Dövrümün dahisi: Allen

Dövrümün dahisi: Allen
1 dekabr 2014
# 12:00

Bu gün Vudi Allenin 79 yaşı tamam olur.

Vudi Alleni tanımayan adamla onu tanış eləmək asan iş deyil.

Çünki Allen həyatdakı yeganə peşmanlığının “özü yox, başqası ola bilməmək” kimi səciyyələndirsə də o bu qoca dünyada özünü ən gözəl ifadə edən insanlarından biridir.

Etdiyi stand-uplar, çəkdiyi və oynadığı filmlər, yazdığı hekayələr, tamaşa, ssenarilər, hətta ifa etdiyi musiqilərlə dövrümüzün ən rəngli insanlarından biri olduğunu təsdiq edir.

Allen üçün müqəddəs heç bir şey yoxdur, o ən görkəmli filosoflardan tutmuş Amerika prezidentinə qədər hamıya ironiya ilə yanaşa bilmək kimi qəribə bir istedada malikdir.

Onun ironiyasında bizim başa düşdüyümüz mənada öldürücü gülüş yoxdur, sadəcə ağır intellektual əməkdən sonra yaranan ələsalma, boşboğazlıq etmə vərdişi var.

Dünyanın ən qəliz fəlsəfə kitablarını yazan, bir cümləsinə onlarla şərh verilən Vitgenşteyn yaxın dostuna yazırdı: “İndi yeganə istədiyim şey boşboğazlıq eləməyə bir adam tapmaqdır”.

Vudi Allen təkcə ciddi mövzularda boşboğazlıq etmir, həm də bu dərin mövzuların ciddiliyini də bizə çatdırır.

“Bütün cavablarınıza qarşı suallarım var” deyir.

Vudi Allenin hekayələr kitabını isə nəşriyyatın da qeyd etdiyi kimi zövq üçün oxumaq lazımdır.

“Yalan-gerçək” (Getting even) adlanan bu kitabda Vudi Allen doğrusu mənə yazıçı kimi görünmədi.

Əslində o heç rejissor da deyil, aktyor da.

O sadəcə Vudi Allendir, filmində, pyesində, hekayəsində də Vudi Allen olur, heç zaman rejissor Vudi Allenə, yazıçı Vudi Allenə çevrilmir.

Allenlik də bir peşədir.

Əslində bu məqaləni Vudi Allen haqda yox, onun iki hekayəsindən yazacaqdım.

Allenlik bir az sistemsizlikdir, bir az qarışıqlıq, bir az da pintilikdi.

“Yalan-gerçək” kitabı “Viva Vargas” hekayəsi ilə başlayır.

Bu hekayənin epizodları əsasında Vudi Allen 1971-ci ildə “Bananas” filmini çəkib.

Film gündə bir inqilabın olduğu Latın Amerikası sosializminə ən yüngül formada desək lağ edir.

İnqilab bu filmdə özünün ən ifrat və ən qrotesk, kim bilir bəlkə də ən gerçək təsvirini tapır.

Pilləkənlərdə qətlə yetirilən diktatorun son anları Amerika televiziyası ilə canlı yayımlanır.

İri planda verilən bu pilləkənlər tamaşaçının yadına “Zirehli Potyomkin” filminin Odessa pilləkənlərini salır.

Gəmidəki üsyana dəstək verən xalq kütlələrini çar qoşunları məhz bu pilləkənlərdə güllələyir.

Bolşevizmin ən parlaq tərənnümü sayılan bu film üçün Göbbels kimi təbliğat dahisi “Bu filmə baxıb bolşevik olmaq olar” sözlərini əsirgəməmişdi.

Allen üçün müqəddəs dəyər yoxdur, o Eyzenşteyni də məsxərəyə qoymağı bacarır.

Eləcə də bolşevizmi, eləcə də xristianlığı...

Kitabdakı “Ölüm qapını döyəndə” hekayəsi Berqmanın “Yeddinci möhür” filminə ironiya kimi yazılıb.

Filmdə səlib yürüşlərindən qayıdan cəngavər Ölüm mələyi ilə rastlaşır, Ölüm mələyi onun canını almaq istəyəndə cəngavər ona şahmat oynamağı təklif edir.

Sonra bu süjetə gənc ailədən ibarət akrobatlar daxil olur.

Film boyu şahmat oyunu fasilələrlə davam edir, sonda cəngavər uduzur, ölüm hamını haqlayır.

Berqman öz filmini insanın ölüm sualına olan cavabı kimi xarakterizə etmişdi.

Vudi Allenin “Ölüm qapını döyəndə” hekayəsində toxuculuqla məşğul olan sahibkar Ölüm mələyinə əvvəlcə şahmat oynamağı təklif edir.

Lakin Ölüm mələyi şahmat oynaya bilmədiyini deyir.

Sahibkar Ölüm mələyinin şahmat oynadığı rəsmlərini gördüyünü xatırlayır.

Bu cümlə olduğu kimi filmdən götürülüb.

Ölüm mələyi sahibkarla rummi adlı kart oyununu oynamağa başlayır.

Onlar Ölüm mələyinin verəcəyi bir gün möhlətdən oynayırlar, amma sahibkar oyunu elə qurur ki, Ölüm mələyi 28 dollar uduzmalı olur.

Üstündə ancaq bir neçə dolları olan Ölüm mələyi pulun qalanını sonra ödəməyə razı olur, borcu üçün möhlət istəyir.

Çıxıb gedəndə də pilləkənlərdən yumalanır.

Allen belə Allendi...

# 4372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #