Boris Akuninin Bakısı

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

21 dekabr 2022
# 16:00

Kulis.az Orxan Saffarinin "Bizim və Boris Akuninin Bakısı" adlı yazısını təqdim edir.

Son dönəmlər, nədənsə, Bakı ilə bağlı əsərlər, yazılar diqqətimi daha çox çəkir. Özüm Bakıda doğulub böyüsəm də, siz deyən, elə də diqqət yetirməmişəm. Ara-sıra tarixi ilə maraqlanmışam, o qədər. Daha doğrusu, memarlıq abidələri ilə.

Diqqətimi çəkən binalara baxıram, kim tərəfindən, necə inşa edilib deyə.

Məsələn, "Qafqazın Rastrellisi" kimi tanınan İosif Qoslavski.

Mən "Bakı İosifindir" də deyərdim. Memarın Bakıda inşa etdiyi, tarixə çevrilən möhtəşəm binaları söhbətə gəlməz.

H.Z. Tağıyevin sarayı və digər evlərinin, demək olar ki, hamısını memarı, Qızlar məktəbi, teatr binası da daxil, hamısı sənətkara məxsusdur.

Bədii cəhətdən də Bakı başqalarının gözündə başqa imiş demə. Buna da Bakı ilə bağlı son oxuduğum əsərdə əmin oldum.

Rus yazıçısı Boris Akuninin “Qara Şəhər” romanında.

Qara şəhər - yerli neftqayırma sənayesinin uğurları ilə bağlı Bakı yaxınlığında yaranan kiçik bir yaşayış məntəqəsidir.

Bu ərazidə, əsasən, neft zavodları yerləşirdi. Hələ 1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə həmin vaxt bu ərazidə (Qara şəhər) 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikildi. Tezliklə zavodlardan çıxan tüstü və his həmin ərazini qaraya boyadı, bu ərazini də haqlı olaraq "qara şəhər" adlandırdılar.

XIX əsrin ikinci yarısında çox sürətlə inkişaf edən neft sənayesi Bakı ətrafında böyük bir ərazini əhatə edir və bu ərazidə yerləşən zavodların tüstü və hisi bütün ətrafı bürüyürdü. Şəhərin inkişafına mane olan bu cür hallarla bağlı ictimai fikirlər quberniya hakimiyyətini bu problemi həll etmək məcburiyyətində qoymuşdu. Beləliklə də 1870-ci ildə şəhərdə və şəhərin yaşayış məhəllələrində yerləşən 147 zavodun sökülməsi barədə quberniya hakimiyyəti qərar qəbul etdi və şəhərin yaşayış məntəqələrindən 2 km aralı olmaq şərti ilə boş ərazilərə köçürülməsi qərarlaşdırıldı.

Bunlar söhbətimizin tarixi hissəsidir. Keçək, o biri hissəyə.

Ruslar, onsuz da, Bakıya daim başqa cür yanaşıblar. Elə bu romanda başqa cürdü, amma yaxşı cəhətdən. Əsərdəki hadisələr bizə doğma yerlərdə - Yasamalda, İçəri Şəhərdə, Bibiheybətdə cərəyan edir. Köhnə Bakı müəllifin gözündə tam fərqlidir.

Bu mövzuda yazılmış Cavid Ramazanovun "Amanabənd" romanını deyə bilərik ki, müəllifin gözündə Sovetskiyə yeni nəfəs gəlib.

Qara şəhər romanında müəllif Bakıya necə lazımdı bələddir. Əsərdə Bakını gəzə, o vaxt ki, durumu - istər iqtisadi, istərsə də, siyasi cəhətdən bilmək olar. Hətta neft fontanlarının tüğyan elədiyi, bundan yararlanan adamların həyatını da öyrənmək olar. Yuxarıda rusların Bakıya fərqli baxışı da burdaqismən görmək mümkündür. Məsələn, Bakının Rusiyanın əyalət şəhəri olduğunu, erməni-azərbaycanlı qarşılıqlı münasibətlərini, Bakı erməniləri ilə azərbaycanlı münasibətlərini də görmək olar.

Əsərin sujet xətti adamı qətiyyən yormur. Əksinə, əyləncəlidir. Qəhrəman Erast Petroviç Fandorin Bakıya bir terrorçunu ələ keçirmək üçün gələn şəxsdir və gəldiyi andan da hadisələr başlayır, Bakı da bu hadisələrin içində təsvir olunur.

Digər bir maraqlı azərbaycanlı obraz isə Qara Qasımdır.

Əsərin bir az da dedektiv xətti var.

Qara Qasım Bakı qoçusudur. O, Fandorini axıra qədər izləyir, yanında olur, obraz olaraq da həm sona qədər, həm də sonda təəccübləndir. Ümumiyyətlə, romanın qayəsi həm də elə Qoçu Qara Qasımdır ki, onu da daha aydın oxuyaraq görə bilərsiniz. Çünki düşünürəm, hər kəs fərqli nəticələr çıxardacaq bu obrazdan, onun hərəkətlərindən. O cümlədən, qeyd etdiyim kimi bu əsər bizə Bakını fərqli rakursdan göstərəcək.

Çünki bu əsərdə iki Bakı var. Biri bizim, biri də Boris Akuninin Bakısı.

# 2480 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #