Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə

Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
7 may 2021
# 15:21

Kulis.az gənc yazar Nihat Pirin “Artıq gecdir” hekayəsini təqdim edir.

Miriş dörd qardaşdan ən kiçiyi, həm də elə ən fərasətsizi idi. Oxumadı, sənət-peşə sahibi olmadı, düz 20 yaşına kimi avara-avara gəzdi. Əsgərlik yaşı gəlib çatanda isə ona belə yararsız oldu. Ayağının altı düppədüz idi. Bütün işlərinə inad kimi.

Günlərin bir günü, lap elə dəqiq desək, Xudu müəllimin qırx mərasimi günü, nəhayət ki, Mirişin də bu monoxron həyatında günəş özünü göstərdi. Düz 14 ildir, ayağı kəndə dəyməyən, amma bu illər ərzində Moskvada 5 kişidən birinə dönən Vedik onu özüylə Moskvaya aparacağına söz verdi.

- Mənə düz adam lazımdı, Miriş. Lap elə sənin kimi! - demişdi Vedik. Ondan sonra Mirişin yelinə durmaqmı olardı? Qoltuğunun altı elə qarpızlandı ki, day heç kəsin buyruğuna getmədi. Kəndin xeyir-şər məclislərində Mirişin boynunun vəzifəsiydi axı yemək daşımaq, çay aparmaq, stol gətirmək… Xeyir iş demiş, Mirişə kənddə heç qız verən də yox idi. Xülasə, atasına - Mirabbas kişiyə bunu deyəndə əvvəl inanmadı, elə bildi, yenə uşaqla zarafat edirlər. Ta ki Vedik özü Mirabbasgilə təşrif buyurana qədər.

- Mirabbas kişi, məni yaxşı tanıyırsan. Məndən yaxşı dədəmi də tanıyırsan. Biz правильные люди da... Allah elə gətirib ki, əlim burda yox, orda gətirib, işimi orda qurmuşam. Çölçülükdə də ki, özün mənnən yaxşı bilirsən, adamın ən zəif yeri доверность məsələsidir. – Mirabbas kişinin sual dolu baxışlarını görən Vedik əllərini yana açdı. – Yəni, etibar! Ver Mirişi mənə, oğlunu bəy balası kimi dolandırım! Narahat olma, он всегда вудет завотиться о вас. - Vedik samovar çayından içə-içə, altdan-altdan evin uçuq-sökük divarlarına baxır, Mirabbası yola gətirməyə çalışırdı. Düzü, Vediki başa düşməsə də bu iş elə Mirabbasın da ürəyincə idi. Vediki kənddə kim tanımırdı ki… Kənd nədir, hətta bütün Rusiyada. Amma özünü sındırmırdı.

- Bilirsən, oğul, Miriş mənim ciyərparamdı, - bu dəm kənarda oturub ayaqqabıların bağları ilə oynayan Mirişin nırçıltısı eşidildi. Bu, Mirişin atasına qarşı eləyə biləcəyi ən radikal etiraz üsulu idi. - Vaxtında oxumadı, oxuda bilmədik, bir az ceydən çıxdı. Amma noolsun, nə içir, nə çəkir, vallah, indiki zamanada belə cayıl tapmaq olmaz. - Mirişin sifəti gül kimi açıldı.

- Знаю, Mirabbas kişi, знаю! - Mirabbasın da axır ki, başa düşdüyü bir söz oldu. Az qaldı ki, Vedikin sözünü kəsib “hə, bax bunu başa düşdüm” desin. Birtəhər, özünü cilovladı. Vedik davam edirdi. - Elə mənə də bax belə чистый adam lazımdı. Sən Rassiyanı yad yer bilmə, narahat olma, evimin bir otağını verəcəm ona. Mənnən yeyib, mənnən yatacaq.

Söhbət elə bir məcrada davam eləyirdi ki, Mirabbas kişinin razılaşmaqdan başqa yolu yox idi. Çox naz eləyib söhbətin şitini də çıxarmaq istəmirdi.

- Yaxşı, Mirişi verdim sənə! – Mirabbas kişi ayağa qalxıb Vedikə əl uzatdı. - Ay arvad, çayları təzələ!

Vedik Mirabbasın əlini ikiəlli sıxıb “нет никакой нужды” – dedi. - Biz gedək bunun passport işlərini həll edək, bildiyimə görə, ASAN xidmətdə 3 günə həll eləmək olur, не так ли, Miriş? - deyib Mirişə sarı çevrildi. Miriş əllərini yana açıb boynunu bükdü: “Mən nə bilim?!”

Hə, bax beləcə bizim Miriş dönüb oldu "Rusyet adamı". Çöl-bayır nədir gördü, pul qazanmaq nədir gördü, ən əsası isə həyat nədir - hamısını gördü.

İndi Miriş 5 ildən çoxdur ki, Vedikin Moskva bazarlarındakı obyektlərinə mal paylamaqla məşğuldur. Düzü, əvvəl çox aldanırdı. Hesab-kitabı öyrənənə kimi əskikləri xırtdəkdən idi, amma Vedik bütün bunları görməzdən gəlirdi. Həmin satıcıları elə Mirişin gözünün qabağındaca iti qovan kimi qovub Mirişə inandığını göstərirdi. Axır nəhayət, aldana-aldana Miriş də dönüb oldu bazar adamı. Loru dillə desək, sırtıldı. Üzü üzlər gördü Mirişin. İndi Mirişi aldatmaqmı olardı?

Amma dünən Vedikdən aldığı tapşırıq heç ürəyincə deyildi. Belə ki, Miriş Vedikin Ramenskidəki obyektlərinə baş çəkməli, bir müddət orda Vedikin adamı olan erməni Arakellə bir evdə qalmalı, onunla işləməli idi.

- Bax, mənə qulaq as, bura Rusiyadır, Azərbaycan deyil, Miro. Burda правила başqadır. Sənin fikrin özümüzkülərə getməsin. Çöldə-bayırda bir adam ki işinə yaradı, vəssalam, onnan bərk yapış, не отпускай! Burda hamının dərdi çörəkdir, düşmən qaldı səngərdə. Понял?! - Vedik onu yola salanda yaxşı-yaxşı tapşırmışdı.

Əvvəl heç üz vermədi erməniyə. Dindirib danışdırmadı. Amma erməni ki erməni. Dilə nə gəlib? Hər axşam yemək yeyə-yeyə Mirişi altdan-altdan süzür, əməlli başlı dilxoşluq edirdi.

- Ara, mən düz 11 ildir, Vediki tanıyıram, Vediklə işləyirük. Soruş gör, mən ona bir dəfə də olsun, xəyanət eləmişəm, ara? Öz kəndçisi Samedik atmışdı ona, xa-xa-xa, Samedik e, suka, öz kəndçisi…

Miriş Səməd haqq-hesabını da yaxşı bilirdi. Gələndə yolda Vedik danışmışdı. Düz 2 milyon rubl atış gəlmişdi Vedikə. Vedik xəbər tutanda isə gec idi, qaçıb getmişdi Ukraynaya. Vedik də kəndə - dədəsinə xəbər göndərdi ki, oğlun namərd çıxdı, Qasım kişi! Onu sənə bağışlayıram, yoxsa ki, mənim “kliçka”mı bütün Rassiya bilir. Eybi yoxdur, qurban olsun sənə, mənim adımdan tüpürərsən üzünə!

Doğrudan da, Vedik Rusiya bazarlarında “kliçka”sı ilə tanınırdı. Miriş bu “kliçka”nı Moskvaya gələn günü öyrənmişdi. Hətta gözüylə görmüşdü. Ondan sonra düz bir ay hər gecə yuxuda həmin hadisəni görüb tər-su içində oyanırdı.

Həmin ərəfələri Vedikin ərazisində oğurluq olmuşdu, həm də külli miqdarda. Təsadüfdən, oğrunu Miriş gələn günü tapıb gətirdilər. Üzü-gözü al-qan içində olan adamı gətirən kimi Vedikin əlinə-ayağına düşüb yalvardı. Elə ağlayırdı ki, Miriş az qala, qoşulub ona ağlayacaqdı. Heç denən, Vedikin tükü tərpəndimi? Qəti! Vedik onu itələyib ayağa qalxdı, siyirmədən qayçını götürüb Mirişə göz vurdu.

- Miro, qulaq kəsə bilirsənmi? Xa-xa-xa!

Miriş dinmirdi, gözləri bərəli, ağzı açıq şəkildə gah Vedikə, gah yerdə yalvaran o yazığa, gah da ki, onun başının üstünü kəsdirən boynuyoğunlara baxırdı. “Ay Allah, mən hara düşmüşəm?”

Vedik oğlanı saçından yapışıb qaldırdı, “ещё не родился тот кто обманывал Ведика”- deyib qulağını kəsib dürtdü ağzına. Oğlanın bağırtısı isə günü bu gün də Mirişin qulaqlarından getmirdi. Miriş o gecəni səhərə kimi qulaqlarından yapışıb həmin dəhşəti fikirləşdi.

- Hаучишься, Miro, научишься!- deyirdi Vedik.

Miriş ondan sonra öyrəndi ki, Vediki bütün Rusiya bazarlarında “uxorez” (red. – qulaq kəsən) kimi tanıyırlar. Vedikə ilişmək, Vedikə atış gəlmək olmazdı. Olardısa, qulağını qurban verəcəksən. Əvvəl-əvvəl bu Mirişi qorxutsa da, sonradan Vediklə işlədiyinə görə özüylə fəxr eləməyə başlamışdı. Həm də canı-cəsədi olmayan Mirişdən Vedikə görə it kimi qorxurdular axı…

***

- Ara, sən mənim canım, gəl bir tikə çörək ye! – Arakel yenə şirin dilini işə salmışdı.

- Mənim adım Mirişdir! - Miriş arxaya baxmadan əsəbi şəkildə dilləndi.

- Təmiz yadımdan çıxıb, ara, heç soruşmamışam, bağışda, mən də Arakel. – Arakel tez bazar əllərini silib Mirişə yaxınlaşdı, əl uzatdı. Miriş də candərdi onun əlini sıxdı.

İş elə gətirdi ki, Miriş 6 ay Arakellə bir yerdə qalmalı oldu. Məcbur dolandılar. Məcbur da deyirəm, sözün düzü, əməlli başlı yoldaşlıq edirdilər. Arabir Vedik gəlib baş çəkirdi, tapşırıqlarını verib yenə yoxa çıxırdı. Vedik bir yerdə qalmırdı ki…

- Ara, deyəsən, işdər fırıxdı. Vediki yenə aldadıblar, bu dəfə söhbət qulağlıq deyil… - deyirdi Arakel. Amma nə Mirişin, nə də ki Arakelin Vedikin işlərinə qarışmağa ixtiyarı yox idi.

- Siz öz işinizi правилно aparın, qalanı sizlik deyil! - deyirdi Vedik.

Arakel həm də Mirişə araq içməyi, hərdən bir də rus qızlarıyla eşq-məhəbbət macərası yaşamağı da öyrətmişdi. “Ara, bu rus qızdarı ölür biz qaralardan ötrü!”

Düzdür, arabir, atışırdılar, mübahisə edib bir-birlərini söyürdülər. Amma həmişə siyasi söhbətləri Miriş uduzurdu. Miriş nə bilir axı siyasət nədir?

***

Dünən gecə yaxşı içmişdilər. Odur ki, Miriş bu gün bir az gec oyandı. Oyanan kimi bütün rus kanallarının bar-bar bağırdığı xəbəri eşidib qulaqlarına inanmadı. Amma sonra internetdən qoşulub Azərbaycan kanallarını da nəzərdən keçirdi. Xəbər dəqiq imiş. Müharibə başlamışdı.

Vedik demiş, hər şeyin çöl qaydalarına uyğun davam elədiyi bir məqamda belə bir xəbər Miriş üçün həm gözlənilməz, həm də çox sarsıdıcı idi. Nə sevinə bilirdi, nə də ki, üzülə. Hər iki hissdən məhrum hiss edirdi özünü. Haqqı yox idi, sanki.

- Görəsən, Arakel da eşidib? - bir anlıq fikirləşdi. - Bəs Vedik?

Arakel evdə deyildi. Adətən, səhər tezdən 5-də oyanıb bazara gedirdi. Axşam haqq-hesabını isə Miriş aparırdı.

Telefon zəng çaldı. Atası idi.

- Hə, dədə, hə, hə, bilirəm, indi baxdım. Nə!? Doğrudan!? Zamiqi!? Bıy!.. Allah kömək olsun, dədə, nə deyim?!

