"Xoşbəxt" gün - Günel Mehrinin yeni hekayəsi

"Xoşbəxt" gün - Günel Mehrinin yeni hekayəsi
25 aprel 2025
# 17:40

Kulis.az Günel Mehrinin ""Xoşbəxt" gün" hekayəsini təqdim edir.

Gözünü qırpdıqca elə bil tikan batırırdılar bəbəyinə. Hikkəsindən dişlərini bir-birinə elə çəpərləmişdi ki, heç tüpürcəyi bu çəpərdən yol tapa bilmirdi. Qorxurdu, qorxurdu ki, gözünü bir də qırpsa, yaşara, bayaqdan vizaj ustasının canfəşanlıqla çəkdiyi bahalı makiyaj zay ola. Göz yaşıyla cığır alıb yanağı boyu axıb gedə. Sonra da gəl bu sözbaz camaatı inandır ki, ağlamıram, di gəl bayaq gözümə salınan o rəngli şüşə qırığı mənə olmazın zülmünü edir. Gözlərini iri-iri açıb maşının yan güzgüsünə dikdi. Güzgüdən yad gözlər baxırdı. Həmişə adət etdiyi gülümsər qara gözlərinin yerində bir cüt fİruzə parlayırdı. Daha doğrusu, fİruzə daşı kimi donuq, soyuq bir cüt göz... Bədənindən üşərti keçdi. Gözündəki yaşıllıqdan içinə damla-damla soyuqluq axdı. Heç cür anlaya billmirdi ki, camaat gül kimi gözlərinə bu zəhrimarı niyə taxır? Nə isə, artıq iş işdən keçmişdi. “Linza” deyilən bu xırda şüşələri istəsə belə çıxara bilməzdi gözlərindən. Bir şeyi beyninə heç cür sığışdıra bilmirdi ki, onun gözlərini yalandan yaşıl rəngə boyamaq nəyinə lazım idi qayınanasının. Onsuz da gözlərinin yaşıl yox, qara olduğunu bilən bilirdi, bilməyən də əvvəl-axır biləcəkdi. Amma yeni qohumlarının, həqiqətən də, gözəl zövqü var idi. Geyimindən tutmuş, saçına düzülən güllərəcən hamısını fİruzəyi rəngdə almışdılar. Evdən çıxmazdan öncə otaqdakı güzgüdə özünə baxanda çaşmışdı. Elə bil yaşıldonlu mələk idi. Dini kitablarda oxumuşdu ki, mələklər, adətən, yaşıl rəngdə geyinirlər. İndiyə qədər özünü belə cəhli-cəlalda görmədiyindən hər şey qəribə gəlirdi. Hündürdaban ayaqqabıları da, tez-tez ayağına dolaşan simli paltarı da, boynuna tarım çəkilmiş qızıl zəncir də, qulaqlarına ağırlıq edən brilyant sırğaları da ona yad idi. Həmişə geyindiyi sport tərzli geyimlərində özünü rahat hiss edərdi. İndi isə bu geyim-kecimdə hər addımını yüz ölçüb bir biçməli idi. Toya qədər anasının xanımlıqla bağlı verdiyi bir "quran"lıq dərs dadına çatırdı. İçində gülürdü ona həsədlə, heyranlıqla baxan qohum-əqrabalara. Axı onların qarşısında dayanan o deyildi. Onun məharətlə ifa etməyə çalışdığı xanım obrazı idi. Özü də dərk edirdi ki, tükündən dırnağınacan roldadır. Və ən pisi də o idi ki, bu sünilik onu bezdirmirdi. Əksinə həmişəki sadəliyindən, səmimiliyindən sonra ləzzət verirdi. Bəy ehmalca çiyninə toxunub qulağına nəsə pıçıldadı. Fikirli olduğundan nişanlısının nə dediyini anlamadı. Onun gülldüyünü görüb özü də gülümsündü. Nəyə gülümsündüyünü bilmədən, sadəcə, gülümsündü. Yaxşı ki, nişanlısı daha heç nə demədi. Amma onun nəfəsindən gələn ətir qarışıq içki qoxusu burnunu tutdu. İndi başa düşdü ki, onu tanıdığı bu qısa müddətdə qaşqabağı açılmayan nişanlısı niyə bu gün xoşbəxt görünür. Öz-özünə düşündü ki, görəsən mənə baxanda kimi düşünür? Xəyalında kimi canlandırır? Ürəyi sıxıldı bu fikirlərdən. Deyəsən, döyüntüləri də artdı. Həm özünün, həm də onun halına acıdı. Yoxsa, bu yazıq özünü unutmaq, xoşbəxt bəy rolunu layiqincə oynamaq üçünmü içmişdi?

