Müğənni Nəfəsə qulaq asanlar

Müğənni Nəfəsə qulaq asanlar
1 may 2023
# 15:31

Kulis.az Nihat Pirin “Nəfəslik” adlı yeni yazısını təqdim edir.

Uzun müddətdir, tək yaşayıram. Təkliyi həyat tərzinə çevirməyi bacarmışam. Hər şeyim tək adamlıqdır. Yeməyim də, çayım da, suyum da, həftəlik, aylıq tələbatım da. Hətta atdığım zibil də.

Məsələn, üzbəüz qonşu hər səhər işə gedəndə iki torba zibil çıxarır, çünki üç nəfərdirlər. Ər, arvad və uşaq. Mən təkəm. Zibilim balaca olur, bir ovucluq.

Bu illər ərzində çox ev dəyişmişəm, hələlik hazırda yaşadığım ev qədər rahatı olmayıb. Şəhərə də yaxındır. Bircə problemi odur ki, mətbəxdə bişən yeməyin qoxusunun digər otaqlara keçməsinin qarşısını heç cür ala bilmirəm. Yaxşı yemək bişirməyim var. Ən belə oturuşmuş kənd qadınları kimi. Bacarıqlıyam. Məişətdə də ütü istifadə eləməkdən başqa hər şeyi bilirəm. Amma yeməyin ki qoxusu digər otağa keçdi, vəssalam. Mən öldüm. Buna dözümüm yoxdur. Yemək bişirdiyim paltarımı yeməyi bişirdikdən sonra çıxarıb yuyuram. Ümumiyyətlə, məni yemək qoxusunun olduğu otağa salıb ağzımı bağlasalar, orada ölərəm. Çox çəkməz, uzağı 25 dəqiqə.

Bir müddətdir, mətbəx üçün yeni çarə modeli tapmışam. Pəncərəni açanda çox səs-küy olur deyə, nəfəsliyi daimi açıq saxlama metodunu kəşf eləmişəm. Yay, qış, yağış, qar, günəş – fərq eləmir, o nəfəslik daima açıq qalır. Beləcə yemək bişirəndə mətbəxin qapısını bağlı saxlayıram, nəfəsliyi açıq. Üstəlik, o nəfəslik günboyu da açıq qalır deyə, qoxu zamanla sovrulur.

Ötən gün Nəfəs adlı müğənninin hansısa bölgələrin birində fanatları ilə görüşdüyünü gördüm. Çox acınacaqlı vəziyyət idi. Yekə-yekə adamlar əllərini-qollarını sallayıb Nəfəsə qulaq asır, onunla paralel mahnısını oxuyur, videoya çəkir, axşam da özlərinin sosial media hesablarına paylaşır.

Dəhşət.

Amma bu yaş həddində olan adamlar üçün nəsə deməyin onsuz da bir mənası yoxdur. Olan olub artıq. O adamlar gediblər. Uçuruma gediblər. O adamlar bu yaşda-bu başda başa düşmürlərsə ki, Nəfəsə qulaq asmaq ayıbdır, heç nə.

O adamlar bu yaşda-bu başda başa düşmürlərsə ki, Nəfəslə bərabər onun mahnısını oxuyub ağlamaq ayıbdır, heç nə.

O adamlar bu yaşda-bu başda başa düşmürlərsə ki, Nəfəs adlı birini müğənni kimi qəbul edib ona heyranlıq hissi duymaq ayıbdır, heç nə.

Mənim ən çox diqqətimi çəkən fanatların içərisində 15-20 yaş aralığında olan oğlan-qız uşaqlarının çoxluğu idi. Eyni mənzərə Damlanın konsertlərində də olur. Şəbnəmin də. Hansı ki bu adamlar 5-6 il sonra artıq cəmiyyət üçün “kimsə” olacaqlar. Müstəqil həyat adlı bir mərhələdə müstəqil bir fərd olacaqlar. Özləri qərar verməli olacaqlar. Özləri seçim etməli olacaqlar. Özləri üçün pisi yaxşıdan ayırd etməli olacaqlar.

Amma necə? Nəfəslə?

“Getməyəcəm eşq satılan bazarlara,
Oturmaram eşqə gedən qatarlara,
Məni aparın, dəfn eləyin məzarlara,
Tükənmişəm!
”, – deyən, oxuyan, buna heyranlıq nümayiş etdirən və ən əsası isə, bu mahnını oxuyan adamın fanatı olan adam heç vaxt normal düşünə bilməz.

O adamda mütləqdir ki, nəsə çatışmır. Ya da zamanla çatışmayacaq. Çünki “bazarlara, qatarlara, məzarlara” həmqafiyəsi olan-qalan ağlı, şüuru, düşüncəni məhv eləmək gücündədir.

Bu, təhlükə deməkdir.

Bu, risk deməkdir.

Həmin adamlar təhlükəli sularda üzürlər.

Həmin adamlar risk altındadırlar.

Oxucu deyəcək ki, guya belə hallar ancaq bizdə olur ki? Əlbət ki, yox.

Sadəcə çox incə bir nüansa diqqət kəsilək: biri var, Beyons üçün ağlayıb üz-gözünü cırasan, biri var, Nəfəs üçün.

Biri var, Şakirə üçün ağlayıb üz-gözünü cırasan, biri var, Şəbnəm üçün.

Biri var, Keti Peri üçün ağlayıb üz-gözünü cırasan, biri var, Damla üçün.

Nəticədə heç bir dəyişiklik olmasa da, fərq çoxdur.

Pop kralı Maykl Ceksonun açıq hava konsertlərində olan tüstü kimi adamlar da fanat idi. Onlar Maykl Cekson fenomeninə aşiq idilər. Belə bir insana, belə bir istedada heyranlıq nümayiş etdirirdilər.

Hansısa ifaçını sevmək, onu dinləmək, yeri gələndə 5 manatından keçib konsertinə getmək normaldır.

Konsertdə ifaçıya qoşulub o mahnını oxumaq da normaldır.

Amma konsertdə ifaçı üçün ağlamaq anormallıqdır. İfaçıya baxıb qışqır-bağır salmaq anormallıqdır. Özünü şəhid edib ona toxunmaq üçün əldən-bərədən getmək anormallıqdır.

Fərqi yoxdur, o ya Maykl Ceksondur, ya Nəfəs, ya Beyons, ya da ki, Şəbnəm Tapdıq.

Heç bir fərqi yoxdur.

İnsan, birinci növbədə, özünə hörmət etməlidir. Və özünə hörmət edən adam heç vaxt başqasına toxunub ağlamaz. Onun mahnısını oxuyub ürəyi getməz.

Gedirsə, deməli, o adamın şəxsiyyət problemi var. O adam özünə hörmət etmir, vəssalam.

Yazıya sonluğu elə Nəfəsin dillər əzbəri olan və fundamental fəlsəfi dəyərə malik “A Leyli” mahnısından sitatla bitirirəm:

Sevginin yolunda səndə nökərsən,
Yuxuma hər axşam gəlib gedərsən,
A leyli, leyli, leyli, saldın çöllərə meyli (xorla: iki dəfə)
A leyli, leyli, leyli (xorla: iki dəfə)”

# 3009 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #