Gözlənilməz hədiyyə - Lamiyə Məmmədova

Lamiyə Məmmədova

Lamiyə Məmmədova

17 dekabr 2021
# 12:36

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Lamiyə Məmmədovanın “Gözlənilməz hədiyyə” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Professor iş otağına daxil olanda masasının üstündəki güldanda çiçəklər diqqətini çəkdi. Səhər bu güldana təzə, şehli çiçəklər qoyulmuşdu. Çiçəklərin zərif qoxusu otağa yayılmışdı. Professor 30 illik iş həyatında ilk dəfə bu cür hadisə ilə rastlaşırdı. Bu onu sevindirirdi. Çiçəkləri qoyan hər kim idisə, professordan öncə gəlib, gülləri güldana yerləşdirib getmişdi. Professor masaya yaxınlaşdı, diqqətlə çiçəklərə baxdı. Azı 15 dəqiqə bu çiçəkləri güldana yerləşdirməyə vaxt ayrılmışdı. Artıq və kirli yarpaqları təmizlənmişdi. Müxtəlif rəngli qızılgüllərdən ibarət olan çiçək dəstəsi insana xoş ab-hava bəxş edirdi.

Professor hündür, enlikürək, ciddi biri idi. Saçlarında qara tel çox az tapılardı. Qalın qaşları arasında qırışdan çat yaranmışdı. Üzündə daim zəhm olardı. Bu otuz ildə universitetdə onu gülərkən görən olmamışdı. İşə məsuliyyətlə yanaşırdı. Heç vaxt heç bir tədbirə, iclasa gecikməzdi. 7 il idi ki, həyat yoldaşı vəfat etmişdi. Qızı isə ailə qurduqdan sonra xarici ölkəyə köçüb orda yaşayırdı. Günləri demək olar ki, bir-birinə bənzəyirdi. Fərqli heç nə yox idi. Universitetdən evə, evdən universitetə. Buna görə də, güldanda gördüyü bir dəstə çiçək onu təəccübləndirmişdi. Fikirli halda pəncərəyə yaxınlaşdı. Burdan universitetin yan həyəti asanlıqla görünürdü. Dərsin başlamasına hələ 5 dəqiqə var idi. Həyətdə cərgə ilə küknar ağacları əkilmişdi. Kölgəsinə isə skamyalar qoyulmuşdu. Tənəffüs zamanı tələbələrin çoxu gəzməyə daha çox üstünlük verirdi. Bir qədər aralıda açıqlıq var idi. 5-6 oğlan, qız əllərində top oyun oynayırdı. Bəzi tələbələr isə gecikdikləri üçün tələsə-tələsə məktəbin həyətinə girirdilər. Bütün bu mənzərəyə baxır kimi görünsə də əslində professorun fikri çox- çox uzaqlarda idi. Otağın qapısı qəfil açıldı. Professor diksinib arxaya çevrildi. Gələn tələbə Cavid idi.

- Bağışlayın, müəllim. Mən qapını döydüm amma deyəsən siz eşitmədiniz.

- Buyur gəl. - deyib professor masanın arxasına keçib, kresloda əyləşdi. Cavid bu il axırıncı kursda idi. Professor onun xətrini çox istəyirdi. Ona baxanda öz gəncliyini xatırlayırdı. Cavid də onun kimi ucaboy və yaraşıqlıdır. Üzündən qaşqabaq əksik olmur. Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Bundan əlavə yaxşı əl qabiliyyəti var. Maraqlı

rəsmlər çəkir. Professor Cavidin rəsimləri ilə tanış olduqdan sonra ona məsləhət görmüşdü ki, bu işə çox vaxt ayırsın. Ondan məşhur rəssam olacağına inanırdı. Elə indi Cavidin gəlməsinə səbəb də müəlliminin ona söz verməsi idi. Professor Cavidi öz rəssam dostu ilə tanış edəcəkdi. Danışıb saat 3 də görüşməyə razılaşdılar. İlk dəfə müəllim özü Cavidi rəssam dostunun emalatxanasına aparacaqdı. Hər ikisi kabinetdən çıxdı. Hərə öz sinif otağına yollandı.

