Robert Mobili: "Ermənilər istəyir ki, o ərazi Azərbaycanın olsun" - Müsahibə

Robert Mobili, Alban-udi xristian dini icmasının sədri

Robert Mobili, Alban-udi xristian dini icmasının sədri

18 mart 2022
# 15:00

Kulis.az Alban-udi xristian dini icmasının sədri Robert Mobilinin APA-ya müsahibəsini təqdim edir.

– Qarabağdan təzə qayıtmısınız. Elə ilk olaraq səfərinizin məqsədindən başlayaq.

– Ümumiyyətlə, işğaldan azad olunandan bu yana bizim icmanın Qarabağa 20-ə yaxın səfəri olub. Əsas məqsəd oradakı mədəni irsimiz, Alban kilsələri, onların vəziyyəti məsələsidir. Ermənilər nə vaxtdandır bu tarixi, mədəni kökümüzü saxtalaşdırmaqla məşğuldur. İkinci bir məsələ isə, biz hər səfərimizdə dualar edir, şəhidlərimizi yada salırıq. Çünki bu gün arxayın bir şəkildə ora gedib səfərlər və ziyarətlər etməyimizi məhz onlara borcluyuq. Ən son səfərimiz isə Laçındakı Ağoğlan məbədinə, Kəlbəcərdəki Xudavəng monastrına və digərlərinə oldu. Bu da daha çox Xocalı faciəsinin 30 illiyini yad etmək üçün idi.

– Abidələrin saxtalaşdırılması məsələsinə toxunduq. Ümumiyyətlə, saxtalaşdırılmış və dəyişikliyə məruz qalmış abidələrin konkret sayı varmı?

– Əvvəlcə onu deyim ki, bu araşdırmanın böyük bir monitorinqə ehtiyacı var. Mən sizə indi Sovet hökuməti dövründəki informasiyanı deyə bilərəm ki, Qarabağ ərazisində, təxminən, 200-ə yaxın Alban irsi olduğu haqqında məlumat var idi. Məndə olan informasiyaya görə, Xocavənddə 65, Kəlbəcərdə 30-35 kilsə var. Hansı ki, bunların tarixi IV-VI əsrlərə gedib çıxır. Bilirsən, Kəlbəcərdə heç vaxt heç bir erməni yaşamayıb. Bu faktdır. Nə Sovet vaxtında, nə də ki, Çar Rusiyası dövründə o ərazilərdə erməni olub. Və orada yaşayan azərbaycanlılar həmin abidələri sırf irsə hörmət naminə qoruyub saxlayıblar. Amma ermənilər neyləyiblər? Bu 30 ildə həmin kilsələri özünküləşdiriblər, yəni saxtakarlığa yol veriblər.

– Nə kimi dəyişikliklər olub? Yəni bir kilsə necə özününküləşdirilir?

- Həmin Alban kilsələri erməni kilsələrinin əsasında saxtalaşdırılıb. Məbədlərin simvol və elementləri dəyişdirilib. Bütün bu faktları araşdırmaq üçün ciddi mütəxəssis komandasına ehtiyac var. Yəni bu, bir nəfərin deməyi, yaxud zəhməti ilə olmur. Çünki bizim qarşımızda böyük bir erməni təbliğat maşını dayanır. Bunu mümkün qədər ciddiyə almaq lazımdır. Onların illərlə dırnaqarası bərpa adı ilə saxtalaşdırdığı faktlara qarşı bizim güclü arxeoloqumuz, güclü tarixçimiz olmalıdır. Bu 30 ildə ermənilər yalançı qazıntı işləri aparıb və sizi inandırım ki, buna görə hətta alimlik dərəcəsi alıblar, guya o abidələrin bərpa işlərini həyata keçiriblər. Bütün bu faktları sübuta yetirmək lazımdır. Mən bir din xadimi olaraq deyə bilərəm ki, Alban kilsəsini biz bərpa ediriksə, mütləq şəkildə güclü elmi potensiala söykənməliyik. Məsələn, erməni kilsəsi anlayışı “Üçmüədzin” kilsəsinin əsasında formalaşıb.

Bilirsiniz, indi elm o qədər inkişaf edib ki, abidənin tərkibindən adicə bir nümunəni araşdırmaqla onun hansı dövrə aid olduğunu tapmaq olur. Sadəcə yenə də təkrar edirəm, mütəxəssis lazımdır. Əlli dənə orda dəyişiklik olsun, simvollar dəyişdirilsin, fərqi yoxdur, bağlayıcılarla dərhal həmin şeyin saxta olub-olmadığını tapmaq olur.

Mən xatırlayıram, 2010-cu ildə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən UNESCO-nun qeyri-maddi irslə bağlı sessiyasında iştirak eləmişdim. Biz orada dedik ki, həmin ərazilərdə faktiki olaraq erməni xaçı, erməni xaçkarları yoxdur və olmayıb. Bütün bunlar hamısı albanlara məxsusdur. Maraqlıdır ki, o sessiyada bizə qarşı onlarla təşkilat var idi. Güclərarası fərqi görürsünüz? Yeri gəlmişkən, hörmətli nazir Anar müəllim (mədəniyyət naziri Anar Kərimov –red.) də o vaxt orada idi. Demək istədiyim odur ki, o gücün qarşısına çıxmaq üçün elmi potensial lazımdır.

– Artıq UNESCO missiyasının işğaldan azad olunmuş ərazilərə səfər məsələsi gündəmdədir. Sizcə, bu nə dərəcədə effektiv olacaq?

– İkili standart məsələsi var, Nihat bəy. Bunu torpaqlarımızın 30 il işğal altında saxlanması prosesində görmüşük. Hətta bu gün Ukrayna-Rusiya məsələsinə baxaq, yenə də eyni şeyi görürük. Lazım olanda lazımi dəstək verilmir. Dediyimiz UNESCO da eyni mövqedədir. Bu illər ərzində İslamla bağlı o qədər abidələr dağıdıldı, məhv edildi, təhqir olundu, bir dəfə də olsun, buna qarşı reaksiya olmadı. Bu 30 ildə bir dəfə niyə komissiya göndərilmədi?

– Qarabağ ərazisindəki Alban abidələrinin erməni kilsəsi kimi təqdim olunması məsələsini dedik. Ümumiyyətlə, biz dünyaya bunu necə sübut etməliyik ki, bütün bunlar yalan, saxtadır?

– Kilsələrin tarixi olur, nə olur olsun, bu tarixdir və bunu erməni, ümumiyyətlə, heç kim dəyişə bilməz. Alban kilsəsi də qədim Apostol, müstəqil (avtokefal) şərq kilsəsidir. Bu kilsələrə Birinci Həvarilərin kilsəsi də deyilər.

Xristianlığı dünyaya yaymaq üçün İsa peyğəmbərin 12 şagirdi ətrafa yayılıb, yəni təbliğat üçün. Eynilə burada da xristianlıq bu şəkildə yayılıb. Və onu da deyim ki, bu çox çətin proses olub. Dediyim odur ki, Alban kilsəsi birbaşa şərqlə bağlıdır. Alban kilsəsinin adını Yerusəlim, Süryani, Kopt kilsələri ilə yanaşı çəkirik. Binaların özləri də quruluşca tarixidir. Erməni kilsələri Qafqazda heç vaxt olmayıb. Qarabağdan isə söhbət belə gedə bilməz. Ümumiyyətlə, Şərq kilsələrində simvol fərqləri var. Məsələn, Alban kilsələrində Ayın, Günəşin və odun elementlərini də görürük. Bu da inancların qorunub saxlanması ilə bağlıdır. Məsələn, biz udilər bu günün özündə belə qurban kəsirik. Halbuki bu, xristianlığa ziddir. Biz bunu etməklə xristianlıqdan əvvəlki ənənəmizə söykənirik, onu qoruyuruq. Niyə? Çünki qurban anlayışı xristianlıqdan, həm də İslamdan əvvəl də var idi.

Alban kilsəsi ibadəti (kilsə) ilə də fərqlənir. Biz bilirik ki, ermənilərdə ibadət dili süryani (aramey) dili olub. Amma Alban kilsəsindəki ibadət dili və onun sübutları, müqəddəs kitabları Misirdə tapılıb. Bütün bunları Avropa dilçi alimləri araşdırıb. Əgər bir xalqın, bir millətin V-VI əsrə aid müqəddəs kitabı varsa, demək, o, çox qüdrətli millətdir, çox qüdrətli xalqdır və çox qüdrətli dövlətdir. Mən qətiyyətlə deyə bilərəm ki, İslam dini gələndə də, monqollar gələndə də Alban kilsəsi yenə də öz statusunu saxlayıb. Ta ki 1836-cı ilə qədər.