Nə qəribə idi... Bayaqdan maşında yan-yana otursalar da, bir-birlərini görmürdülər. Hərəsi öz dünyasına qapılmışdı və oradan çıxmaq istəmirdi. Düşündü ki, dost-tanış indi sevinə-sevinə bu toya hazırlaşır. Onlar isə elə bil başqasının toyuna qonaq gedirlər. Elə bil barmaqlarında bərq vuran üzüklər nişan üzükləri deyildi... Maşın karvanısa siqnal verə-verə irəli şütüyür, bütün dünyaya car çəkmək istəyir ki, bu gün Hafizlə Nargilənin toyudur. Hər dəfə işıqforda dayananda qonşu maşınlardan adamlar onlara sarı boylanırdı. Ömrü boyu diqqət mərkəzində olmadığından özünü narahat hiss edirdi bu maraqdolu baxışların altında. Bir azdan gəlin havasının titrək sədaları ilə firuzəyi zala daxil olacaqdılar. Özü də qol-qola, bir-birlərini böyük məhəbbətlə sevən cütlük kimi. Gülümsər sifətlər, sınayıcı baxışlar düz bəylə gəlin üçün bəzədilmiş masaya qədər müşayət edəcəkdi onları. Bu tanış və yad, doğma və uzaq adamların içində o tamam tək qalacaqdı. Əli nişanlısının əlində, gözü hər an onu izləyən obyektivlərdə tamam tək olacaqdı... Ona görə də heç istəmirdi, bu yol bitsin. Amma həlledici an gəlib çatdı. Avtomobilin qapısını açan sağdış gəlini çölə dəvət edirdi. Özünü itirdi. Çönüb nişanlısına baxdı. Deyəsən, o da çaşmışdı. Birtəhər avtomobildən düşüb restoranın nəhəng pillələrinə yaxınlaşdılar. Aman Allah, pillələr bitmək bilmirdi. İri güzgüdə çöhrəsini görəndə qorxdu. Rəngi kağız kimi ağarmışdı. Az qaldı ki, yıxılsın. Rəfiqəsi yanında idi. Qolundan tutub ona dayaq oldu. Bax beləcə uşaqlıqdan vurğunu olduğu “Vağzalı”nın sədaları altında keçib yerinə oturdu. Nədənsə, həmişə bu musiqini eşidəndə kövrəlirdi. Sanki bu dəqiqə içində tüğyan edən kədəri notlara köçürüb bəstələmişdilər “Vağzalı”nı.

Artıq başqa musiqi çalınırdı. Tomada mikrafonu əlinə alıb gəlinlə bəyə yeddimərtəbəli tərif yağdırırdı. Günəş belə gəldi, ulduzlar elə getdi, deyə-deyə bir ucdan üyüdüb-tökürdü. Gör bir nə qədər toyda olmuşdu. Amma heç vaxt fərqinə varmamışdı bu yalançı sağlıqların, süni təbriklərin. Yoxsa, bütün bunları sezmək üçün gəlinlik taxtına çıxmaq lazım idi? Hə, hər şey nəyinsə xatirinə edilirdi. Ora-bura şütüyən ofisiantlar artıq pul xatirinə dəridən-qabıqdan çıxırdılar. Musiqiçilər yorulub ölsələr də axıra qədər çalıb-oxumaq məcburiyyətində olduqlarından sifarişləri bir-bir yerinə yetirirdilər. Ortalığa düşənlər müğənninin xoruz buraxa-buraxa oxuduğu mahnıları dinləmədən rəqs xatirinə süzürdülər. Hamı əziz olmuşdu bu gün, yadlar da doğmalaşmışdı. Başqa vaxt bir-birinə salam verməyənlər indi mehribanlıqla söhbətləşirdilər. Get-gedə xörəklər yenilənir, qədəhlər dolub-boşalır, məclis qızışırdı. Bu gün Nargilə hər şeyə müşahidəçi gözüylə baxırdı. Baş verənləri birər-birər götür-qoy edirdi daxilində. Getdikcə bir məqam yəqinləşirdi beynində. Bura toy məclisindən çox karnavala bənzəyir. Sadəcə, karnavaldan fərqli olaraq maskaları süni mimikalar əvəz edirdi. Eyni ilə karnavaldakı kimi burada da geyimlər o qədər alabəzək idi ki, elə bil hamı təmtəraq yarışına çıxmışdı.