Saat 3 də danışdıqları yerdə görüşdülər. Bugünkü görüş onların arasında hələ uzun müddət davam edəcək dostluğun təməlini qoydu. Professorla Cavid tez-tez görüşürdülər. Artıq aralarında isti münasibət yaranmışdı. Dost olmuşdular. Bir-birilərinə problemlərini danışır, məsləhətləşirdilər. Cavid gününün yarısını universitetdə yarısını isə rəssamın emalatxanasında keçirirdi. Həftə sonları çəkdiyi rəsimləri professora göstərmək üçün onunla görüşürdü. Beləcə günlər bir-birini əvəz edirdi.

Cavidlə birlikdə vaxt keçirmək professora xoş idi. Özünü gənc və gümrah hiss edirdi. Amma üstündən iki həftə vaxt keçməsinə baxmayaraq güldandakı çiçəklər onu hələ də

düşündürürdü. Güldanındakı güllər çoxdan saralıb, qurumuşdu. Müəllim qurumuş çiçəkləri rəfdəki boş qutunun içinə qoydu. Sonra masaya yaxınlaşıb telefonu qaldırdı. Mühafizəyə zəng vurub xadimələrdən birini otağa göndərməsini xahiş etdi. Çox keçmədən qapı döyüldü. Xadimə Gülgəz xala otağa girdi.

Gülgəz xalanın 56 yaşı var idi. Professorla aralarında o qədər də böyük yaş fərqi yox idi. Gülgəz xala cəmi 6 yaş böyük idi. Arıq vücudu həmişə narahat görünərdi. Başında yaşıl ləçək, əynində mavi iş xalatı var idi. Üzündəki qırışların sayı bu həyatda çəkdiyi əzab-əziyyətin nişanəsi idi. Professor başını qaldırıb Gülgəz xalaya baxdı.

- Gülgəz bacı, mən xahiş edəcəkdim ki, bu güldanı yuyasınız. - Xahiş nə demək, müəllim. Bu dəqiqə yuyaram.

- İki həftə əvvəl bura çiçəklər qoyulmuşdu. İçindəki su köhnəlib, yaman iy verir.

- Bəs güllər hanı?

Bu sual professoru çaşdırdı. Bir xeyli nə deyəcəyini bilmədi. Əslində

sual sadə idi. Elə verəcəyi cavab da sadə olmalı idi. Amma sanki cavab verməkdən qorxdu. Özünü günahkar kimi hiss etdi. Bir anlıq “kaş çiçəkləri götürməzdim” deyə düşündü. Gülgəz xala sual dolu baxışlarla baxırdı.

- Onları ora, rəfdəki qutuya qoydum. Quruyublar.

- Həə.

Gülgəz xala güldanı götürüb qapıya yaxınlaşdı. Elə çıxmaq istəyirdi ki, professor onu səslədi.

- Gülgəz bacı, bəlkə siz görmüsünüz, çiçəkləri bura kim qoymuşdu? -Çiçəkləri? Çiçəkləri mən qoymuşam.

- Siz?

- Həə, mən.

- Nə əcəb? Yəni maraqlı gəldi.

- Bunları mənə Maya verdi.

- Maya? Maya kimdi?

- Mayanı tanımırsınız? Axırıncı kurslardan. Vallah dəqiq ixtisasını bilmirəm. Amma bilirəm ki, bu il artıq bitirir.

***

Maya....Maya universitetin ən gözəl qızıdır. O məktəbin qapısından içəri daxil olduğu anda hamının diqqəti onda olur. İncə vücudu, gülər üzü yanından keçən hər kəsi valeh edir. Qara saçları çiyinlərinə tökər, kosmetikadan çox az istifadə edər. Başını dik tutub özündən əmin yeriyişi ətrafdakıları ona həsəd aparmağa vadar edir. Bütün qızlar onu qısqanır. Çünki, onu gözəl, cəlbedici edən geyimi ya da bəzək-düzəyi deyil. Hərəkətləri, danışığı və ən əsası da sadəliyidir.

Maya çalışqan tələbədir. Cavidlə eyni qrupda, eyni ixtisasda təhsil alır. Bütün qrup, hətta digər qruplarda təhsil alan tələbələr də onların bir birinə olan sevgisindən danışır. Əslində heç kim onların univerisitetin daxilində söhbət edən, əl-ələ tutan ya da başqa yaxın münasibətlərini görməyib. Amma onların bir-birinə baxması, gülümsəmələri hər şeyi deyirdi. Bəzi hisləri sözlərlə ifadə etmək olmur. Cavidlə Mayanın arasındakı sevgini də sözlərlə ifadə etmək mümkün deyildi. Maya təhsil aldığı qrupda yaxşı oxuması və fəallığı ilə fərqlənirdi. Tələbələri Arif müəllimin 50 yaşı olacağını biləndə məsləhətləşib onun üçün kiçik bir sürpriz hazırlamaq qərarına gəldilər. Onun üçün bir dəstə çiçək alacaqdılar. Maya təklif etdi ki, çiçəkləri öz həyətlərindən gətirsin. O, Arif müəllimin dərslərində heç vaxt olmamışdı. Çünki Arif müəllimin onların qrupuna dərsi yox idi. Amma digər qrupun qızları söhbət edərkən eşitmiş və bu təklifi etmişdi. Mayagilin həyətlərində olan qızılgüllər xüsusi parnikdə, bağban tərəfindən yetişdirilirdi. Buna görə də ilin istənilən fəsilində onların həyətində qızılgüllər çiçəklənmiş olurdu.

Maya universitetə səhər tez gəldi. Arif müəllimdən qabaq kabinetə gedib çiçəkləri qoymalı idi. Amma otağını tanımırdı. Kolidorda qarşısına Gülgəz xala çıxdı. Çiçəkləri ona verib otağa qoymasını xahiş etdi.

İki həftə sonra Professor çiçəkləri kimin qoyduğunu və kimin göndərdiyini öyrəndi. Amma səbəbini bilmirdi. Uzun illərdən sonra bir qadın ona yaşadığını hiss etdirdi. Gülgəz xala otaqdan çıxandan sonra Arif müəllim əlini alnına aparıb bir az ovuşdurdu. Uzun-uzun düşündü. Maya... Bu Maya kimdi axı? Niyə bura çiçək qoyub?

Dərsdən sonra Arif müəllim asta addımlarla universitetdən çıxıb metroya gedirdi. Arxadan incə bir səs onun adını çəkdi. Arxaya çevriləndə Mayanı gördü. Maya professora yaxınlaşıb salam verdi. Üzündəki məsum gülüş o qədər gözəl idi ki, Arif müəllim səbəbini bilmədən özü də gülümsədi. Və bu qızın Maya olduğunu ona tərəf çevriləndən bilmişdi. Onu görən kimi bir doğmalıq hiss etdi. Elə bil ki, illərdi görmədiyi çox yaxınını görüb. Qız danışmağa başladı.

- Arif müəllim, bir az əvvəl Gülgəz xala mənə dedi ki, siz otağınıza qoyulan çiçəkləri kimin qoyduğunu hələ bu gün bilmisiniz. Hesab edirəm ki, qızların sürprizini anlamamısınız.

- Sürpriz? Nə sürprizi?

Maya təəccüb dolu baxışlarla baxdı.

- Axı iki həftə əvvəl, mənim sizin otağınıza çiçəkləri göndərdiyim gün sizin doğum gününüz idi.

- Doğum günüm...

Professorun ürəyinə sıxıntı çökdü. Artıq neçə il idi ki, doğum gününü qeyd etmirdi. Unutmuşdu. Onlar birlikdə metroya getdilər. Arif müəllim bütün olanları Mayanın incə səsindən dinlədi. İllər sonra ilk dəfə özünü xoşbəxt hiss edirdi. Professor gülümsəyirdi. İllər sonra bu günü ona xatırlatdılar. Düzdü bu günü ona xatırladan, sürprizi hazırlayan başqaları idi. Amma o buna görə sadəcə Mayaya minnətdar idi. Özünü ona qarşı borclu hiss edirdi. Bütün qəlbi ilə ona. Sadəcə ona.

# 2930 dəfə oxunub

Oxşar xəbərlər

Qarğaların xoru - Elçinin yeni hekayəsi

Qarğaların xoru - Elçinin yeni hekayəsi

09:00 13 dekabr 2024
Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

Qırmızı vedrə - Aydın Talıbzadənin yeni hekayəsi

15:00 12 dekabr 2024
Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

Hərami Əhmədin dastanı - Həmid Piriyevin hekayəsi

14:43 11 dekabr 2024
Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

Sağlar ölənləri xilas eləyə bilərmi? - Nobel mühazirəsi

09:00 11 dekabr 2024
İnsanın doğulması - Qorkinin hekayəsi

İnsanın doğulması - Qorkinin hekayəsi

17:40 9 dekabr 2024
Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

Qardaşım sevdiyim qızı necə ələ keçirdi?

15:00 6 dekabr 2024
#
#
# # #