Elza Seyidcahanı məsxərəyə qoyanların uğursuzluğu

Elza Seyidcahanı məsxərəyə qoyanların uğursuzluğu
7 iyul 2023
# 15:16

Kulis.az Nihat Pirin “Elza Seyidcahan, məzmunsuz adamlar və sair” adlı yazısını təqdim edir.

Bir müddət öncə Lalə Azərtaşın özünü Xoşqədəmə oxşatması barədə yazı yazmışdım. Yazı xeyli müzakirə olunduğu kimi, mənimlə razılaşanlar da oldu, olmayanlar da.

Razılaşmayan adamların çoxu Lalə xanımın içində məhz Xoşqədəmin yatdığını əsas gətirirdi ki, onda razılaşmamışdım. Düzü, yenə də razılaşmıram. Bu, həqiqət olsa belə, yenə də Lalə xanımı elə bir mövqedə görmək istəmirəm.

Bayaq görürəm ki, gözəlim Lalə xanım özünün ultra-səviyyəli layihəsində Elza Seyidcahanın şairliyini və Azərbaycan Yazıçılar Birliyinə (bundan sonra AYB) üzvlüyü məsələsini müzakirəyə çıxarıb.

Qonaqlar da düşüblər Elza xanımın üstünə.

Qıraqdan baxanda sözügedən situasiyaya qəti şəkildə müzakirə adı vermək olmur. Bu, açıq-aşkar Elza Seyidcahan şəxsini məsxərəyə qoymaqdır.

Bu, açıq-aşkar Elza Seyidcahan şəxsinə qarşı hörmətsizlikdir.

Verilişdə qonaq olan, özünə və intellektinə, mədəni düşüncəsinə hörmət etdiyim Bahadur Seyidov yoldaş isə bu müzakirələrə cani-könüllə qoşularaq Elza xanıma yazdığı nəzirəni oxuyurdu.

Bahadur bəyi şəxsən tanımıram, bir dəfə də olsun, həmsöhbət olmamışıq, amma yenə də təkrar edirəm, sosial mediadan, özünün “Youtube”dəki müəyyən maarifləndirici işlərindən və ortaq dostlarımızdan yola çıxaraq ona hörmətim var. Amma bax elə yazının bu yerindəcə Bahadur yoldaşa sualım var:

O verilişə, Elza Seyidcahanla “Sən şair deyilsən” ritorikasında müzakirəyə hansı ehtiyacı duyaraq dəvəti qəbul etmişdi?

Ümumiyyətlə, niyə bir insan durub kostyum-qalstukunu geyinib “Elza Seyidcahan şairdirmi?” mövzusunda olan verilişə getmək ehtiyacı duysun?

Lalə Azərtaşın və Xəzər Televiziyasının sözügedən məsələdən umduğu məlumdur: reytinq.

Yaxşı, bəs məgər Elza Seyidcahanın şair olmamasını ona “Saqqızı soxum sənin ağzına” şeirini oxumaqla sübut eləmək mübarizə üsuludur?

Məgər Elza Seyidcahanın şair kimi AYB-yə üzv olması faciəviliyini “Saqqızı soxum sənin ağzına” misrası ifadə edə bilir?

Bilmir axı.

Bəs onda o verilişdə bu mövzunun müzakirəsi nəyə xidmət edir?

Bu, açıq aşkar Elza Seyidcahan şəxsinə, yaradıcı düşüncəsinə, bəstəkarlığına, ifasına, sənətinə qarşı hörmətsizlikdir axı.

Elza Seyidcahan bu gün Azərbaycan musiqisi haqqında elədən-beləyə, belədən-eləyə danışmağa haqqı çatan beş nəfərdən biridir.

Elza Seyidcahan nəhəng bəstəkar, bənzərsiz dərəcədə gözəl müğənnidir.

Elza Seyidcahan hər hərəkəti ilə, hər bir qeyri-adi davranışı ilə, saçındakı banan-ananas tandemindən tutmuş, lələyinə qədər təbiidir, özüdür və əsl səhnə adamıdır.

Elza Seyidcahan Azərbaycan musiqisinin başına gəlmiş ən gözəl işlərdən biridir.

Bahadur yoldaş şeirindən öncə yuxarıda sadaladığım keyfiyyətləri saysa da, bu, “amma”dan qabaq söylənilən fikirlərin əhəmiyyətini itirməsindən başqa bir şey deyil.

Doğrudur, sadalanan faktların heç biri Elzanı şair qılafına bürümür, onun bir şair kimi AYB üzvlüyünə qəbulu üçün yetərli arqument sayılmır.

Amma bəs müzakirə predmeti olan AYB-nin axı 2654 üzvü Elzadan da qat-qat aşağı mərtəbədə dayanır.

Niyə onlar müzakirə olunmur?

Niyə onlar barəsində “Saqqızı soxum sənin ağzına” ritorikasında şeir yazılmır?

Niyə onlar müzakirə və məsxərə obyekti olmur?

Yəni problem təkcə Elza xanımdır?

AYB adlı qurumla bağlı, onun üzvlük siyasəti ilə bağlı axsaqlıq Elza xanımdan qaynaqlanır?

Lalə Azərtaş və Xəzər televiziyasının camaatın yataq mövzularını, ailə-məişət biabırçılıqlarını efirə daşımaqla özlərinə reytinq qazandırması kimi, Elza Seyidcahanı verilişə dəvət edib müzakirə predmetinə çevirərək onu bu şəkildə çıxılmaz vəziyyətə salması eyni qədər əxlaqsızlıq, tərbiyəsizlikdir.

Gördüyüm qədəri ilə, Elza xanım şeir oxunan yerdə efiri tərk etmək istədi, amma Lalə Azərtaş ona mane oldu. Bilmirəm, sonra verilişdə qaldı, ya yox, amma gərək ki efiri tərk eləmək daha yaxşı olardı.

Yekun olaraq, iki A4-lük yazımı tamamilə səmimi və altında ömür boyu imzasını qoya biləcəyim fikirlə tamamlayıram: bu və bunun kimi verilişlərin mahiyyəti, orada çıxarılan müzakirələrin mövzusu və ümumilikdə Xəzər televiziyasındakı verilişlərin əksəri Elza Seyidcahan adının kölgəsində belə gizlənməyə layiq dəyərdə deyillər.

Birmənalı.

# 18791 dəfə oxunub

Müəllifin son yazıları

# # #