Kulis.az Müşfiq Şükürlünün Şərif Ağayarın “Ağ göl” romanı haqqında yazdığı “Ağ göl”də sənətkarlıq və çatışmazlıq” essesini təqdim edir.
Pircahanda möcüzə!
Şərif Ağayarın “Ağ göl” romanı bu möcüzədən danışır. Amma realist yazıçının möcüzəsi necə olar?
Şübhələrlə dolu möcüzə!
Realizm məhz bunu tələb edir.
Balzakın “Qulan dərisi” romanı yadıma düşdü. Bilmirəm nədən, o əsər mənə həm də mistik görünüb. Halbuki orda heç bəlkə mistika, mif yoxdur. Bəlkə ecazkar üslub idi məni şaşırdan?
Məncə də illüziyadır. Yolunu şaşırmış, yazıçının iradəsi dairəsindən çıxmış yekun auradı bu.
Şərif Ağayarın “Ağ göl”ündə dərinlərdə bir aldanış axtardım. Yazıçının iradəsi bunu mənə diktə etdi. Amma elə hey dedi:
“Aldanma!” Şərif möcüzə və mistikaya realist barmaq edir. Onu qurcalayır, tərpədir. İlan yuvasına çomağını dürtür.
Qısaca romana bir göz ataq.
Pircahan qəsəbəsində Ağ göl, göl haqda isə rəvayət var. Adını Ağ baba həzrətlərindən götürən göllə bağlı rəvayət onun taleyində həlledici amil kimi çıxış edir. Belə ki, gölün xarici şirkət tərəfindən özəlləşdirilməsi pircahanlıları narahat edir. Rəvayətsə budur ki, Ağ baba həzrətləri kimin gözünə görünəcəksə, o, qəsəbənin xilaskarı olacaq.
Xilaskar Camal atadır. Balıqçı Camal.
Yazıçı personajın portretini əsər boyu çəkir. Maraqlıdır ki, bu qəhrəman həmişə də bir az gizli qalır. Pərdənin arxasında. Yazıçı qısqanclığı deyək. Baş qəhrəmanını bizlərə əsirgəyir. Ya da onu yarı açılmış sirr kimi saxlayır. Bəlkə də bu, obrazın xarakteridir sadəcə? Qapalı biri deyil ki Camal ata?
***
Hər şey böyük iydənin altında yatan övliyaların Camal atanın gözünə görünməsiylə başladı.
Roman da belə başlayır. Əsərin ilk cümləsi ilk baxışdan xüsusi enerji daşıyıcısı kimi görünmür. Əsərdəki onlarla bədii cümlədən biridir sanki! Ancaq bu cümlənin sehrini anlamaq üçün başdan 50 səhifə oxumaq şərtdir. Çünki roman onun üstdə qurulub əslində. Əsərdə verilən bədii informasiyaların mərkəzi nöqtəsidir. Bu səbəbdən romanın başlanğıc cümləsi təsadüf deyil. “Ağ göl”ün illüziyası məhz bir daşın üstdə qurulub. O daş həmin cümlədir.
Ədəbiyyatda realist bir texnika var. Fransız yazıçısı Marsel Prust ona “keçmişin işıqlandırılması” (retrospective illumination) adını verib. Personajın keçmişi onun əsərdə ilk görünməsindən uzun müddət sonra ortaya çıxır.
“Ağ göl”ün açılış cümləsi məndə həmin təəssüratı oyatdı. Əvvəlcə cümləni görürük. O cümləni ki, içində romanın süjeti, məzmunu, enerjisi, mahiyyəti toplanıb. Romansa həmin cümlənin açılışı, şərhidir.
***
Oxuduqca düşündüm. Magik-realistdirmi, yoxsa eləcə realist? Çünki magik elementlər var əsərdə. Camal atanın gözünə Ağ baba gerçəkdən görünübmü? Yazıçı gerçəkliklə möcüzə arasındakı xəttin üzərində ehtiyatla addımlayır. Qəti əminliklə heç vaxt sərhəddi o taya adlamır. Buna görə “Ağ göl” məncə realist romandır.
Fikrimi “Ağ göl”dən bu abzas da təsdiqləyir:
“Bircə mən şahidəm ki, Camal ata nə övliyalarla danışırdı, nə oğlu Pirməmmədlə. Camal ata bu sızıltısı-dızıltısı ilə qaratikan çiçəklərində səadət axtaran arıları yamsılayır, tor toxumaq, çəpər çəkmək xiffətini beləcə ovudurdu”.
Amma içində magik hüceyrələr, toxumalar olduğundan insanda başqa duyğular və fikirlər də yaradır roman. Axı bədii təsirlilikdən danışanda ağlımıza birinci Camal ata gəlir. Onun qəribə əhvalı. Andiçməyə ki gəlmir, Ağ gölün kənarında oturub qara-qara fikirlərə dalan bir kişi canlanır oxucunun beynində. Camal atadır o. Nədənsə təsəvvürlərimizə mistika da qarışır. Yazıçı bu gedişləri əlbəttə bilərəkdən edir. İlk cümlənin tilsimli dumanı məhz buralarda başımızın üstünü alır. Camal atanın gözünə kimlərsə görünübmü?
Yazıçı bunu heç vaxt sübuta yetirə bilmir. Ya etmir?
Bulqakovun “Master və Marqarita” romanından bilirik. Magik-realizmin ən möhtəşəm nümunələrindən sayılan əsər bizə cərəyanın bütün özəlliklərini dərinliklərinə qədər açır.
Bezdomnı ləqəbi ilə yazıb-yaradan İvan Nikolayeviçi unutmamısız? Gözlərinə alman casusu, yəni şeytan, başqa sözlə, Volandın göründüyünü iddia edir. Şeytanın dedikləri həqiqət çıxır. Ona keç kəs inanmır. Oxucudan başqa. Bezdomnı xəstəxanaya düşür və ona şizofreniya diaqnozu qoyulur.
“Master və Marqarita”dan danışdıqlarım magik-realizm nədir sualına cavabdır. Bezdomnının şeytanı gördüyünə hamımız şahidik. Amma bu halın bir adı da var: şizofreniya.
Şərif Ağayarın Camal atasının isə dəli olduğuna, onu “cin vurduğuna”, yəni patoloji sorunları olduğuna daha çox inandım, nəinki gözünə övliyaların göründüyünə. Çünki əsərdə buna dair bircə təsvir də yoxdur. Yazıçı mifə inananların inanclarını nümayiş etdirir.
***
Bəzi hissələrdə, xüsusən, kitabın əvvəllərində Markesin “Yüz ilin tənhalığı” romanı ilə səsləşmə tapdım. Pircahan qəsəbəsi, qəsəbə sakinləri, insanların müəyyən hadisəyə reaksiyası, ata-oğul münasibətləri və dialoqlarda idi bu asossiasiya. Dediyim kimi, “Ağ göl” magik-realist yox, realist romandır. Şərifin “Ağ göl”ü bütün ştrixləri ilə Şərifindir. Obrazların xarakteri, sadəlövhlüyü, ironiya və zarafatları bənzərsizdir.
Bu mənada müşahidəm birbaşa təsirlənmə, yaxın qohumluq yox, dünya ədəbiyyatı ilə səsləşmə, həmin magistralla kəsişmə kimi anlaşılmalıdır.
Roman təcrübəsiz oxuculara quru əhvalatçılıq kimi görünə də bilər. Hərçənd ehtimal azdır. Çünki dilin axıcılığı buna imkan vermir. Şərifin üslubunda operativlik (yoxsa sürətlilik?), aydınlıq, cümlələrində bədii zənginlik var. Yəni onları oxumaq həm rahatdır, həm oxucuya zövq verir. Bir sözlə, roman səni aparır.
***
Şərif Ağayar yaradıcılığı haqda belə bir təsəvvür var. O, 90-cı illərdən, müharibə və müstəqillik dövrünün kəsişdiyi bir dünyadan – Azərbaycandan bəhs edir. Bu, Şərifin həm zaman, həm məkan olaraq bədii təyinatı imiş kimi görünür. Əslində, burda həqiqət var. “Kərpickəsən kişinin dastanı” və bir neçə hekayəsini oxumaq kifayət edir Şərif Ağayar barədə ümumi təəssürat yaratmağa. Razıyam, yazıçı Qarabağ müharibəsindən şikəst çıxmış xalqın taleyini yazıb. Onun qəhrəmanları post-müharibə psixologiyasını özündə əks etdirir.
“Ağ göl” romanı Şərif Ağayarın yuxarıdakı profilinə elə də uyğun gəlmir. Yazıçı sadə strukturlu, müasir bir roman yaradıb. Amma təkcə struktrual yox, həm də zaman və məkan anlayışları bunu deməyə əsas verir. Pircahan qəsəbəsi sakinləri Azərbaycanın bugünkü rayon əhalisi üçün səciyyəvi xüsusiyyətləri daşıyır. Dil – seçilmiş sözlər və üslub da – poetiklik, hekayəçilik, sürətlilik istisna deyil.
Amma bu səciyyəviliyi kamil hesab etmirəm.
***
Yazıçı Camal atanın obrazını əhatəli və dərin açılışlarla versə də, eyni üsulu periferik qəhrəmanların dili ilə qəsəbə insanına tətbiq etmir. Sözün böyük mənasında qəsəbənin tipajından söz gedir.
Müəllifin poetik təfəkkürü qaneedici idi mənimçün. Olaylara, təbiətə, insanlara gerçək yazıçının sahib olduğu vasitələrlə baxmaq. Şərif Ağayarda həm ironiya, həm lirika buna imkan verir. Amma həmişə yox.
Markesin “Yüz ilin tənhalığı” romanının adını elə-belə çəkmədim. Makondo ilə müqayisə ədalətsiz görünə bilər. Amma etiraf edək. Şərifin Pircahanında ötərilik var. Məncə, məsələ detalların, hadisələrin, qəhrəmanların çoxluğunda yox, ifadədə gizlidir. Tipajı, fərdiliyi, bütövlüyü məhz həmin münasibət, ifadə, rəy, yəni bədii tapıntı üzə çıxarır. Şərif Ağayarın Pircahanını, əlbəttə, ədəbi tapıntı hesab edirəm. Amma təkmilləşdirilmiş, üzərində hərtərəfli işlənmiş saymıram.
Bir nümunəyə baxaq:
“Camal ata gölün ətrafına çəpər hörərkən bayılır. Onu qəsəbənin içinə gətirirlər. Qadınlar başına yığışır.
Camal atanın başına toplaşıb özünü çırpa-çırpa ağlayan qadınlar da bunu düşünürdülər və arada deyirdilər də: “Camal ata, ölmə! Pircahanı yetim qoyma!”
Məncə, dırnaq içində verilən hissə başqa olmalı idi. Həm fərqliliyi, həm gözlənilməzliyi, həm də səciyyəviliyi ilə tipaja çevrilə bilərdi. Çevrilməli idi.
Bu cür nümunələr tapmaq olar romanda. Onlar ki, qəsəbənin kimliyini, profilini yaradır. Amma elə məsələ budur. Nə qədər və necə yaradır?
***
“Ağ göl” romanının ən üstün cəhəti odur ki, yazıçı uzun-uzun danışsa da, uzatmır. Əhvalatı maraqla nəql etməyi bacarır müəllif.
Belə düşünək. Yazıçının əlində bircə otaq var. Bizə bu otaqdan 200 səhifə danışır (lap dəqiq desək, 190). Bizi sıxmadan, yormadan.
Camal ata haqda əsərin sonunacan oxuyuruq. Bədii informasiya əskikliyi yoxdur romanda. Yazıçı dilə və romana, süjetə və bədii atmosferə hakim olduğundan daha 200 səhifə belə getsək yorulmazdıq.
***
Düşünmürəm ki, Şərif Ağayarın “Ağ göl”ü sovet dövründə yazılan romanlarımızla bir sırada tutulmalıdır. Hərçənd eyni səbəblərdən dolayı yazıçının “Komandir” romanını bəyənməmişdim. “Komandir”dən fərqli olaraq Şərif Ağayar sözügedən romanda ideoloji çərçivələr içində çıxış etmir. Şərif tamamən çağdaş romançıdır “Ağ göl”də.
Bu yaxınlarda əsərlərinin Fransada nəşrini təbii qarşıladım. “Ağ göl”, məncə, Azərbaycan nəsrini beynəlxalq arenada rahatlıqla təmsil edər. “Ağ göl” müasir, sadə strukturlu roman kimi dünya romançılığı kontekstində təhlil edilməlidir, fikrimcə.