Ulduzlar sönməz - Nəzrin Quliyeva

Nəzrin Quliyeva

Nəzrin Quliyeva

13 dekabr 2021
# 18:10

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nəzrin Quliyevanın “Ulduzlar sönməz” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Küləyin pəncərələri taqqıldatdığı bir vaxtda , Ulduz çarpayısında uzanıb səhərki çıxşı haqqında düşünürdü. O, kiçik qəsəbədə kasıb odunçu ailəsinin iki qızından böyüyü idi. Daim oxuyan və çalışan Ulduz qəsəbədəki məktəbə gedirdi. Dərsə gedib gələnə qədər corabları yağışda palçıq, qarda isə su olardı. Çünki illərlə geyindiyi ayaqqabının artıq gücü qalmamışdı. Ulduz isə bunu özünə problem etmirdi, daima anasının qış aylarında dediyi sözü xatırlayar:” Hər qar dənəsi sənin uğurun ,hər günəş şüası isə sevincindir” və təbəssümlə yola davam edərdi. Ulduz isə geyimi ilə deyil, biliyi ilə özündən danışdırardı. Onun xoşbəxtlıyi kitablar idi . Lakin maddi imkansızlıq yenə də öz sözünü deyirdi. Düzdür, oxumaq ödənişli deyildi, lakin dərs vəsaitləri, geyimlər, yol xərcləri bunlar hamısı kasıb bir ailənin gəlirini xeyli aşırdı. Dərdlər üst-üstə gəldikcə ailədə münasibətlər də get-gedə dəyişirdi. Ulduz dərsdən gəlib tapşırıqlarını edəndə atası Məlik kişi evə gəldi. Ulduz təəccüblənmişdi. Çünki atasının işi axşam saatlarında bitərdi. O, evə digər günlərə nisbətən daha tez gəlmişdi. Təəccübünü bir qırağa qoyub, hər zamanki kimi tez “Xoş gəldin ,ata ,”-deyə atasının üstünə qaçdı. Atası isə ona “dur gəlmə”- deyərək qışqırdı və qapıya,stola dirənə-dirənə yataq otağına keçdi. Ulduz atasını ilk dəfə belə görürdü. Daima gülərüz olan Məlik kişi ilk dəfə belə qəzəbli və qəribə görünürdü. Anlayışlı Ulduz atasının işlərdən yorulduğunu düşündü və tapşırıqlarına geri döndü. Lakin vəziyyət başqa idi.Ulduzun atası asan yolla pul qazanmağı halal zəhmətdən üstün tutmağa başlamışdı. İçki isə onun üçün çayı əvəz edən, “həzzverici”,” dərd azaldan “ bir vasitəyə çevrilmişdi. Ulduz isə bunu bir neçə gün sonra anladı. Atası bu dəfə evə hər zamankından daha gec gəldi . Ulduz və bacısı şirin yuxuda idilər. Lakin anaları Məryəm yoldaşının yolunu gözləyirdi. Məryəm günlərdir yoldaşındaki dəyişiklikləri görür və bundan çox nigaran olurdu. Gecə yarısından sonra nəhayət,Məlik kişi evin yolunu tapmışdı. Bu vaxtda dilində nəğmə qapını təpiklədi .

Məryəm tez yanına qaçıb onu sakitləşdirməyə çalışdı.

- Məlik, sakit ol, uşaqlar yatıb. Məlik ,yaxşı.

-Nə Məlik yaxşı, Məlik əladı.

- Yaxşı, indi səsə qonşular gələcək .

-Qonşu kimdi bu saatda mənim evimə gəlir ,bəlkə birdə- ikidən gəlib xəbərim olmayıb . Bu evin kişisi mənəm , istəsəm qışqıraram, istəsəm bax belə vuraram,-deyə Məryəmə sillə vurdu.

Ulduz və kiçik bacısı Dilarə səsə oyandılar. Dilarə ağlamağa başladı. Ulduz onu sakitləşdirdi.

-Sən yat, mən indi gəlirəm . Hər şey yaxşıdı.

Ulduz qapıdan çölə çıxanda atasının anasına sillə vurduğunu gördü . Tez anasına tərəf qaçdı, onu qucaqladı. Elə bu vaxt Məlik kişi onu qolundan tutub özünə tərəf çəkdi. Və iki əlindən tutub oynamağa başladı.

- Görürsən, bu xoş günümüzdə anan nə edir. Sən niyə ağlayırsan ,gül oyna bir aya toyundu. Bu vaxt Məryəm tez durduğu yerdən qaçıb Məlikin üstünə cumdu.

-Nə danışırsan? Dediyini heç özün eşidirsən. Toy nədi . Deyəsən bacının toyunu deyirsən. Allah xoşbəxt etsin ,nəhayət, evlənir.

-Sənin mənim bacımla nə işin var . Sənin qızının toyudu. Vermişəm onu Ələkbər dayının oğluna. Evi var, işi var, maşını var, hələ bizə verməyə pulu da var.

-Yaxşı ,Məlik, sən Allah get yat. Sən içkilisən, özün də bilmirsən nə danışırsan.

-Hə gərək yatım, sabah toy danışmağa gedəcəm -deyə bığını qarışdır- qarışdıra çarpayıa uzandı.

Bu vaxt Ulduz eşitdiklərindən donub qalmışdı. Gözləri dolmuşdu. Lakin qorxudan ağlamırdı. Bir neçə dəqiqəyə xorultu səsləri evi bürüdü. Məryəm uşaqlarını qollarının arasına alıb ,için-için ağlayırdı. Ulduz astaca dərin bir hıçqırıqla dedi:

-Ana mən oxumaq istəyirəm, evlənmək yox.

Məryəm qızının alnından öpdü, yaxşı, qızım ,indi bunu fikirləşmə. Yat ,sabah ola xeyir ola. Görürsən,atan həmişəki atan deyil. Sabah yəqin düzələr.

Gecə dəfələrlə qorxu içərsində oyanan Ulduz sübh tezdən ayıq idi. Məlik kişinin səhər tezdən evdən çıxmasından xəbərdar idi . Lakin özünün gələcəyi onun üçün müşkül bir hal almışdı. Məlik sözlərinin heç birini boşuna deməmişdi. Axşamüstü evə gəldi. Məryəmi kənara çəkib uzun-uzadı onunla danışdı. Qışqırıqlar bir birinə qarışdı. Lakin qolu qüvvətli olan qalib gəldi. Qışqırıqların səbəbi isə axaşam gələcək elçilər idi. Ulduz bu zaman qonşuya kitab almağa getmişdi. Gəldikdə atası artıq getmişdi. Anası isə kövrəlmiş şəkildə oturmuşdu. Anası səsi titrəyərək dedi:

-Qızım, gəl yanımda otur, sənə sözüm var. Sən də yəqin bu kasıblıqdan bezmisən. Bax, indi elə bir evə gedəcəksən ki ,orda səni əl üstündə tutacaqlar. Elmir çox yaxşı oğlandı.

Ulduz artıq söhbətin hara gedəcəyini bilirdi. Ana, sən nə danışırsan ,mənim hələ 16 yaşım var. Oxuyan yaşımdı, evlənən yox.Ana, Elmir səndən beş yaş kiçikdir , məni onunla necə evləndirərsiz. Ağlaya-ağlaya otağına qaçır. Məryəm də onun arxasınca . Qızım, ağlama. Bax ,sənin üçün daha yaxşı olacaq ,bəlkə səni oxutdurar. Bizim gücümüz ona çatmaz . Bilirsən, mənim ən böyük istəyim sənin xoşbəxtlliyindi.

Ulduz:

-Demək mən sənin üçün də artığam. Yaxşı ,verin yükdən xilas olun. Amma xahiş edirəm mənim yanımda gücsüzlükdən gələn göz yaşı axıtma.

Beləliklə ,axşam elçilik oldu. Məlik 16 yaşında qızını hər hansı bir əşya kimi satdı.Ulduzun sakitliyinin isə tək bir səbəbi vardı. Çünki qaçış yolu düşünürdü. Gecə-gündüz düşündü. Toya üç gün qalmış anasının uzaq qohumu və onun Ulduza qarşı sevgisini xatırladı. Evdə heç kimin olmadığı bir anda tez telefon kitabçasından Zərifə adlı qadının nömrəsini tapdı. Zərifə təhsilə önəm verən, dünya görmüş, lakin yanlız bir qadın idi. Daima Ulduza “Kaş sənin kimi qızım olaydı”- deyərdi. Ulduz da onu öz xalası kimi sevərdi. Lakin bir neçə il əvvəl xarici ölkəyə getdikdən sonra bir daha onu görməmişdi. Ona zəng etdi.

-Alo, alo, Zərifə xala.

-Bəli ,mənəm.

-Zərifə xala, mənəm Ulduz. Məryəmin qızı.

-Ulduz, mənim əzizim, sənin səsini unutmaq olar. Necəsən?

-Zərifə xala, məni evləndirirlər. Xahiş edirəm, mənə kömək edin.

-Necə yəni evləndirirlər? Dayan, mən sənin ailənlə danışım.

-Zərifə xala, ailəm əvvəlki ailəm deyil -atam yolunu itirib, anam isə ona boyun əyib .

-Yaxşı ,onda mənə qulaq as...

Beləliklə, səhər sübh tezdən Ulduz sadəcə kitabları olan çantanı əlinə alıb, gizlicə evədən çıxdı. Və dayanacaqda dayandı.Çöldə heç kim yox idi. Birdən uzaqdan toz- duman göründü. Maşın gəlirdi, bu Zərifə xalanın dediyi ağ maşın idi. Maşın dayanacaqda dayandı və qapısı açıldı və Zərifə Ulduzu içəri çağırdı .Ulduz avtomabilə minib yeni həyata ilk addımını atdı.

Səhər oyanan Məryəm masada məktub gördü .Ulduz:”Məni axtarmayın ,axtarsazda tapa bilmərsiz. Bir gün mən sizi tapacam ,inan, ana, mən daha yaxşı olacam” yazmışdı. Məryəm həm sevindi, həm də kədərləndi. Məlikin məsələdən xəbəri oldu ,lakin bu aciz kişinin əlindən heç nə gəlmədi.

Ulduz isə artıq Moskvada idi. Təhsil aldı və hüquqşünas oldu . Bu onun çoxdankı arzusu idi. Hüquq onun ən sevdiyi söz idi. Uşaqlıqda elə düşünürdü ki, hüquqşünas olduqda cəmiyyətdə hamının hüquqlarını qoruyacaq ,artıq kasıb və varlı ailələr bərarbər imkanlara sahib olacaq. Lakin böyüdükcə özü də fikirlərində yanıldığını görürdü. Cəmiyyətdəki bərabərsizliyi tamamilə düzəldə bilməyəcəyini anlayırdı və cəmiyyətin özəyi olan qadınların hüquqlarının müdafiəsi onu daha çox narahat edirdi. Və bu sahədə uğurlu işlər görürdü. O, indi geniş dinləyici kütləsinin qarşısında öz həmcinslərini müdafiə etməli idi.Tribunaya çıxdıqda əlləri əsirdi ,çox həyəcanlı idi. Məruzəsinə başladı, qadınların keçmişdən bu günə qədər məruz qaldığı zorakılıqlar, mövqeyi haqqında geniş və aydın şəkildə danışdı. Sonda isə məruzəsini bu sözlərlə tamamladı.” Qadınları ən xırda səhv də belə əzməyə çalışan qolu qüvvətli kişlər var və həmin kişilərin bacısı və ya valideyni bu işgəncəyə məruz qalsaydı ,günahkar yenə də qadın olacaqdımı?Qadın sadəcə sizin yoldaşınız deyil ,eyni zamanda hər hansı bir kişinin qızı və bacısı ən önəmlisi isə cəmiyyətə yeni vətəndaş qazandıran müqəddəs bir şəxsiyyət-anadır. Hər şeyin öz vaxtı var ,o cümlədən evliliyin.Uşaqlarınızın xoşbəxtliyi evlilikdə deyil ,təhsildədir”.Elə bu vaxt zaldan güclü alqış səsləri gəldi. Ulduzun gözləri dolmuşdu və bu bir qadının sevincdən axan göz yaşlarına çevrildi.

# 2085 dəfə oxunub

Oxşar xəbərlər

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

Doğum evinin yanındakı morq - Əyyub Qiyasın hekayəsi

15:00 14 dekabr 2024
İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

İntihar üçün yer - Sabir Əhmədlinin hekayəsi

10:00 14 dekabr 2024
Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
# # #