"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə

"30-40 manata məclislərə kloun gedirdim" - Rəsulzadənin obrazını canlandıran aktyorla müsahibə
7 aprel 2026
# 17:39

Kulis.az Rəhmçan Mirzəlizadənin Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elnur Hüseynovla müsahibəsini təqdim edir.

- "Son iclas" filmində Məhəmməd Əmin Rəsulzadənin obrazını canlandırmısız. Necə seçildiniz bu rola?

- 2000-ci illərin əvvəlində Bakıda Polşa filmi çəkilirdi. Orada azərbaycanlı Tahir obrazını oynayırıdm. Böyük filmdə ilk rolum onda olub. 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkiləcəkdi. Kastinqlər keçirilirdi. Oraya böyük aktyorlar gedirdi. Heç inanmırdım ki, seçilərəm. Ümidsiz bir halda getdim. Kamera qarşısına keçib bir monoloq dedim. Dedilər ki, çox sağ ol, gedə bilərsiz, xəbər edəcəyik. 1-2 həftə sonra zəng edib çağırdılar. Dedilər, seçilmisiz. Çəkiliş prosesi çox gözəl keçdi. Rejissor Fuad Ələkbərovla işləmək çox gözəl idi.

- Müstəqillik dövründə Azərbaycanda tarixi mövzuda filmlər çox azdır. Bu niyə belədir?

- Başda maliyyə dayanır. Tarixi filmlər çəkilirsə, heç nə əsirgəməməliyik - aktyorun qonorarından tutmuş paltarlara qədər. Rasim Balayev deyirdi ki, "Nəsimi" filmində yerə sərilən xalçalar Suriyadan gətirilmişdi. Filmlərdə şahların taxdığı boyunbağılar, üzüklər həqiqi qızıl, brilyant idi. Xəncərlər həqiqi idi. 2025-ci ildə Azərbaycanda məşhur Yapon serialının bir hissəsi çəkilirdi. "Vivant" adlı bu serial hər il bir ölkəyə səfər edir. Bu dəfə də Azərbaycanda çəkilirdi. O serialda mən də rol almışdım - mafia başçısının köməkçisi obrazında. Serialın bir hissəsi Yaponiyada çəkildi. Onlar maliyyə baxımdan heç nəyi əsirgəmirdilər. Elə səhnə vardı ki burada da çəkə bilərdilər, amma məhz bəzi detallara görə o qədər heyətini apardılar Yaponiyaya, otellərə yerləşdirdilər.

- Tarantino bir səhnəni çəkmək üçün nəhəng günəbaxan tarlası saldırmışdı.

- Bəli, məhz buna görə heç nə əsirgəmirdilər. Biz orada darıxmayaq deyə, mətbəximizə uyğun qidalar verirdilər. Hər gün çoban salatı olurdu süfrəmizdə. Çiyələk mürəbbəsi, pendirlər gətirirdilər.

- Teatr aktyorları filmdə rahat oynaya bilirlər. Filmlərdə bunu hiss edirsiz?

- Fikir verin, keçmişdə çəkilən filmlərdə aktyorlarımızın əksəriyyəti teatr aktyorları olub. Amma indi bəzi rejissorlar teatr aktyorlarını bəyənmirlər. Deyirlər, pafoslu oynayırsız. Teatrda həmişə akustika problemi olub, ona görə də teatr aktyorları danışanda həmişə yüksək səslə danışırlar. Bu, bəzən bizə filmdə mane olur. Teatr aktyorları, adətən, filmlərdə rahat olurlar, amma film aktyorlarının 90 faizi teatrda oynaya bilmir.

- Azərbaycanda aktyorların sosial vəziyyəti sizi qane edir?

- Xeyr. Aktyorun məvacibi elə olmalıdır ki, o, ancaq öz işini görsün, başqa ehtiyaclar barədə düşünməsin və ancaq yaradıcılıqla məşğul olsun. Bu barədə uzun illərdir müzakirələr gedir. Bu işdə dadımıza çatan ölkə başçısıdır. 3 dəfə Prezident Mükafatı almışam. Lakin elə şeylər var ki, nazirlik səviyyəsində həll oluna bilər.

- Siz müəyyən bir yerə gələn, fəxri adı olan bir sənətkarsız. Bəs Mədəniyyət və İncəsənət Universitetini dünən bitirən biri nə qədər qonorar ala bilər? Ümumiyyətlə, teatra gələ bilərmi?

- Heç cür qane etmir...

- Ona görə də, aktyorların bəziləri toylara gedir.

- Mən də gedirdim. Ən böyük problem odur ki, bir filmdə çəkilmişəm, zəhmət sərf etmişəm, amma sən mənə danışdığımız qonorarı vermirsən, pulumu kəsirsən. Mən də məcbur olub 30-40 manata məclislərə kloun gedirdim. Nazirliyə təkliflər etdik ki, bizim aktyorların çoxu kirayədə yaşayır. Onsuz hər ay kirayəyə pul verilir. Siz bizə ev verin, o kirayənin pulunu həmin evə verək, neçə ildən sonra da ev bizə qalsın. Çətin bir prosesdir bu? Cənab Prezident bütün Xalq artistlərinə ev verib. Bu çox gözəl hadisədir. İllər əvvəl Afaq Bəşirqızı bizim maaşlarla bağlı problemi səsləndirdi. Cənab Prezident tez reaksiya verdi, maaşlarımız qalxdı. Mədəniyyət Naziri bizlə görüşdü 1-2 il əvvəl, problemlərimizi də dedik. Bəlkə də, həll olunma prosesindədir.

- Siz hazırda kirayədə qalırsız?

- Bəli, illərdir. İki övladım var, biri universitetdə oxuyur, digəri məktəbə gedir. Səhhətimdə problem yaranmışdı. Dedim, illərdir tibbi sığorta üçün pul çıxılır maaşımdan, gedim, müayinə olunum. Mərkəzi Neftçilər Xəstəxanasına getdim. İki gün növbə gözlədim. Dedilər, səhər tezdən gəlin. 9-da həkim gəlir. Saat 8-dən getdim xəstəxanaya. Saat 10-a qalmışdı, hələ həkim yox idi. Dedilər, həkim əməliyyatdadır.

- Bəzi müğənnilərə efir qadağası qoyuldu. O müğənniləri bir obraz kimi necə görürsüz?

- Onların fəaliyyətinə aktyorluq tərəfdən baxıram. Onları səhnəyə gətirib komik bir obraz yaratmaq olar. Bunu indiyə qədər ediblər də. Onlar zövqümə görə deyil. Biz Akif İslamzadə, Şövkət Ələkbərova ilə böyümüşük. Bəzən deyirlər ki, tamaşaçı belə bayağı şeylər istəyir. O yanlış fikirdir. Tamaşaçı cəhalətə qaçır. Bir az boş buraxan kimi hamı cəhalətə yoluxur. Daim maarifləndirici, düşündürücü verilişlər olmalıdır. Uzun müddət uşaq verilişləri aparmışam. Deyirdilər ki, bir müğənni çağır, reytinqləri "dağıdaq".

- Elə olub ki, canlandırdığınız obraz sizə psixoloji olaraq təsir edib və sonradan həyatınızda onun izlərini görmüsünüz?

- Nəyinki obraz, deyirlər ki, başqasının paltarını geyinmək olmaz, çünki onun enerjisi səndə qala bilər. İndi düşünün ki, biz nəyinki başqasının paltarını geyinirik, başqasının ruhunu özümüzə köçürürük. Və təbii ki, hər obrazdan bizdə nələrsə qala bilir.

- Elə bir film var ki, orada özünüzü görmək istəyərdiniz? İstər xarici, istər yerli. Bu obraz mən olmalıydım dediyiniz film.

- Konkret bir film deyə bilmərəm. Mən həmişə bu fikirdə olmuşam ki, rejissor məni görməlidir o filmdə, o tamaşada. Bəzən 50 yaşlı aktyor 20 yaşlı bir rola iddialı olur və oynayır. Rejissor görməlidir səni orada. Və səni inandırmalıdır ki, sən bu rolda oynaya bilərsən. Amma ən çox həvəsim milli mövzulara, tarixi filmlərə olub. Elə hiss edirəm ki, milli geyim mənə çox yaraşır.

- Tutaq ki, bir tələbə Mədəniyyət və İncəsənət Universitetini bitirib teatrda işləmək istədi. Bu necə olacaq?

- Təxminən belədir ki, aktyor müraciət edir nazirliyə, nazirlik də baxır, hansı teatrda boş yer varsa, göndərir oraya. Yoxdursa, qalır. Bunu artıq qəbul komissiyası nəzərə almalıdır. Bu qədər insanın aktyorluq təhsili almasına nə ehtiyac var? Baxmaq lazımdır ki, buna tələbat nə qədərdir?

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

# 86 dəfə oxunub

Oxşar xəbərlər

Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edildi

17:23 7 aprel 2026
Məşhur reper güllələndi

Məşhur reper güllələndi

16:51 7 aprel 2026
“Molla Nəsrəddin”  jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

16:30 7 aprel 2026
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

15:50 7 aprel 2026
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi

14:36 7 aprel 2026
“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

“Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr olunmuş sərgilər açıldı

14:30 7 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər