Futbolçunun çin çıxan yuxusu - Rafiq Ələkbərin yeni hekayəsi

Futbolçunun çin çıxan yuxusu - Rafiq Ələkbərin yeni hekayəsi
19 noyabr 2026
# 15:14

Kulis.az Rafiq Ələkbərin "Futbolçunun çin çıxan yuxusu" adlı yeni hekayəsini təqdim edir.

Baş məşqçi hirsindən zəncir çeynəyirdi. Komanda artıq üçüncü dəfə idi öz meydanında uduzurdu deyə klubun prezidentinə nə deyəcəyini bilmirdi. Hirsini futbolçuların üstünə tökürdü. Bu dəfə liqanın debütantına öz meydanlarında 0:3 hesabı ilə uduzması əməlli başlı biabırçılıq idi. Klubun prezidenti onun sözünə baxıb istədiyi legioner futbolçuları komandaya gətirmişdi. Lakin onlar lazımi effekti vermirdilər. Hər dəfə klubun prezidentinə “futbolçulara komandaya uyğunlaşmaq üçün vaxt lazımdır” deyərək onu sakitləşdirirdi. Bəs debütanta 0:3 uduzmaq nə demək idi? Yəqin ki, prezident ona əməlli-başlı qulaqburması verəcək.

İstefa ərizəsi başının üstündə idi. Bunu düşünəndə az qalırdı bağrı çatlasın. Çünki onun bu sahədə gözəl arzuları var idi. Bilirdi ki, əgər komandadan bu şəkildə qovulsa, daha heç yerdə onu işə götürməyəcəklər.

Komanda sanki tilsimə düşmüşdü. Ən təəccüblüsü bu idi ki, məşqlərdə özlərini yüksək səviyyədə göstərən futbolçular oyun zamanı yüksək performans göstərə bilmirdilər. Baş məşqçi qara zolaqdan çıxmaq üçün futbolçularla fərdi söhbətlər etsə də nəticə yaxşı olmurdu.

Şanssızlığın digər tərəfi o idi ki, son vaxtlar bütün keçirilmiş matçlar zamanı yağış yağırdı, bu zaman meydan elə sürüşkən hala düşürdü ki, futbolçular onlara verilmiş tapşırıqları yerinə yetirə bilmirdilər.

Bugünkü oyun onun üçün əsl sınaq matçı idi. Klubun prezidenti ondan nəhayət, toparlanmağı, rüsvayçı məğlubiyyətlərə son qoymağı tələb etmişdi.

Komandasının uduzduğunu görən klub prezidenti Ramiz Nuriyev oyuna baxmağı yarımçıq qoyub qəzəbli şəkildə maşınına oturub harasa getdi. Bundan sonra baş məşqçinin daxili narahatlığı daha da artmağa başladı.

Deyəsən, işdən çıxarılması üçün zəmin yaranırdı. Əmin idi ki, bir az da belə getsə, stress və daxili sıxıntılar onun axırına çıxacaq.

Matçın gedişində bir neçə dəfə ağlamaq həddinə çatdı. Bəlkə də xəlvəti bir yer olsaydı, çəkilib doyunca ağlayar, daxili sıxıntılarını və qəhərini çıxardardı. Lakin bunu etməyə imkanı yox idi. Komandanın korpusuna daxil olan əməkdaşlar da məşqçinin gözlərindəki qəzəbi görəndə canlarını vəsvəsə basırdı.

Matç qurtaran kimi baş məşqçi Vaqif Əhmədov futbolçuları, köməkçi məşqçiləri, ümumiyyətlə, komandanın bütün korpusunu bazaya yığdı. Hətta onları paltardəyişmə otağına da getməyə icazə vermədi. Futbolçular islanmış cücə kimi baş məşqçinin qarşısında boyunlarını bükmüşdülər.

Toplantı başlayan kimi baş məşqçi futbolçuları tənqid, hətta təhqir etməyə başladı:

- Haramınız olsun sizə verdiyim pullar! Bu nə oyundur oynayırsız? Məhəllə komandası kimi oynayırsız, rəqib sizə pressinq tətbiq eləyir, siz də, elə bil, yatırsız. Sizi mənə ürcah edənə Allah lənət eləsin! Hamınızı komandadan qovacam, siz oyunçu deyilsiz, odunçusuz! Hələ bir qapıçıya bax, top üstünə gəlir, bu da sağa tullanır!

Qapıçı Məmməd Tağıyev başını aşağı salıb heç nə deyə bilmirdi, qorxurdu ki, məşqçinin gözünün içinə baxsa, onun acıqlı və zəhmli baxışlarından özünü itirər, dili dolaşar, bu isə komanda yoldaşları içində onun üçün əsl rüsvayçılıq olardı. Dedi:

- Vaqif müəllim, mən axı o biri təhlükəli topları qaytarmışam, beş dəfə əla seyv eləmişəm...

Məşqçini sanki cin vurdu:

- Yalansa güllə dəysin sənin təpənə! Adi topları da tuta bilmədin, səni daha niyə komandada saxlayıram?! Danışanda ağzına çullu dovşan sığmır, deyirsən ki, sən o biri qapıçılardan üstünsən, bu gündən səni əvəzedici komandaya göndərirəm, get, orada ağıllan, sonrasına baxarıq.

Digər futbolçular tir-tir əsirdi, axı növbə onlara da çatacaqdı. Ən çox hücumçu Mustafa Muradov ciddi həyacan keçirirdi, çünki o, iki dəfə qapıçı ilə təkbətək çıxmış, topu boş qapıdan keçirə bilməmişdi. Düşündüyü başına gəldi. Məşqçi Mustafa Muradovun üstünə də qışqırdı:

- Muradov, qalx ayağa!

Muradov sakitcə ayağa qalxdı.

- Sənin qıçların qırılıb, ayaqların yoxdur?! Üç metrlikdən boş qapıya top vura bilmirsən!

- Vaqif müəllim, azarkeşlər qışqırdı, mən də çaşdım.

- Azarkeşlərin bura nə dəxli var?

- Müəllim, top ayağıma gələn kimi azarkeşlər elə qışqırıb “qol” dedilər ki, elə bildim, uje qol vurmuşam. Bir az özümə gələndə gördüm yox, top hələ də ayağımın altındadır, onda da artıq gec idi, düz-əməlli vurammadım. Amma söz verirəm ki, növbəti oyunda vuracam...

- Hələ gör növbəti oyunlarda oynaya biləcəksən, yoxsa yox...

Bu toplantıdan sonra məşqçi oyunçuları evə buraxmadı, elə bazada da yatızdırdı, komandanı dörd gün ağır məşqlə yüklədi.

Növbəti oyunu səfərdə keçirəcəkdilər. Oyun başlayan zaman məşqçi Muradovu yanına çağırıb dedi:

- Muradov, bu dəfə güzəşt edib səni start heyətə salıram, amma qol vura bilməsən, səni birdəfəlik komandadan qovacam.

Muradov bir qədər məşqçiyə baxıb dedi:

- Rəis (bəzən oyunçular baş məşqçiyə rəis də deyirdilər), bu dəfə vuracam, yuxusunu da görmüşəm, çox ümidliyəm, İnşallah yuxum çin çıxar.

Məşqçi Muradovun sifətinə bir şillə ilişdirdi:

- Nə gic-gic danışırsan?! Elə oyunu da yata-yata oynayırsan! Özünü meydanda yuxudakı kimi yox, ayıq-sayıq apar, qol duyumunu işə sal, yuxu yozyumlarını yox.


Muradov sakitcə dedi:

- Mən yuxularıma inanıram...

Oyun başlayan kimi Muradov qol vurmaq üçün əlverişli şərait axtarır, meydan boyu vurnuxurdu, gah sol cinaha, gah sağ cinaha, gah mərkəzə qaçır, lakin komanda yoldaşları ona pas ötürmürdülər. Sanki keçən dəfə boş qapıya qol vura bilməməsini komanda yoldaşları ona bağışlamırdı.

Artıq oyunun qurtarmasına dörd dəqiqə qalmışdı. Muradov qərara gəldi ki, müdafiəyə çəkilib topu ələ keçirsin və irəliləyib rəqib qapıçı ilə təkbətək çıxsın, beləcə, qol vurmaq şansı qazansın. Belə də etdi, müdafiəyə çəkilən kimi top ona gəldi, topu götürüb rəqib qapısına doğru şığımaq istəyirdi, bu zaman gördü ki, üç rəqib oyunçu onun üzərinə pressinq edirlər, vəziyyətin onun üçün əlverişsiz olduğunun görüb, topu qapıçıya qaytarmaq qərarına gəldi. Bu, ani bir qərar idi, qapıçı bunu gözləmirdi, topu necə geri qaytardısa, öz qapılarından keçdi. Bu zaman rəqib oyunçular “qol” deyə qışqıraraq Muradovu qucaqlamağa başladılar. Zarafat deyil, rəqibin xeyirinə hesabı açmışdı, rəqib oyunçular Muradovdan o vaxt əl çəkdilər ki, gördülər ki, Muradov özündən gedib. Həkimlər meydançaya çıxıb bir təhər Muradovu özünə gətirdilər. Muradov dodaqlarının arasında ancaq “qol-qol” deyib pıçıldayırdı. Məşqçi onu oyundan çıxartdı. Sonra onu elə baş məşqçininin yanına gətirdilər.

Muradov isə artıq nə baş verdiyinin fərqində idi, geriyə hər hansı bir yolu qalmamışdı, ürəyində futbola gəldiyi günü lənətləyirdi. Valideynləri onun həkim olmasını arzulayırdılar. Lakin məhəllədə futbol oynayan zaman təsadüfən ora Bakıdan gəlmiş futbol akademiyasının müəllimi Muradovun oyununu bəyənmiş, atası Rəşad kişini onun akademiyasında oxumağa razı salmışdı. İçində atasını qınayırdı. Psixoloji sarsıntılar onu sıxmışdı, az qala düşüncəsindən məhrum olacaqdı, lakin məşqçini görən kimi özünü toparlamağa çalışdı.

Məşqçi qışqırırdı:

- Muradov, bu, nə biabırçılıqdı?! iyə sən topu öz qapımızdan keçirtdin?

- Müəllim, mən sizə demişdim ki, qol vuracağam, amma hansı qapıya vuracağımı deməmişdim, çünki mən yuxularıma inanıram. - Sonra yenə özündən getdi. Gözlərini açanda özünü evlərində gördü, onun bütün əşyaları, futbol ləvazimatları yanına qoyulmuşdu, hətta rəhm edib onu xəstəxanaya da aparmamışdılar. Yastığının üstündə isə klub prezidentinin komandadan qovulması barədə yazılı əmri oxuduqdan sonra bir qədər rahatlandı...

Daha onu danlayan olmayacaqdı...

# 49 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi - Səbəb

Tanınmış aktyor vəfat etdi - Səbəb

15:02 19 noyabr 2026
Freydçi  fikirlər, qarşısıalınmaz libido, azğın cinsi arzular... - Psixoanaliz mövzusunda 10 məşhur əsər

Freydçi fikirlər, qarşısıalınmaz libido, azğın cinsi arzular... - Psixoanaliz mövzusunda 10 məşhur əsər

15:00 19 noyabr 2026
“Tame Impala” Avstraliya musiqisinin tarixində yeni səhifə açdı – Bir gecədə 7 mükafat

“Tame Impala” Avstraliya musiqisinin tarixində yeni səhifə açdı – Bir gecədə 7 mükafat

14:46 19 noyabr 2026
İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən

İranda həbs edilən rejissora dəstək - Tanınmış kino simaları və festivallar tərəfindən

14:12 19 noyabr 2026
Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

Süni intellekt şirkətləri 2 milyon kitabı məhv edib? – Yazıçılardan ciddi ittiham

13:48 19 noyabr 2026
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq

13:36 19 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər