Çimnazın yatağına girməyə nə var ki?

Çimnazın yatağına girməyə nə var ki?
6 iyun 2022
# 11:20

Kulis.az Nihat Pirin yazısını təqdim edir.

Aktyor və aktrisanın hər hansısa bir obrazına görə daima xatırlanması, hətta tamaşaçıda nifrət belə yaratması normal və görünən haldır. Məsələn, Qarabağ müharibəsindən bəhs eləyən "Fəryad" filmində əfsanəvi aktyor Məlik Dadaşov erməni obrazını o qədər dəqiqlik və qəddarlıqla canlandırıb ki, tamaşaçının yaddaşında ömür boyu erməni kimi qalıb, erməni kimi xatırlanıb. Aktyor müsahibələrində də deyib ki, sırf o rola görə məni küçədə söyənlər, döymək istəyənlər olub.

Azərbaycanda serial bazarının formalaşdırılmağa başladığı dönəmdə – 7-8 il öncə – "Vicdan haqqı" deyilən bir serial çıxdı ortalığa. Ana dilimizdə seriala ac tamaşaçı bu serialı rahatlıqla və bəh-bəhlə çəkdi qənşərinə. Serialın sujeti də elə qurulmuşdu ki, orta statistik Azərbaycanlı ailəsini özündə əks elətdirirdi. Rusiyaya pul qazanmaq üçün üz tutan bir kişi orada "məcburən" rus qadınla evlənməli olur, əli gətirəndən sonra Bakıya qayıdır, işini-şəraitini qurur. Və hər şeyin pakizə davam etdiyi bir vaxtda həmin rus qadın yanında balaca bir uşaqla gəlir Bakıya. Məhz o rus qadınını Çimnaz Sultanova adlı bir rusdilli qadın oynayırdı. O vaxt üçün Çimnazın ailədağıtma manevrləri tamaşaçıya, bir növ, ləzzət verirdi. Nədən ki, Çimnaz xanım ailədağıtma obrazını və gedişləri ustalıqla oynayırdı. Sanki özünü göstərirmiş şəklində.

Aradan illər keçdi, televiziya yavaş-yavaş ikinci plan aldı, sosial şəbəkələr və yutub kanalları dəbə mindi. Bizim Çimnaz xanım isə öz obrazına sehirli iksir içirdib, gücünə güc qatıb təzədən qoydu ortalığa (Siz "ortalığa qoyulan" nəsnəni öz xəyal gücünüzə görə başqa cür də yoza bilərsiniz).
"Məni hamamda görmək istəyən kişilər çoxdur", "Mən Azərbaycanın seks simvoluyam" tipli "yanıq kateqoriyalı adamların A dərəcəli mövzuları"na müraciət edərək özünə müəyyən bir kütlə topladı. Bekar olanda Çimnaz xanımın mümkün bütün dozaları qəbul etmiş əndamının foto və video nümayişinə gələn rəylərə baxıram: off, ahh, oyy və s.

Maraqlısı odur ki, Çimnaz xanım bu rəyləri görə-görə daha da ilhamlanır. Yəni Çimnaz xanımı həmin ahlar, oflar zərrə qədər də narahat etmir. Əksinə, o, sevinir ki, ölkədə bu qədər yanıq kateqoriyalı adam var və onlar mümkün bütün dozaları qəbul etmiş bu əndamı öz yatağına salmaq istəyir. O sevinir ki, ölkədə bu qədər yanıq kateqoriyalı adam var və onlar günün günortaçağı ona hücum edəcək həddədir. O sevinir ki, ölkədə bu qədər yanıq kateqoriyalı adam var və onlar Çimnaz xanımı çılpaq görməkdən ötrü dəridən-qabıqdan çıxırlar.

Yaxınlarda Çimnaz Sultanova "Çimnazla yataqda" adlı bir veriliş qoydu ortalığa (Təkrar edirəm: siz ortalığa qoyulan nəsnəni öz xəyal gücünüzə görə başqa cür də yoza bilərsiniz). Verilişin formatı odur ki, Çimnaz və qonaq ağ mələfəli geniş taxtda nisbətən rahat geyimdə uzanmalı və müəyyən aktual məsələlərdən danışmalıdır.

Məsələn, ilk qonaq olan Fərda ağ mələfədə və geniş taxtda irəliləyən günlərdə Moskvada baş tutacaq konsertindən danışırdı. Üstəlik, Çimnazı "Sən mənə qulaq asmırsan" şəklində ittiham edib silkələyir də. Çimnaz xanım isə bu silkələnmə effektini daha qabarıq çatdırmaq üçün yanıq kateqoriyalı adamları dəli edəcək səslər çıxarırdı. Arabir "Parçala məni, Məzahir", "Yatağın səsi musiqi alətini xatırladır", "Oy, yataqda da cəsarətlisən" kimi gedişlər edən Çimnaz xanım, hər ehtimala qarşı, verilişin formatını unutmamağı, bir növ, Fərdaya xatırladırdı. Bir neçə dəqiqə sonra isə taxtın üstünə yataq fantaziyalarının ən dəbdə olan aləti şallaq da gəlib çıxır. Və sözün düzü, verilişin bundan sonrakı hissəsinə baxmağa gücüm çatmır.

Ümumiyyətlə, Çimnaz Sultanova yuxarıda bəhs elədiyim serialdakı "Larisa" obrazına çox şey borcludur. Demək olar ki, bu obraz Çimnaz xanımın həyatının mərkəzi nöqtəsini təşkil elədi, onun həyatını dəyişdi, ona eyni obrazı başqa və başqa formalarda ortaya qoymağa (Yuxarıdakı yozum potensialı bu hissəyə də aiddir) başladı. Çimnaz Sultanova bu illər ərzində qazandığı "seksual və dəli edici" obrazı ilə tamaşaçı sevgisi yox, tamaşaçı şəhvəti qazandı. Və bunu dilə gətirməkdən, bununla qürur duymaqdan çəkinmədi.

Verilişin cəsarətli formada təqdimatı normaldır. Bu formatda xarici, xüsusən rus telekanallarında layihələr onlarladır. Sadəcə Çimnaz xanımın hərəkətləri bayağı, görməmiş və sırf yanıq kateqoriyalı adamları cəlb edəcək şəkildədir. Hər hərəkəti, hər sözü, hər çıxardığı səs sırf həmin adamlara hesablanmış və onları, sözün əsl mənasında, zəncir qırmağa məcbur edəcək formadadır.

Çimnaz xanım verilişində ancaq və ancaq pornodan, yataqdan, ehtirasdan danışsa, daha səmimi alınar, nəinki bu şəkildə. Sözün düzü, söhbətin bu məcrada davam edib-etməməsi qonaqlardan bilavasitə asılıdır. Hansısa bir verilişdə rəqqasənin ombasını oynatmasına baxmamaqdan ötrü divanın altına girən Fərdanın Çimnazın yatağında Moskva konsertindən danışması normaldır, amma gülməli və bayağıdır.

Yazıya nə cür xitam verəcəyimi düşünürdüm ki, bu yaxınlarda Fərda ilə müsahibə edəcəyimiz yadıma düşdü. Və elə buradan Fərdaya ilk sualımı verirəm: o yataqda nə işin var idi?


# 15567 dəfə oxunub

Müəllifin son yazıları

# # #