziddiyyətləri ədəbiyyata da sirayət etmiş, 90-cı illərdə ədəbi jurnallara ayrılan dövlət maliyyəsi dayanmışdı. Ədəbiyyat heç kimin yadına düşmürdü. Həmin dövrdə Elçin Əfəndiyev bir müsahibədə ona ünvanlanan “indi siz nə yazırsınız?” sualına “xahiş edirəm mənim yaralı yerimə toxunma” deyə cavab vermişdi. Bax, indi Elçin Əfəndiyev bu suala Yaşarla müsahibəsində çox ətraflı cavab verir, yazıb hələlik çap etdirmədiyi əsərləri haqda həvəslə danışır.

“60-cılar” 70-ci illərdə yüksək ədəbi mövqelərə yüksələrək öz qələbələrini elan etdilər, onların arxasınca gələn 80-cilər isə xalq hərəkatının pafosunda və dağılan SSRİ-nin külləri arasında ədəbiyyatdan başqa hər şeylə məşğul oldular və ədəbiyyatda itirilmiş nəsillər yarandı. Bir müddət sonra 80-cilərə 90-cılar da qoşuldu.

90-cı illərin əvvəllərində sadəcə olaraq yazmaq heç kimin yadına düşmürdü, lakin daşlar yerinə oturduqca yazıçılar yavaş-yavaş ədəbiyyata qayıdırdı. Amma ədəbiyyatın yenidən canlanması XXI əsrin ilk illərində oldu və bu canlanmada yenicə təsis edilən Azad Yazarlar Ocağı misilsiz rol oynadı. İtirilmiş nəsillər sindromu 90-cılarla 60-cıları üz-üzə qoydu. Bu mənada Azad Yazarlar Ocağı (AYO) hərəkatı həm də itirilmiş nəsillərin intiqamı idi. Onlara yeni nəslin gücü də əlavə edildikcə Azad Yazarlar Ocağına həm vitrin, həm sanbal baxımından qibtə etməmək mümkün deyildi.

Zaman keçdikcə biz ədəbi prosesə daha soyuq gözlə baxa bilirik, ilkin təəssüratın istiliyi illərin zəhmi ilə əvəz edilir. İndi biz bu günlərdən on bir il əvvələ baxdıqda indikindən xeyli ölgün Yazıçılar Birliyi və bir o qədər də donuq ədəbi mühit görürük.

İndi AYO-dan danışarkən zəfər nərələri ilə bərabər özünütənqid nidaları da göyə yüksəlməlidir. Üstəlik AYO-nun fəaliyyətini qiymətləndirmək eyni zamanda ədəbi prosesə qiymət vermək deməkdir, çünki ötən illər ərzində ədəbi prosesin əsas katalizatoru AYO olub, bu mənada on bir ili təhlil etmək ancaq ocaqçıların işi olmamalıdır.

AYO üzvləri fərqli bir konsepsiya ilə meydana çıxdılar-bu postmodernizm idi-lakin ötən bu illər ərzində postmodernizmin nə olduğu tam izah edilmədi, bu öz yerində, üstəlik postmodernizmin atası Həmid Herisçi də sürətlə postmodernizm mövqelərindən çəkildi, üstəlik postmodernizmin gəlişi kimi onun süqutunu da elan etdi.

AYO-nun ilk görsənişi heç şübhəsiz ki, yaşlı ədəbi nəsil üzərinə bütün cəbhələrdən hücum oldu. AYO-çular öz aralarında estetik və siyasiməsələlərdə nə qədər müxtəlif cür düşünsələr də onların 60-cılara münasibəti birmənalı idi. Kimsə bu mübarizənin mənasız olduğunu deyə bilər, (amma gəlin etiraf edək ki, AYO-nun yarandığı ilk illərdə bu cür fikirdə olanlar daha çox idi) lakin bu dava yalnızca mətbuat səhifələrində qalmadı, bu nifrət nə qədər təzadlı olsa belə yeni-yeni əsərlər doğurdu, Azərbaycan ədəbiyyatı öz tozunu silərək yeni dövrə daha inamla baxmağa başladı. AYO-çular qısa müddətə 60-cılar qədər parlaq fərdlər yetirə bilməsələr də ədəbiyyat sanballı və yüksək potensiallı imzalar qazandı.

Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçinin yazdığı əsərlər tamamilə yeni idi və bu anlamda 60-cılarla mübarizə təkcə qəzet səhifələrində qalmadı, həm də kitablara, jurnallara sirayət etdi, ədəbi prosesin mühüm ölçü vahidlərindən birinə çevrildi.

AYO-çuların daha gənc nəsli-Nərmin Kamal, Günel Mövlud, Sevinc Pərvanə, Aqşin Yenisey, Seymur Baycan, Mirmehdi Ağaoğlu yeni əsərlər yazaraq ədəbiyyatın 60-cılar nəslinin ədəbi varisliyinə inanmadılar, çıxış nöqtəsi kimi bundan əvvəlki abzasda adları çəkilən müasirlərinə biət etdilər.

Təşkilat üzvlərinin yaradıcılığının ötən on bir il ərzində janrlar üzrə təhlili poeziyanın hökmranlığını göstərir. Ocağın əksər üzvləri poeziyada daha çox uğur qazandılar, nəsrdə səbat adına Şərif Ağayar və Seymur Baycan daha inamlı görünürdü.

AYO-nun ədəbi tərəqqisini görən Yazıçılar Birliyi də alternativ olaraq gənclər üzrə ədəbi katiblik və Gənc Ədiblər Məktəbini yaratmalı oldu, AYO yaranmasaydı, hər halda bu katibliyə və məktəbə ehtiyac da olmayacaqdı, çünki 78 yaşlıq qurum heç bir zaman gənclik strukturlarına ehtiyac görməmişdi. Yazıçılar Birliyinin ədəbi məktəbindən Qismət, Cavid Zeynallı və bu gün həyatda olmayan Zərdüşt Şəfizadə kimi istedadlı gənclər çıxdı. Ədəbi prosesdə Yazıçılar Birliyi də gənclərlə təmsil edildi.

AYO-nun ədəbi prosesə verdiyi ən böyük töhfə heç şübhəsiz ki, onun dünya ədəbiyyatına açdığı pəncərə idi və bu da folklor havasızlığında, psevdomillilik buxovunda boğulan ədəbiyyatımız üçün sözün əsl mənasında oksigen balışı idi. Öz yağında qovurulmağa üz qoyan ədəbiyyatımız yenidən dirçələrək sağlam ədəbi ənənələri üzrə inkişaf etməyə qədəm qoydu.

Lakin AYO-çuların səhvləri da az olmadı, on il keçdikdən sonra bu səhvlər daha qabarıq şəkildə görünür. “İnkar mübarəkdir” tezisi ilə yola çıxan ayoçular inkarın dialaktik xasiyyətini unudaraq bir növ proletkultçular kimi düşünməyə, özlərindən əvvəl yaranmış ədəbi irsi ümumilikdə inkar etməyə başladılar. Halbuki, Hegelin “inkari inkar” qanunun proletkultçuluq üçün nəzəri əsas sayıla bilməzdi. Misal üçün, Yusif Səmədoğlunun “Qətl günü” kimi yazıldığı dövrdə dünyanın aparıcı cərəyanlarını özündə əks etdirən romanı gözardı edildi, halbuki bu əsərə arxa çıxmaq AYB-dən çox AYO-nun haqqı idi. Klassik irsə münasibətdə də vulqar motivlər üzə çıxmağa başladı, Füzulidən tutmuş Mirzə Cəlilə, eləcə də 60-cılara nihilist münasibət həm təşkilatın imicinə mənfi təsir göstərir, həm də onun üzvlərinin yaradıcılığında mənfi təmayül yaratdı.

Azad Yazarlar Ocağı vahid estetika, vahid proqram ətrafında birləşə bilmədi, on bir il sonra bu anarxiya bizi düşündürməyə bilməz. AYO-nun qəbul etdiyi “Azərbaycan yazıçısının əhd”ində bu barədə bir söz də yazılmamışdı, təşkilatın mövqeyi əsas etibarı ilə “azad yazar” anlayışının izahı ilə məhdudlaşdırılmışdı. Ocaq bu on il ərzində bir manifest yazmağa da cəhd göstərmədi, halbuki, bir ədəbi təşkilatı, ya da onun orqanını müəyyən bir estetik cərəyandan kənarda təsəvvür etmək mümkünsüzdür.

Vahid konsepsiya olmadığından ocaqçıların hər birini ayrı-ayrı təhlil etmək zərurəti yaranır, lakin yazının həcmi ümumiləşdirməyi diktə edir. AYO üzvü olan hər bir yazıçının publisistikasında dəhşətli bir qarmaqarışıqlıq müşahidə edirik, bəziləri həm kommunist, həm də maarifçidir, halbuki bunların fərqli şeylər olduğunu mürəkkəb yalamış hər bir şəxs bilir, bir başqası nəzəri əsasdan məhrum psevdoədəbiyyat düşüncələrini mütləq həqiqət kimi ədəbi mühitə yeridir, mövcud problemlərdə xalqın, yoxsa hakimiyyətin günahkar olması barədə qeyri-elmi tezislər havada uçuşur, ədəbiyyatdan çox bir ictimaiyyətçilik ab-havası daha aktivləşir, ədəbiyyat publisistikaya uduzdurulur, ümumən ideoloji-fəlsəfi mənada əsl xaos hökm sürür və nə qədər qəribə olsa da bu xaos ötən illər ərzində donuq ədəbi mühiti çox silkələyib, çox tərpədib, çox qıcıqlandırıb. Lakin növbəti on ildə cəmiyyət həyatının daha da stabilləşdiyi bir məqamda göyə sovrulan bu spontan şüarların da sistemləşməsinə, ziddiyyətlərdən özünü təmizləyərək formalaşmasına ictimai tələbat yaranıb.

Azad Yazarlar Ocağı Azərbaycan ədəbiyyatına ötən bu il on ərzində yeni imzalar, yeni yanaşmalar, yeni baxışlar gətirdi. Bütün bunları inkar etmək mümkün olmadığı kimi bir təşkilat olaraq Azad Yazarlar Ocağının fəaliyyətində hiss edilən sükutu da inkar etmək mümkün deyil.

AYO idealları isə təkcə keçmişin yox, həm də gələcəyin idealları olmalıdır. Ocaq mövcud olsa da, olmasa da onun saldığı cığırlar hələ də qalacaq, lakin bu cığırları inkişaf etdirmək Ocağın müstəsna hüququdur.

# 3377 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #