Onu elə söydüm ki - Nihat Pir yazır...

Onu elə söydüm ki - Nihat Pir yazır...
8 yanvar 2022
# 12:30

Kulis.az Nihat Pirin “Dostumun zəngi, ilk bayram təbriki və qonşunun pişiyi” adlı yazısını təqdim edir.

Bu bayram da ilk təbrik edənim çox uzaq tanışlardan biri oldu. 29 dekabr gecə saat on ikiyə on beş dəqiqə işləmiş gələn zəngi əvvəl açmaq istəmədim. Ümumiyyətlə, zənglərə qarşı qəribə bir qorxum yaranıb. Hətta tanıdığım, adını telefona qeyd etdiyim adamların belə zəngini bəzən açmıram. Daha doğrusu, aça bilmirəm. Telefon çağıra-çağıra eləcə gözümün önündə qalır və mən bu durumu sadəcə müşayiət eləməklə kifayətlənirəm. Ta ki bir müddət sonra özüm geri zəng edənə qədər. Səbəbini hələ ki özüm də bilmirəm. Bilsəm, digər yazılarda mütləq şəkildə qeyd edəcəyəm.

Xülasə, çox kiçik tərəddüddən sonra zəngi açdım.

Adətidir. Həmişə əvvəlcə öz ali yumor hissini işə salır, ya polis şöbəsindən, ya xəstəxanadan, ya da ki heç ağlıma gəlməyən bir yerdən zəng etdiyini deyir və ardından yenə də öz ali uydurmalarından birini edib problemi danışır. Yuxarıda dediyim zəng məsələsinə həssaslıq dövrümə tuş gələn bu hal bu dəfə əvvəlki kimi sıradan olmadı.

Çox qorxdum.

Şöbəyə çağırırdı məni. Amma qorxduğumu görüb söhbəti tez dəyişdi. Və o canlar alan gülüşünü işə salıb telefonun o biri başında elə şaqqanaq çəkdi ki, mətbəxdəki qaz sobasının üstündəki çaydanın qapağı üç dəfə qalxıb düşdü. Ardından “mənəm” dedi. Mən isə hələ ki, üzərimdəki şok effektinin təsirində idim. Və onun kimliyini dəqiqləşdirə bilmirdim. Telefonun o biri başında nə danışırdı, bilmirəm, amma hər sözündən sonra elə gülürdü ki, çaydanın bu gedişlə sobanın üstündən yerə düşəcəyini yəqin edib ayağa qalxdım və “Kimsən sən?” – deyə sual elədim. Yenə də “mənəm” dedi. Cavab vermədim və bu dəfə, nəhayət ki, zarafatının nə qədər yersiz olduğunu başa düşüb adını dedi və növbəti dəfə susmağımın ardından harada və necə tanış olduğumuza, ortaq tanışlarımıza qədər hamısını bir-bir saydı.

Hələ də susurdum. Çünki, həqiqətən, çox qarışıq və qəribə hisslər keçirirdim. Bir ara istədim ki, adamı ən pis, ən ağır və ən ağılalmaz şəkildə söyüb telefonu söndürüm. Elə söyüm ki, bir ömür boyu onu necə söydüyümü düşünsün, xiffət çəksin, tapa bilməsin, axırda çar-naçar yenə də mənə zəng eləsin və mən yenə də onu söyüm. Bəlkə, onda bir az hirsim soyuyardı, amma qıymadım.

Təxminən, üç-dörd dəqiqəlik qarşılıqsız dialoqumuzun ardından peşman olduğunu hiss elədim, hətta o dərəcədə ki, azı, on dəfə “Sən Allah, bağışla” dedi. “Bir az içkiliyəm, dedim, yığım görüm neynirsən...”

Günahını heç nə ilə yuya bilmədiyini görüncə yaxşı bir lətifə də danışdı. Düzünü desəm, lətifəni sonradan xatırlayıb bir xeyli güldüm. Bəlkə də, indiyə qədər eşitdiyim ən yaxşı lətifə idi, amma bədbəxtlikdən çox pis vaxtıma düşmüşdü. Lətifəni bitirər-bitirməz növbəti dəfə şaqqıldadı və nəhayət, istədiyinə nail oldu.

Yox, məni danışdırmadı, sobanın üstündəki çaydanı yerə saldı.

Mətbəxin qapısını açıb eləcə donub qaldım. Qonşunun pişiyi idi. Bir xeyli baxışdıqdan sonra pişiklərin utanc hissi olmayan yeganə canlı olduğunu xatırlayıb və telefondakı məlum əhəmiyyətsiz zarafatın sahibini birləşdirib söyüşü söyüşə caladım. Pişik mətbəxdən çıxmağa yer axtarır, özünü gah pəncərəyə, gah balaca nəfəsliyə, gah şkafın altına, üstünə çırpır, mən söyüş içindən söyüş çıxarır, üst qonşu isə gecənin bu vaxtı drellə qayğanaq qarışdırırdı. Pişik özündə hünər tapıb ayaqlarımın arasından zala, oradan da otağıma keçdi ki, telefondakı dostumun titrək səslə “Vay, dədəm, vay” deməyini eşidib az-maz gülümsədim. Çünki ikimiz də bilirdik ki, söyülən təkcə pişik deyil.

– Sən Allah, məni söyürsən? – deyib 55-60 yaşlı yeyib-içən daydaylara xas xırıltı səs çıxardı. Bu xırıltılı səs nədənsə məni yumşaltdı və elə özümü hazırlaşdırıb ona cavab verəcəkdim ki, qapı döyüldü.

Qonşu idi.

– Bizim pişik sizə deyil ki? – deyirdi. Başımla “Bizdədir”ə işarə elədiyim vaxt pişik növbəti dəfə ayaqlarımın arasından keçib qapıdan çıxdı və o vurhavurda qonşumun “Bayramınız mübarək” deməyə macal tapmasıyla məsələ yekunlaşdı.

Bunu eşidən telefondakı dostumuzun yadına, nəhayət ki, zəngin mahiyyəti düşdü.

– Bayramın mübarək, sənətkar! – dedi. – Bayaqdan başımız qarışıb pişiyə, söyüşə, qarğışa... təmiz yadımdan çıxıb. Eşitdim, bayramı Bakıdasan, sabah sizdəyəm, əlidolu olacam, nigaran qalma.

Artıq yumşalmışdım.

Xülasə, ordan-burdan danışıb, onun əhəmiyyətsiz soyuq zarafatlarını növbəti dəfə yad eləyib, sabah saat üç üçün bizdə görüşəcəyimizi planlaşdırıb sağollaşdıq.

Üst qonşunun dreli sakitləşəndən sonra yan qonşunun pişiyi tənbeh eləməsi sədaları ilə yatmağa çalışdım, amma yenə olmadı, neyləsəm də, səhərə qədər beynimi girinc edən sualdan yaxa qurtara bilmədim: Qapı bağlı, pəncərələr bağlı, balkon bağlı, hətta mətbəxdəki o balaca nəfəslik də bağlı...

Bəs, görəsən, qonşunun pişiyi evə necə girmişdi?

# 2155 dəfə oxunub

Müəllifin son yazıları

# # #