Nirvana - Xəlil Salahlı

Xəlil Salahlı

Xəlil Salahlı

10 dekabr 2021
# 14:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xəlil Salahlının “Nirvana” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

İnsan tək olduğunun fərqinə nə vaxt varır? Dostlarıyla ilk söz ayrıcında, sevgilisi tərəfindən xəyanətə uğradığında yaxud ən güvəndiyi insanlardan xatirə qalmış beldəki bıçaq izlərinin sızlamasından?

Sizi bilmirəm amma mənim yalnızlığı anlamağım 18 yaşımda olarkən ailəm dediyim insanların yalanlarının bir təsadüf nəticəsində meydana çıxmasından sonra oldu. Təsadüf. Onsuz başımıza nə gəlir təsadüfdən gəlir. Nənəmlə xalamın yəni həmin anadək ana dediyim insanın söhbətini eşidərkən hiss etdim hələ doğularkən tək yaşamağım üçün alnıma vurulmuş möhürün ağırlığını. -Yazıq qızım son sözlərində onu sənə tapşırdı, qayğısına qalmağı, ona ana olmağı yalnız sənə layiq gördü. Nə bir aylıq balasına doydu nə də bu dünyaya.Niyə axı mənim balamın qisməti belə gətirdi, ər-arvad gənc yaşlarında əmzikli balanı ağlar qoydular.

- Ay ana, özünə gəl ! Ülvini öz övladlarımdan ayırmamışam, fərq qoymamışam. Nə Samirə, nə də Yunisə həqiqəti bildirməmişəm. Bu sirr bizimlə bir ömür sirr olaraq da qalacaq. Mənə bacımdan əmanətdir.

Bunları mən eşidirdim. Ortada nə sirr qalmışdı, nə də evdəki sakitlik. O an ki, reaksiyamı təsəvvür belə edə bilmərsiz. Yüksək səslə hesab sormalar, “Məni niyə aldatdınız, niyə həqiqəti demədiniz” kimi qışqırıqlarımın tema başlıqları, onların susqunluqlarıyla davam edən isyanlarım. Həmin an böyümüş kimi hiss etdim, güclü kimi. O an biri mənə şillə vursaydı, diz çöküb ağlayacaq qədər zəif idim əslində. Onlar mənim doğma ailəm deyil. Ailəm deyə-deyə gəzdiyim böyük bir yalanmış. Qolum qanadım qırılmış, özümə yer tapammırdım. Bu hiss dekabr ayında pəncərədən otağa əks olunan zərif parıltının iziylə günəş görmək arzusunda olan birinin pəncərə önündə xəyal qırıqlığıydı. Görmək istədiyi günəş buludların arxasında başqa yerləri isidirdi. Mənim günəşim taa əvvəldən batmış bilmirmişəm. Yunis və Samirə bu hekayənin məsumlarıydı, əsəbimi onlardan çıxarda bilməzdim. Onlar mənlə birlikdə bu dəhşətdən xəbərsiz idilər. Samirə dizimin dibində oturub ağlayırdı. Bir müddət sonra yuxuya keçmişdi. Bütün gecəni yata bilmədim. Əlbəttə, mənə heç nəyin deyilməməsini anam da, atam da istəyərdi. Nə xalamı nə yoldaşı Soltan əminin günahı yox idi. Onlar bir an belə olsa mənə ögeylik hiss etdirməməklə yanaşı həm də məni digərlərindən seçiləcək qədər çox sevmişdilər. Nankorluq olardı bunları dansaydım, fəqət qüruruma yedirə bilmədiyim şeylər də varıydı. Daim dürüstlük bir deviz olan ailədə bu olmamalıydı. Bu qədər il gözümün qabağında film fraqmenti kimi keçirdi. Məktəbə getməyim, ailəvi istirahətlərimiz, universitetə qəbul olarkən yaşanan sevinc. Hər şey bu qədər mükəmmələ yaxın gedərkən niyə bu teatrın işıqları söndü axı.

Səhər yeməyində heç kimin ağzını bıçaq açmırdı. Hamı bir-biriylə göz-gözə gəlməkdən çəkinirdi. Kimsə nəsə deməliydi amma deyilmirdi, ta ki mən danışmağa başlayanadək.

-Əmi..Daha dünənə qədər ata dediyim adama bir səhər əmi deməyim mən daxil hər kəsin udqunmasına səbəb oldu.Xalamın göz yaşı Samirəni qəflət yuxusundan ayıltdı sanki, -Ülvi, nə danışırsan axı sən? Necə atamıza əmi deyirsən, özünə gələsən bəlkə.Ananın ağlamağına necə dözürsən.

-Elə onu soruşaqdım, anamın,atamın qəbri hardadır.Ölənədək harda yaşayırmışlar.Necə ölüblər.Nə işlə məşğul idilər?

Samirənin sözlərinin mənə heç bir təsiri olmamış kimi gözümü zilləyərək əmimə baxdım.

-Samirə,sakitləş qızım-Soltan əmi artıq bu söhbətin olacağını bildiyindən bu çıxışımı təmkinlə qarşılamışdı.Gözünü mənə zilləyərək davam etdi:-oğlum, sən daha bir aylıqkən anan və atan avtomobil qəzasında dünyasını dəyişdi.Atanla bərabər indi işlətdiyim hüquq bürosunu qurmuşduq.O, yaxşı hüquqşünas idi.Rəhmətlik..Duruxduqdan sonra davam etdi,-Elmlərdə yaşayırdılar.Məlum hadisədən sonra evin qapısına qıfıl ...

Cümləsini bitirməyə icazə vermədim,-Mənə o evi göstərərsən sabah ,indi isə nənəmin yanına gedirəm. Nuş olsun sizə

-Onları qınama,əsəbləşmə bala onların üstünə.Öz qızımı qoydum qırağa Soltan sənə necə atalıq edib? Onunla keçirdiyin günləri unutmusanmı? Səni hər zaman dəstəkləyən ailən olub.Həm Mirvari,həm də Soltan səni öz doğmalarından ayırmayıb.Düşün bir,universitetə qəbul olanda Samirədən çox sənin uğuruna sevinmədilərmi.

Nənəm o qədər nəvazişlə danışırdı ki, yol boyu düşündüyüm neqativ düşüncələrdən uzaqlaşırdım.

-Bilirəm, bütün gecə bu barədə düşünmüşəm.Mən onların etdiklərini unudacaq qədər vicdansız deyiləm.

Nənəm anam və atam haqqında danışır,məni heç olmadığım,lakin hər anı mənə əziz olan xatirələrin ağuşuna atırdı.Anam və atam tələbə olarkən eyvanları qonşu olan evlərdə kirayə qalırmışlar.Bir gün anam eyvana çıxıb,- Söndür o zibili, dərs oxumaq olmur, deyərək atamın yüksək səslə mahnıya qulaq asmağından narazı olubmuş.Və bu mübahisədən zamanla sevgi yaranmışdı.Atam mənim kimi yetim böyümüş.Əmisinin dəstəyiylə Hüquq üzrə təhsil almışdı.Həyatın şirin və acı günlərində anam və atam daim bir olublarmış.Qəza anında da birlikdə...

Səhərisi gün Soltan əmiylə söhbət edərək atamgilin yaşadığı evə köçəcəyimi dedim.Xalam razı olmasa da, qərarımın qəti olduğunu görəndən sonra heç nə edə bilmədi.Samirə də “mən onu tək qoymayacağam” deyərək, anasını sakitləşdirirdi.

Zaman...nisbidir.Sevdiyinin yanında uçub gedər,hardan gəldi,hara getdi bilmərsən,istəmədiyin birinin yanında, ya özünü rahat hiss etmədiyin bir yerdə isə sanki sükunətdədir.Unutdurmağa deyil,Hissizləşdirməyə,buzlaşdırmağa meyillidir zaman.Zaman insanı qocalda və ya cavanlaşdıra, alçalda və ya əksinə zirvələrə qaldırar. Artıq 5 il keçmişdi.Ülvi olanları qəbul etmiş, bu həqiqətlərlə yaşamağa davam etməkdən başqa çarəsi olmadığını anlamışdı.Magistr təhsili ilə birlikdə artıq iş həyatına da atılmışdı.İkinci kursda tələbə elmi cəmiyyətindən tanış olduğu Sevinc adlı qızla sevgili də olmuşdu.Ən azından Sevinc elə bilirdi.

-Ülvi, Ülvi, bala dur yatıb qalmısan yenə,dərsin varıydı axı

Bu,Soltan əmimgilin mənim arxamı toparlaması üçün tutduğu Nurcahan xaladır.Onlarla qalmadığım və çox da onları evimə çağırmadığım üçün bir köməkçiyə ehtiyac olduğunu bilirdilər.Çox da yola getməsəm də,Nurcahan xala həyatımın bir parçasına çevrilmiş,əziyyəti çox olmuşdu üstümdə.

Yastığımın altından telefonu tapıb qısıq gözlərlə gələn mesajları oxudum.Sevinc uzun-uzun nəsə yazmışdı.Həvəsim çatmadı oxumağa.

-Nurcahan sultan, mən qaçdım universitetə.İmkan eləsən dolma bişir axşama.Yarpaq əlbəttə ki.

-Baş üstə,rəis- mətbəxdən səsi gəldi.

Bufetə daxil olduğumda Elnuru görüb yaxınlaşdım.

-Sevinc səni axtarırdı.Gözləri dolmuşdu.Ülvini görən kimi salamsız sözə başladı.

Ülvi stulu çəkib əyləşdi.-Hə bilirəm,zəng də eləmişdi,eşitməmişəm

-İstəsəydin eşidərdin.istehza ilə dilləndi.

-Yaxşı, Elnur bağla bu söhbəti.

Böyük problemimiz var və indi bizə tərəf gəlir.Masaya yaxınlaşan Sevinci göstərərək dedi.

-Salam,necə gedir işlər.Sanki heç Ülvi masada yoxuymuş kimi davranması,Ülvini istəmsizcə güldürdü.

-Yaxşıyıq,sən necəsən? Elnur Ülvini gözləmədən cavablandırdı.

-Yaxşı olmağa çalışıram, zəngimi də açan olsa, onda lap yaxşı olaram.Üzünü Ülviyə tərəf çevirib söyləndi.Sonra da sanki Ülvi yenə yoxmuş kimi,Elnura tərəf çönüb,bayaq aşağıda bir qız gördüm.Binanın qabağında skamyada oturub ağlayırdı.Yəqin birinci kursdu,yuxarı kurs bir oğlana aşiq olub.

Ülviyə gələn telefon zəngi mənasız söhbəti pozdu.Soltan həyətdə onu gözləyirdi.

Binanın qapısından çıxanda Soltan oturduğu skamyadan ayağa qalxdı.Yanındakı skamyada ağlayan qızı gördü.Ülviylə qucaqlaşandan sonra onu şam yeməyinə evlərinə çağırmağa gəldiyini söylədi.Bu sözləri deyərkən Soltanın gözündə sanki rədd cavabını alacaq kimi narahatlıq sezilirdi.Amma belə olmadı.Ülvi son bir il idi ki o evə getmirdi. Soltanla sağollaşdıqdan sonra üzünü skamyadakı ağlayan qıza tutdu.Yəqin bu elə Sevincin dediyi o qızdır.Bəlkə də heç Sevincin dediyi kimi deyil,başqa problemi var deyə ağlından keçirtdi.Amma yaxınlaşmadı

-Necə yəni evdən ayrıldın? Atam bilsə səni öldürəcək

-Sən deməsən bilməz,neyniyim axı qaldığım otaq yoldaşlarımla dalaşdım.Rədd olub çıxdım o xarabadan

-Hardasan bəs indi,harada qalassan?

-Bilmirəm taparam bir yer.

Əslində evin pulunu əvvəldən verdiyindən cibində ev tutmağa pulu olmadığını bacısından gizlətməkdə səhv etdiyini anlayırdı amma atasından qorxduğundan bunu deyə bilmədi.Rayonda çox qohumları onu oxumaq üçün Bakıya buraxmaq istəmirdi.Atası bir ara bu səsə hay verib icazə verməsə də, sonra İncinin necə həvəsli olduğunu görüb fikrindən daşınmışdı.Gözü qarası olan qızının oxuyub, öz ayaqları üstündə durmasını çox istəyirdi.Rayonda bir qız üçün ən böyük uğur 20 yaşına çatmamış özünə ər tapmaq sayılırdı buna görə Mirzə kişi anlayırdı ki, ona çoxu yuxarıdan aşağı baxacaq.Buna rəğmən o, İncini təkbaşına şəhərə göndərdi.

Bütün dərs boyu skamyada əyləşən qızı düşünürdüm. Görəsən yenə oradadır.Bəlkə Sevinc yanılır sevgilisi yoxdur heç.Telefonla kimlə danışırdı görəsən.Zəng vurulduğunda dərhal həyətə qaçdım.Qızı gördüyümdə ürəyimin gurultusunu qulağımda hiss edirdim.

-Fikirləş,fikirləş boş başını ildə bir dəfə işlət,İnci.Nə deyəssən yığıb atana, denən ata mən bacarmadım şəhərdə oxumağı gəl məni aparmı? Bütün rayon,kənd də gülər mənə.Axı mənim nəyimə lazım qızlarla dalaşmaq,cəhənnəm olsun deyib gərək ağızlarının payını verməzdim.Amma qaşındılar,həm də çox.

Qızın öz-özünə danışdığını görən Ülvi həqiqətən problemin sevgi olmadığını hiss etmişdi.

-Salam bağışlayın, sizə kömək edə bilərəm?

Həyəcandan bir nəfəsə dediyindən dərindən nəfəs almağa ehtiyac duydu.

Ayda, bax sənə nə, kimsən ki axı sən mənə yaxınlaşıb kömək etməyə çalışırsan.Sənə nə mən burda səhərdən oturmuşam.Bəlkə elə ölüb burda qalmaq istəyirəm.Əlbəttə, bunları deməyəcəkdim.

-Çox sağ olun, kömək edəcəyinizi düşünmürəm.yenə də sağ olun diqqətiniz üçün.

-Ona siz qərar verməyin məncə, deyin dərdinizi baxaq.

A bala,çox sağ ol.Eyvallah.Allah razı olsun.Lazım deyil heç nə.Di əl çək demək istəsə də içindən susmağı seçdi.

-Adım Ülvidir

-İnci.Başını qaldırmadan qız davam etdi; otaq yoldaşlarımla dalaşıb evdən ayrıldım.Qrup yoldaşlarımdan da elə münasibətim yoxdu.Bu gedişlə elə burda qalası olacam.Atam ayın axırı maaş alıb pul göndərəcək ona qədər yəqin ki.

Bunları niyə dedim ki,tanımadığım adama nə aidiyyatı vardıki.Peşmanlıqdan qızarmışdı üzü.Bəlkə də kiməsə dərdini danışmasa infarkt da ola bilərdi.

Gözlərində donub qalmışdım.Danışması çox şirin idi.İlk dəfədən mənə dərdini danışması sonra bunun fərqinə varıb utanması məni çıxılmaz bir yola salmışdı.Və o an dilimdən çıxan heç bir sözə cavabdeh deyildim

-Məndə qal,yəni mənim evimdə.Pul gələnə kimi.Sonra sənə ev tutarıq ona qədər də məndə qalarsan.Məndə qalmağı iki dəfə təkrarladığımı və israr etməyim onda neqativ fikir oyadacağını gec də olsa sonradan ağlıma gəldi.duruxdum,sükut çökdü.

-Buna ehtiyac yoxdur,sağ ol

Bu sözdən sonra məcbur edə bilməzdim, sağollaşıb oradan uzaqlaşmalıyıdım,ən pis halda telefon nömrəmi verərdim köməyə ehtiyacı olsa yığar bəlkə deyə.Lakin heç nə demədən üzünü çevirdi.Ondan tam uzaqlaşırdım ki,

-Çox uzaqdı burdan eviniz?

-Yaxındır bura, istər istəməz sevincdən dodağımı qaçırtdım.Amma bunu onun görməsini və məndən qorxmasını istəmirdim.

Yol boyu ikisinin də ağzını bıçaq açmadı.İnci narahatlıqla aldığı qərarı sorğularkən,Ülvi necəsə onun güvənini qazanmağı,onu qorxutmamağı fikirləşirdi.Yolboyu bir daha heç nə danışılmadı.

Qapını açdığımda İncinin üzündəki qorxunu hiss etdim.İstəmirdim ağlından bir saniyə belə məndən ona ziyan gələcəyini keçirsin.Qorxurdum ki, hər an fikrindən daşına bilər.

-Keç içəri,artıq bir aylıq mənim ev yoldaşımsan.

Özüm sırf bir aylıq dedim ki,bunun keçici olduğunu və narahat olacaq bir şeyin olmadığını bilsin.

-Evdə dörd otaq var, birində mən qalıram.Qonaq otağı və iki otaq sənin əmrindədir.

Dodağını qaçırtdı.İlahi necə gözəl gülüşü varmış.Yox Ülvi aşiq olmaq sırası deyil.O sənin qonağındır bir aylıq bəli bəli bir aylıq.

Çox sağ ol-İnci qısıq səslə Ülvinin üzünə baxmadan minnətdarlığını bildirdi

-Nə etdim ki özümə ev yoldaşı tapdım sadəcə,sən sağ ol.Mən xalamgilə gedirəm.Tez qayıtmağa çalışacam narahat olma.Soyuducuda hər şey var.Kefinə bax.Hələlik.

İnci onun arxasıyca qapını bağladı və evi kəşf etməyə mətbəxdən başladı.Özü də təəcüblənmişdi,bu evə qapıdan girdiyi andan narahatlıq hissi onu azad buraxmışdı.Yolboyu maşında tanımadığı adamın evinə getməsi bir yandan,atasının bundan xəbər tutduğunda onu öldürəcəyi fikri digər yandan onu dəhşətə salırdı.Amma bu fikirlər evə daxil olarkən onu tərk etmişdi möcüzəvi şəkildə.Sanki bu evdə fərqli bir doğmalıq varıydı.

Bütün günü məlum dərdi düşüyündən aclığını yalnız indi hiss etmişdi.Soyuducuda yarpaq dolmasını görəndə Allah tərəfindən bunun daha bir gözəl pay olduğunu düşündü.Qarnını doyurandan sonra qonaq otağına keçdi. Divana oturub ayağını uzatdı.Nə qədər yorulduğunu anlamağı gec olmamışdı.

Xalam qapıda məni görən kimi boynuma sarıldı.Gözləri dolmuşdu.Bütün qüruru qırağa qoyub məndə möhkəm sarıldım.Qonaq otağına daxil olanda təkcə qonağın mən olmadığımı anladım.Samirənin yanında iki qız daha əyləşmişdi.Məni görüb salam əlaməti olaraq başlarını yellədilər. Qızlardan Laləni tanıyırdım Yunisin sevgilisi idi.Digərini də Samirə tanıtdı.Lalənin bacısı Nuranə idi.

Hər kəs süfrə arxasına keçdiyində Soltan əmi badəni qaldıraraq-Hamınız xoş gəlmisiniz, daim siz gələsiniz, biz şad olduq falan kimi mənasız fikirlər söylədi.Masada nədənsə ən çox mən və Nuranə haqqında danışılırdı.Və zaman keçdikcə sıxıldığımı səs-küydə anlamışdım.Bunu hiss edən Samirə atasına tərəf baxaraq,

-Soltan bəy buyurun bizə olan iş təkliflərinizi dörd gözlə dinləyirik.

Soltan əmi, tələsmədən və özündən razı bir şəkildə ayağa qalxdı.

-Mən sizi mənimlə birgə işləməyə dəvət edirəm.Mənə tərəf üzünü çevirərək sözünə davam etdi.

-Ülvi,oğlum hüququ bitirdin,atan kimi fəxrimiz oldun.Artıq ondan boş qalan yerə keçməlisən.Eləcə də Samirə maliyyə üzrə təhsilini bitirdi.

Masada hər kəs məmnun görünürdü.İşləmək mənim də arzum idi.Və mənim müsbət yanaşmağım hər kəsi sevindirmişdi.

Ağılla mı qərar verilməli yoxsa ürəklə? Hər birimiz yaşamımız boyunca ürəyimizlə ağlımızın daim müharibə şəraitində olduğunu düşünərik.Hər birimizə görə beynimiz ya da ağlımız daha bir sakit,təmkinli,hadisələri daha yaxşı araşdıran məfhumdur.Ürək isə insan bədəninin dəcəl övladıdır.Ürək daim cəsur olmağı,necə gəldi düşünmədən qərar verməyiylə tanınır.Bu mübarizədən əziyyət çəkən insan olmuşdur.Mən artıq ürəyimin səsini eşidirdim.Və bu həyəcan məni evə böyük istəklə aparırdı.

Yatdığını düşündüm amma məcbur qapının zəngini çaldım.Qapını çox keçmədən açdı.Bir mələk evimə nur saçmışdı.Tanrı bu mələyi dərdlərimi,keçmişimi unutmaq üçün göndərmişdi sanki.

-Bağışla,oyatdım səni.Qonaqlığın gec qurtaracağını təsəvvür etməmişdim.Səsimdəki titrəmə mənə doğma deyildi.

-Dəli dəli danışma.Gülərüzlüklə cavab verdi.-Sən məni bağışla sənə də narahatlıq verdim

Gördüyüm heç iyirmi dörd saat olmayan biri məndə niyə belə hiss yaratsın,təsir etsin.Divanda əyləşib çay içərkən nə qədər özümü yığışdırmağa çalışsamda ona baxmadan dura bilmirdim.Gözəlliyi və utancaqlığı məni bihuş edirdi.

-Evi bəyəndin? Bu səsini eşitmək üçün sualdan başqa bir şey deyildi.Və fincanı yerə qoyub danışmağa başlayandək zaman keçmək bilmirdi.

-Çox gözəldi.Sakitlikdi.Ən əsası budur.Gözünü divardakı tabloya çevirdi.

Heç bir fikrim yox idi , lakin illərdir buz tutmuş qəlbimin içdən-içə əridiyini hiss edirdim.Bu bəlkə də axmaqcadır yalnız adını bildiyim biri üçün.Göz qapaqlarımız

bağlanırdı.

Gözümü açar-açmaz İncinin otağına tərəf qaçdım.Çamadanları gördüyümdə sakitləşdim.Narahatlığım az da olsa dinmişdi.Nurcahan xala rayona getdiyindən gəlməyəcəkdi iki-üç həftəlik.Qonaq otağına keçəndə masanını üstündəki vərəqi oxumağa başladım.

Səhər dərsim varıydı,yatmışdın oyatmaq istəmədim.Hər şey üçün çox sağ ol bir daha.Amma ac qaldım səhər yeməyi üçün bir şey tapammadım(gülmək smaliki çəkmişdi).Alış veriş etmək istəsən bir edərik.Bu mənim nömrəm.

Saat on ikiydi.Görən dərsi nə vaxt bitəcək? Zəng etməkdənsə mesaj yazım ən yaxşısı.

Salam,mənəm Ülvi bugün dərsim yoxdu.Boş olsan yəni vaxtın olsa bərabər gedərdik mağazaya.

Göndər.Çatdı.Oxudu.Yazır.

Salam dərsdən çıxdım.On beş,iyirmi dəqiqəyə orda olaram.Əlbəttə gedərik.

Ən böyük xəyalım bir gün ailəmlə,uşaqlarımla alış-verişə getmək olmuşdu.Bilmirəm bu hissə nə vaxt tutulmuşam mənə çox cazib gəlir bərabər hərəkət edən cütlüklər.

Aldığımız ərzaqları mətbəxə yerləşdirməyə xeyli vaxt sərf etsəkdə bundan şikayətçi deyildik.Ərzaqları yerləşdirərkən bir-birimizə verdiyimiz suallar vaxtın necə keçdiyini bizə hiss etdirməmişdi.Bu söhbətlər əsnasında tərəzi bürcü olduğunu öyrəndim.Tərəzilərin ən çox qoxduğu ölümdür.Ona görə yox ki günahları çoxdu.Hər on tərəzidən hətta onu da savablarının günahlarından daha çox olduğunu,Tanrının o biri dünyada onları qiymətləndirəcəyini düşünür.Ölümdən qorxmalarının tək səbəbi itirməkdən başqası deyil.Ümumi xarakterlərində həmişə narahatlılıq sezilən bir bürc üçün itirmək həqiqətən sarsıdıcıdır.

Səhərlər bir başqa olurdu, axşamlar bir başqa.Hər axşam yuxumuz gələnə kimi bərabər film izləyirdik.Hər gün evə tələsirdim.On gün ərzində bir dəfə film izlərkən başını çiynimə qoydu.Bunu mən necə izah edim.O andan etibarən saçının ətrini ömür boyu xatirimdə qalacaqdı.Günlər ötür,zaman keçirdi.Artıq bir-birlərindən ayrı qala bilməyən iki insana çevrilmişdilər.İyirmi dörd gün bir evdə iki ayrı insan olmalarına rəğmən onları bağlayan bir şeylərin olduğuna əmin idilər. Sayılı günlər bitirdi.Bir həftədən sonra İnci üçün atası pul göndərəcəkdi.Artıq gündüzlər,gecələr daha sakit,hüzünlü keçirdi.Ülvi anlayırdı ki, İnci gedənə kimi ona olan hisslərini açıqlamalıdır.Qoy fikirlərimi deyim,deyim səndən xoşum gəlir.Əvvəl deməyə çəkinirdim,lakin mən sənin getməyini istəmirəm.Ülvi bütün günü bu fikirlərlə özünü gecəyə hazırlayırdı.Ülvi artıq özü də bilmədən qızın təsirinə düşmüşdü.Bu təsir təkcə Ülvinin İnciyə yox, həm də İncinin Ülviyə təsiri idi.İnci də artıq Ülvidən xoşlanır,onun yanında özünü azad hiss edirdi.Əsas da bu idi sevdiyinin yanında azad olmaq.Bu gecə yenə televizorun qabağında səssizcə kinoya baxırdılar.Otaqda sükut zülmət qaranlıq kimi hər kəsi ağuşuna almışdı.Ülvi özündə cəsarət taparaq sözə başladı:

-İnci, sənə bir şey demək istəyirəm, udqunaraq üzünü ona tərəf çevirdi.

-Bərabər qaldığımız günlər ərzində özümü çox xoşbəxt hiss elədim.Allaha şükür etdim səni qarşıma çıxartdığı üçün.İncinin üzünün qızarması otağı işıqlandırdı.

-Mənim tam olaraq demək istəyirəm ki, mən sənə bağlanmışam.Səninlə danışmasam,səninlə gülməsəm,sənə dərdimi bölməsəm mənasızca yaşamış kimi hiss edərəm həyatımı.Mən sənə aşiq oldum.Deyə bilərsən ki, nə yatdın ki nə yuxu da gördün.Haqlısan.Gözlərini yerə zillədi.

İnci eşitdiyi sözlərdən şok olmuşdu.Heçnə deyə bilmədi.

-Sən mənim bu illər ərzində həsrət qaldığım inci yağışımsan.Səni bulmuşkən məni buraxma.Köçmə bu evdən.Hər səhər ayıldığımda səni bu evdə görmək istəyirəm.Bu ev səninlə gözəldi,rahatdı.İncinin əlini tutdu.

Ülvi düşündü ki, elə bu dəqiqə İnci ağzının üstünə şilləni vuracaq.Amma elə olmadı.

-Məni bağışla,bunu edə bilmərəm.Əgər bu evdə qalacamsa,indidən belə sən yemək işinə qarışmayassan,çox bərbat bişirirsən.Qəhqəhə çəkərək Ülvinin boynuna sarıldı.Ülvi şokdan ayılar-ayılmaz qoynundakı mələyin saçlarından öpdü.Bu öpüş hər ikisinin bütün hüceyrələrinə azadlığı, güvəni aşılamışdı. Eşqin şirin şərabı hər iki gənci bihuş etmişdi.

Çox çətindir indiki zamanda iki gəncin bir-birini tapmasından əlavə sevgisini qoruması.Müxtəlif səbəblər var ayrılıqlara aparan.Sevgi nisbəti fərqliliyi,düşüncə tərzlərinin müxtəlif olması,ailəvi problemlər və sairə.Bu an nə İnci,nə də Ülvi bunları düşünürdü.Yalnız bu anı,xoşbəxtliklərini nirvana ruh halında yaşayırdılar.

Nirvana-hinduizm dini fəlsəfəsində sönmə,dayandırma,rahatlıq mənasına gəlir.Çoxlu mənaları olsa da , adətən iztirablardan azadolma ilə əlaqələndirilir.İztirabların eləcə də arzuların,vərdişlərin insan həyatına təsirinin aradan qaldırılmasıdır.Sevgi budur ətrafında nə baş verirsə versin dünyadan təcrid olunmuş olursan.Kaş həyat həmişə bizi belə xoşbəxt etsə.Bu heç vaxt olmayacaq.Vəziyyət nə olursa olsun dəyişilməyə tabedir.

Xoşbəxtlik nədir? İnsanların həyatında nəyin əskik olduğunu bilmək istəyirsinizsə,ona bu sualı verin.İnsanların əksəriyyəti xoşbəxt olmamağı nələrinsə əskikliyiylə əlaqələndirirlər.İnanın mənə xoşbəxtlik olanın varlığına şükür etməkdir.

Bu il qar Bakıya vaxtından əvvəl gəlmişdi.Həmişəki kimi Bakının problemli günləri başlamışdı.Qarın yağmağı illərdirki Bakıda yalnız uşaqları sevindirir.Qar Tanrının bir möcüzəsidi.Qar dənəcəkləri bənzərsizdir.Hər bir qar dənəciyi bir-birinə dəymədən yerə düşərmiş insanların tam əksinə.

Soltan işə çatanda artıq katibəsinin ona yazdığı mesajı oxumuşdu.Həyəcanını gizlədə bilmədi.Təngnəfəs halda harda qarşılamısız qonağı deyə soruşdu.

Otağa keçdiyində onu gözləyən Mirzə ayağa qalxdı.Qabarlı əlini Soltana tərəf uzadaraq salamlaşdı.

-Xeyir ola,Mirzə sən hara Bakı hara? narahatlılığnı həmin an Mirzə hiss etdi.

-Başa düşmədim, Bakı ancaq sizin şəhərdi,biz gələ bilmərik? istəmsizcə gülümsündü.

-Yox əşi.Sözdüdə soruşdum.

-Qızım burada təhsil alır.Gəlmişəm onu görməyə, hazır gəlmişkən də dedim sənin də yanına gəlim.O, necədir?- gözlərini divara zillədi.

-Necəsiz gözəl xanım? xoş sözlərlə otağa daxil olan Ülvi ekranda Soltanın yanında kimsə olduğunu kameradan gördü.Aç səsinə qulaq asaq kameranın.Qız tərəddüd etsə də maraqlı gəldi özünə də.

-Bu hardan düşdü yadına,Mirzə? əsəbi şəkildə üzünə baxaraq Soltan dilləndi

-Məncə onun necə olduğunu,harda olduğunu bilmək ən çox mənim haqqımdı.Soltanın əsəbi halına tam əks tərzdə,sakit cavab verdi.

-Sən o haqqı 23 il əvvəl onu Seymura verəndə itirdin.Siqaretini tələsik yandırdı.Ürəyindəki alovu siqaretin tüstüsüylə söndürmək istəyirdi.

-Nədən söhbət gedir,Ülvi,xəbərin var? qız üzünü rəngi ağarmış Ülviyə çevirdi.Ülvidən səs gəlmədi.

-Soltan, özün bilirsən ki, Seymurla mən qardaş kimiydim və mən öz övladımı ona verməyim uşağıma olan sevgisizlikdən deyildi.Yoldaşımın uşaqdan sonra halı yaman olmuşdu.Həkimə belə aparmağa pulum yoxuydu.

-Hə ona görə, uşağı satdın Seymura.Onu başa düşdüm,uşağı olmurdu deyə başqasının uşağını sahibləndi,amma səni başa düşmək bu illər ərzində mənə qismət olmadı.

-Mən heç razı deyildim,yoldaşım məni illərlə danışdırmadı.Məni qoyardın ölərdim amma uşağımı satmazdın deyə-deyə özünü parçaladı.Soltandan səs gəlmədiyini görüb, su içdi.-Allah da bağışlamadı məni, daha mənə övlad bağışlamadı.Arvad yalnız qalmasın, dəli olmasın deyə məcbur qalıb iki uşaq götürdüm elə rayonun yetimxanasından.Bu məsləhətinə də şükür göydəkinin.Qızlar böyüdü, universitetə qəbul oldu qızların böyüyü,gəldim elə onu görməyə.

Sözünü bitirib durmağa hazırlaşırdı ki,

-Ülvi yaxşıdır, magistr təhsili alır.Yavaş-yavaş da işləməyə başlayıb.Hər şey yaxşıdır.Narahat qalma heç nədən.De görüm, qız harda oxuyur,harda qalır, demisən mi burda əmisi var? mülayim səslə deməyi otaqdakı soyuq havanı az da olsa dəyişdi.

-Bakı Dövlət Universitetində.Tarixdə.İnci adı.Mənə hədiyyədir o qurban olduğumdan.

Telefonunda İncidən gələn mesaja baxdı hansı ki,atasını gəldiyini Bakıya yazmışdı.Otaq qaranlıqlaşdı.Həyatı bir saniyə içində zülmətə qərq olmuşdu.Ülvi çiynində altından qalxmayacaq bir yükü hiss edirdi.Nəfəsi çatmırdı.Özünü bir qədər toparlayıb otaqdan çölə atdı.Qar şiddətini artırmışdı.Artıq hər yer ağ rəngə bürünmüşdü.

Kişilər ağlamaz deyənlərə qatılıram.Onlar ağlamaz,qan qusarlar.Göz yaşlarıyla birlikdə axan məhz qandır.Bir oğlanın ağlaması edilə biləcək bütün cəhdlərin edilib də nəticə əldə edilməməsinin işarəsidir.Ümidin,arzuların,xəyalların ən əsası da həyat sevgisinin bitməsinin çölə vurmuş üsyanıdır. On səkkiz yaşına kimi ailəsi bildiyi adamlar heç yaxından belə qohumları deyilmiş.Əsl ailəsi tərəfindən satılmış bir körpəymiş.Sevdiyi qız məhz onun yoxluğu doldurulsun deyə övladlıq götürülən İnciymiş.Bu fikirlərin altında sürət pedalına kökləndi.Və digər maşınların siqnal səsləri ona heç nə ifadə etmirdi.İncini yığmaq yadına düşdü.Bu vəziyyətdə yalnız onun səsinə ehtiyacı varıydı.Zəngi cavabsız qaldı.Atasının gəldiyini eşidən kimi əli ayağına dolaşan İnci telefonunu evdə yaddan çıxartmışdı. Ona tək işıq olacaq səsi də eşidə bilmədi və artıq gözü qaralırdı. Ürəyinin döyünməsini qulağında hiss edirdi. Ayağını pedaldan götürməyə çalışsa da, ayağı söz eşitmədi...

# 1668 dəfə oxunub

Oxşar xəbərlər

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel nitqi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

Kişi, qadın və tüfəng - Həcər Paşayevanın hekayəsi

10:59 6 dekabr 2024
Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

Kitabı 2 günə 814 min nüsxə satılan qadın kimdir?

09:34 6 dekabr 2024
Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

Sarmaşıq - Günel Mehrinin yeni hekayəsi

15:17 5 dekabr 2024
# # #