Mirişin qanı lap qaraldı. Qardaşını da aparmışdılar. Zamiqi. "Bir qardaş orda erməniyə güllə atır, bir qardaş da burda erməniylə çörək kəsir. Tfu!" - Miriş özü-özünü yamanladı. Vedikə zəng elədi, ağzını aramaq istədi. Onunsa dünyadan xəbəri yox idi. Başının qarışıq olduğunu, sonra ona zəng edəcəyini deyib dəstəyi asdı. Axşama kimi heç zəng də eləmədi. “Görəsən, indi kimin qulağını kəsir, uxorez müəllim?”- öz-özünə deyindi.

…Axşamı evə gələndə Arakelin də qanının qara olduğunu görüb bir az yüngülləşdi. Elə bil, bu yükü tək çəkməyə gücü çatmırdı. Arakelin də narahat olması ona təsəlli verirdi.

- Ara, Allah haqqı, mən heç əsgərdə də olmamışam, nəyə lazımdı axı, ara? Biz yoldaşıq... – Arakel dil-ağız eləyirdi. - Biz min illərdi, qonşuyuğ!

Miriş birinci gecəni sadəcə "yatıram" deməklə kifayətləndi.

Səhəri gün ertədən oyanıb çıxıb getdi. Ondan sonra da axşamlar Arakel yatandan sonra gəlirdi. Hətta son iki günü evə də gəlmədi, Nastyagilə getdi, onunla qaldı. İndi də onlarda idi. Arakeldən zəng gəlirdi.

- Ara, xardasan iki gündür? Mənə bax, gəl evə, balıq almışam, vuraq, sabax ad günümdü.

Oturdular, gecə boyu yedilər-içdilər. Amma Mirişin üzü heç gülmədi. Səhər atasıyla danışanda atası Zamiqdən neçə gündür, xəbər ala bilmədiyini demişdi.

- Ara, siz türklər, kinlisiz, ara. Biz ermənilər həmişə yaxşı qonşu olmuşuğ.

- Hə, çörəyi dizinizin üstdə namərdsiz siz! - Miriş əsəbi şəkildə cavab verdi.

- Ara, sən heç tarix kitabı zad oxumamısan? Siz türklər başdamusuz. 1915-ci ilin 27 mayında türklər Anadoludakı bütün erməniləri sürgün eləməyə başlayıb. Anadolu e, ara! Öz torpağımızdan! Guya biz türklərə silah çəkmişük, üsyan eləmişük. Xamısı bəhanə! Uşağ bilmədilər, qoca bilmədilər… - Arakel biz az ara verdi, əllərini üzünə tutub bir neçə dəfə burnunu çəkdi. – Ondan sonra da sürgündə xamısını qırdılar… Yazığ qardaşlarım… - Arakel başını masanın tininə söykəyib içini çəkməyə başladı.

- Elə şey olmayıb... – Mirişin, əslində, verəcək cavabı yox idi. Sadəcə təslim olmağa vicdanı imkan vermirdi. Həm də içində bütün bunların başdan-başa yalan olduğuna qəti əminlik vardı. Arakelsə elə xoda düşmüdü ki, dayanmaq bilmirdi.

- Ara, sən mənim dediklərimə inanmırsan. Mən səni başa düşürəm. Mən kiməm ki? Fağır bir erməni. Bəs tarix, bəs kitablar?

- Hansı kitablar? - Miriş məyusluqla soruşdu. Arakel bir-iki erməni tarix kitabının adını çəkib ayağa qalxdı. Əlinin arxasıyla gözlərini silə-silə:

- Ara, sən kitabı-zadı boş ver, mən bunu içirəm, şəxsən, sənin sağlığına! – Rumkanı bir uduma başına çəkdi. - Mən tualetə gedim, gəlirəm. Sən süz.

Arakel masadan qalxan kimi Miriş arxa cibindən balaca bir şüşə çıxarıb içindəki toz məhlulu Arakelin kompot stəkanına boşaltdı. Heç bilmirdi nədi, Moskvadan gələn günü hər ehtimala qarşı siçan zəhəri adıyla almışdı. Toz Arakel masaya gələnə kimi kompota qarışmışdı.

- Ara, bax sənə diyirəm, öz canimçün, mənim üçün fərqi yoxdur. Yaxşı adamın milləti olmur. Vedik tanıyır, bizim burdakı işlərin o biri ortağı da türkdür. Adı nəydi görüm, hə, Mahmut. Çöldə düşmən ancaq sənə xəyanət edəndir, ara. Samedik kimi. – Arakel ermənicə söyüş də söydü.

- Ara, mən bunu içirəm bizim dosduğumuzun sağlığına! Qafqazda həmişə dosduğ olsun! Mən səni bağışdayıram! Götür! - Arakel rumkanı boşaldıb barmağının başını burnuna tutub ufuldadı, kompota dəymədi. Miriş də özünü şübhələndirmədi, o da eynilə rumkanı boşaldıb balıqdan bir tikə qopardı. Amma sonuncu sağlıqdan sonra içində qəribə bir peşmanlıq yaranmışdı.

- Ara, bax mən sənə diyirəm. Vaxtın olanda tap, oxu. Türklər nələr edib. Bu, tarixdir. İndi sizün dava elədiyiniz o torpaqda da, Şərqi Anadoluda da, Qarabağda da həmişə ermənilər olub, yaşayıb. Həmişə! Erməni xalqı böyük xalqdır!

- Yalandır! - Miriş top-tüfəngin qabağına daş-dəmbəylə çıxmışdı, elə bil. O baş açmırdı tarixdən, kitablardan, illərdən. Hətta bir ara öz-özünə sual da verdi: görəsən, etnik təmizləmə nə deməkdir? Nə bilsin Miriş? Onun bildiyi bircə şey vardı: Azərbaycanın 20 faiz torpağını ermənilər işğal edib.

- Ara, nə yalanı? Türklər həmişə belədir, ara. Özlərinə sərf eləməyən şeyləri qəbul eləmək istəmirlər. Yalan olsaydı dünya bunu qəbul eləyərdi?

Miriş dinmirdi.

- Ara, - Arakel əlini Mirişin əlinin üstünə qoydu. - Gəl bunu da içək sülhün sağlığına! – Sonra da Mirişi gözləmədən dərhal rumkanı başına çəkdi. Ardınca kompotu götürmək istəyirdi ki, Miriş özünü saxlaya bilmədi, bir hərəkətlə stəkanı vurub Arakelin əlindən saldı. Stəkan divara dəyib çilikləndi.

- Ara, sən neynədün? - Arakel təəccüblə soruşdu.

- Arakel, şələ-şüləni də yığ dur rədd ol bu evdən! Yoxsa, dədəmin canı, səni öldürəcəm!

- Ara, sən nə danışırsan? Biz...

- Arakel! - Miriş əlini masaya vurub ayağa qalxdı. - Yarım saat sonra qayıdıb səni burda görməyim! - Miriş paltosunu götürüb qapını çırpdı. Küçəni keçib birinci döngədəki kafeyə girdi, pivə sifariş elədi, ardınca Vediki yığdı. Zəng çatmırdı. Ürəyində onu da söydü.

- Uxorez alçaq!

Ömründə siqaretin dadının nə olduğunu bilməyən Mirişin ürəyindən siqaret keçdi. İçini soyutmağa nəsə tapmırdı, elə bil. Yan stollardan birinə yaxınlaşıb siqaret aldı. Yandırdı. Bir qullab vurmuşdu ki, öskürək tutdu. Amma tüstünün dadı ona lap ləzzət elədi, dalbadal iki-üç qullab alıb kürəyi üstə yayxandı. Amma bu ləzzət də çox çəkmədi. Birdən mədəsində qəribə yanma hiss elədi. Pivəni götürüb başına çəkmək istəyirdi ki, yanma hissini şiddətli bir sancı əvəz elədi. Elə bir sancı ki, Miriş yerindəcə ikiyə bükülüb qaldı. Sonra mədəsini ovuşdura-ovuşdura, birtəhər, ayağa qalxıb özünü bayıra atmaq istədi, amma bacarmadı. Əvvəlcə stuldan sürüşüb dizləri üstə çökdü, sonra isə böyrü üstə yıxılıb eləcə hərəkətsiz qaldı.

Kafedə səs-küy qopmuşdu, hərə bir qolundan yapışıb Mirişi bayıra sürüdülər. Ofisiant təcili yardıma zəng vurdu.

Təcili yardım həkimi gələnə kimi bütün küçə kafenin qabağına toplaşmışdı. Yaxınlıqdan polis maşının səsi də gəlirdi. Hamıya nə olduğu maraqlı idi. Həkim yaxınlaşıb Mirişi yoxladı, dodağının qırağından süzülən ağ köpüyə, göyərmiş sifətinə baxıb başını buladı:

- Уже поздно, он умер! Его отравили…

# 9187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #