Börnaut - Təvəkgül Boysunardan yeni hekayə

Təvəkgül Boysunar, yazar

Təvəkgül Boysunar, yazar

21 iyun 2022
# 09:00

Kulis.az "Hekayə günü" layihəsindən Təvəkgül Boysunarın “Börnaut” adlı yeni hekayəsini təqdim edir.

Şirkət müdiri axşamkı iş yeməyinə məni dəvət eləyəndə əvvəlcə həvəssiz olsam da, restorana çatıb masa arxasına keçəndən sonra əhvalım yavaş-yavaş düzəlməyə başladı, çünki indi bizimlə eyni masada şıq geyimli gözəl xanımlar, yaraşıqlı bəylər əyləşmişdi və onların hamısı böyük şirkətlərdə yüksək vəzifə sahibi idilər.

Qısa tanışlıqdan sonra sifarişlərimizin birinci hissəsi gətirildi və hər kəs əlini çəngələ atıb yeməyə girişmək istəyəndə qəfildən necə oldusa, danışmağa və masada oturanlara məsləhət verməyə başladım:

– Bir dəqiqə. Çəngəllərinizi işə salmamış, zəhmət olmasa, hamınız bir ağızdan "Bismillahir rəhmanir rəhim" deyin.

Masadakıların hamısı əl saxlayıb təəccüblə mənə baxdılar. Dediyim şeydən özüm də çaşdım və susmağa çalışsam da, heç cür bacara bilməyib danışmağa davam elədim:

– Bəli, hamı "Bismillahir rəhmanir rəhim" desin. Çünki əks halda cinlər də sizinlə bir yerdə sizin yeməyinizdən yeyəcək və nəticədə doya bilməyəcəksiz.

Cəmi dörd aydır işə düzəldiyim şirkətdə baş direktor məni ən yaxşı işçilərdən biri hesab edirdi, amma indi hardan gəldiyini bəlli edə bilmədiyim, qarşısını da heç cür ala bilmədiyim bu danışığım masadakı adamların təəccüb dolu nəzərlərini üzərimə çəkdikcə mənə elə gəlirdi ki, hər kəsin gözü qarşısında lümlüt qalıb rüsvay olmuşam.

Kiminsə təcili köməyinə ehtiyacım var idi, ancaq, masadakı adamlar iş birliyi qurmaq istədiyimiz şirkətin nümayəndələri olduğu üçün mənə yad adamlar idi və onlar sadəcə təəccüb içində gah mənə, gah da bir-birilərinə baxır, arabir yanlarındakı şəxsə nəsə deyirdilər.

Mənsə bu lənətə gəlmiş dilimlə danışmağa hələ də davam edir və bütün çəngəlləri yeməkdən uzaqda tutub özümə qulaq asdırırdım:

– Özü də iş orasındadır ki, cinlər yeyəndə, bizim kimi əllərini sabunlayıb yemirlər. Bildiyim qədəriylə, onlar əllərini yeməyə... belə... necə deyim... yəni çirkli-çirkli vururlar da. Ona görə deyirəm ki, mütləq "Bismillahir rəhmanir rəhim" deyin. Kim istəyər ki, yeməyinə o pis şey bulaşsın? Elə deyil, Minurə xanım?

Yaxınlığımda oturan və adını bilmədiyim qadına baxıb soruşdum və deyəsən, hətta göz vurdum.

Şirkətin direktoru, üzü qızarmış vəziyyətdə mənə baxır, nə edəcəyini bilmirdi. Axırda o:

– Araz bəy, sizə nolub? – deyə yerindən qalxdı, mənə sarı gəldi və qolumdan tutub kömək etməyə çalışırmış kimi masadan qaldırmağa cəhd etdi.
Bu vaxt sanki özümə gəldim və sözlərimi bir-bir xatırlayıb vəziyyətdən çıxmaq üçün gülərək dedim:

– Həsən bəy, narahatlığa əsas yoxdu. Bu sadəcə bir psixoloji eksperiment idi. Siz Allah üzrlü hesab edin.

Masadakı şəxslərə təbəssümlə baxıb səliqəli və inandırıcı şəkildə cümləmi tamamladım və hiss etdim ki, deyəsən, vəziyyət düzəlir. Çünki onların bir çoxunun üzündəki çaşqınlıq yavaş-yavaş səngidi və yanımda ayaq üstə dayanmış şirkət direktoru öz yerinə keçdi.

