Kulis.az Ninat Pirin “Canlı musiqinin bezdirici tərəfləri haqqında” adlı yazısını təqdim edir.
Öz səsimə qarşı kompleks yaşayıram. Əslində, normal həyat şərtləri altında bu mənə heç bir ciddi problem törətmir. Amma di gəl ki, taksi sürücüləri adamı depressiyaya salmaqda israrlıdır. İki həftə əvvəlin söhbətidir.
Metronun “İçərişəhər” stansiyasının qarşısından işə taksi sifarişi verdim. Üstündən 3 dəqiqə keçdi, zəng gəldi, açdım.
– Alo.
– Alo, salam, xanım, siz hansı tərəfə gedirsiniz?
Tutulub qaldım. Nə deyəcəyimi bilmədim. İndi mən yazıq sürücüyə iki daşın arasında necə izah edim ki, mən xanım deyiləm, kişiyəm. Yoldan ötüb keçənlər nə düşünər? Deməz ki, bu adam niyə telefonda birinə qadın yox, kişi olduğunu sübut eləmək məcburiyyəti hiss edir?
Xülasə. Təmkinimi pozmadım. “İçərişəhər”dən “Xətai”yə dedim. “İki dəqiqəyə gəlirəm, xanım” deyib söndürdü. “Lənət şeytana” deyib yenə də təmkinimi qorudum. İki dəqiqənin tamamında maşın gəlib dayandı. Ədəb-ərkanla maşına əyləşib salam-əleyk eləmişdim ki, sürücü qoçağım nə desə, yaxşıdır? Qardaş, sən Allah, üzrlü say, sifarişdir, xanım gələcək indi...
İki ilə yaxındır, normal şəkildə restoranda oturub dostla-tanışla, yoldaşla, xanımla söhbət eləmək əməlli-başlı müşkülə çevrilib. Əminəm ki, eyni problemi siz də yaşayırsınız. Bəs buna səbəb nədir? Əlbət ki, canlı musiqi. Əlbət ki, səsi 9 aylıq quzu səsindən seçilməyən oxuyançılar. Əlbət ki, ab-havaya uyğun olmayan mahnı və musiqi seçimi. Əlbət ki, restoranlarda musiqinin səs tempinin düzgün nizamlanmaması.
Səsi olan-olmayan, not bilən-bilməyən, əlinə mikrofon ala bilən-bilməyən kim var, doluşublar restoranlara. Nədir bizim çəkdiyimiz bu cəzanın adı? Yazının başındakı əhvalatı boş yerə danışmadım. İnsan özü özünə düzən verməyi, özü öz potensialını dəyərləndirməyi bacarmalıdır. Bilirəm ki, mənim səsim oxumaq üçün deyil. Bilirəm ki, rəsm çəkə bilmirəm. Bu qabiliyyətlər məndə yoxdur. Ona görə də o sahələrə baş vurub özümü biabır eləmirəm.
Yaxşı, bəs bu restoran oxuyançıları niyə bunu etmir? Bu ki sadə şeydir.
Tutaq ki, mən xanımla daha yaxından tanış olmaq, söhbətləşmək üçün restorana getmişəm. Mən niyə xanımın üzü-üzünə, gözü-gözünə bağırmalıyam? Bu nə zülmdür?
Restoranlarda canlı musiqi dünyanın hər yerində var və qəbulediləndir. Lakin onlarda bizdəki kimi nəzakətsiz formada deyil. Orada musiqi elə formada verilir ki, insanlar bir-birləri ilə rahat formada söhbət edə, dərdləşə, deyib-gülə bilirlər. Bizdə elə deyil axı. “Ben feleğin şu çarkına çomak sokarım” sədası altında xanıma necə deyim ki, gözlərin çox qəşəngdir? Deyərəm e deməyinə, amma xanım uzaqbaşı qayıdacaq ki, nə? Mən də təzədən deyəcəyəm ki, gözlərin çox qəşəngdir. O da yenə qayıdacaq ki, ay Nihat, eşitmirəm, vallah. Mən də səsimi udub oturacağam. Ta ki oxuyançı fələyi tutub onun su çarxına o çomağı soxub qurtarana qədər. Soxub qurtaran kimi xanım soruşacaq ki, bayaq nə deyirdin? Deyəcəyəm ki, heç, deyirdim, gözlərin çox qəşəngdir. O da deyəcək ki, hə, çox sağ ol. Maksimum gülümsəyək. Bununla da, söhbət öləcək. Niyə? Çünki artıq bayaqkı effekt itib. Gedib o qatar. Daha fələyin su çarxına çomaq soxulandan sonra gözün qəşəng olub-olmamasının mətləbə heç bir dəxli yoxdur. Olan oldu, çomaq o çarxa soxuldu.
Əslində, bura qədər qeyd elədiyim narahatedici vəziyyətin üç səbəbi var. O səbəblər restoran rəhbərləri tərəfindən nəzərə alınsa, çox pakizə:
– Restoranlar öz müştəri kontingentini, yerləşdiyi məkan və ərazini nəzərə alıb ona uyğun musiqi repertuarı seçməlidir.
Bizdə buna məhəl qoyulmur.
– Restoranlar canlı musiqini qonaqları bezdirəcək yüksəklikdə təqdim etməməlidir. Nəzərə alınmalıdır ki, adamlar buraya istirahət etməyə, yemək süfrəsi ətrafında söhbət eləməyə gəlib. Heç kəs musiqi dinləmək üçün restorana getmir!
Bizdə buna məhəl qoyulmur.
– Restoranlar hər əlinə mikrofon alanı müğənni kimi ansamblın önündə oturtmamalıdır.
Bizdə buna məhəl qoyulmur.
Deyim ki, dərd bununla bitir, vallah, bitmir. Restoranda dilxor olub hava almaq üçün şəhərə çıxırsan. Keçidə düşən kimi görürsən ki, bir nəfər divarın dibində tardan Afrika kərgədanının səsini çıxardır. Vallah, billah, çala bilmirsiniz. Vallah, billah, musiqidən iyrəndirirsiniz. Vallah, billah, mən dinlədiyim tar sizin əlinizdəki tar deyil. Deyil!
Keçiddən sivişib “Bulvar”a çıxmağınla görürsən, budur, bir nəfər kətilin üstündə qarmonla rəsmi şəkildə güləşir. Bu, ifa eləmək deyil. Belə ifa olmur. Belə küçə sənəti, küçə musiqisi olmur. Allah haqqı, olmur. Qarmonun dilləri haqqı, olmur.
Elə ordan da başını götürüb dənizin qırağına düşürsən ki, burda eyni mənzərə. Beş-altı nəfər “çeçenka-makasinli” qaqaş bir dənə gitaranın ətrafında dövrə vurub “Dolya” oxuyurlar. Daha doğrusu, ağızlarına gələn hər şeyi barmağına gələn formada ifa edilən gitaradan çıxan səsin üstünə pərçim edirlər.
Xanım sənə baxır, sən xanıma. Nə deyəsən?
Cəhənnəm, restoranlardakı musiqi düzənsizliyini aradan qaldırmaq üçün üç yol göstərə bildik. Yaxşı, bəs bu küçə musiqiçilərinə nə edək? Bu adamların bir dostu-tanışı, yaxını yoxdur ki, deyə, sən oxuya bilmirsən, sən ifa edə bilmirsən? Hələ oxuyub-ifa edə bilməməkləri bir yana, yekə bir qutunu da qənşərlərinə qoyub şabaş istəyirlər. Nə bilim, Allah haqqı, elə problemdir ki, mübarizə üsulu da təklif eləmək olmur.
Allah bizə səbir versin!