Atam, bibim və Sergey - Samirə Əşrəfin romanı

Atam, bibim və Sergey - Samirə Əşrəfin romanı
26 mart 2022
# 17:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" romanından altıncı hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk romanı olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

VI hissə

Sergeyin gündəliyə yazdığı hadisələri mən də xatırlayırdım. Kamran dayını, onun oğlanlarını və qızını, ikinci arvadı Zərqələmi yaxşı tanıyırdım. Kamran dayı sadə, zəhmətkeş adam idi. O, uzun illər taksi sürücüsü işləmişdi. Həmişə fəxrlə deyirdi ki, rayonda ilk sarı rəngli taksi sürən iki sürücüdən biri mənəm! Zərqələmlə Kamran dayının evdəki subay qızı və oğlanları yola getmirdilər. Zərqələm həftənin üç-dörd günü olurdu ər evində.

Kamran dayı canısulu kişi idi. Birdən-birə arıqlayıb sozalmağa başladı. Xəstələnib çökməyi o qədər ani baş verdi ki, bircə həftənin içində yatağa düşdü.

Uşaqlarla küçədəki arxın yanında oturub palçıqla hovuz düzəldirdik. “Usta” mən olurdum. Yan-yörəmdəki qızlar da arxın qırağından palçıq yığıb gətirirdilər. Hovuz düzəltməyi atamdan öyrənmişdim. Evimiz tikiləndə əyər-əskiyini atam özü düzəldirdi. Qumu dəmir çarpayı “setka”sında ələyir, sementlə qarışdırıb hovuz düzəldirdi. Sonra içinə su töküb qarışdırır, palçıq hazırlayırdı. Yadıma gəlir ki, palçıq-suvaq işini bitirəndə atam həmin çarpayı “setka”sını yuyub təmizləyərdi. Anam avqust ayı girəndə yorğan-döşəyimizi söküb yuyar, yununu “setka”nın üstünə sərib qurudar, çırpıb yığardı. Həmin “setka” anamın gəlinlik çarpayısının idi.

Qızlarla hovuzu düzəldib qurumasını gözləyirdik. Günorta idi. Qəfilətən qonşu arvadların üzüyuxarı - Kamran dayıgilin evinə tərəf qaçdığını gördüm. Nə olduğunu anlamadan əl-qolu palçıqlı arvadların dalınca yüyürdüm. Kamran dayıgilin evinə girəndə bir dəstə qadının çarpayının başına yığışıb qışqıraraq üz-gözlərinə döydüklərini, saçlarını yolduqlarını gördüm. Üzünü cıran qadınların yanağından qan axır, sinələrində, ətəklərində çəngə-çəngə saç ilişib qalırdı. Kamran dayı çarpayıda uzanmışdı. Onun çənəsini iri, ağ parça ilə çəkib başının ortasında düyün vurmuşdular. Şivən salan qadınlara və Kamran dayıya xeyli baxsam da nə baş verdiyin anlamırdım. Bir yandan da fikrim palçıqlı əllərimdə qalmışdı. Çünki, palçığın suyu dirsəyimdən döşəməyə damcılayırdı. Birdən kürəyimdən möhkəm bir zərbə dəydi. Qanrılıb geri baxanda atamı gördüm. O, məni camaatın içindən çəkib dəhlizə gətirdi. Tərs-tərs üzümə baxdı: “Cəhənnəm ol burdan!”

Kamran dayı həmin vaxta qədər gördüyüm üçüncü ölü idi. İlk dəfə köhnə qonşumuz Şura xalanın meyitini görmüşdüm. Anamdan gizlin onun ardınca düşüb Şura xalagilə getmişdim. Şura xalanın meyiti geniş dəhlizdə otağın ortasına qoyulmuş, üzünə nazik tənzif örtülmüşdü. Bir müddət meyitə və ağlaşan qadınlara baxandan sonra yaşlı bir qadın məni ordan qovmuşdu.

Bir dəfə dayımın məndən bir yaş balaca qızı çəpərimizin dibindəki iri, mamırlı daşı göstərib dedi ki, bu, Şura xalanın qəbridir. İnandım və həmin daşdan dəhşətli dərəcədə qorxmağa başladım.

Daha bir ölünü, daha doğrusu dəfn mərasimini, bağçaya gedərkən görmüşdüm. Bağçada yuxu yatmayan bircə mən idim. Günorta hamı yerinə girib rahatca yatırdı, mən nə illah etsəm də gözümə yuxu getmirdi. İki müəlliməmiz vardı: Elmira, Almaz. Növbəylə işləyirdilər. Elmira müəllimədən çox qorxardım. O, növbədə qalan gün canımı dişimə yığıb saat yarım, iki saat yataqda özümü yatmış kimi göstərirdim. Bəzən də yatardım. Almaz müəllimənin növbəsində heç vaxt yatmırdım. Uşaqlar yatanda Almaz müəllimə məni özü ilə gətirib həyətdə oturdur, gülləri sulaya-sulaya mənimlə söhbətləşirdi. Yatmadığıma görə danlayır, nəsihət verirdi. İsti yay günlərinin birində həyətdə oturduğumuz yerdə bir dəstə adamın bağçadan xeyli aralıda yerləşən Qurban təpəsinin ətəyindəki qəbiristanlığa tərəf getdiyini gördük. Almaz müəllimə məni unudub hasara tərəf getdi. Kişilər çiyinlərindəki tabutu qan-tərə bata-bata aparırdılar. Arxadakı qadın dəstəsi dil deyib ağlaşırdı. Amma bütün bu səs-küyün içərisində hardansa qara zurna səsi gəlirdi. Diqqətlə baxanda gördüm ki, dəstənin düz ortasında bir kişi aram-aram zurna çalır. Sən demə ölən adam “Heyvagülü” rəqsini çox sevdiyindən vəsiyyət edib ki, öləndə onu bu musiqinin müşayiəti ilə dəfn etsinlər.