– Əslində, elə bunu soruşacaqdım. 1836-cı il əsasnaməsində asılılıq məsələsi var idi. 1836-cı ildə çarın qərarı ilə Alban Həvari Kilsəsi Erməni Qriqoryan kilsəsinə tabe edilmişdi.

– Bəli, mən onu boşuna demədim. O proses Çar Rusiyası Cənubi Qafqazı işğal edəndən sonra başlayıb. Alban irsinə də ən böyük zərbə də məhz o zaman vuruldu. Söhbət Erməni Qriqoryan kilsəsinin əsasnaməsindən gedir. Çar Rusiyası buranı işğal edəndən sonra gördü ki, Azərbaycanda xristian ölkəsi yaratmaq mümkün deyil. Bundan sonra erməniləri harada kilsə varsa, ora gətirdi və məskunlaşdırdı. Yaxşı, bəs səbəb nə idi? Bilərəkdən edilirdi hamısı. Kilsələr o zaman boş idi. Niyə? Çünki o vaxt burada İslam dini yayılmışdı. İslama da kilsə lazım deyildi, amma qorunurdu. Onlar da bundan istifadə etdilər. O əsasnamə əsasında bütün kilsələrdəki lövhələr dəyişdi, bütün kilsələr erməni kilsəsinə tabe edildi və ibadət məcburi formada erməni dilində oldu. Bu da xristianların erməniləşdirilməsi demək idi.

– Amma Qarabağda erməni olmayan xristianlar da yaşayıb.

– Bəli, bunu heç kim danmır və onlar köklü xalqlardır. Yəni əvvəldən orada yaşayıblar, tarixi ora ilə bağlıdır. Düzdür, türkdilli xalqlar da olub. Məsələn, Tuğ kəndində bu gün Məlik Aslanovlar, Məlik Kərəmovlar, Məlik Yeqanovlar və digərlər nəsillər var ki, onlar İslamı qəbul ediblər. Bir hissə isə erməni kilsəsinin tabeçiliyində erməniləşib. Ona görə də faktiki Tuğda yaşayan ermənilər bizimlə eyni kökdəndir.

– Qarabağda yaşayan ermənilər necə, onların tarixi haqqında danışaq bir az.

– Vallah, mən o haqda konkret araşdırma aparmamışam, amma onu deyə bilərəm ki, orada yaşayan iki cür erməni olub: birinci qədim alban tayfalarından gələnlər – hansı ki, ermənilər onlara dönmüş ermənilər deyirlər, ikincisi İrandan, Türkiyədən gəlmə ermənilər.

– Türkmənçay müqaviləsindən sonra ermənilərin buraya köçürülməsi prosesi olmuşdu.

– Bəli, olub və bu, birbaşa rusların yaratdığı şəraitlə əlaqədar idi, boş kilsələrə ermənilərin sahib olması üçün. Və elə də oldu, dərhal da həmin kilsələri bərpa edib ibadətə başladılar. Burada o vaxt İslam dövlət dini idi, o kilsələr də boş idi və müsəlmanlar ona dəymirdilər. Bizim xalqın tolerantlığı məhz budur. Düşünürdülər ki, ermənilər gəlib yaşasalar, guya nə olasıdır ki? Kilsəyə qulluq eləməkdə, Allaha xidmət eləməkdə pis nəsə yoxdur. Bütün bunların yekunu olaraq, bu gün, məhz bu gün Azərbaycanda Alban kilsəsi statusu bərpa olunmalıdır. Bu gün üçün bu, ən aktual məsələdir. Niyəsini də deyirəm: Kilsə o vaxt dövlət kimi ərazilərə bölünürdü. Bu ərazi isə Alban kilsəsinin hüquqi (qanonik) ərazisi olub. Çar Rusiyası bu kilsəni, təəssüf ki, erməni kilsəsi kimi tanıdı. Qafqazı isə ümumi rus kilsəsinin bir hissəsi kimi tanıdı. Buna qanonik ərazi deyirdilər.

Baxın, bu gün ermənilər müharibəni uduzub və onlar bu gün istəyirlər ki, işğaldan azad olunmuş əraziləri erməni kiləsinin qanonik ərazisi kimi tanınsın. Mən dəfələrlə görüşlərdə olmuşam, qənaətim budur ki, onlar istəyir ki, ərazi Azərbaycanın olsun, amma rahatlıqla gəlib bu kilsələrdə xeyir-dua versinlər, buranı ziyarət etsinlər. Bu özü gələcək nəsil üçün böyük təhlükədir. Ona görə Azərbaycan o məbədləri bərpa etməklə yanaşı, statusunu da bərpa etməlidir.

Bu gün Azərbaycan Albaniyanın birmənalı varisidir. Bilirsiniz, təkcə Qarabağda deyil, Kiçik Qafqazda, Tovuzda, Qazaxda nə qədər abidələr var.

– Qarabağı başa düşdük, bəs bu ərazilər həmişə əlçatan olub axı. Yaxşı, bəs onları nə qədər öyrənə bilmişik?

– Alban Həvari Kilsəsinə vurulan zərbə təkcə o abidələrin ermənilərə verilməsi deyildi. O əsasnamə çox güclü işlənilmişdi. Orada elmi araşdırmanın əsası kimi təqdimat var idi, məsələn, bir dəfə də olsun, alban adı çəkilməyib, adamlar arasında ictimai mənfi rəy yaradılıb. Azərbaycan ictimaiyyəti arasında xaç və kilsə anlayışını, ümumiyyətlə, xristian anlayışını erməni kimi qəbul etdirmişdilər. Yəni xaç gördünsə, demək, ermənindir. Bilirsiniz, bu nə deməkdir? Bu faciədir. Tək-tük adam olar ki, baxıb deyərsən ki, hə, bu, Alban kilsəsidir, qalan hamısı artıq erməni kilsəsi kimi tanıyırdı. Bizi o irsdən uzaqlaşdırmışdılar. Uzaqlaşdırıblar ki, öyrənə bilməmişik.

– Bəs Alban əlifbası olubmu?

– Alban ölkəsinin Alban xalqı olmayıb. Bu, birmənalıdır. Bura 26 fərqli tayfadan ibarət bir dövlət olub. Yəni Alban dövləti xalqların birləşməsindən yaranıb və ona görə də dövlətçilikdə milli birlik zəif olub. Heç Alban dili də olmayıb. O xalqlar fərqli dillərdə danışıb. Heç bir Alban özünə alban demirdi, hərə öz mənsub olduğu xalqı deyirdi.

Mən azərbaycanlıyam. Amma həm də udiyəm. Alban əlifbası məsələsinə gəlincə, bu əlifbanın erməni əlifbası ilə yaxından uzaqdan əlaqəsi yoxdur. VI əsrdə, yəni erməni əlifbasından çox-çox qabaq Alban əlifbası mövcud olub. Kilsənin zəifləməsindən sonra bu əlifba da, bir növ, sıradan çıxdı, kitablar məhv oldu. Ermənilər də gələn kimi o kitabları məhv elədilər, çoxunu öz dillərinə çeviriblər. Məsələn, Musa Kalankatlının kitabı ermənicədir. Onun orijinalı yoxdur, məhv ediblər. Orada elə mətləblər var ki... Cavanşirin ölümünə mərsiyə var, məsələn. Yəni Alban əlifbası ilə erməni əlifbasının heç bir əlaqəsi yoxdur.

– Bu mövzu bizdə araşdırılıb?

– Əslində, hə, amma necə, bilmirəm. Bunun üçün ciddi kadrlar lazımdır. Dil bilmək lazımdır, qədim qrabarı bilmək lazımdır və bunlar mütəxəssis rəyi kimi formalaşmalıdır və dünyaya tanıdılmalıdır.

– Tarixçi Fəridə Məmmədova albanları türk saymırdı. Sizin fikriniz nədir?

– Bilirsiniz, bu mənim mövzum deyil. Mən Fəridə xanımın bir tezisini qəbul edirəm ki, bu gün Azərbaycan xalqının formalaşmasında türkdilli, farsdilli, qafqazdilli xalqların rolu olub. Bu birmənalıdır. Bu gün Qəbələdə yaşayan adamla Yevlaxda, yaxud digər bölgələrdə yaşayan azərbaycanlıların antropoloji quruluşunda fərqlilikləri görürük. Çünki ideal millət anlayışı yoxdur, hamısında müəyyən təsir məsələsi var. Digər məsələlərə isə toxunmaq istəmirəm, çünki ümumiyyətlə, xalq kim olduğunu, öz etnogenizini özü seçməlidir.