Bir azdan bitəcəkdi hər şey. Azca da dözməli idi. Lap az... Soyuq tər axırdı gəlinlik paltarının altından. Saatlarla tərpənmədən yerinə yapşdığından idi, yoxsa, içini saran sıxıntılar çölə vururdu, bilmirdi. Rəqs meydanında dəridən-qabıqdan çıxanlar qalmışdı bir yanda, ondan su gedirdi. Boğazı da qurumuşdu. Səhərdən süfrədəki naz-nemətdən birinə də baxmamışdı. Bu vaxt ərzində bircə dəfə də qol qaldırıb oynamamışdılar. Elə arabir fotoqrafın verdiyi pozları mexaniki təkrar edib otururdular. Ona elə gəlirdi ki, ürəyini zərrə-zərrə əzirlər. Bədəninin müxtəlif nöqtələrində bu zərrələrdir döyünən, titrəyən... Get-gedə vücudunun titrəyişi kənardan hiss olunacaq qədər artırdı. Özünü inandırmağa çalışırdı ki, ətrafda baş verənlər – hamı, özü də, yanında oturan bəy də yuxudadır. Qəfil çalınan qulaqbatırıcı zəng səsi bütün bunlara kök bir nöqtə qoyacaq, hər şey uzaqlaşacaq və gözlərini öz yatağında açacaq. Dağ kəndlərindəki o sakit evdə əli ilə saatın düyməsini basıb sakitləşəcək. “Hər şey yuxudur, yuxudur” deyə ürəyində təkrar edirdi. Amma saat susurdu. Hər səhər onu səsləyən, bəzən də bezdirən zəng səsi hardasa uzaqlarda qalmışdı...

Birdən içindən dəli bir istək keçdi. İşıq sürəti ilə keçib içini isitdi. Dirildi, qamətini düzəltdi və paltarını əlinə alıb gəlin taxtından düşdü. Hamının təəccüblü baxışları altında sürətlə zaldan keçib pillələri düşdü. Ardınca eşitdiyi çığırtıların fərqinə belə varmadan özünü restoranın yağışdan islanmlş həyətinə atdı. Üzündən, gözündən, donundan, saçından yağış damlaları cığır aça-aça maşın yoluna çıxdı. Qarşısına çıxan ilk taksiyə oturub amiranə səslə dedi:

Xınalığa sür!..

# 126 dəfə oxunub

Oxşar xəbərlər

Səxavətli qonaq - Seymur Baycanın hekayəsi

Səxavətli qonaq - Seymur Baycanın hekayəsi

17:55 22 aprel 2025
Çayın gətirdiyi adam - Elçin Köçərlinin hekayəsi

Çayın gətirdiyi adam - Elçin Köçərlinin hekayəsi

15:15 22 aprel 2025
Şeytan işi - Kamal Abdullanın yeni hekayəsi

Şeytan işi - Kamal Abdullanın yeni hekayəsi

09:00 22 aprel 2025
Xoşbəxtlik düsturu - Kəmalə Mirzəyevanın hekayəsi

Xoşbəxtlik düsturu - Kəmalə Mirzəyevanın hekayəsi

10:00 20 aprel 2025
Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

Ovçu qışqırığı - Uilyam Qoldinqin hekayəsi

17:20 17 aprel 2025
Sarı pencək - Tural Cəfərlinin hekayəsi

Sarı pencək - Tural Cəfərlinin hekayəsi

13:00 17 aprel 2025
# # #