Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov

Yazıçılar gündəmi şərh etməlidirmi? - Cavid Ramazanov
8 aprel 2026
# 12:00

Kulis.az Cavid Ramazanovun "Gündəm şərhçisi" yazısını təqdim edir.

Hazırda Azərbaycanda bir yaradıcı və ya intellektual kəs sosial mediada fəaliyyətsizdirsə, varlığıyla yoxluğu bilinmir. Gözə batmaq istəyənlərin qarşısında təkcə bir yol qalıb - sosial mediada gündəmi şərh etmək.

Bir hadisəylə bağlı xəbəri götürək. Tutalım, güclü yağış Qaraçuxurda fəsadlar törədib, küçələri su basıb, elektrik enerjisində fasilələr yaranıb. İnformasiya yayılan kimi sosial mediada yazıçılar, politoloqlar, iqtisadçılar və bu qəbildən olan digərləri fikir bildirməyə tələsirlər. Gecikmək olmaz. Gecikən diqqətdən kənarda qalacaq.

Gündəmin şərhi əl içi boyda olmalı və bəsit dildə yazılmalıdır. Məzmuna mütləq duz, istiot - yumor, yaxud qınaq - qatılmalıdır. Çünki orta statistik sosial media istifadəçisi onsuz da baş verəndən halidir. O indi sadəcə gülmək, yaxud hirsini çıxarmaq istəyir. Şərhdə nəbadə dərinə gedəsən. Dərin mətləblər sosial media istifadəçisini əsnədir. Şərhçi bacardıqca səthi yazmalıdır ki, geniş kütləni əhatələyə bilsin.

Əgər əqli sağlamlığı yerindədirsə, şərhçi özü də yazıçı, politoloq, ya iqtisadçı kimi elə bir əlahiddə fəaliyyətinin olmadığını yaxşı bilir. Yağışın Qaraçuxurda törətdiyi fəsadlar hara, yazıçılıq, politoloqluq, iqtisatçılıq hara? Sadəcə ortalıqda görünmək üçün gərək o da mövqe bildirə, ayrı cür mümkün deyil.

Politologiyanın, iqtisadiyyatın problemlərinə aiddiyatı peşə sahibləri fikir bildirsələr, yaxşı olar. Bizi ədəbiyyatın problemləri maraqlandırır, ona görə də bu məqalədə ədəbiyyatçının gündəm şərhçisi səviyyəsinə düşməsindən yazacağıq.

Ədəbiyyat və informasiya

Ədəbi mətnlə informasiya mahiyyət etibarilə bir-birinin ziddidir. İnformasiya fakta əsaslanır, çaparaq izah verir, kütləvi istehlak üçün nəzərdə tutulub və dəyərini göz qırpımında itirir. Ədəbi mətn isə fakt əsaslı deyil, çoxizahlı, bəzən izahedilməzdir, mənəvi zənginliyə xidmət edir və dəyərini minilliklər boyu qoruyub saxlaya bilər. Ədəbi mətn həyat təcrübələrimizi dərinləşdirdiyi halda, informasiya təcrübəni dataya çevirir. Bizim həyatdakı sevincimiz, kədərimiz, arzumuz, istəyimiz, zövqümüz informasiya dövründə xüsusi məna daşımır, bunlar sadəcə marketinq məqsədləri üçün data rolunu oynayır.

Ədiblərin tarixən informasiyanı görməyə gözü olmayıb. XIX əsr bu mənada maraqlı dövrdür. Çünki XIX əsrdə bir tərəfdə ədəbiyyat çiçəklənirdisə, digər tərəfdə informasiya yüksəlişə keçirdi. Zəngin ədəbi ənənələri olan Fransada ədiblər informasiyanın yüksəlişinin ədəbiyyat üçün başağrısı olacağını qabaqcadan sezmişdilər. Şarl Bodler belə yazırdı məsələn:

"İstənilən qəzet, birinci cümləsindən tutmuş axırıncı cümləsinəcən, dəhşətin toxumasından savayı bir şey deyil. Müharibələr, cinayətlər, talanlar, əxlaqsızlıq, işgəncə, şahzadələrin cinayətləri, xalqların cinayətləri, fərdlərin cinayətləri, bəşəri vəhşətin sərxoş şənliyi. Mədəni insan isə bu iyrənc şirəni hər gün səhər yeməyində içir... Mən heç cür başa düşmürəm, necə ola bilər ki, təmiz bir əl iyrənib eləmədən qəzetə toxuna bilir".

Balzak və Mopassan kimi yazıçılar dolanışıq üçün əməkdaşlıq etsələr də, qəzetlərə ikrah bəsləyirdilər. Balzak onları "fikir fahişəxanaları" adlandırır, "İtirilmiş ümidlər" romanında qəhrəmanın diliylə "qəzetlər iblisdir" deyirdi.

XX əsrin əvvələrində informasiya artıq ədəbiyyatın yerini xeyli daraltmışdı. Sürrealizmin banilərindən biri, dövrünün böyük şairlərindən Giyom Appoliner 1912-ci ildə "Zona" şeirində yazırdı:

Sən ucadan qışqıran
elanlar kataloqlar afişalar oxuyursan
Bu səhərin şeirləridir bunlar
nəsr üçün isə qəzetlər var
Cinayət və macəralarla dolu
beş qəpiklik silsilələr var
Vacib adamların şəkilləri
və minlərlə hər növdə başlıqlar

Şeir oxucunun diqqətini çəkə bilsin deyə mətbu başlıqlar kimi durğu işarələrsiz yazılıb.

Aura itkisi

Ədəbiyyat və informasiyanın ziddiyyətini saf-çürük edən ən fundamental mətnlərdən biri Valter Benyaminin "Rəvayətçi" ("Storyteller") essesidir. Benyamin essesində ənənəvi epik təhkiyənin süqutundan bəhs edir və bu süqutun səbəbkarı kimi tarixi dəyişikliyi göstərir.

Onun fikrincə, kapitalizm tam yetişəndə kapitalı əlində toplamış yeni bir sinif ortaya çıxır. Bu sinfin ən güclü silahı isə mətbuatdır - kütləvi informasiya vasitələri, qəzetlər və sair. Mətbuatın yüksəlişi ilə yeni dominant kommunikasiya formalaşır - informasiya. Müəllifin sözlərinə görə, informasiya yeni bir şey deyil, yenilik tarixdə ilk dəfə onun hekayələrə olan təsiridir. Məsələn, informasiya epik ənənəni sıradan çıxara bilib.

Epik ənənə nədir? Ənənəvi rəvayətçilik, ortaq təcrübələrə əsaslanan əhvalatlar, şifahi mədəniyyət, nəsildən nəsilə ötürülən hekayələr. Əvvəllər epik təhkiyə əsas ünsiyyət vasitəsiydi, rəvayətçilər rəvayət danışar, dinləyicilər diqqətlə qulaq asar (Benyamin dinləmə bacarığının tənəzzülünü də informasiyanın yüksəlişi ilə izah edir), həyat dərsləri götürərdilər. Kapitalist cəmiyyətin əsas ünsiyyət vasitəsi isə informasiyadır, reallıq informasiya vasitəsilə ötürülür. Nə vaxtkı informasiya hökmran olur, epik ənənə sıradan çıxır.

Benyamin ənənəvi təhkiyənin əslində roman janrının ortaya çıxmasıyla zəifləməyə başladığını yazır. Ancaq informasiyanın da roman janrını sıxışdırdığını bildirir. Maraqlıdır ki, müəllif "Rəvayətçi" essesini 1936-cı ildə yazıb, həmin dövrdə yəqin çox az adamın ağlına roman janrının böhran keçirdiyi fikri gələrdi. Benyamin isə peyğəmbərlik edir, romanın böhranından danışır.

"Hər səhər biz dünyanın dörd bir yanından xəbərlər alırıq, di gəl, yaddaqalan hekayələrin korluğunu çəkirik. Çünki bu gün artıq elə bir hadisə yoxdur ki, bizə izah yoluyla ötürülməsin. İndi demək olar, baş verən heç nə hekayəyə çevrilməyə töhfə vermir, hər şey informasiyaya xidmət edir", - Benyamin yazır, onun fikrincə, informasiya əlüstü və çaparaq izahları ilə auranı öldürür.

Aura nədir? Aura məsafə hissidir. Bir nəsnə, məsələn, qədim sənət əsəri, bizə fiziki yaxın ola bilər, amma o özlüyündə tarixi məsafəni ehtiva edir. Məsafə dərinlik hissi yaradır. Aura o zaman mövcud olur ki, nəsə var, ancaq tamamilə yox. Məsafə izah tələb edir, təsəvvürü işə salır, nəql istəyir. Bir sənətsevər niyə "Təəssürat, Günəşin doğuşu" rəsminə baxanda, "Yenə o bağ olaydı" şeirini oxuyanda, "Qu gölü" baletinə tamaşa edəndə hayıl-mayıl olur? Çünki auraya düşür, bu əcaib gözəlliyin izahını bilmək istəyir, təsəvvürü oyanır, beynində sənətkarın əsəri necə yaratdığına dair hekayələr qurur.

Bəs informasiya nə edir? İnformasiya təsəvvürü işə salmır, məsafə yaratmır, hekayə qurmağa fürsət vermir. O, əksinə hər şeyin üzərindən örtüyü çəkir, məsafəni aradan qaldırır və hər şey barədə əlüstü izah verir, beləcə, auranı yoxa çıxardır.

İnformasiyanın dilə və yaddaşa təsiri

Digital kapitalizmin müasir ən sərt tənqidçilərindən olan Byunq-Çul Han "Narrativin böhranı" ("The Crisis of Narration") kitabında informasiyanın təkcə hekayələrin deyil, insanın da mahiyyətini dəyişdirməsindən bəhs edir. Onun sözlərinə görə, müasir insanın artıq həyata baxışı dəyişib. Bugünkü insan dərin təcrübələr axtarmır, əksinə hər şeyə informasiya mənbəyi kimi yanaşır. Hər addımda öz-özünə bu sualı təkrarlayır: Mən burdan hansı məlumatı götürə bilərəm? Halbuki, informasiya çox məhduddur, onun nə dərinliyi var, nə məsafəsi, nə də zənginliyi. Nəticə etibarilə o, reallığın canlı və dolğun təcrübəsini ötürmək gücündə deyil.

Dil özü də informasiya səviyyəsinə endirildikdə, öz dərinliyini və zənginliyini itirmiş, səthi və funksional bir şeyə çevrilmiş olur. "İnformasiya atrofiyaya məruz qalmış dilin son həddidir", - Han yazır.

Müəllif həmçinin informasiya bombardmanının insan yaddaşına təsirindən bəhs edir. Onun sözlərinə görə, yaddaş sadəcə faktların saxlanıldığı bir anbar deyil. O narrativ bir fəaliyyətdir. Müxtəlif hadisələri bir-birinə calayır, sıraya düzür və aralarında məna əlaqəsi yaradır. Yaddaş bu yolla narrativlər qurur. İnformasiya bombardmanına məruz qalanda isə yaddaş narrativ keyfiyyətini itirir. Bir-biriylə əlaqəli hekayələr qurmaq əvəzinə, bit bazarına çevrilir. Bit bazarı bir-biri ilə əlaqəsi olmayan müxtəlif əşyaların nizamsız şəkildə bir yerə yığıldığı yerdir. Bu minvalla insan yaddaşı da müxtəlif mənbələrdən gələn obrazların, simvolların və təəssüratların dağınıq toplusuna çevrilir. Nəticədə bir-birilə əlaqəli hadisələrin narrativi deyil, informasiya yığını əmələ gəlir və həyat öz aurasını itirmiş olur. Han Benyaminin arqumentini təkrarlayır, informasiya auranı öldürür.

Bugünlərdə əksəriyyət həyatın dad-duzunun qalmamasından gileylənir. Bayramlar adiləşib, münasibətlər adiləşib, hisslər adiləşib - ümumən həyat öz sehrini itirib. Bu düşüncələrə rəvac verən əslində insanın aramsız informasiya bombardmanına məruz qalmasıdır. İnformasiya onun yaddaşını, dilini və həyata baxışını təhrif edib - nəticədə yaşamağın sehri itib.

Gündəm şərhçisinin ədəbi yaradıcılığı

Ədəbiyyatçı dil, yaddaş və təxəyyüllə işləyir. Dilinin, yaddaşının və təxəyyülünün dərinliyini qorumaq onun ən ümdə vəzifəsi olmalıdır. Di gəl, Azərbaycanda əksinədir, ədib nəinki könüllü surətdə informasiya bombardmanının altına qaçır, hələ bir onu şərh də eləyir. Nəticədə nə olur? Ədib kimi əsas keyfiyyətlərini itirir. Sosial mediaya dadanan ədibləri birləşdirən bir cəhət var - yaradıcılıq böhranı. Yazdıqları təkcə texniki cəhətdən deyil, məzmun və ideya cəhətdən də dərinlikdən məhrumdur, yəni dayazdır.

Yeri gəlmişkən, informasiya bombardmanı təkcə dili, yaddaşı və təxəyyülü korlamır, boş vaxtın yaranmasına da imkan vermir. Boş vaxt təxəyyülü tətikləyir, düşüncəni itiləyir, ən əsası, həyatı refleksiya etməyə imkan yaradır. Sosial mediaya dadanan ədiblərin kitablarını açanda görürsən, həyatı refleksiya etmirlər, həyat barədə deməyə sözləri yoxdur - ya təqlid edirlər, ya da hisslərin istismarı ilə məşğuldurlar.

Bəziləri düşünür ki, sosial mediada olsam, kitablarıma diqqət çəkərəm. Həqiqətdə isə orta statistik sosial media istifadəçisi kitabla maraqlanmır. O, filistindir, ədəbiyyatla bağlı anlayışları səthidir, hətta ürəyinin dərinliyində ədəbiyyata gülür. Filistin zümrə nümayəndəsi sosial mediadakı yazıları ən yaxşı halda məlumatlanmaq üçün oxuyur, onun başqa əlahiddə məqsədi yoxdur. Ona görə də laykların kitab satışlarına təsir etməməsinə təəccüblənməmək lazımdır.

Mətn barbarlığı

İnformasiyanın insanın varlığını tamamilə ələ keçirməsi dağıdıcı təsir göstərir, bəli, amma mən mətbuatın tamamilə naqis olduğunu deməkdən uzağam. Özüm uzun müddət mətbuatda işləmişəm, onun sənətə, düşüncəyə verə biləcəyi töhfəni bilirəm. Vaxtilə Azərbaycanda sanballı qəzetçilik ənənəsi vardı. Qəzetlərin başında duran adamlar ya ədəbiyyatçı, ya da ədəbiyyatla əlaqəli şəxsləriydi. Qəzetlərin ədəbiyyat, sənət əlavələri vardı. Güclü publisistika ənənəsi formalaşmışdı. Ancaq bu mədəniyyət itirildi. Onun yerini əvəzləyən bugünkü digital mətbuat isə eybəcərlikdən savayı bir şey deyil. Hazırda digital medianın başında, ortasında, həndəvərində əksərən mədəniyyətlə, sənətlə, elmlə əlaqəsi olmayan şəxslər dayanır. Onların bütün həyat və peşə qayələri sadəcə bir sözdən ibarətdir: klik!

Mədəniyyət mətnin üstündə bərqərar olur. Azərbaycanda estetik və düşüncə ənənələri də əsasən mətnlərin üzərindədir. Bu gün isə ölkədə mətn nöqteyi nəzərindən barbarlığa yaxın bir vəziyyət hökm sürür. Tərcümələr qüsurlu, mətnlər səthi, müəlliflər səthi, müzakirələr səthi, yanaşmalar səthi. Ayda-ildə bir dəfə fərli yazı oxuya bilirsən. Səbəb təkcə siyasi qapalılıq, infrastrukturun olmaması deyil, həm də sosial sifarişin dayazlığıdır.

İnformasiya yazı və mütaliə ənənələri olan cəmiyyətləri yeyə bilməz. Hardakı yazı və mütaliə ənənələri var, mədəniyyət, kitab, ədəbiyyat aktualdır. Kitablar yüzminlərlə tirajla nəşr olunur, bəs deyincə kültür-sənət jurnalları, qəzetləri, saytları var. Azərbaycanda isə informasiya mətnlərin də, müəlliflərin də axırına çıxmaqdadır. Hansısa yazıçı sosial mediada layk xatirinə ağlına gələni yazan kimi mətbuatın yadına düşür ki, demə, Azərbaycanda yazıçı var imiş, bu yazıçı məşhur imiş, çünki sosial mediada çoxlu laykı var imiş, indi o ağzına gələni danışıb, mərəkə qopub, gəlin aranı qızışdıraq, bizə də klik gəlsin. Mətbuatın yaratdığı ədəbiyyatçının siması artıq belədir: Facebookda məşhurluq xatirinə ağlına gələni yazan cızma-qaraçı. Əslində, tam yalan da deyil, sosial media fəaliyyəti qələm adamını həqiqətən layk dalınca düşən cızma-qaraçıya çevirir.

Bəs nə etməli? İnfrastruktur yox, təşəbbüs yox, maraq yox. Filistin zümrə səni öz qaydalarına uyğun durub-oturmağı tələb edir. Sosial mediada yoxsansa, gündəmi şərh etmirsənsə, yoxa hesabsan. Başqa yol varmı ki?

Bu suala cavab tapmaq çətindir.

Amma mənə elə gəlir, burada cavab yox, sual daha əhəmiyyətlidir.

Sualı belə qoya bilərik. Özünü ədib hesab edən bir kəs üçün vacib olan əslində nədir, ədəbiyyat, yoxsa..?

# 142 dəfə oxunub

Oxşar xəbərlər

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

"Uçurumun kənarında dayandığınızı görmürsünüzmü?" - Mətanət Vahid

11:35 8 aprel 2026
Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

Geriyə proyeksiya poetikası – Cavanşir Yusifli

18:31 6 aprel 2026
Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

Könüllü aldanışla xoşbəxt olmaq... - Mətanət Vahid

14:30 2 aprel 2026
Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

Qadın yazıçılarımız bu mövzulardan yazmalıdır!

14:15 2 aprel 2026
Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

Unudulmuş Nobel mükafatçısı - Onun yaradıcılığı hansı kriteriya üzrə qiymətləndirilmişdi?

14:00 2 aprel 2026
Rəssam olmaq istəyən,  ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı  üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

Rəssam olmaq istəyən, ali təhsilsiz məşhur yazıçı - O, hansı romanı üçün mədənlərdə fəhlələrlə görüşmüşdü?

12:00 2 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər