Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun yazıçı Şərif Ağayarın bu yaxınlarda çap olunan “Arıların səssizliyi” hekayəsi haqqında yazdığı “Şərifin qıyyası” essesini təqdim edir.
Yaradıcılığını mütəmadi izlədiyim yazarların səs-səs, hərf-hərf, söz-söz, misra-misra, cümlə-cümlə, mətn-mətn boyartımını gördükdə necə hislər keçirdiyimi sözlə ifadə etmək çətindir. Adamın daxilində heç özünə də məlum olmayan bir məmnunluq duyğusu baş qaldırır; elə bilirsən ki, bu məhz sənin mətnindi, sən yazmısan və ya sənin üçün yazılıb! Həmin duyğunun arxeologiyasına varanda, yeri gəldi, gəlmədi, sağa, sola, geriyə, önə “səpələnən” çoxsaylı mətnlər bolluğunda niyə məhz o tək-tük yazarlara inanıb etibar eləməyinin sirri pərdə-pərdə “açılır”, amma ən qəribəsi odur ki, o “açılışlar” da daha dəruni sirləri müəmmalı tüllərlə örtür. Həmin sirləri “remarkaların yaxın düşə bilməyəcəyi sirlər” adlandırardım. Şərif Ağayarın “Arıların səssizliyi” hekayəsini oxuyarkən eyzən buna bənzər hislər keçirməyə başladım. Niyə “bənzər?” Çünki otuz saniyə bundan əvvəlki duyğularım indiki deyildir artıq. Söz hislərin sürətindən həmişə geri qalır!
***
Şərif Ağayar adının qarşısında heç bir təyin-filan işlətməyəcəyəm. Çünki “Balaca qara balıq” kimi daima fəzaya, genişliyə, okeana can atan bu ad özü özünün təyinidir...
***
Niyə hekayə məni bu qədər “tutdu?” Çünki hər hansı bir diskursun (mətnin) qurulmasında yazıçının boynuna hansı missiya düşür, Şərif burada məhz onu görüb, nə ondan bir qram artığını, nə də əskiyini. Sərt deyəcəyəm: Yazıçılıq üzücü bir sənətdir. Başqa sənətlərdə olduğu kimi, burada da qəlplik, saxtalıq, başdansovdu detallar, imitasiya əlüstü sezilir. Başlıcası, yazıçı “xlestakovçuluq” eləməməlidir, diskursun ana materiyası və ondan “sıçrayan” stixiya ona nə deyir, nə istəyirsə, onu eləməlidir - ona “tapşırılan”dan artığını yox. Qısası, mətndə dekorativ “kənaraçıxma”lar olmamalıdır. Şərif sanki bütün bunları nəzərə alıb son dərəcə korrekt bir mətn qoyub ortaya.
***
Səssiz arılar... Paradoksal bir nəsnə! Səs yoxsa, arı da yoxdur. Müharibənin qoyub getdiyi ən dəhşətli tablolardan biri də budur. Yüz on yeddi arı yeşiyinin səssizliyi... Siz onu yüz on yeddi arı yeşiyinin vızıltısı ilə müqayisə edin. Arı səsləri bütün qəsəbə səmasını doldura bilərdi. Müharibə həm də arı səslərinin məchulluqda dəfn edilməsidir...
***
Müharibə detalları snayperdən açılan atəş kimi dəqiq və sərrast olmalıdır. “Xırda” hesab elədiyimiz hər bir detala gərəkən miqdarda metaforik yük yüklənməlidir. Ondan artığını yükləsən, mənzilə “çatmayacaq”. Lap çatsa da hədəflədiyin nəticə alınmayacaq. Hekayənin adından tutub hadisələrin sonrakı gedişatına qədər Şərif hər şeyi nəzarətdə saxlayır, sözə, söz birləşməsinə cümləyə və hətta durğu işarələrinə onların götürə biləcəyi qədər yük-məna yükləyir. Biz niyə bu fikri söyləməkdə israrlıyıq? Çünki Şərifin əvvəlki mətnlərində bu “proporsiya” bəzən pozulurdu. Əgər desək ki, belə olanda mətn uduzur, bu da doğru olmaz, sadəcə, müəllif “israfçılıq” edirdi. Mətndə hər bir sözə, cümləyə və hətta struktur gəlişmələrinə maksimum qənaət etmək ən vacib amillərdən biridir...
***
Müharibə də zorlanmanın bir növüdür və “dinc” həyatdakı zorlanmadan kəskin şəkildə fərqlənir. (Dinc həyat varmı? Ona görə qabıqcıqda yazdım!) Müharibədə insanlar qəddarcasına “zorlanır”. Özü də kütləvi şəkildə. Hekayədəki zorlanma hadisəsinə bu prizmadan baxmaq lazımdır. Müharibə situasiyasında namussuzluq arxetip kimi “zəifləyir”, gücdən düşür. Zorlanma hadisəsinin mətnə “transfer”i əslində həm də mətnin taleyini “həll edir” - Mədət kişi heykəl-adama çevrilir, ərini öz bacısıyla bir yerdə tutan qızı Şəkurə havalanır, Mədət kişinin yeznəsi “yoxa çıxır”, ən yaxın dostları ondan üz döndərir, zorlanmış qızından da heç bir xəbər-ətər gəlmir və arılar da səssizliklə “cəzalanır”. Bu, müharibənin qaçqın simasıdır. Nobelçi belarus yazıçısı Svetlana Aleksieviç müharibənin qadın simasını bizə göstərəndə heyrətlənmişdik: Müharibənin də qadın siması olarmış!
***
Mətni “yetişdirmək” üçün yazıçıya qabaqcadan heç bir “ərazi” vəd olunmur. Deyilmir ki, bu, sən, bu da sənin yerin və mətni filan nişangaha qədər hərflə, sözlə, cümlə ilə “əkib” doldur. “Zərif” bir müqayisə aparaq. Məgər ana doğulacaq körpəsinin neçə santimetr boyu, nə qədər çəkisi olacağını qabaqcadan bilirmi?! Bəzən qəribə “qarabasmalar”la rastlaşırsan: “Mən roman yazıram”, “povest yazıram” və ya “hekayə yazıram”. Hardan bilirsən ki, yazacağın roman sonda povest olmayacaq və ya povest kimi nəzərdə tutduğun mətn hekayəyə çevrilməyəcək? Hekayən də kiçik bir pritçaya! Mətni rezin kimi roman və ya povest sərhəddinəcən dartıb çəkməyinin bir xeyri varmı?! Ədəbi məsuliyyətimlə deyirəm, çağdaş romanlarımızın çoxunu “artıq ünsürlər”dən təmizləsək, hər romandan ortada bəlkə də bir gözəl hekayə mətni qalacaq. Niyə də olmasın? Şərif bizə ustalıqla “təmizlənmiş”, arınmış bir mətn təqdim edir.
***
Detallara diqqət edək:
1. Düz yeddi gündü ki, dizlərini qucaqlayıb dikdirdə oturan kişinin obrazı hava ağardıqca bozumtul torpağın fonundan asta-asta seçilməyə başlayır.
2. Təhkiyəçi yaxına gedə bilmir. Gedib nə edəcək?!
3. Şəkurənin dəhşətli qıyyası bütüm mətnə “dağılır”.
4. Təhkiyəçi hər ikisini tanıyır; həmkəndlisi Mədət kişini də, qızı Şəkurəni də.
5. Yaddaş “geriyə” işləyir: Şərq “despotizmi”nin cücərdiyi yerə - çayxanaya gəlib çıxır. Toplum burada çayı üfürə-üfürə həmişə “ilıq” hücum taktikasını seçir. Bu dəfə də istisna deyildir. İcra nümayəndəsi və polis Mədət kişini məsxərəyə qoymaq üçün “danışdırırlar”. Hər ikisinin nə qədər qansız olduğu sezilir və anidən onların kölgələri əriyib yox olur. Hər iki şəxsin xəsis ştrixlərlə cızılmış “qəddar” obrazı yaddaşımıza köçür.
6. Təhkiyəçi fonarı yenidən Mədət kişinin üzünə tuşlayır. Məlum olur ki, onun Çayqovuşanda, bağı, barxanası, üstəlik 117 arı yeşiyi varmış.
7. Sonra arı həyatının dəqiq təsvirləri gəlir. Həmçinin, Mədət kişinin təhkiyəçi ailəsinə nə qədər yaxın və doğma olduğunu göstərən hərarətli lövhələr.
8. Mədət kişinin özü də arı həyatı yaşayır; işgüzar, təmiz, ləkəsiz...
9. Sonra o məşum hadisə baş verir – yeznədən hamilə qalan baldız əhvalatı.
10. Sonrakı qəziyyələr məlumdur. Minillərə kök atan arxetip – yuxuya getmiş vəhşi əjdaha oyanır. Hamı Mədət kişidən gen qaçır. Ortada bircə Uşaq qalır. Əzab çəkən Uşaq. Əvvəllər demişdim: Şərif heç bir zaman nə həyatda, nə də nəsrdə “qəddarlaşa” bilmir... Mərhəmətlilik onun nəsrindən qırmızı xətt kimi keçir.
***
Şərifin nəsrindəki o Uşaq heç vaxt böyümür. Heç onun adı da yoxdur. Adsızlığına rəğmən onu böyük hərflə yazıram. Müharibənin qaçqın üzündə gördükləri onu böyüməyə qoymur. Bu Uşaq həmişə Şəriflə bir yerdədir. “Şəkil”dəki babasının gözünü çıxarıb onu “kor” edən də həmin Uşaqdır. Bu Uşaq hər şeydə özünü suçlu bilir. Suçluluq sindromu onu qarabaqara izləyir. Böyüklərin səhvlərinə görə də o, əzab çəkir...
***
Ədəbiyyatı konseptual ideyalar ixrac edən fabrik kimi qavrayanlar vardır. Guya ədəbiyyat gecə-gündüz havaya tüstü yerinə “aktual” mövzu və ideyalar püskürməlidir. Əlahəzrət fakt isə tamam başqa şey deyir: Ədəbiyyat bədii-estetik hislər səltənətidir. Öz yerini tez-tez dəyişən həmin hisləri məhz əsl sənətkar lapdan tutub “saxlayır” və həmin andaca “buraxır”... Buraxır ki, birbaşa oxucu qəlbinə nüfuz edib ona təsir etsin, ona “yeni” ovqat yaşatsın, ruhunu tərpədə bilsin. Sözügedən hekayə bunu ustacasına bacarır...
***
Müharibə, qaçqınlıq mövzusunda yazmaq ayrı şeydi, müharibənin, qaçqınlığın əsl simasını açıb göstərmək tamam ayrı. Şərif ikinci yolla gedir. O, müharibənin – bu planetar iblisin kainata “dağıtdığı” kataklizmlər fonunda insan psixologiyasındakı ağrılı “keyfiyyət” dəyişmələrini, travmatik izləri, bütövlükdə bir kəndi, qəsəbəni örtə biləcək simvolik qaçqın çadırı altında insanların bir-birindən uzaqlaşıb özgələşməsinin dərin sosial-psixoloji səbəblərini axtarıb üzə çıxarmağa can atır. Özü də bunu çox mərhəmətlə edir!
***
Ədəbiyyat toplumsal problemlərdə “ilişib” qalanda tədricən “sönür”. Planetarlıqda isə enerji “yığır”. Bugün dünyamızın bütövlükdə bir qaçqın şəhərciyinə çevrildiyini göz önünə gətirsək, Şərifin, ümumən, minlərin, milyonların hansı ağrılarla yaşaması kadr-kadr şəkillənər. Müəllif bizə yüksək sənətkarlıqla işlənmiş və son dərəcə dəqiqliklə “montaj” edilmiş cəmi bircə mükəmməl kadr təqdim edir.
***
Hekayə bitir. Amma Şəkurənin qıyyası bitmir. İki gündür ki, qulaqlarımda səslənir: Dədəəəə!!!
Gözümüzün önündə havalanan Dədələrimizi – o müqəddəs yurd yerlərimizi havasızlıqdan, boğulmadan qurtarmaq üçün bircə yol vardır: Bütün Azərbaycan Şəkurə kimi eyni sürədə qıyya çəkib ayağa durmalıdır: Dədəəəə!!!