– Sizin icmanız tərəfindən Alban tarixi haqqında elmi əsər yazılıb?

– Bəli, xeyli kitablarımız var. Cənab Prezidentin dəstəyi vasitəsilə elmi əsərlər, uşaq kitabları, lüğətlər, dərsliklər buraxıldı və eyni zamanda, dini yöndə əsərlər yazılmaqdadır. Hətta İlahiyyat İnstitutunda yeni bir kurs açıldı. Bu, Xristianlıq kursudur. Sonra Nic qəsəbəsindəki “Müqəddəs Məryəm Ana” kilsəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olundu – 2020-ci ildə. Bütün bunlar dövlət tərəfindən dəstəkdir. Bizim üçün, eyni zamanda, dəyərli olan Azərbaycan vətəndaşlarının bizə olan qayğısıdır. Bu çox sevindirici haldır.

– Alban Apostol Avtokefal Kilsəsinin hüquqi varisi Alban-Udi dini icmasıdır. Onun təzədən müstəqillik qazanması üçün işlər görülürmü və bu istiqamətdə bizim bilmədiyimiz hansı maneələr ola bilər?

– Çox yaxşı sualdır. Ümumiyyətlə, avtokefal sözünü çalışın ki, işlətməyin. Niyəsini deyirəm. Avtokefal odur ki, müstəqillik alırsan. Misal üçün, o vaxt Kiyev-Rus dövləti Konstantinopoldan xeyir-dua alıb. Sonra onların ardınca bolqarlar, makedonlar özlərinə dini müstəqillik almaq üçün müraciət edib ki, mən öz din xadimimə özüm xeyir-dua verim. Buna tomos deyirlər. Kilsə də gördü ki, məsafə uzaqdır, ona görə razılıq verdi. Balkan albanlarına, makedonlara, bolqarlara, yunanlara dini müstəqillik verdi və bu da avtokefal kilsələrinin yaranması demək idi. Elə bil ki, ata öz övladlarına deyir ki, gedin özünüz evlənin, özünüz özünüzə xeyir-dua verin. Dediyim odur ki, bu gün Alban kilsəsinin müstəqillik almaq kimi bir ehtiyacı yoxdur. Heç gürcü kiləsinin də ehtiyacı yoxdur. Niyə? Çünki biz Həvari kiləsiyik, biz Qüdslə bağlıyıq. Bu baxımdan, bu müstəqilliyə bizim ehtiyacımız yoxdur. Onsuz da bizim avtokefallığımız var. Bizdə sadəcə din xadimi təyin etmək üçün müəyyən bir xeyir-dua prosesinə (xirotoniya) ehtiyac var. Hazırda onu icra edə bilmirik. Çünki bizdən qabaq olan din xadimi yoxdur deyə, bu ardıcıllıq pozulub. O mənim başıma əlini qoyub xeyir-dua verməlidir. Amma yoxdur.

– Musa Kalankatlı “Alban tarixi” əsərində Yerusəlimdə Alban kilsələrinin olduğunu yazırdı. Hazırda Yerusəlimdə erməni məhəllələrinin olduğunu nəzərə alsaq, o kilsələrin erməniləşdirilməsi məsələsi olubmu? Bu haqda hansısa konkret faktlar varmı? Ümumiyyətlə o kilsələrin yenidən üzə çıxarılması Alban kilsəsi kimi təqdim edilməsi istiqamətində hər hansı addım atılıbmı?

– Bəli, mən özüm orada çox olmuşam. Azərbaycan Xarici İşlər Nazirliyi qarşısında bu barədə məsələ də qaldırılıb. Bu barədə işlər görülür, amma İsraildə səfirliyimiz yoxdur deyə, bir az çətindir. Bilirsiniz, oradakı abidə Müqəddəs Yelisey ilə bağlıdırsa, demək, Albanlarındır. Bu, birmənalıdır. Məsələn, Müqəddəs Yelisey ancaq Albanlarla bağlıdır. Və buna ermənilər müdaxilə edə bilmir. Din xadiminin adına olan kilsəyə müdaxilə eləmək olmur. Amma sizin dediyiniz hallar da var, bu haqda biz məsələ qaldırmışıq, amma, təəssüf ki, orada səfirliyimiz yoxdur deyə, məsələ bir az axsayır.

Foto: Sabir Məmmədov

# 3454 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #