AYB-nin qurultay oyunu - REPLİKA

AYB-nin qurultay oyunu - <span style="color:red;">REPLİKA
15 aprel 2014
# 11:09

AYB sədri, Xalq Yazıçısı Anar “Ədəbiyyat qəzeti”nə verdiyi müsahibədə AYB qurultayının bu ilin iyun ayında, birliyin 80 illik yubileyi ilə bir yerdə keçiriləcəyini bəyan etdi.

Gəlin, AYB-nin qurultay macərasına qısa bir nəzər salaq, hərçənd bu macəra getdikcə zövqə görə kafkaesk, ya da əziznesinvari bir görkəm almaqdadır.

Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinin III maddəsinin birinci bəndində yazılıb ki, təşkilatın ali orqanı qurultaydır və beş ildən bir çağırılır.

Son qurultay 2004-cü ildə keçirilib.

Məsələ bundadır ki, 2004-cü ildə Azərbaycan Yazıçılar İttifaqının yaradılması haqqında Stalin fərmanından da 75 il keçirdi.

“Ədəbiyyat qəzeti”nin də 75 yaşı olmuş, bayram-bayrama qarışmış, Oğuz elində tonqallar qalanmış, 14 ölkədən qonaqlar gəlmişdi.

Böyük yığıncaq oldu, gözəl nitqlər söyləndi, nə qədər öküz, inək, qoyun öldürüldü.

Qurultay olmadı.

2010-cu il də keçdi, yubileydən sonra dincəlmək lazım idi.

Elə ki, 2011-ci il gəldi, AYB-nin zəhmətkeş gəncləri hərəsi bir qalaq kitabı qabaqlarına töküb bir qom kağıza məruzə yazdılar və yazdıqları bu məruzələri də Natəvan klubunda oxudular.

Bu dəm qeybdən səs gəldi ki, qurultay 2011-ci ilin aprelində olacaq.

O il yay yaman tez gəldi, araya istilər düşdü, dedilər payızda edərik.

Payızda da cücələr (oxu: səslər – Q.T.) sayılmadı, dedilər ki, bəs 2011-in xeyrindənsə, 2012-nin şəri yaxşıdır, ona görə qurultay qaldı 2012-yə...

Di gəl ki, bu Mayya təqvimi məsələsi oldu, hamının başı şam almağa, axirət dünyasına hazırlaşmağa qarışdı, bu dəm qurultay deyənin üzünə kim idi baxan...

Xoşbəxtlikdən ölüm-itim də olmadı, 2013-cü il gəldi.

Amma il gələn kimi Birliyin katibi Rəşad Məcid qəfildən dedi ki, bəs qurultay 2013-cü ilin aprelində olacaq, özü də aprelin 13-ü, “obed”dən sonra...

Sonra məlum oldu ki, qurultay olacaq, amma prezident seçkilərindən sonra.

Beləcə 2014-cü il gəldi.

2014-ün fevralında deyirdilər, yenə olmadı!

Sonra dedilər, martda olacaq.

Mart olan kimi də Novruz bayramı gəldi, dedilər, bəs bilmirdik, sən demə bu il Novruz bayramı marta düşüb, qalsın aprelə...

Apreldə də Anar müəllimin bayaq oxuduğunuz sözləri gəldi gündəmə. Dedi ki, bəs qurultay iyunda olacaq, yubileylə bir yerdə!

Sahil bağında dörd tonqalın yanmasını gözləyirik...

# 2940 dəfə oxunub

Müəllifin son yazıları

# # #