Kulis.az Məcid Rəşadətoğlunun yeni yazısını təqdim edir.
Bu yazım əziz oxucularıma Hüseyn Cavid əfəndinin qardaşı Əlirza bəy haqqında qısa məlumat vermək istəyirəm. Rasizadə ailəsinin son beşiyi olan Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində, din xadimi Hacı Molla Abdulla Rasizadənin ailəsində dünyaya gəlib. Molla Abdulla Rasizadə – bu soyadın ilk daşıyıcısı – 1877 - ci ildə doğulduğu Şahtaxtı kəndindən Naxçıvana köçmüşdü və burada onun üç oğlu dünyaya gəlmişdi: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr.
Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin inkişafında üç ayrı cərəyanla və ictimai-siyasi fikrin üç istiqaməti ilə assosiasiya olunur. Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) İstanbulda türk, Əlirza isə Qoridə rus təhsili alaraq, müvafiq olaraq islam, türk və rus təsirlərinin daşıyıcıları və təbliğçiləri olublar. Onlar arasındakı mürəkkəb münasibətlər XX əsr Azərbaycan cəmiyyətindəki üç əsas ideoloji istiqaməti əks etdirirdi...
Əlirza Rasizadə (soldan birinci) Qori Seminariyasının şagirdləri arasında (1904)
Yazılanlara görə, Əlirza bəyin Naxçıvanda dərs aldığı müəllimlər içərisində görkəmli yazıçı, jurnalist Cəlil Məmmədquluzadə də olub. Böyük ədibin dərsində iştirak etmək, Mirzə Cəlilin ustad dərsləri ilə yaxından maraqlanmaq Əlirza bəyin düşüncə tərzinin formalaşmasında, o cümlədən xurafatın, dini fanatizmin kök saldığı cəmiyyətdə düzgün mövqe tutmasında böyük rol oynayıb. Mirzə Cəlil Əlirza bəyə ətrafdakı gerçəklikləri konkret nümunələr üzərindən təhlil etməyi və o dövrdə Azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini tənqidi baxışla dəyərləndirməyi öyrədib. Bu təsir nəticəsində Əlirza bəy bütün həyatı boyu müsəlmançılığın sağlam tənqidçisi olub.
Cəlil Məmmədquluzadənin tövsiyəsi ilə Əlirza bəy 1900-cü ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub və 1905-ci ildə oranı bitirib. Seminariyada o, sonradan 1920-ci illərdə Zaqafqaziyada baş verəcək Bolşevik inqilabının iştirakçıları və yerli Sovet hakimiyyətində mühüm rol oynayan şəxslərlə tanış olub.
Seminariyanı bitirdikdən sonra Əlirza Rasizadə doğma Naxçıvana qayıdaraq burada rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi kimi fəaliyyətə başlayır. 1915-ci ildə o, 16 yaşlı Səkinə Məmmədova ilə evlənir və bir il sonra oğulları Şamil dünyaya gəlir. Əlirza bəy maarif sahəsində uğurlu karyera qurur və İrəvan quberniyasının Naxçıvan qəzasında xalq təhsili departamentinin rəisi vəzifəsinə yüksəlir. Müsəlman əhalisi arasında rus dili və mədəniyyətinin yayılmasında göstərdiyi xidmətlərə görə o, 1912-ci ildə "Müqəddəs Stanislav" ordeni, 1913-cü ildə isə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə xatirə medalı ilə təltif olunur.
Əlirzanın həyat yoldaşı Səkinə xanım (1929)
Birinci Dünya müharibəsində Rusiyanın məğlubiyyətindən və Cənubi Qafqazda müstəqil respublikaların yaranmasından sonra Ermənistan və Azərbaycan arasında qanlı münaqişə başlanır. 1918-ci ilin yayında Naxçıvan şəhəri erməni generalı Andranikin hücumuna məruz qalır (bu barədə Lətif Hüseynzadənin "Araz şahiddir" kitabında ətraflı məlumat var - M.R) və Əlirza ailəsi ilə birlikdə Bakıya köçməyə məcbur olur. O, burada Buynak (indiki Şeyx Şamil) küçəsində yaşamağa başlayır və Azərbaycan Parlamentinin dəftərxanasında stenoqrafist kimi çalışır. 1920-ci il aprelin 28-də XI Qızıl Ordu Bakıya daxil olur və hakimiyyət Sovet rejiminin əlində cəmləşir. Əlirzanın Qori seminariyasından olan tanışları Azrevkomun üzvü olduqlarından, onu Sovet hakimiyyətini qurmaq üçün Naxçıvana göndərirlər.
Həmin il, yəni 1920-ci il iyulun 28-də Naxçıvanda XI Qızıl Ordunun Hərbi İnqilab Şurası Ermənistandan müstəqil Naxçıvan Sovet Respublikasının yaradıldığını elan edir və Naxrevkom – Naxçıvan İnqilab Komitəsi – bölgədə yeganə hakimiyyət orqanı kimi formalaşdırılır. Qısa müddət sonra bu qurum Naxçıvan SSR-in Xalq Komissarları Şurasına çevrilir və Əlirza Rasizadə xalq maarifi komissarı vəzifəsinə təyin olunur. Onun Naxçıvanda sovetləşmə prosesindəki xidmətləri 1922-ci ildə Azərbaycan SSR-in Əmək ordeni ilə qiymətləndirilir. Əlirza bəy yerli ziyalıların bir çoxunu qırmızı terror təhlükəsindən qoruyaraq onlara Sovet hökumətində vəzifələr verir. Lakin 1925-ci ildə Mircəfər Bağırovun Naxçıvan səfəri nəticəsində həmin şəxslərin əksəriyyəti repressiyaya məruz qalır.
1921-ci ildə Sovet - Türkiyə müqavilələrinə əsasən, Naxçıvan Sovet Respublikası Azərbaycanın himayəsi altında muxtariyyət statusu alır və Əlirza Rasizadə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə nümayəndə kimi göndərilir. Burada o, Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Sergey Kirov, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Nəriman Nərimanov, Ruhulla Axundov kimi dövrün tanınmış dövlət xadimləri ilə çiyin-çiyinə çalışır.
Əlirza Rasizadənin təltif olunduğu Müqəddəs Stanislav ordeni (1912)
Rus dilini mükəmməl bilən, uzun illər rus təhsili və mədəniyyətinin təsiri ilə tərbiyələnən ziyalı olaraq, Əlirza bəy Azərbaycanın 1922-ci il dekabrın 30-da SSRİ-yə qoşulmasını böyük coşqu ilə dəstəkləyir. O inanırdı ki, Sovet İttifaqının tərkibində Azərbaycan cəhalətdən, gerilikdən uzaqlaşacaq, inkişaf edəcək və Avropa mədəniyyətinə daha çox yaxınlaşacaq, həyat səviyyəsi isə Rusiyaya çatacaq. Ancaq arzusunda olduğu siyasi rejim Azərbaycanda öz hakimiyyətini elan etdikdən sonra baş verən hadisələri Əlirza bəy ümidlər və illüziyalarla qarşıladı. Cəmi üç il ərzində erməni daşnaklarının yüksək vəzifələrə çəkilməsi, məmur özbaşınalığının günü-gündən artması Əlirza Rasizadə publisistikasında əsas tənqid hədəfinə çevrildi...
1923-cü ilin noyabrında Əlirza bəy kəndlərdə yeni iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlı ezamiyyətə göndərilir. Yazılanlara görə, o, bir dağ çayını keçərkən suya yıxılır, ağciyərlərinə su dolur və ağır yaralanır. Bu hadisə nəticəsində o, dünyasını dəyişir. Əlirza bəy Bakıdakı Çəmbərəkənd qəbiristanlığında dəfn olunur. Sovet hakimiyyətinə göstərdiyi xidmətlərə görə Əlirza Rasizadə ölümündən sonra 1923-cü ildə Azərbaycan SSR-in Qırmızı Bayraq ordeni ilə təltif edilir.
Əlirzanın 1923-cü ildə dəfn olunduğu Çəmbərəkənd qəbiristanlığı