"Qadın əndamının bütün strateji nöqtələri..." - Ədəbiyyatımız niyə dünyaya çarpayı altından baxır?

"Qadın əndamının bütün strateji nöqtələri..." - Ədəbiyyatımız  niyə dünyaya çarpayı altından baxır?
24 iyun 2026
# 10:00

Kulis.az Rahid Uluselin "Ədəbiyyatımızın dünyaya çarpayı altından baxması" essesini təqdim edir.

Min il öncədən – filosofların “axmaq”, “kafir”, “münafiq” adlandırıldığı (Əbu Hamid əl-Qəzali, “Təhafutul-fəlasifə” [“Filosofların əsassızlığı”] risaləsi, 1095) zamandan başlayaraq, İslam Şərqində fəlsəfənin ilahiyyat tərəfindən udulması təkcə elmin mövqeyini zəiflətmədi, metafizika – fizika arası antik çağdan açılan yolu bağlamadı, rasional-analitik təfəkkürü sönükləşdirmədi, həm də mədəniyyətin ən həssas nöqtəsini – ədəbiyyatı, xüsusilə poeziyanı önə çıxarsa da, onu fəlsəfədən daha çox ilahiyyat orbitində fırlanan bir peykə çevirdi.

Poeziya azad düşüncənin yeganə meydanı olsa da, yalnız burada ümumbəşəri dəyər daşıyan Sufilik ruhsal kosmoqoniyanın ən yüksək qatına ucalsa da, bir müsəlman qadını timsalında örtünərək, başdan-ayağa (məzmundan formaya qədər) ilahiyyatdan süzülən rəmzlər-məcazlar dünyasına qərq oldu, özünün endikcə enilən semiotik-mistik dərinliyinə vardı. Dühalar – Xəyyamdan Nizamiyə, Rumidən Nəsimiyə, Füzulidən Cavidədək – yeni yollar aradılar. Təqlidçilərsə (öz çağının robotları!) o dəryanın eləcə üzündə üzərək, sənətin yalnız təriqətə, ənənəyə, vərdişə, stereotipə çevrilmiş hücrələrində eşələnməklə, estetik dünyagörüşündə tıxac yaratmaqla gün keçirdilər...

Ol səbəbdən yüzilliklər boyunca Şərq mədəniyyətinin qayım bir parçası olan bizim ədəbiyyatımızın da yurdlarında aparılan arxeoloji qazıntılardan ən çox çıxan da bunlardır: “eşq”, “canan”, “mələk”, “əğyar”, “ləb”, “səba”, “busə”, “zülf”, “müjgan”, “gərdən”, “zənəxdan”... Qadın əndamının bütün strateji nöqtələri... Ədəbiyyatın lap dibində ehtirasdan od tutub yansa da, əlləri bir-birinə çatmayan bir kişi (Şair!) və bir qadın (Canan!)... “Canan” (canların cəmi) ümumən Şərq ədəbiyyatında həm də “Allah” qavramında... Bir ucu ilahi məkana (təsəvvüfdə!), bir ucu döşəyə bağlı (təsəvvürdə!) ilahi-erotik poeziya... Teosla Erosun izdivacı... Üstşüurla Altşüurun ilgəyi...

Gerçək anlamında yoxdur İnsan! Hücrəsindən Minarəsinədək bəzəndirilib-düzəndirilmiş boyalı İnsan!

Bəs həmin yüzilliklərdə insanlar fərd kimi, sosial varlıq kimi, necə yaşayıb, onların qarşılıqlı münasibətləri necə olub, Dövlət və İnsan bir-birini necə anlayıb, ümumiyyətlə, anlaya bilibmi?! Şahın Dövlət, İnsanın Təbəə olmadığı dərindən düşünülübmü?! Daim Göyə baxan, artıq ilahiyyata dönüşmüş fəlsəfə bir az da Yerə baxıbmı?! Bax, bu kimi suallara vaxtında cavab verilmədiyindən, tarixi vakuumun sonunda, indi də ədəbiyyatımız idrakı və mənəviyyatı lərzəyə gətirən ciddi fəlsəfi problemlərdən, cəmiyyətimizdəki sarsıntılı burulğanlardan yan keçir, siyasətdənsə yüksək gərginlikli elektrik məftillərindən qorxan kimi qorxur, çəkinir.

Əlbəttə, söhbət ayrı-ayrı faktlara, siyasətə birbaşa müdaxilədən, vulqar sosiolojilikdən, deklarativ bəyanatçılıqdan, publisistik məzmun və formaya ilişib qalmaqdan getmir. Sadəcə, siyasət də həyatın bir parçası olduğu üçün o, ədəbiyyatın estetik cazibəsindən kənarda qala bilməz.

Cəmiyyət həyatının ağrı və ağırlıqlarından, eyni zamanda, pozitiv, mütərəqqi dəyişikliklərdən, yeniləşmələrdən və həm də onların əks yönlərindən, Azərbaycan – Dünya münasibətlərinin ləngərindən özünü kənarda saxlamaqla, ədəbiyyat marginallaşır, elə bugünkü qəhrəmanları kimi, tənhalaşır, sıxılır, sanki bir çarəsizlik, çıxılmazlıq sindromu yaşayır. “Mənəviyyat darısqallığı” ədəbiyyatın “ayaqqabı darısqallığı” ilə sinxronlaşır.

Açıq deyirəm: indi bizim ədəbiyyatımız Azərbaycan varlığına daha çox özünü qapatmış vəziyyətdədir. Bu ədəbiyyatdan varlığımız epizodik təəssüratlar, solğun mozaika şəklində görünür (Özü də tam tərsinə: çağdaş ədəbiyyatçılarımızın iddialar ritorikası onların ədəbiyyat yaradıcılığından qat-qat qabarıq, hətta gözəgirən, qulaqdələndir).

Ən yaxşı halda o, insan psixologiyasının dərinliklərinə enib də qalır (Yazıçılarımızın çoxu bunu çatılması böyük uğur sayılan son məqam hesab edirlər). Elə buradaca eşələnib də batır. İmpulsiv refleksiyalarla kifayətlənir. Ədəbiyyatımız dünyaya, yazıçı Əli Zərbəlinin “Corab oğrusu” hekayəsindəki kimi, çarpayının altından baxır. Olsun. Baxsın. Bəs gördüyü nədir?! – Elə öz düşüncə darlığında qısır bir dünya.

Maraqlıdır ki, Əli bəy “Kvant superkompüterləri dövründə qəsəbə ədəbiyyatı” adlı dəyərli polemik essesində “özünü yeniləməyən hər şey məhvə məhkumdur” – klassik paradiqması ilə haqlı olaraq “qəsəbə, mikrorayon ədəbiyyatından qurtuluş” zərurətindən bəhs edir. Ancaq gənc yazıçı özünü belə bir ritorik sual qarşısında görürmü: çarpayıaltı düşüncələrlə əyalət qınından çıxmaq mümkünmü?!

Ədəbiyyatın “qısır dünyası” ardınca nə gətirir?! Əlbəttə, daha çox mistika, tərəddüd, nevroz, ah-vay, dekadans, apatiya, hətta “aşağılıq kompleksi”! Söz-üslub-forma kəndirbazlığı! Psevdomodernist dolanbaclar! Bax, buna görə də bizim ədəbiyyatımız indi daha çox öz-özünə danışan adama oxşayır...

Həssaslığının hörümçək torunda yellənə-yellənə titrəyən bu adam – yəni bizim yazıçı özünü doldurub-boşaltmaq üçün ədəbiyyata, ədəbiyyatsa cəmiyyətin bir küncünə sıxılıb, cəmiyyət də – siyasətin zirzəmisinə...

Hələ vaxtilə İsa Muğanna ədəbiyyatımızın dayaz cümlələrindən (deməli, düşüncəsindən!) misal gətirərək yazırdı: “İt “harf!” elədi, gədənin ürəyi düşdü ayağının altına.” – Bununla “Şaqren dərisi” (Balzakın məşhur romanı) yazılmaz!”

Bəyənmədiyimiz İranın nəinki mənəvi, hətta siyasi dayağı elə indi də “Şahnamə”dir. Almanlar “Faust”ları yazmasaydılar, “Mersedes”i düzəldə bilməzdilər. İngilislər “Hamlet”ləri ərsəyə gətirməsəydilər, planetin ən böyük, 43 mln. kv.km.-lik imperiyasını qura bilməzdilər. Volter, Russo, Hüqo Fransanı çalxalamasaydı, o ölkə Avropanın mədəniyyət mərkəzinə çevrilməzdi. Türkün də Bilgə Kağanları özlərinin yenidən doğuluşunu – ədəbiyyat həyatını gözləyir! Ədəbiyyat təkcə keçmişi yaşadan deyil, həm də millətin İndisini və Gələcəyini doğandır!

Məgər bizim yazıçılar görmürmü: Şərqin ən yüksək estetik dəyər yaradıcılığı potensialına malik olan bizlər Cümhuriyyət dönəmindən bəri həm də onun ən müasir millətiyik!

Həyatımızın bütün yönlərində “psixoloji sıçrayışa” təməl yaradan Vətən Müharibəsindəki qələbəmizin, Qafqazın öncinahına çıxmağımızın Azərbaycana qazandırdığı geopolitik vüsət qarşılığında ədəbiyyatımızın öz darısqal dünyasına qapanıb-qalması (seyrək istisnalar varsa da) yetərincə əcaib görünür...

“İşğal olunmuş düşüncədən” (professor Ramiz Yunus) qurtulmaq gərək...

Biz böyük millətik, ancaq xırdalıqlarımızı görürük! Ədəbiyyatımız da elə bilir ki, xırdalıqlarımızı gözə soxmaqla, cılız obrazların səfini sıxlaşdırıb qalereyasını yaratmaqla bizi böyük edəcək! Yox!

Siyasəti və Mədəniyyəti birgə addımlamayan cəmiyyətlər axsaq olur. Şairləri Göyərçin, məmurları Quzğun olur. Həm də belə bir anomaliya baş verməsin, davam etməsin deyə, bu gün olduqca vacib bir sənəd – “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası (14 yanvar 2026) qəbul edilmişdir. İstedadlı bir gəncin – Emil Əskərovun dəyərləndirdiy kimi, “qalib xalqın şkalası ilə ölçülən, milli mədəniyyət məkanımızda qurucu zəlzələ effekti yaradan, təfəkkürün ən dərin qatlarını silkələyən fundamental dönüş nöqtəsi” olan bir Konsepsiya...

İnsanlar idealsızlıqdan, cəmiyyətlər və ədəbiyyatlarsa ideyasızlıqdan çürüyür...

İdeya – Ədəbiyyatın qabığı deyil, Toxumudur...

Dünya Çörək yox, İdeya qıtlığı çəkir...

# 178 dəfə oxunub

Oxşar xəbərlər

"Mən ucuz viski və keyfiyyətsiz jurnalist təhriflərinin doğurduğu uydurmayam" - Riçard Metison

"Mən ucuz viski və keyfiyyətsiz jurnalist təhriflərinin doğurduğu uydurmayam" - Riçard Metison

14:50 23 iyun 2026
10410-cu gün - Ömər Xəyyamın hekayəsi

10410-cu gün - Ömər Xəyyamın hekayəsi

14:00 23 iyun 2026
"Tarix həmişə qaliblər tərəfindən yazılır..." - Den Braundan aforizmlər

"Tarix həmişə qaliblər tərəfindən yazılır..." - Den Braundan aforizmlər

11:30 22 iyun 2026
Məsləhət gecəsi - Qərib Mehdinin hekayəsi

Məsləhət gecəsi - Qərib Mehdinin hekayəsi

13:30 21 iyun 2026
"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

"Caz musiqisi sürətləndirilmiş bir laqeydlik formasıdır..." - Fransuaza Saqan

11:30 21 iyun 2026
"Hüzn nə deyirsə desin, həyat gözəldir..."  - Braziliyalı yazıçıdan sitatlar

"Hüzn nə deyirsə desin, həyat gözəldir..." - Braziliyalı yazıçıdan sitatlar

10:30 21 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər