Nəğməkar Xalq şairi

Nəğməkar Xalq şairi
11 dekabr 2019
# 13:06

Ömrümün 25-ci payızında eşitdiyim bir imza: Vahid Əziz!

Gözdən qaçarmı belə bir adam?!

Mən şok! Mən ibdal! Kimlərlə bir dövrdə yaşayırıq, aldığımız oksigenə nələr qarışır, ya Rəbbim.

Elə indicə varlığından xəbər tutduğum bu adam Xalq şairi imiş. Özü də təzəlikcə alıb fəxri adı. Eləmədim ərincəklik. Açdım oxudum şeirlərini.

Onsuz da Xalq şairi ifadəsi vaxtı keçmiş dərman kimi görünür bugünlərdə. Görünsün. Amma insafsız da olmayaq. Siyahıda istedadlı imzalar da tapılır. Vahid Əziz kimilərsə aldığı fəxri adı da, milləti də dolayıb, dolayacaq. Amma səhv anlaşılacaq son kəlmələr. Dolama prosesi də iradəsi xaricindədir. Mən inanmıram o şeirləri yazan adamın bundan xəbəri ola.

Adam düşünür. Bu cür misralar “istehsal edən” biri o adı alıbsa, gərək mən Nobel, Pulitzer zad alam. Reallıqsa necədi? İş tapıb başımı da girləyə bilmirəm. Qaldı Nobel alam. Öz aramızdı, Vahid Əzizin şeirlərini oxuyub işləmək də olmur. Şikəst eləyər səni.

Qoca mogikan 45 təvəllüddür. Dedim bəlkə müharibə travmasındandı. İstedasızlığın da həddi-hüdudu var axı. Bu qədər də yox. Vikipediyanın yazdığına görə 40-dan çox mahnının sözlərinin müəllifidir. Həyəcanlanmayın. Təsadüf deyil. Nəğməkar şairin yazdıqları söz kimi mövcud olmaqdan bezib, usanıb. Hətta utanıb və şeir statutusundan imtina edib. Mən belə anladım. Gəlin, bir baxaq, görək, yanılmıram!

Mən hönkürmək istəyəndə –
Suya girmək istəyirəm,
Mən hönkürmək istəyəndə –
Yer süpürmək istəyirəm,
Mən hönkürmək istəyəndə –
Bərk tüpürmək istəyirəm.

Həpçiii!!! Asqırmaq yaddan çıxıb.

Hiss edə bilirsiz? İnsan nələrə qadirdir. Yəqin, insanı tərənnüm edir. Özü də hönkürə-hönkürə, tüpürə-tüpürə, fınxırıb asqıraraq, öskürə-öskürə...

Bu, hələ inqilab elədiyi şeirləridir. Adam hecanın atasını yandırıb.

Bilirik, zaman dəyişib. Heca-filan bəyənmirik. Buna ovqat dəyişikliyi deyək, qısaca. Vəznlararası yerdəyişmə. Nizam-intizam, mexanikilik insanları yorub. Amma bir şey də deyim. Heca vəznində dayanmadan mırta bir kitab şeir oxuyan adam tanıyıram. Mırta dediyim incə ironiyadır. Yoxsa, istə, düppələmdüz, Vahid Əzizin şeirlərindən də on qat qəşəng misraları bədahətən döşəsin. Amma neyləmək olar. Vahid Əzizin taleyi budur. Özü yaza bilməsə də alnına yazan yazıb: Xalq şairi!

Qafiyəbazlığın ən primitiv təcəssümüdür Vahid Əziz. Bir də gördün “işıq” “aşıq” oldu, “aşıq” “yaraşıq”. “Deyən” “söyən” oldu, “yeyən”, “mələyən”.

Əllərimdə saçlarının qoxusuyla,
Ürəyimdə gileyinin qorxusuyla,
Gözlərimin ayrılıqlı yuxusuyla…

Yaxşı da! Heç olmasa sözü dəyiş. Bir hərflə poeziya yaratmaq çətin deyil ki? “Qoxu”dan “qorxu”ya keçəndə əlin yorulmadı?

Şeirin ölçü-biçisini bir yana qoyaq. Məna, məzmun! Bunlara nə gəlib? Vahid Əziz də Kafkanın qəhrəmanına bənzəyir. Onunku da metamorfozdur. Sovet nomenklaturası onu udub. Düşüncə təcavüzünə uğrayıb, sanki. Onda, ümumən, vaxtı keçməyən nəsə tapmaq çətindir. Köhnə adamdır. Bu heç. İndi deyəcəksiz ədəbiyyatda köhnəlik keçmir. 14-cü əsrdə yazıb-yaratmış şairlər var ki, hələ də yaşayır. Yaxşı, bəs Vahid Əziz niyə yaşamır? Onda diriliyə qarışan ölülüyün səbəbi nədir?

Belə izah edərdim. Vahid Əzizin ömür boyu intellekti olmayıb. Onda heç vaxt işıq, parıltı, yenilik görülməyib. Söhbət mistik işıqdan getmir. Çox güman, elə onu görüblər deyə, Vahid hələ də yaşadığını zənn edir. Mən işıq deyəndə zəka işartılarından danışıram. Bədii informasiyada nəsə bir yenilik hiss olunmalıdır axı. Gəlin, Vahidin verdiyi informasiyaya baxaq. Özü də ərinməyib dırnağa alıb.

Ələ keçə sənə rişxənd eləyən,
Nəyi yanlış, nəyi düzdü – deyəsən,
“Hər bir yaşda gözəllik var” söyləyən
Qocalıqdan xəbərsizdi, deyəsən!

Yaşayaq, görək. Amma səmimi olaq. Bu misralar nəinki poetik təəssürat yaratmır, atdığın güllə nəinki lüləyindən çıxmır, indi heç bizim qoca kişilərin də ağlına gəlmir belə şeylər.

Vahid Əzizin bədii tapıntıları bitib tükənmir. Saysaq gərək kitab yazaq ayrıca. Kağız israfı olar. Yoxsa, girişərəm.

Bir xüsusiyyətini də qeyd edim şairin. Gözlənilməzlik! Yox, əsla.Vahid Əzizdən unikal dəyişiklik gözləməyin. Olmayıb, ola da bilməz. Gözlənilməzlik bəlkə dırnaq içinə alınmalı idi. Çünki bu özəllik də Vahid Əziz fenomenindən töhfəsini alıb. Qafiyə xətrinə şeirə daxil etdiyi dəxlisiz sözlər bəzən şeirin ideyasına yön verir.

...daha bir diləyə üzüm gəlmədi;
sordu: “İstəyin nə?”, dedim: “Varlığın!”,
hər kəs öz işini görə bilərdi –
nəyi pisimiş ki, “Çoxallahlığın?”

Bu ritmlilik artıq qulağa gülməli gəlir. Acı da olsa, gərək Vahid Əziz bilsin. Şeirdəki “çoxallahlıq” sözü qəfil elə pırtlayıb çıxır ki, hardan çıxdığını anlaya bilmirsən.

Amma insanı daha çox təəccübləndirən odur ki, şeir yaza bilməyib ritm, qafiyə arxasınca düşən, anlamsız fikirləri yan-yana düzmək üçün dünyaya gələn biri mükafat, ad-san qazanır. Kefi-kök, damağı çağ yaşayıb dünyadan köçür. Qoca mogikanlar meydan sulayır. Mütaliəli, dünya görüşlü, perspektivli gənclərsə onların məzmunsuz uğurları arxasında çürüyüb məhv olur.

# 4137 dəfə oxunub

Müəllifin son yazıları

# # #