Nizami və Danabaş kəndi

Nizami və Danabaş kəndi
2 may 2016
# 13:12

Nizami Gəncəvi Gəncədə yaşayırdı.

İnsanları tanıyırdı.

Müxtəlif əhvalatlar eşitmişdi.

Onlarla adamın həyat faciələrindən xəbərdar idi.

Siyasi qovğalar, üsyanlar, müharibələr görmüşdü.

Bəs nəyə görə bütün bu gördüklərini kənara qoyub qədim əfsanələri nəzmə çəkirdi?

Öz cəmiyyətindəki dərdlərdən, problemlərdən, nadanlıqdan və cəhalətdən yazmırdı?

Niyə ətraf aləmə gözü tamamilə qapalıydı.

Sənətkarları dövrün ruhuna uyğun təhlil etmək bu mənada çox vacibdir.

Nizami Orta Əsrlər adamıydı.

Din Orta Əsrlərin paradiqmasıydı.

Həqiqət yeganə, o da Quranda yazılan idi.

Ətraf aləm keçici, dəyişkəniydi, əsas olan isə mənəvi dünyaydı, orda Tanrının qanunları işləyirdi və əbədiydi.

Başqa bir düşüncə, başqa bir fikir, başqa bir ideologiya yoxuydu.

Ədəbiyyatın qarşısına yeni fikirlər, düşüncələr istehsal etmək vəzifəsi qoyulmamışdı.

Vahid bir dünyagörüşü vardı və bu dünyagörüşünü təbliğ edən əsərlər yazılmalıydı.

Allah bir idi, din bir idi, fikir bir idi, ideya bir idi.

Əsərin forması da, üslubu da, məzmunu da, ideyası da bəlliydi.

Əsər mütləq qədim hekayələr əsasında, fars dilində, əruz vəznində yazılmalıydı.

Dramaturgiya yoxuydu, hekayə yoxuydu, roman yoxuydu.

Heca vəznində yazmaq heç kimin ağlına gəlmirdi, doğma dildə yazmaq da, tutaq ki, poemanı şeirlə yox, nəsrlə yazmaq da həmçinin…

Bütün bu qəliblər çərçivəsində sənətkar öz ustalığını göstərməliydi.

Və bu dövrdə fövqəladə bir istedad göstərmək bütün başqa dövrlərdən çətiniydi, çünki oyun qaydaları sərt şəkildə qoyulmuşdu.

Bu futzal meydanında Maradona olmaq kimi bir şeydi.

Dadaistlər qəzetdəki sözləri kəsib torbaya doldurub qarışdırır, sonra ordan bir-bir götürdükləri sözləri ard-arda qoyub şeir yazırdılar.

Nizami dadaist şeir haqqında eşitsəydi ya heç anlamazdı, ya da bunu bir zarafat sayardı.

Ona görə də yazıçını dövrün ruhundan, mahiyyətindən ayırmaq olmaz

Dahilər belə zamana tabedir.

Bəzən zamanı özləri yaratsalar da...

Bütün zamanlarda mövcud olsalar da...

Zaman qədər əbədi olsalar da...

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

# # #