Mənsə gərginliyi daha da azaltmaq üçün sözümə davam elədim:

– Həqiqətən, bağışlayın... Sadəcə bu psixoloji eksperimenti mütləq müdirin və yad adamların olduğu məkanda etmək lazım idi.

Sonra sözlərimin daha da inandırıcı görsənməsi üçün növbəti cümlələrimi dilə gətirdim, amma hiss etdim ki, deyəsən, məni danışdıran yenə də bayaqkı naməlum qüvvədir:

– Əslində bunu sirr saxlayırdım, amma mən psixologiya üzrə Nobel mükafatına namizədəm bu il. Namizədliyim artıq təsdiqlənib. Məncə, bu səbəbdən qüsura baxmayıb, bağışlaya bilərsiniz mənim bu anormal eksperimentimi.

Hər kəsdən əvvəl şirkət direktorunun təəccüblü səsi gəldi:

– Ciddi deyirsiz, Araz bəy?

– Aha bəli, inşallah yaxın zamanlarda nəticələr açıqlanacaq.

Bayaqdan mənə dəli kimi baxan adamların hər biri masa arxasından mənə öz təbəssümlü və nəzakətli təbriklərini ünvanlamağa başladılar.

Bir az əvvəl “Minurə xanım” deyə müraciət etdiyim qadın, şirkət direktorunun üzünə baxıb:

– Deməli, Həsən bəy, işinizdəki uğurların sirri həm də bu cür istedadlı kadrlar imiş, hə? – dedi. Qarşılıqlı təbəssümlər masa üstündə o tərəf-bu tərəfə gəzişdi.

Artıq bayaqkı gərginlik keçmişdi. Amma şirkət direktoru:

– Vallah əməlli-başlı şok yaşadıq. Başlayaq yeməyə, nuş olsun, – deyəndə və hər kəs çəngəllərini götürüb yeməyə girişmək istəyəndə mən ucadan:

– Bismillahir rəhmanir rəhim, – deyə qışqırdım və çəngəli balığa necə möhkəm batırdımsa, çəngəl balığın o biri üzündən çıxıb boşqabı cingildətdi. Hamı təzədən mənə baxdı.

Mən yenə özümə gəlib dedim:

– Və bu, sonuncu eksperiment idi. Artıq nöqtə qoyuldu. Amma fikirləşməyin ki, sizə yaşatdığım bu diskamfortu kompensasiya etməyəcəm. Xeyr, elə deyil. İçimdə ciddi bir əminlik var ki, qısa müddət sonra siz belə bir qonaqlıq üçün Azərbaycanın ilk Nobel mükafatçısının evinə yığılacaqsınız.

Masa arxasından müxtəlif səslər, uğur və alqış anlamlı sözlər gəldi.

Gənc və yaraşıqlı bəylərdən biri sual verdi:

– Araz bəy, çox maraqlıdır, namizədliyiniz rəsmi şəkildə təsdiqlənib? Nə əcəb mətbuatda bu haqda heç nə deyilməyib?

– Aha, əlbəttə, təsdiqlənib. Sadəcə mən lazımi şəxslərdən xahiş etdim ki, mətbuatda bircə şey də verilməsin bu haqda.

Boynundan yaşıl boyunbağı asılmış gənc bir qız:

– Niyə? – deyə soruşdu.

– Göz dəyməsin deyə. Dedim, birdən göz dəyər, bütün işlər korlanar. Mənə lazımdımı? Onsuz da nəzərdən möhkəm qorxuram.

Masada kimlərsə güldü, kimlərsə təəccüblə susdu. Danışmağa davam elədim:

– Əslində mən iki il əvvəl də Nobelə namizəd olmuşdum. Özü də başqa sahədə. Ginekologiya. Qadın cinsiyyət orqanında indiyəcən kəşf olunmamış bir sıra maraqlı sinir nöqtələri tapmışdım və sən demə, bu sinir nöqtələrinə toxunaraq onların sevgi duyğularını müxtəlif istiqamətlərə yönləndirmək olurmuş. Təsəvvür edirsinizmi? Bu, kiçik tapıntı deyildi. Yəni, təsəvvür edin ki, təxminən antena kimi də... Necə ki, antenanı sağa-sola tərpədəndə ekran gah aydın, gah bulanıq görsənir, eləcə də qadınların həmin sirli nöqtələrinə toxunanda, məcazi mənada desək, qəlbinə lazımi kişinin siması həkk olunur. Yəni vurulur da ona. O mənada. Siz Allah, üzrlü sayın, başınızı ağrıdıram, sadəcə, kimlərəsə maraqlı olar deyə dedim. Yəni, o kəşf balaca kəşf deyildi də.

Masadakı xanımlardan biri ayağa qalxıb əlindəki kiçik çanta ilə harasa getdi, mənsə nəzarət eləyə bilmədiyim danışığımın itirilmiş cilovunu axtarmaqdan birdəfəlik vaz keçib ağzımdan çıxan sözləri hər kəs kimi dinləməyə davam elədim:

– Həsən bəy, bəs siz hansı sahə üzrə Nobelə namizəd ola bilərsiz, hə?

Şirkətin direktoru üzümə baxdı.

– Hə, Həsən bəy? Sizə deyirəm.

Sonra masadakı xanımlardan birinə baxdım və ağlıma gələn ilk adla müraciət elədim:

– Maşın kolleksiyası yığmaq üçün Nobel verirlərmi, hə, Cülyetta xanım? Sizcə Həsən müəllimə verərlər Nobel buna görə?

Həsən müəllim nəsə dedi, masadakılardan da kimsə nəsə dedi. Onları sanki eşidə bilmirdim. Birdən hansısa qüvvə məni ayağa qaldırdı və sanki sağlıq deyirmişəm kimi, qədəhi əlimə götürüb, yan masalardakı şəxslərin də məni eşidəcəyi qədər uca səslə dedim:

– İcra hakimiyyətindəki işinizdən sonra həbsə düşmüşdüz. Çıxmaq üçün nə qədər xərclədiz, Həsən bəy? Görün nə qədər pulunuz var imiş ki, maşın kolleksiyanızdakı iyirmi üç maşına gərək qalmayıb, – səsimi daha da ucaltdım və digər masalara da baxaraq davam etdim:

– Nəysə, əziz dostlar. Quranda bilirsiz, nə deyir bu haqda?

İndiyəcən heç vaxt öyrənmədiyim və dilimizdəki üç-beş sözündən başqa heç nə bilmədiyim ərəb dilində bir neçə cümləni səliqəli və cəzbedici şəkildə səsləndirdim:

– Vaylul-li kulli əlləzi cəməa mələv-və addədəh. Yəhsəbu ənnə mə ləhu axlədəh. Kəllə ləyumbəzənnə fil-hutaməh.

Beynimin bir tərəfi hər kəs kimi buna təəccüblənərkən, digər tərəfi də indiyəcən üzünü belə açmadığım Quranın həmin ayəsini tərcümə edib, gözlərini diqqətlə mənə dikən və məni diqqətlə dinləyən yan masalardakı yad adamlara çatdırdı:

– Yəni ki, vay halına o adamların ki, onlar var-dövlət yığarlar, sonra da onu gecə-gündüz sayarlar. Onlar elə bilirlər ki, yığdıqları sərvət onları ölümsüzləşdirir. Elə deyil. Onlar, adamı kül eləyən alovun içinə atılacaqlar, – qısa bir fasilə verib davam etdim, – Başa düşdüz? Bax belə. Mənlik bu qədər. Bunu içirəm sizin sağlığınıza, əziz digər masalarda əyləşən yoldaşlar!

Yerimə oturdum.

Aralı masalardan kimlərinsə gülüş səsi gəlirdi. Kimlərsə diqqətlə gözünü dikib sakitcə bizə tərəf baxırdı.

Ağ köynəkli süfrəçi mənə yaxınlaşıb qulağıma tərəf əyildi, nəsə dedi, amma həmin an mən onu anlaya bilmədim.

Bir neçə dəqiqə sonra masada yeganə adam mən qalmışdım.

Çaxır sifariş etdim.

Saatlar keçdi.

Gecəyarısı ofisiantlardan biri gəlib:

– Müəllim, restoranı bağlayırıq, siz durmursuz? – deyə soruşdu.

– Qardaş, mənim yerimi orda salın da, bax, orda – qapının yanında salın. Bu gecə sizdə qalım, olar elə? – dedim.

Səhər üzü gözlərimi evdə açdım. Və telefonumun kontaktındakı son zənglərə baxıb evə necə gətirildiyimi təxmini olaraq başa düşdüm.

9 avqust, 2021

# 6043 dəfə oxunub

Oxşar xəbərlər

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

12:00 15 noyabr 2024
Xalq artisti:  "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

Xalq artisti: "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

17:00 14 noyabr 2024
#
#
# # #