"Hər şeyin üstündən keçirəm, amma anamın o cür ölməsini bağışlamıram" - Hikmət Sabiroğlu

Hikmət Sabiroğlu

Hikmət Sabiroğlu

25 aprel 2025
# 17:20

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin dünən keçirilən növbəti məhkəməsində tanınmış jurnalist, Şuşa sakini Hikmət Sabiroğlu Zeynalov da ifadə verib.

Kulis.az ifadənin mətnini təqdim edir:

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan, David Manukyan və başqalarının Bakıda keçirilən mühakiməsində zərərçəkən ifadəsi verdim aprelin 24-də. Azərbaycana qarşı ağır cinayətlərin Şuşa mərhələsinə baxılır həmin gündən.

Dörd zərərçəkən dəvət olunmuşdu. Məndən əvvəl dostum Elxan, qonşularım Sahib və İlham ifadə verdilər. Elxanla Sahib Birinci Qarabağ müharibəsinin qazisidir. İlhamın döyüşçü qardaşı Rövşən 1992-ci il mayın 8-də itkin düşüb.

Yarımcan qardaşım Elxan sərt danışdı. Oğlu da İkinci Qarabağ müharibəsinin döyüşçüsüdür. Qazi balamız Hüseyn.

Mən axıra qalmışdım. Dedim Şuşadakı dədə-baba evimizin 1992-ci il martın 14-də mərmiyə tuş gəlib kül olmasına görə zərərçəkən kimi tanınmışam, ibtidai istintaqa 2024-cü il aprelin 1-dəki ifadəmdə hər şeyi yerli-yataqlı danışmışam, məhkəmədə bunun üstünə gəlmirəm: “Xalqın bunca faciəsi içində bir evin yanması zərər sayılmaz. 23 min şəhid verib Azərbaycan. Ailələr, şəhər və kəndlər yer üzündən silinib. Milyonların ömrü talan olunub”.

Ailəmizin çəkdiyinin yüz minlərlə ailənin müsibətinə oxşar olduğunu dedim: “Atam 1990-cı ilin yanvar faciəsində sarsıntıya dözməyib insult keçirdi, il yarım əlləşsək də, onu tam ayaq üstə qoya bilmədik, 58 yaşında itirdik. Qarabağ avantürası olmasa, 20 Yanvar da olmazdı”.

Cibində qumbara gəzdirməyə vadar olmuş qardaşım Nazimin 1992-ci ilin yanvarında ehtiyatsız davranıb ağır xəsarət aldığını, uzun müddət xəstəxana qapılarında qaldığımızı dedim.

Dedim evimiz dağılandan sonra altı nəfərlik ailə Bakıda bir otağa sığınmışdı, sonra da Şuşanı itirdik.

Sonbeşik bacımın qaçqınlıq iztirabında xəstəlik tapıb 35 yaşında həyatdan getdiyini dedim.

Bunları danışdım, dedim, möhtərəm hakim, hamısının üstündən keçirəm, amma bir məqam var, onu bağışlamaram: “Anam Şuşa gedəndən sonra hər vaxt məndən bir şey soruşdu: Torpaqdan nə xəbər? Əvvəl bir evdə yaşayırdıq, hər axşam soruşurdu. Mən ailə qurub ayrılandan sonra hər gedəndə, qapını üzümə açan kimi soruşurdu. Anamın Ağdamdakı ata yurdu da işğal olunmuşdu. Savadlı qadın idi, hər gün qəzet oxuyurdu, bilirdi iş nə yerdədir, amma sanki məndən möcüzə, bir şad xəbər gözləyirdi”.

Dedim anama heç bir şad xəbər verə bilmədim: “2013-cü ildə yurd nisgili ilə vəfat etdi. Hər şeyin üstündən keçirəm, amma anamın o cür nisgilli ölməsini bağışlamıram”.

Biz birtərəfli danışa bilmərik dedim: “Ermənistanda, Qarabağda, diaspor cameəsində üst-üstə min nəfər “miatsum”, “Arsax azadlıq hərəkatı” şüarları ilə qabağa düşüb on minləri bu işə qoşdu, yüz minlərin həyatını qaraltdı. Nə verdi onlar erməni xalqına? Yerevandakı “Yerablur” məzarlığını bəxş elədilər. Ermənistan o cür məzarlıqla doludur. Dağlıq Qarabağ ərazisi də. İndi sahibsiz qaldı o məzarlıqlar. Bunu bəxş elədilər erməni xalqına”.

Dedim, Ermənistanın rusdilli mediasını hər gün izləyirəm, hərdən qarşıma talelər çıxır: “Baxıram bir erməni qadın. Ərini Birinci Qarabağ müharibəsində itirib, oğlunu İkinci Qarabağ müharibəsində. Tək qalıb. O qadının göz yaşını bəxş elədilər erməni xalqına”.

Mühakimə olunanların çoxu qarabağlıdır. Dedim mən Şuşada, Dağlıq Qarabağ Muxtar Vilayətində doğulub böyümüşəm, əsgərliyimin il yarımı isə Ermənistanda keçib, Eçmiədzində qulluq eləmişəm: “Eçmiədzini qarış-qarış gəzmişəm. Dəfələrlə Yerevanda, Oktemberyanda (indiki Armavirdə), Masisdə olmuşam, amma Ermənistanın heç harasında Qarabağ ermənisindən yaxşı yaşayan bir erməni də görmədim. Gül kimi yaşayırdı Qarabağ ermənisi. Qaldırdılar o camaatı Azərbaycanın üstünə, bizim qanımızı tökdülər, o camaatı da zəlil elədilər”.

Çox şey demək olardı. İclasın axırı idi, bunları dedim yalnız.

Təqsirləndirilənlər sakitcə qulaq asdılar. Bəzilərinə sözüm vardı. Demədim. Sənə meydan oxumuşu qəfəsdə görüb dayanırsan.

Siftə ifadə verənlər hakimdən dustaqlara ağır cəza istəmişdilər. Mən dedim, möhtərəm hakim, mühakimə olunanlar hökmlərini özləri veriblər…

Məhkəmədən dönəndə içimi ağırlıq bürümüşdü: bu xəmir nə qədər su aparır, Allah!

# 419 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - Sərəncam

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - Sərəncam

17:49 25 aprel 2025
Ağadadaş Ağayev kimdir?

Ağadadaş Ağayev kimdir?

17:36 25 aprel 2025
Dövlət Kukla Teatrı Ankarada

Dövlət Kukla Teatrı Ankarada

17:15 25 aprel 2025
"Barış Manço" filmi niyə ləğv edildi? - Açıqlama

"Barış Manço" filmi niyə ləğv edildi? - Açıqlama

16:50 25 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - "Ölüm Zirzəmisi"ndən REPORTAJ

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - "Ölüm Zirzəmisi"ndən REPORTAJ

16:00 25 aprel 2025
Faytonçu Nazim suçiçəyi oldu? - Açıqlama

Faytonçu Nazim suçiçəyi oldu? - Açıqlama

15:38 25 aprel 2025
#
#
# # #