Kamal Abdullanın ziddiyyətlər qovşağı

Kamal Abdullanın ziddiyyətlər qovşağı
30 may 2019
# 13:41

Bədii mətn məndə ciddi təssürat və fikir yaradanda yazmağa qərar verirəm. “Sehrbazlar dərəsi” Kamal Abdulladan oxuduğum ilk romandır. Ancaq bundan öncə yazıçının hekayə və esseləri ilə tanış idim. Esselərində xüsusi ustalığını müşahidə etdiyim müəllifin romanlarına keçid etməkdə bir az gecikdim. Ancaq hər şey məqamında gözəldir. Necə ki “Sehrbazlar dərəsi” məni bədiiliyi ilə ovsunladı, mən də bu roman barədə yazmağı özümə ləzzət bildim.

***

Romanı iki hissəyə ayırardım.

Magiya – Ovsunlu, müəmmalı sehrbazlar dərəsi.

İroniya – Bütün bunlara gülən, romanın sehrinə, ovsununa münasibətdə zidd gələn ruhçağırma əhvalatı.

Magiya

“Sehrbazlar dərəsi”ndə “Hekayəti-Yusif şah”ın bədii atmosferinə xas mistika hiss etdim. Bilirik ki, Axundov realist yazıçıdır, eləcə də həmin əsəri Azərbaycan realizminin ilk nümunələrindəndir. Kamal Abdullanın romanı isə magik-realistdir. Adından bəlli olduğu kimi sehrli bir dünyadan bəhs olunur. Bəs nədir bənzərlik?

Əgər dil-təhkiyə amilini istisna etsək, “Hekayəti-Yusif şah”ın mistik enerjisi iki faktla bağlıdır, fikrimcə. Ulduzlar aləminə əsaslanan öncəgörənlik və Yusifin sirli şəkildə yoxa çıxması.

Kamal Abdullanın romanına mistik enerji qazandıran isə birincisi süjetin özüdür. İkincisi mətnin dili.

Mən bu mistik enerjini iki yerdə gördüm. Xüsusən iki detal var ki onlar, mətnin ahəngi ilə desək, romanı sirri-xudaya çevirir.

1. Xacə İbrahimin Sehrbazlar dərəsinə təşrifi. Mənə sufilərin dərgahı kimi görünən bu sehrli məkanın sirli təsviri.

2. Səyyah sehrbazın rəngini alsın deyə gözlədiyi göy üzü. O rəngi ki özündən də soruşsaydılar, cavab verə bilməyəcəkdi.

Ancaq romanın ikinci hissəsini (bu, mənim bölgümdür, müəllifin yox) nəzərə alsaq, əsər Mirzə Fətəlinin komediyalarını yada salır.

Mənə elə gəlir, “Sehrbazlar dərəsi” Azərbaycan nəsrinin ilk nümunələri ilə dil qatında vəhdətdədir. Bəlkə romanı bütövlükdə Mirzə Fətəlinin vəhdəti də adlandırmaq olar. Bu duru, dadlı çeşmənin mənbəyi-mənsəbi haradır deyə düşünsəm də, süjet qədər mətnin dili və üslubunu bənzərsiz hesab edirəm.

Image result for sehrbazlar dərəsi

Hadisələr hansı dövrdə keçir dəqiq məlum deyil. Bu o zəmanədir ki, karvansaralar ticari nəqliyyat vasitələridir. Təbiidir ki, nə Xacə İbrahim, nə Səyyah sehrbaz BDU-nun müəllimləri, tələbələri kimi danışmayacaq. Dialoqlar öz dövrünün keyfiyyətlərini daşıyır. Ancaq niyə bu qədər şirindi dilləri?

Onu gerçək və uğurlu bədii mətnə çevirən iki səbəb var. Birincisi, romanda ədəbiyyata alternativ heç nə yoxdur. Müəllifin tək amalı ədəbiyyat yaratmaqdır. İkincisi, mətnin nağıl, folklor energetikası var. Roman dini, yaxud dini-avantürist ideyalar daşıyıcısı deyil.

“Sehrbazlar dərəsi”ni mövzu baxımından xüsusi edən nədir bəs? Məncə, ilk romandır ki, müəllif dərgah haqda realistdir, nəinki mistik. Dərgah real bir məkandır, nəinki mənəvi sığınacaq. Çünki ilk dəfədir Sehrbazlar dərəsi timsalında dərgah nədir, necədir gördüm. Yazıçının bədii təxəyyülü məhz bu olmazı gerçəyə çevirməyə hesablanıb.

İroniya

Seyid Sarı və Ağ dərvişin işıq-qaranlıq, ruh-cisim söhbətindən məhz ikincisinin düşüncələridir:

İşıq qaranlığındır, qaranlıq işığın deyil. Əzəli olan qaranlıqdır ki, var. İşıq da onun içindən çıxıbdır.

Qoy Seyid Sarı hiddətlənməyində olsun.

Ulduz əslində işıq deyil, ulduz o işıq görüntülərinin arasındakı qaranlıq parçalarıdır.

Romanın bir başqa personajı Səyyah sehrbaz isə düşünür ki, Ağ dərviş küfr demirdi.

Mənə qalsa, küfrmü, imanmı, heç eynimə deyil. Qaranlığın İşığa hakim olması mənə həmişə cazibəli görünüb. Müəllifin bu fəlsəfəyə bir təəssübümü var? Bilmirəm. Çox istərdim bu qaranlıq Bulqakovda iblisin gücü və əli ilə bərpa olunan ədalətə çönsün. Təəssüf ki, bu, bənzərsizlik içində mümkünsüzlük olaraq da qalır. Hətta bəlkə bu qaranlıq-işıq məsələsi bir paradoksun düyünüdür. Ancaq yenə də müəllif ironiya etmədən mövzunun üzərindən keçmir.

Karvanbaşının bədheybət atasının ruhunu çağırmaq üçün Səyyah sehrbaz göy üzünün rəngini almağını gözləyir. O vaxt gəlib çatır. Karvanbaşı evə vaxtında yetişir. Sehrbaz lazım olan ortamı da qurur, vacib adamı da çağırır. Amma necə?

Sən ölmüşün ərinmə gəl...

***

Əsərin cinayət, qətl, intiqam mövzularının yer aldığı daha dramatik hissəsini də ayrıca dəyərləndirərdim. Bunu üçüncü hissə adlandıraq. Mənə elə gəlir, bu, romanın digər hissələri ilə müqayisədə kəskin təbiəti ilə seçilir. Səyyah sehrbazla Karvanbaşının görüşdüyü məqamacan, yəni birinci hissədə hadisələr sırf ovsunlar dünyasından ibarətdir. Karvanbaşının atasının ruhu ilə söhbətləşdiyi ikinci hissə bu magik dünyanın nisbətən dağılması demək idi mənimçün. Çünki burada əhvalat ironik qatda davam edir. Romanın sonlarına doğru isə artıq əsər magik əlamətlərdən və ironiyadan nisbətən arınır. “Sehrbazlar dərəsi” Karvanbaşının evində artıq real, ovsunlu və ovsunlu-ironik hadisələrin birləşdiyi nöqtəyə çatır. Bura romanın üçüncü məkanıdır. Məkan deyərkən maddə, materiyadan çox bədii atmosferi nəzərdə tuturam. Hətta burada saykodelik bir ab-hava hiss etdim.

# 2818 dəfə oxunub

Müəllifin son yazıları

# # #