Dəstə gedib Qurban təpəsinin ətəyində yoxa çıxana qədər biz onlara baxdıq.

Qurban təpəsinin ətəyi qəbiristanlıq, zirvəsi isə pir idi. Uzaq kəndlərdən ora gəlib nəzir qoyanlar olurdu. Kim nəzir deyib, Qurban təpəsinin başına çıxsaydı, arzusu çin olurdu. Həftənin cümə günləri taygöz bir qoca gəlir, ora yığılan nəzir-niyazı yığışdırıb aparırdı. Deyilənə görə, kişi müqəddəs adam idi, hansı xəstəyə şillə vurub, dilinin üstünə tüpürsəydi, şəfa tapardı.

Bir dəfə sinif yoldaşım Zülfiyyə ilə Qurban təpəsinə çıxmağa qərar verdik. Zülfiyyəgilin evi Qurban təpəsinə yaxın idi. Bizim təşəbbüsümüzə bir neçə sinif yoldaşımız da qoşuldu. Zülfiyyə uzun illər anamın şöbə müdiri olmuş Məmiş dayının nəvəsi idi. Nənəsi şirniquş bişirib satırdı. Rayonda elə uşaq yox idi ki, o şirniquşlardan dadmasın. Həm dadlı, həm də ucuz idi. Alıcı o qədər çox idi ki, şirniquş çatdıra bilmirdilər. Ürəyimdə Zülfiyyəyə həsəd aparırdım ki, evlərində doyunca şirniquş yeyir. Sən demə, Zülfiyyə bircə dəfə də olsun nənəsinin bişirdiyi şirniquşdan yeməyib. Çünki, şirniyyatı sevməyib! Sonralar müharibə başlananda Zülfiyyənin atası Qarabağın ilk şəhidlərindən oldu.

Bütün hazırlığımızı görüb Qurban təpəsinin ətəyində görüşdük. Lakin, necə oldusa, Zülfiyyənin anası fikrimizdən xəbər tutub, bizi “iş başında” yaxaladı, Zülfiyyənin başına bir-iki qapaz vurub evə apardı. Çox pəjmürdə olmuşduq. Uşaqlardan kimi velosiped, kimi gəlincik almağı niyyət etmişdi. Mənsə niyyət etmişdim ki, Bakıda yaşayan dayım qızı tətili bizə gəlsin.

Evə dönəndə məktəbin həyətindən yığdığım toz-torpaqlı yemlikləri çantamdan çıxarıb toyuqlara atdım. Başımı qaldıranda dayıqızının anamla bostandan çıxdığını gördüm. O gündən Qurban təpəsinə etiqadım artdı.

Şəhərdən gələn qonaqların böyük əksəriyyəti bizdə qalırdı. Kənddə - nənəmgildə qalmaq onlara darıxdırıcı gəlirdi. Evdə bir subay xalam, nənəm və babam vardı. Xalam işlədiyi üçün evə saat 7-də gəlirdi. Rayondakı dayımın isə evi balaca və şəraitsiz idi. Bizim şəraitimiz yaxşıydı. Daimi isti suyumuz, hamamımız vardı. Bağımızdakı meyvə ağacları, çiçəklər şəhərdən gələn qonaqları heyran edirdi.

Atam qonaqpərvər idi. Onun yeganə pis cəhəti içki içməyi idi. O, tez-tez içməzdi. Ayda bir-iki dəfə dostları ilə yığışıb içərdilər. Amma içəndə elə içərdi ki, içmədiyi günlərin də əvəzini çıxardı. İçkili olanda evə gecə yarı gəlirdi. Gələn kimi anamı yuxudan qaldırıb soyuducuda nə varsa stolun üstünə tökdürərdi. Sonra bizi yuxudan qaldırar, hamımızı onunla birlikdə oturmağa məcbur edərdi. Anam bu məzhəkəyə uzağı yarım saat dözərdi. Biz bilirdik ki, atam maqnitofonu qoşub ya Ağabalanın “Zabul segah”ına, ya da Qədirin “Sona bülbüllər”inə qulaq asacaq. Həmişə işin bu yerinə gəlib çatanda bayaqdan səssizcə oturan anam maqnitofonun yüksək səsinə dözmürdü, döyülməyi, söyülməyi gözə alaraq, üsyana qalxırdı. Hər şey bundan sonra başlayırdı! Qab-qacaq qırılır, anam döyülüb həyətə qaçır, biz isə bir-birimizə qısılıb ağlaşırdıq. Atam döyməyə başlayanda anam qaçıb bostandakı köhnə şkafın içində gizlənirdi. Atam içkili-içkili onu beş-on dəqiqə axtarar, sonra gəlib yatardı. Biz də qorxa-qorxa qaçıb öz yerimizə girərdik. Anamın taleyi heç birimizi düşündürməzdi. Bilirdik ki, atam yatandan sonra şkafdan çıxıb səssizcə evə gələcək.

# 1017 dəfə oxunub

Oxşar xəbərlər

# # #