Məni başa salın, çarşab, baş örtüsü nə deməkdir? - Lalə Bağırova

Məni başa salın, çarşab, baş örtüsü nə deməkdir? - Lalə Bağırova
25 aprel 2025
# 14:20

Kulis.az Lalə Bağırovanın "Qara çarşablı qadın" yazısını təqdim edir.

Üç qadın Sədərək ticarət mərkəzində yol gedirdi. Alış-veriş məqsədi ilə basırıq, dəfələrlə qaynadılmış yağda qızardılan pirojki qoxulu, adamların bir-birinə yol vermədən keçdiyi küçələrdə yanaşı addımlayırdılar.
Birinci qadının əynində yubka və kofta var idi. Geyimindən müəllim olduğu bilinirdi. Xaraktercə hövsələsiz, səbirsiz insan təsiri bağışlayırdı. Digəri boz don geyinmişdi, evdar qadına oxşayırdı. Xaraktercə şən, oynaq əhval-ruhiyyəyə malik idi.

Üçüncü qadın isə çiçək naxışlı yubka ilə mavi kofta geyinmişdi. Yüz faiz musiqi müəllimi idi. Yubkasındakı mavi çiçəklərlə kofta tandem təşkil edirdi. Mülayim, eyni zamanda hər şeyi altdan alan, ört-basdır edən xarakterə malik idi.
Hər qiymətə məhsulun, hər cür insanın olduğu bu satış mərkəzində alıcılar, səyyar satıcılar, araba daşıyanlar darısqal yolda bir-birlərinə aman vermirdilər.

Üç qadın söhbətləşə-söhbətləşə irəliləyir, arada da mağazaların qarşısında ayaq saxlayıb, diqqətlərini çəkən məhsulların qiymətlərini soruşurdular.
Qəflətən qarşılarına qara çarşablı qadın çıxdı. Qadın başdan-ayağa zil qara libasa bürünmüşdü, heç gözləri də görünmürdü.

Qara çarşabının bel hissəsində “Ya Səbr” sözü yazılmışdı, yazı ağ rəngdə idi. Yazının altında isə çox güman ki, eyni söz, lakin ərəb əlifbası ilə həkk olunmuşdu. Həmin yazı da həmçinin ağ rəngdə idi.

Evdar qadın çarşablı qadını görən kimi dərhal öz fikrini bildirdi:

- Bir baxın, necə fərqli çarşab?! O, burda heç kəsə bənzəmir...

Əri dindar olduğundan (həyat yoldaşı dəfələrlə bildirmişdi ki, qadının başı mütləq bağlı olmalıdır), belə mövzulara fikir bildirməyi özünə borc bilirdi. Qadın əlüstü, cəld onu da əlavə etdi ki, əslində, bu cür nümayişkaranəlik doğru deyil. Yəni, fərqli görünmək, qara rəng fonunda ağ yazı çox cəlbedicidir və qıcıqlandırıcıdır.

Müəllim anında dilləndi:

- Ümumiyyətlə, məni başa salın, çarşab və ya baş örtüsü nə deməkdir axı?! Mən şəxsən anlamıram. Biz dini ölkədə yaşayırıq bəyəm?! Üstəlik, sən nə düşünürsən, özün bilərsən, digər insanların sənin hansı dini tərcih etdiyini görməsi, bilməsi o qədər vacib deyil. Məncə, bunun özü də, bir növ, özünü göstərmək, reklam etməkdir. Dinimizdə belə şey yoxdur.

Evdar qadın susdu, lakin həm də ürəyində fikirləşdi ki, kaş müəllimdə azacıq səbr olaydı.

Üçüncü xanımın, yəni, musiqi müəlliminin fikri həmin an dağınıq idi, başqa şey haqqında düşünürdü. Lakin o da mövzudan kənarda qalmaq istəmədi və fikrini belə qətiləşdirdi:

- Əşi, özü bilər e, nə geyinər. Bizim nə işimizə qalıb?! İndi o da bu cür fikirləşir də, neyləyək? Ona baxdım, yadıma düşdü ki, (bu yaxınlarda panik atak tutmaları səbəbindən nevropatoloqa müraciət etmiş, həkim də qadına hər şeyi dərd etməməyi məsləhət görmüşdü) səbrli olmaq çox yaxşı işdir. Hər nə olur-olsun, insan təmkinlə davranmağı bacarmalıdır.

Evdar qadın yenə də bir soz söyləmədi, yalnız ürəyində öz-özünə bunları dedi:

"Sənin də səbrin normadan çoxdur, deyəsən".

Qara çarşablı qadın isə haqqında nə danışıldığını eşitmədən, duymadan, yanını basa-basa yeriyərək sürətlə gözdən itdi.

# 4375 dəfə oxunub

Oxşar xəbərlər

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

Benksi nəhəng heykəlin ona məxsus olduğunu rəsmən təsdiqlədi

15:30 1 may 2026
Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik  – Onu hamıdan fərqləndirən nə idi?

Yazıçı oğlu dənizdə, özü isə dəm qazından boğulan akademik – Onu hamıdan fərqləndirən nə idi?

15:00 1 may 2026
Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

Maykl Ceksonun həyatından bəhs edən filmin davamı çəkilir

13:50 1 may 2026
Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

13:20 1 may 2026
Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

Vatikanda Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı keçirildi

13:10 1 may 2026
Beynəlxalq Xalça Festivalının açılışı oldu

Beynəlxalq Xalça Festivalının açılışı oldu

11:45 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər