Seymur Baycana açıq məktub

Seymur Baycan, Nihat Pir

Seymur Baycan, Nihat Pir

11 aprel 2023
# 12:36

Kulis.az Nihat Pirin Seymur Baycana açıq məktubunu təqdim edir.

Çox hörmətli Seymur Baycan “Kəpəz” Futbol Klubunun baş məşqçisi Tərlan Əhmədovun mətbuat konfrasındakı çıxışını tənqid edib.

Seymurun davamlı formada dil məsələlərinə toxunması məni sevindirir. Çünki Azərbaycan dili mənim də həssas yerimdir. Amma, çox təəssüflər olsun ki, Seymur Baycan bu dəfə yanılıb.

Mətbuat konfransında Tərlan Əhmədov qazonun pis vəziyyətdə olmasını üzücü hal kimi qiymətləndirib. İndi bu bəhanədir, ya həqiqətdir, deyə bilmərəm. Amma Seymur Baycanın yuxarıdakı cümlədə ilişdiyi və Tərlan Əhmədovun işlətdiyi “üzücü” ifadəsi tamamilə doğrudur və yerində işlədilib.

Azərbaycan dilində “üzmək” feili omonim kimi iki mənanı ifadə edir:

– üzmək: suda üzmək kimi;

– üzmək: nəyisə qoparmaq kimi.

Bizim suda üzmək anlayışı ilə bir işimiz yoxdur. Burada əsas məsələ ikinci tərəflə bağlıdır.

“Üzmək” feili nəyinsə qoparılması, dərilməsi mənasını verdiyi kimi həm də çoxmənalılıq yaradır. Yəni, əslində, “üzücü” ifadəsindəki “üz”+mək hissəsi məhz həmin qopmaq anlayışı ilə üst-üstə düşür (Yeri gəlmişkən, “Omonimlər lüğəti”ndə “üzülmək” feilinin 4 omonim variantını veriblər. Tamamilə yanlışdır.).

Azərbaycan dilində feildən sifət düzəldən şəkilçilərdən biri də -icı, -ici, -ucu, -ücü dördvariantlı şəkilçisidir. “Üzücü” sözündəki “-ücü” hissəsi məhz bu şəkilçidir. Sözdəki “üz(mək)” feili isə yuxarıda da qeyd etdiyim kimi, qoparılmaq, dərilmək mənasında işlətdiyimiz “üz+mək” feilidir.

Məsələnin ən həssas tərəfi də məhz buradan başlayır:

Nəyinsə üzücü təsir bağışlaması, məktubda Seymurun işlətdiyi “ürəyin üzülməsi (acmaq mənasında)” də ürəkdə, bir növ, nəyinsə qopması mənasını ifadə edir. Yəni loru dillə desək, Tərlan Əhmədov deyəndə ki, qazonun bu vəziyyəti bizim üçün üzücüdür, o zaman o, ürəyində hansısa hissin, hissiyyatın qopması fikrini ifadə etmiş olur.

Kəsəsi, burada Tərlan Əhmədov fikrini tamamilə səhih formada ifadə edib. Çünki bu, qazonun o vəziyyətdə olmasının Tərlan Əhmədovun “ürəyində nəyinsə üzülməsi, qopması” anlayışını ilə eynilik təşkil edir.

Seymur Baycanın sırf Azərbaycan dili ilə bağlı silsilə mübarizəsini təqdir edir, ona sevgilərimi göndərirəm.

Hörmətlə, Nihat Pir

# 2487 dəfə oxunub

Müəllifin son yazıları

# # #